Məhkəmə qərarları › İş №2-2(103)-461/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-461/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-461/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pulun tutulması tələbinə dair Açar söz: müqavilə üzrə pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(113)-223/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin mübahisəsiz hallarından görünür ki, ləğv olunmuş "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixədək arxiv xidmətlərinin göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilə bağlanmış, arxiv müqaviləsinə "xxxx" Sığorta Şirkəti ASC-nin məktubuna əsasən xx.xx.2022-ci il tarixdə (məktubda qeyd edilmiş xx.xx.2022-ci il tarix+sənədlərin məhvi üçün 10 gün müddət nəzərə alınmaqla) hüquqi şəxsin ləğv edildiyi və sənədlərin saxlanılmasına zərurət qalmadığı üçün xitam verilmiş, müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar müqavilənin A əlavəsinin 8-ci bəndinə əsasən ödənilmiş 16612,55 manat xidmət haqqı (xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün) cavabdehdən geri tələb edilmişdir. Arxiv müqaviləsinin A əlavəsinin 8-ci bəndinin tələbinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsi geri qaytarılmalıdır

2. "xxxx" Sığorta Şirkəti ASC-nin bu pul tələbinə hüququ xx.xx.2020-ci il tarixli müqavilə əsasında İddiaçı MMC-yə satılmış (güzəşt edilmiş), bu barədə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə məlumat verilmişdir.

3. "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilənin 9.1-ci bəndində tərəflərin hər birinin 3 ay əvvəlcədən yazılı xəbərdarlıq verməklə müqaviləyə xitam vermək hüququ nəzərdə tutulmuşdur. "xxxx" Sığorta Şirkəti ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda müqavilənin 9.1-ci bəndinə əsasən ilin sonunda müqaviləyə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli, DT-2094- 36 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixli LDT-CT1014 nömrəli müqavilə üzrə xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması tələbinin iddiaçıya güzəşt olunması barədə "xxxx" Sığorta Şirkəti ASC şəhadətnamə təqdim etmişdir.

5. Tərəflər arasında olan yazışmalardan aydın olur ki, xx.xx.2020-ci il tarixli, LDT- CT1014 nömrəli müqavilənin xitamı ilə bağlı LPO "xxxx" Sığorta Şirkəti ASC və cavabdeh arasında fikir ayrılığı olmuşdur.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan X6 ilə cavabdehin direktoru X1, eləcə də Xəyal Məmmədov arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa xx.xx.2022-ci il tarixdə Milli arxiv fondu tərəfindən siyahıların tərtib edilməsi və aktlaşdırılması prosesi həyata keçirildiyi üçün müqavilənin xitamının yanvar ayının sonunadək ləngidilməsini cavabdehdən xahiş etmiş, Milli arxiv fondunun fəaliyyəti və sənədlərin daşınması ilə bağlı danışıqlar olmuş, bundan sonra Fuad Musa xx.xx.2022-ci il tarixdə müraciət edərək həmin tarixdən müqaviləyə xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsini qeyd etmişdir. Cavabdeh müqaviləyə xitam verilməsi barədə 3 aylıq xəbərdarlığın qüvvəsini itirdiyini və yenidən göndərilməli olmasını qeyd etmişdir. Bundan sonra tərəflər arasında müqavilənin xitamı ilə bağlı yazışmalar davam etmişdir.

7. Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının Ekspert-Yoxlama Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə” xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, ləğv edilmiş "xxxx" Sığorta Şirkəti ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2865 işin məhv edilə bilər.

8. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ləğv edildiyi üçün 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan X6 ilə cavabdehin direktoru X1, eləcə də Xəyal Məmmədov arasında elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa xx.xx.2022-ci il tarixdə müraciət edərək həmin tarixdən müqavilənin xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsini qeyd etmişdir. Bundan sonra da müxtəlif vaxtlarda sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsi tələb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli tələbin güzəşti müqaviləsinə əsasən 16612,55 manat pul vəsaitinin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddianın əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış tələb hüquqlarının alqısatqısı və öhdəliklərin verilməsi barədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LPO "xxxx" Sığorta Şirkəti ASC və cavabdeh arasında bağlanmış LDT-CT1014 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv müqaviləsinin vaxtından əvvəl xitamı ilə əlaqədar qaytarılmalı olan məbləğə dair tələb iddiaçıya güzəşt edilmişdir. Bu barədə tələbin güzəşti müqaviləsinin şərtlərinə uyğun olaraq, LPO "xxxx" Sığorta Şirkəti ASC tərəfindən müvafiq şəhadətnamə verilmişdir. Tələbin güzəşti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 651-654-cü maddələrinin tələbinə uyğun həyata keçirilmişdir. Arxiv müqaviləsinin A Əlavəsinin 8-ci bəndinin tələbinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsi geri qaytarılmalıdır (açılış haqqı, plomblama və paketləməyə dəstək xidmətləri xaric). LPO "xxxx" Sığorta Şirkəti ASC-nin əlaqələndirici şəxsindən aldıqları sənədlərdən məlum olur ki, arxiv müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Tələb sahibi olaraq, müqavilənin xitamı ilə bağlı qaytarılmalı olan məbləğ onlar tərəfindən hesablanmışdır. Hesablama zamanı sənədlərin məhvi üçün 10 gün müddət nəzərə alınmaqla, saxlama xidməti üçün aprel ayı tam nəzərə alınmışdır. Bu məbləğ 16612,55 manat təşkil edir. Arxiv müqaviləsində nəzərdə tutulmuş xitam xəbərdarlığı ilə bağlı tələbə riayət edilmişdir. Belə ki, həmin müqavilənin 9.1-ci bəndinin 2-ci cümləsində nəzərdə tutulmuş “müqaviləyə hər hansı tərəfin 3 ay əvvəlcədən yazılı xəbərdarlığı ilə xitam verilə bilər” tələbinə əsasən LPO "xxxx" Sığorta Şirkəti ASC tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmişdir. Sonra Milli Arxiv İdarəsi tərəfindən sənədlərə baxılması, dövlət arxivinə qəbulu və qalan sənədlərin məhvi üçün rəy verilməsi ilə əlaqədar bu müddət uzanmış və nəhayət xx.xx.2022-ci il tarixdə bütün zəruri sənədlər təqdim edilmişdir. Məhz bundan sonra müqavilənin xitamı üçün hüquqi şərait yaranmış və xx.xx.2022-ci il tarixdə bu barədə cavabdehə məlumat verilmişdir. Pretenziya qaydasında cavabdehə bildirilmiş tələb cavabsız qalmış, mediasiya prosesində cavabdeh iştirak etməmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 448.1-ci maddələri göstərilmişdir. 12.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-223/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi təmin edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilə üzrə xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması tələbi "xxxx" Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış müqaviləyə və müqaviləyə əlavə razılaşmaya əsasən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya güzəşt olunmuşdur.

14. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış müqavilədə tələbin güzəştini istisna və ya qadağan edən şərt olmamış, tələbin güzəşti ilə bağlı iddiaçıya təqdim olunan sənədlərdə olan məlumatlar “AXA standartlarının şərtləri” adlı əlavəsinin 3.1-ci bəndində qeyd olunan konfidensial məlumatlara aid olmayıb, qanunvericiliyin tələbinə əsasən tələbin güzəşti ilə bağlı təqdim olunmalı sənədlər olmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən tələbin güzəşti barədə xx.xx.2021-ci il tarixdə məlumat verildikdə cavabdeh bununla bağlı hər hansı etiraz bildirməmiş, yuxarıda qeyd olunan hallara istinad etməmişdir. Beləliklə, tələbin güzəşti ilə razılaşmışdır.

16. "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 9.4 və 9.5-ci bəndlərindən aydın olur ki, müqaviləyə xitam verilən zaman icraçının (cavabdeh) xatırlatmasına baxmayaraq müştəri ("xxxx" Sığorta Şirkəti ASC) uçotları və ya məlumat daşıyıcılarını toplamaq və onları məhv etmək öhdəliyini icra etmirsə, icraçının uçotları və ya məlumat daşıyıcılarını məhv etmək hüququnun olması barədə tərəflər razılaşmışlar. Uçotlar və ya məlumat daşıyıcılarının məhvi ilə bağlı icraçıya belə bir hüquq verildiyi halda, müştərinin dəfələrlə tələb etməsinə baxmayaraq, icraçının sənədlərin məhv edilməsi ilə bağlı öhdəliyini icra etməməsi əsassızdır. İddiaçının tələbi xx.xx.2022-ci il tarixdən sonrakı dövrə aid olub müqaviləyə Əlavə A-ya əsasən xx.xx.2021xx.xx.2025-ci il tarixləri arasında göstəriləcək xidmətlərə görə razılaşdırılmış məbləğin xitam tarixinə qaytarılmalı olan hissəsinə aiddir. Həmin dövrə aid xidmətlər plomblama, saxlama və məhvetmə xidmətləri olmuş, plomblama xidməti isə müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılmalı xidmətlərinə aid edilməmişdir. Belə olan halda, iddiaçının xx.xx.2021- xx.xx.2025-ci il tarixləri arasında göstəriləcək məhz saxlama və məhvetmə xidmətlərinə görə ödədiyi məbləğin müqavilənin xitam tarixinə qurtarmamış müddətə mütənasib hissəsini geri qaytarılması hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilənin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş sayıldığını, iddiaçının tələb etdiyi məbləği 01 may 2022-ci il tarixdən hesabladığını, xx.xx.2021xx.xx.2025-ci il tarixləri arasında saxlama və məhvetmə xidmətlərinə görə ödənilmiş haqqın ƏDV daxil 26845 manat (22750 +((22750x18)/100) olduğu nəzərə alındıqda müəyyən olunur ki, 01 may 2022-ci il tarixdən hesablanmaqla qaytarılmalı olan məbləğ 19686,34 manat ((26845 manat / 60 ay) x 44 ay) təşkil edir. İddiaçı müqavilədən əlavə cavabdehin 3073,79 manat əlavə xidmətlər göstərdiyini qeyd etmiş, cavabdeh əlavə xidmətlərin dəyərini mübahisələndirməmişdir. Həmin məbləği çıxmaqla iddiaçı 16612,55 manat pulun tutulmasını xahiş etmiş, məhkəmə iddianı əsaslı hesab etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-223/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüquqların ötürülməsinin doğru aparılmadığını müəyyən etməmişdir. Belə ki, əqddən irəli gələn mübahisələrə baxan məhkəmə ilk növbədə həmin əqdin etibarlılığını yoxlamalı idi. Bu əqd üzrə İddiaçı MMC yalnız Cavabdeh MMC-nin yazılı razılığı əsasında yeni kreditor ola bilərdi. Hüquqların ötürülməsi barədə Cavabdeh MMC məlumatlandırılmamış, yeni müqavilə Cavabdehya təqdim edilməmişdir. Arxiv işi düzgün aparılmamış, bütün sənədlərin məhv edilməsinin mümkünlüyü barədə rəy verilməmişdir. Belə rəy olmadan da birinci instansiya məhkəməsi qəbul etmişdir ki, sənədlər məhv edilə bilərmiş. İddiaçı tərəfindən Cavabdeh MMC-yə “tələb hüquqlarının ötürülməsi” haqqında müvafiq müqaviləni təqdim etməli idi vəCavabdeh MMC hansı hüquqlarının İddiaçı MMC-yə "xxxx" tərəfindən ötürüldüyünü bilməli idi. Lakin bu qaydaya riayət edilməyib. Cavabdeh MMC ilə AXA MBASK arasında bağlanmış LDT-CT1014 №-li xx.xx.2020-ci il tarixli müqavilənin “AXA standartlarının şərtləri” adlı əlavəsinin 2-ci bəndinə əsasən konfidensial məlumatın bu müqaviləyə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız tərəflərin qarşılıqlı razılığı əsasında aparıla bilər. Sözügedən əlavənin 3.1-ci bəndində hansı məlumatların konfidensial məlumat olduğu və üçüncü tərəfə ötürülməsinin qadağan edildiyi qeyd edilmişdir. Belə ki, hər növ maliyyə cədvəli, hesabat, maliyyə və hüquqi məlumatlar və s. məlumatlar məxfi məlumat hesab edilir. Müqavilənin bəndlərində, əlavələrində bu kimi məlumatların nəzərdə tutulduğunu nəzərə alaraq sözügedən müqavilə üzrə tələb hüquqlarının ötürülməsi konfidensial məlumatların üçüncü şəxsə ötürülməsi ilə nəticələnir və tərəflər arasında bağlanmış müqaviləyə əsasən bu yalnız tərəflərin qarşılıqlı razılaşması ilə tənzimlənməli idi. Məhkəmə nəzərə almamışdır ki, "xxxx" ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə görə müqavilə üzrə maliyyə cədvəlləri, hüquqi məlumatlar və digər məlumatlar konfidensial sayılır və tərəflər razılaşmışlar ki, yalnız tərəflərin razılığı əsasında üçüncü şəxslərə ötürülə bilər. MPM-nin 78.1-ci maddəsinin tələbi pozulmuş, məhkəmə baxışı iclasında şahid dindirilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. İddiaçının qanuni nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3-ci maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.4-ci maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. 198.1-ci maddəsinə əsasən borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 651-ci maddə-tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. 652-ci maddə-hüququn satıldığı halda göndərmə və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. Satıcıda olan hüququn əsaslandırılması və alıcıya keçirilməsi xərclərini satıcı çəkir. 654.1-ci maddə-hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. 654.2-ci maddə-əgər hər hansı tələbin satıcısı borclunun ödəniş qabiliyyəti üçün məsuliyyəti öz öhdəsinə götürürsə, hesab edilir ki, həmin məsuliyyət bu tələbin güzəşt edildiyi an üçün ödəniş qabiliyyətinə aiddir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”ı 8-ci bənd- dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz.

14.2-ci maddə-məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-223/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin birinci instansiya məhkəməsi tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, ləğv olunmuş "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixədək arxiv xidmətlərinin göstərilməsi barədə xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilə bağlanmış, arxiv müqaviləsinə "xxxx" Sığorta Şirkəti ASC-nin məktubuna əsasən 2022-ci ilin aprel ayında xitam verilmiş, müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar cavabdehdən arxiv xidməti müqaviləsinin ödənilmiş 16612,55 manat xidmət haqqı (xx.xx.2022-ci il tarixdən sonrakı dövr üçün) müqavilənin 9.1-ci bəndinə əsasən geri tələb edilmiş, "xxxx" Sığorta Şirkəti ASC-nin bu pul tələbinə hüququ xx.xx.2020-ci il tarixli müqavilə əsasında İddiaçı MMC-yə satılmışdır. (güzəşt edilmişdir.).

25. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili bundan ibarətdir ki, İddiaçı MMC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarlılığı yoxlanılmamışdır. Belə ki, tələb güzəşt edilərkən mülki qanunvericliyin tələbinə əsasən cavabdehin borclu olaraq razılığı alınmalı idi. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, MM-nin 194.1-ci maddəsinə əsasən tələb sahibinin (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt etmək hüququ nəzərdə tutulmuşdur ki, bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Hazırkı halda "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədə "xxxx" Sığorta Şirkəti ASC-nin tələb hüququnun güzəşt edilməsini istisna edən norma yoxdur. Cavabdeh tərəfindən istinad edilmiş xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilənin 3.1-ci bəndində müştərinin, yəni "xxxx" Sığorta Şirkəti ASC-nin deyil, icraçı olaraq Cavabdeh MMC-nin ona təqdim edilmiş məlumatları qorumaq öhdəliyi müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş “AXA standartlarının şərtləri”nin 3.1-ci bəndində müqavilə çərçivəsində tərəflərin bir birlərinə təqdim edəcəyi hər növ maliyyə cədvəli, hesabat, maliyyə və hüquqi məlumatlar qarşılıqlı razılıq əsasında ötürülməli olan məxfi məlumatlara aid edilsə də, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələbin güzəşti ilə əlaqədar İddiaçı MMC-yə təqdim edilmiş sənədlərdə cavabdehə aid qorunmalı olan məxfi məlumatlar olmadığından və MM-nin 193.2-ci maddəsində əvvəlki sahibin tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməli olduğu nəzərdə tutulduğundan tələbin güzəşti ilə bağlı müqavilə mülki qanunvericliyin tələbinə uyğundur.

26. Digər dəlil ondan ibarətdir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə “tələb hüquqlarının ötürülməsi” haqqında müvafiq müqavilə təqdim edilməmiş (müqaviləyə əlavəşəhadətnamə təqdim edilmiş) vəCavabdeh MMC hansı hüquqlarının İddiaçı MMC-yə "xxxx" tərəfindən ötürüldüyünü bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehə iddiaçı tərəfindən təqdim edilmiş şəhadətnamədə məbləğ dəqiq qeyd edilməsə də ötürülən hüquq qeyd edildiyindən bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə izah edir ki, MM-nin 198.1-ci maddəsi borcluya yeni kreditor tərəfindən tələbin keçdiyinə dair sübutlar ona təqdim edilənədək öhdəliyi icra etməmək hüququ versə də, sübutlar tam təqdim edildikdən borclunun bu normaya istinad edərək (sübutların vaxtında təqdim edilməməsinə görə) öhdəliyi yeni kreditora icra etməkdən imtinası əsassızdır.

27. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, bütün sənədlərin məhv edilməsinin mümkünlüyü barədə cavabdehə rəy verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2865 işin məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialı tərəfindən rəy verilmiş, 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 qeyd olunan rəyin cavabdehin anbarında saxlanılan "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus sənədlərə təqdim olunmuş siyahıya uyğunluq yoxlanılmaqla seçmə üsulu ilə baxış keçirildikdən sonra verildiyini ifadəsində bildirmiş, cavabdeh tərəf bu ifadəni mübahisələndirməmiş, cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildiyini təsdiqləmişdir.

28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”ının 8-ci bəndinə əsasən dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz. Nazirlər Kabinetinin Qərarında qoyulan tələbə əməl olunaraq Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının əməkdaşları tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildikdən sonra sənədlərin məhvi ilə bağlı müvafiq rəy verilmiş, dövlət arxiv xidməti təşkilatlarının razılığı alınmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, belə olan halda, cavabdeh sənədlərin məhv edilməsi ilə bağlı müqavilənin şərtlərini yerinə yetirməli idi. Məhv olunmalı sənədlər "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus olduğundan cavabdehin həmin sənədləri müştərinin tapşırığı əsasında məhv etməsi Qaydalara əsasən icraçı üçün məsuliyyət yaratmır. Bundan əlavə "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 9.4 və 9.5-ci bəndlərində müqaviləyə xitam verilən zaman icraçının (cavabdeh) xatırlatmasına baxmayaraq müştəri ("xxxx" Sığorta Şirkəti ASC) uçotları və ya məlumat daşıyıcılarını toplamaq və onları məhv etmək öhdəliyini icra etmirsə, icraçının uçotları və ya məlumat daşıyıcılarını məhv etmək hüququ nəzərdə tutulmuşdur.

29. Cavabdeh eyni zamanda məhkəmə baxışı iclasında iddiaçının vəsatəi əsasında şahid dindirilməsinin prosessual pozuntu olduğunu göstərərək qeyd edilən əsasla qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-nin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını iddiaçıya və məhkəməyə təqdim etməli olduğu xx.xx.2022-ci il tarixdə təqdim edilmiş iddiaya etirazı sonuncu hazırlıq iclasından 1 gün əvvəl xx.xx.2022-ci il tarixdə təqdim etdiyindən iddiaçının etirazda bildirilən məsələlərlə bağlı sübutu məhkəmə baxışı iclasında təqdim etməsi MPM-nin 78.1-ci maddəsinin tələbinə uyğundur. Bundan əlavə 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırkı halda şahid X5 ifadəsi sübut kimi qəbul edilməsə belə cavabdehin istinad etdiyi hallar iddianın rədd edilməsi üçün əsas olmadığından və məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı maddi və ya prosessual pozuntuya yol verilmədiyindən məhkəmə apellyasiya şikayətini əsassız hesab edir.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-223/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-223/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar