Məhkəmə qərarları › İş №2-2(103)-460/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-460/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-460/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X1” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-201/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “X1” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli, 003/18 saylı müqavilə bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu müqavilədə müəyyən edilmiş şərtlərə sahib olduğu müvafiq lisenziyalara əsasən yanğısöndürmə avadanlıqlarının satışını və təkrar texniki servis xidmətini yerinə yetirir. Sifarişçi isə həmin şərtlər daxilində malı xidməti qəbul edib, bütün vergilər daxil olmaqla, ödəməyi öz öhdəsinə götürür.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı malı (xidməti) qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda sifarişçiyə təhvil verilməlidir.

4. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi bu müavilə üzrə nəzərdə tutulan tələblərə uyğun olaraq, malın (xidmətin) dəyərini ödəməlidir.

5. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti, dəyəri və malın təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokoluna əsasən müəyyən edilir.

6. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş təhvil-təslim aktına əsasən aparılacaqdır.

7. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 12 yanvar 2019-cu il tarixinə kimi qüvvədədir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı “X1” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 003/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 243.491,87 manat borc məbləğinin və həmin məbləğə illik beş faiz olmaqla hesablanmış 32.890,60 manat cərimə məbləğinin, ümumilikdə isə 276.382,47 manatın Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın və məhkəmə üçün ödənilmiş 158,20 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilə əsasında cavabdehə ümumi dəyəri 533.371,82 manat dəyərində mal və xidmətlər göstərmişdir. Müqavilə üzrə göstərilmiş xidmətlər qüsursuz olaraq icraçı tərəfindən yerinə yetirilmiş və cavabdeh tərəfindən həmin xidmətlər xx.xx.2021-ci il tarixli akt əsasında qəbul edilmişdir. Göstərilmiş xidmətlər üzrə ödənişlər sifarişçi tərəfindən qismən həyata keçirilmişdir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə keçirilmiş hesablaşmaların qarşılıqlı üzləşməsinə əsasən cavabdehin iddiaçıya qalıq 249.491,87 manat borcu mövcüddur.

10. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə göstərilmişdir ki, hesablaşmaların qarşılıqlı üzləşmə aktı tərtib edildikdən sonra cavabdeh tərəfindən 6000 manat ödəniş edilmişdir. Belə olan təqdirdə tələb olunan məbləğin həcmində dəyişiklik edilməlidir. Belə ki, 04 aprel 2021-ci il tarixindən yerinə yetirilən işlərin qəbulu aktının imzalanmasından 14 ay sonra tərtib edilmiş “Hesablaşmaların qarşılqlı üzləşmə aktına” əsasən hesablanmış qalıq borc 249491,87 manat təşkil etmişdir. Qeyd edilən 14 ay müddətində borcun ödənilmədiyi işin mübahisəsiz halıdır. Bundan üç ay sonra yəni 2022-ci ilin avqust ayında 6000 manat ödənişin edidiyini nəzərə alınsa, işlərin qəbulu aktının tərtib edilməsindən 17 ay müddətində 249491,87 manat borc məbləğinə hesablanmalı olduğu müəyyən edilir. Belə olduqda işlərin qəbulundan ötən bir il üç ay üçün borc məbləğinə hesablanmalı olan 5%-lik cərimə borcunun tələb edilməsində iddiaçı haqlıdır. Həmin məbləğ 17672,35 manat təşkil edir. 2022-ci ilin may ayında cavabdeh 6000 manat ödəniş etmiş və borc məbləği 6000 manat azalaraq 243491,87 manat təşkil etmişdir. 2022-ci ilin avqust ayından başlayaraq on beş ay müddətində 6000 manat azalmış borc məbləğinə əlavə olaraq 5%-lik hesablanmış cərimə məbləği 15218,25 manat təşkil edir. Hesablanmış cərimə məbləğlərinin cəmi 17672,35+15 218,25=32890,60 təşkil edir.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında imzalanmış 20 aprel 2021-ci il tarixli yerinə yetirilən işlərin qəbulu aktının məzmunundan göründüyü kimi, 12 yanvar 2018-ci il tarixli 01 nömrəli razılaşma protokoluna əsasən, icraçı tərəfindən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) vahidi və vahidinin qiyməti 10.667,20 (on min altı yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində olmalı olduğu təqdirdə, cəmi 4.329,90 manat; 12 yanvar 2018ci il tarixli 02 nömrəli razılaşma protokoluna əsasən, icraçı tərəfindən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) vahidi və vahidinin qiyməti 438.693,46 manat məbləğində olmalı olduğu təqdirdə, cəmi 366.820,70 manat; 12 yanvar 2018-ci il tarixli 03 nömrəli razılaşma protokoluna əsasən, icraçı tərəfindən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) vahidi və vahidinin qiyməti 10.862,26 (on min səkkiz yüz altmış iki manat iyirmi altı qəpik) manat məbləğində olmalı olduğu təqdirdə, cəmi 9.205,31 manat; 12 yanvar 2018ci il tarixli 04 nömrəli razılaşma protokoluna əsasən, icraçı tərəfindən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) vahidi və vahidinin qiyməti 58.857,22 manat olmalı olduğu təqdirdə, heç bir iş görülməmiş və ya xidmət göstərilməmiş; 12 yanvar 2018-ci il tarixli 05 nömrəli razılaşma protokoluna əsasən, icraçı tərəfindən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) vahidi və vahidinin qiyməti 3.100,47 manat məbləğində olmalı olduğu təqdirdə, cəmi 2.627,52 manat və 12 yanvar 2018-ci il tarixli 06 nömrəli razılaşma protokoluna əsasən, icraçı tərəfindən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) vahidi və vahidinin qiyməti 85.099,72 manat məbləğində olmalı olduğu təqdirdə, cəmi 69.026,58 manat məbləğində iş yerinə yetirilmişdir. Göründüyü kimi, 12 yanvar 2018-ci il tarixli 01 nömrəli razılaşma protokoluna əsasən 6.337,30 manat, 12 yanvar 2018-ci il tarixli 02 nömrəli razılaşma protokoluna əsasən 71.872,76 manat, 12 yanvar 2018-ci il tarixli 03 nömrəli razılaşma protokoluna əsasən 1.656,95 manat, 12 yanvar 2018-ci il tarixli 04 nömrəli razılaşma protokoluna əsasən 58.857,22 manat, 12 yanvar 2018-ci il tarixli 05 nömrəli razılaşma protokoluna əsasən 472,95 manat və 12 yanvar 2018-ci il tarixli 06 nömrəli razılaşma protokoluna əsasən 16.073,14 manat olmaqla, ümumilikdə 155.270,32 manat məbləğində icraçı tərəfindən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) təqdim edilməsi və ya işin görülməsi həyata keçirilməmiş və bununla da icraçı tərəfindən müvafiq müqavilənin öhdəlikləri kobudcasına pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müvafiq müqavilə üzrə imzalanmış altı adda protokol üzrə görüləcək işlərin həcmi və məbləğinə münasibətdə icraçının görmədiyi və ya icra etmədiyi işlərin məbləği və həcmi 29% həcmindədir. Lakin buna baxmayaraq, iddiaçı iddia ərizəsində müqavilə üzrə göstərilmiş xidmətlərin qüsursuz olaraq yerinə yetirdiyini qeyd edir ki, bu hal da tam olaraq əsassızdır. Halbuki, iddiaçı icraçı tərəf olaraq qeyd edilən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmiş, təqdim olunacaq malların və ya görüləcək işlərin 1/3 hissəsi bu günədək öz hüquqi təsdiqini tapmamışdır. Buna baxmayaraq, sifarişçi olaraq cavabdeh təşkilat 2018-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin avqust ayı da daxil olmaqla, icraçı tərəfin yarımçıq və natamam gördüyü işlərə münasibətdə yekun olaraq, 289.879,96 manat (252.525,37 manat əsas və 37.354,59 manat ƏDV) məbləğində ödəniş etmişdir. İddiaçı tərəfin iddia etdiyi qalıq məbləğ cavabdeh tərəfindən müqavilə öhdəliyi pozulduğundan və öz üzərinə götürdüyü öhdəlikləri pozaraq, bəhs olunan işləri yarımçıq olaraq, bu günə kimi yerinə yetirib, təhvil vermədiyindən ödənilmir. Halbuki, tərəflər arasında bağlanmış 12 yanvar 2018-ci il tarixli 003/18 nömrəli müqavilənin icra müddəti 12 yanvar 2019-cu il tarixə kimi qüvvədə olmuşdur (7.1ci bənd). Müqavilənin icra müddətindən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, iddiaçı təşkilat gördüyü yarımçıq və natamam işlərin davamı olaraq, iddia etdiyi məbləği heç bir hüquqi əsas olmadan məhkəmə qaydasında cavabdehdən tələb edir. Eyni zamanda, iddiaçı tərəfin iddia etdiyi pul məbləğinin bir il yarım müddətində cavabdeh təşkilatın özündə saxlaması nəticəsində illik beş faiz olaraq əlavə pul vəsait tələb etməsinin də heç bir hüquqi əsası yoxdur.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-201/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 003/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 243.491,87 manat borc məbləği və pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5% olmaqla 23345 manat faiz borcu və ödənilmiş mediasiya və dövlət rüsumunun əvəzi olaraq 558,2 manat tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçı tərəfin istinad etdiyi yeganə sübut növü olan işlərin görülməsi və üzləşmə aktında qeyd olunan məbləği əsas götürməkdə haqlı olmamışdır. Müvafiq məbləğdə və həcmdə iddiaçı tərəfin iş görməsini sübuta yetirmək üçün müvafiq növ ekspertizanın keçirilməsi barədə məhkəmə araşdırması zamanı müraciət edilsə də, həmin müraciətə məhkəmə məhəl qoymamış və yeganə sübutla kifayətlənərək, qeyd edilən məbləğin cavabdeh təşkilatdan tutulması qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.

17. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 21.Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Belə ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 003/18 saylı müqavilənin bağlanması işin mübahisəsiz halını təşkil edir.

26. Həmin müqavilə isə mahiyyət etibarı ilə alqı-satqı müqaviləsidir.

27. Çünki iddiaçı müqavilədə müəyyən edilmiş şərtlərə sahib olduğu müvafiq lisenziyalara əsasən yanğısöndürmə avadanlıqlarının satışını və təkrar texniki servis xidmətini yerinə yetirməyi, cavabdeh isə həmin şərtlər daxilində malı xidməti qəbul edib, bütün vergilər daxil olmaqla, ödəməyi öz öhdəsinə götürmüşdür.

28. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.

29. Eyni zamanda, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

30. Tərəflər arasında bağlanmış 12 yanvar 2018-ci il tarixli, 003/18 nömrəli müqaviləyə 1 saylı razılaşma protokoluna əsasən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) qiyməti 10667,20 manat (ƏDV daxil); 2 saylı razılaşma protokoluna əsasən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) qiyməti 438693,46 manat (ƏDV daxil); 3 saylı razılaşma protokoluna əsasən sifarişçiyə təqdim olunacaq malın (xidmətin və ya işin) qiyməti 10862,26 manat (ƏDV daxil); 4 saylı razılaşma protokoluna əsasən 58857,22 manat (ƏDV daxil); 5 saylı razılaşma protokoluna əsasən 3100,47 manat (ƏDV daxil) və 6 saylı razılaşma protokoluna əsasən 85099,72 manat (ƏDV daxil) müəyyənləşdirilmişdir.

31. 14.02.2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən iddiaçının hesabına 12711,86 manat məbləğində müqavilə üzrə avans ödənilmiş və 2288,14 manat məlbəğində ƏDV ödənişi həyata keçirilmişdir.

32. xx.xx.2021-ci il tarixli yerinə yetirilən işlərin qəbulu aktına əsasən (Forma 2) 12 yanvar 2018-ci il tarixli, 003/18 nömrəli müqaviləyə 1 saylı razılaşma protokolu üzrə 4329,90 manat həcmində, 2 saylı razılaşma protokolu üzrə 366820,70 manat həcmində, 3 saylı razılaşma protokolu üzrə 9205,31 manat həcmində, 5 saylı razılaşma protokolu üzrə 2627,52 manat həcmində və 6 saylı razılaşma protokolu üzrə 69026,58 manat həcmində olmaqla ƏDV daxil yekun cəm olaraq 533.371,82 manat həcmində müqavilə üzrə işlər icra edilmişdir.

33. xx.xx.2022-ci il tarixli hesablaşmaların qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin müqavilə üzrə qalıq borcunun xx.xx.2022-ci il tarixə 249.491,87 manat olması müəyyən edilmiş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.

34. 23.05.2023-cü il tarixli “X1” MMC-nin xx.xx.2022-ci il tarixi əhatə edən hesabdan çıxarışına əsasən Cavabdeh MMC tərəfindən həmin tarixdə xx.xx.2022-ci il tarixli EBCB237381 saylı e-qaimə üzrə 5084,75 manat məbləğində ödəniş edilmişdir.

35. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və cavabdehin buna görə 243.491,87 manat borcunun olması xx.xx.2021-ci il tarixli yerinə yetirilən işlərin qəbulu aktı, xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı və hesabdan çıxarışla tam təsdiq olunur.

36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən ümumilikdə 243.491,87 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

37. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini və işin hallarını, yəni müqavilənin 4.2-ci bəndinə əsasən ödənişin təhvil-təslim aktına əsasən aparılmasını, yerinə yetirilən işlərin qəbulu aktının xx.xx.2021-ci il tarixdə tərtib edildiyini, həmin tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi tarixə qədər 2 idən artıq müddət keçdiyini və hazıra qədər 243.491,87 manat məbləğində vəsaitin ödənilmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı əsas borca illik 5 faiz hesablamaqla 23345 manat məbləğində faizin ödənilməsini tələb etməkdə haqlıdır.

38. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, etirazın qanuni əsasını Mülki Məcəllənin 595.1-ci maddəsi təşkil edir. Lakin cavabdeh həmin maddəyə uyğun olaraq müqavilənin miqdar haqqında şərtlərinin pozulması ilə bağlı iddiaçıya bildiriş verməmişdir. Əksinə tərəflər arasında xx.xx.2021-ci il tarixli yerinə yetirilən işlərin qəbulu aktı və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. İş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə də zərurət yoxdur. Çünki Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsi xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertizanın təyin edilməsini nəzərdə tutumuşdur. Hazırki işdə isə cavabdeh tərəfindən ödənilməli olan məbləğ xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunur.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-201/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar