Məhkəmə qərarları › İş №2-2(103)-466/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-466/2025

14.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-466/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “maneələrin aradan qaldırılması” tələblərinə dair iddia üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “maneələrin aradan qaldırılması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)- 675/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı: Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

1. İddiaçı ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Qaradağ rayonunun, Qızıldaş qəsəbəsində yerləşən karxana ərazisində Cəmiyyətin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından və onun içərisində olan və ona gələn dəmir yol xəttlərindən istifadəyə maneələrin aradan qaldırılaraq, qanunsuz müdaxilələr nəticəsində sökülmüş dəmir yolu xəttlərinin əvvəlki vəziyyətinin öz vəsaiti hesabına bərpa olunması öhdəliyinin Cavabdeh ASC-nə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC hələ keçmiş Sovet dövrünün 50-ci illərində yaradılmış və uzun müddət dövlət müəssisəsi kimi fəaliyyət göstərən “Mərifət Nəzərov adına Tikinti Materialları Kombinatı”nın bazasında yaradılmışdır. İddiaçı ASC Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamı ilə İİ X1 uyğun olaraq tam özəlləşdirilmişdir və 100 % səhmə malikdir ki, həmin səhmlər də ayrı-ayrı şəxslərə məxsusdur. Cəmiyyət özəlləşdirilərkən onun emissiya prospekti təsdiq olunan zaman, dövlət müəssisəsi olaraq texniki pasportu da tərtib olunmuşdur. Həmin texniki pasportda onun daşınmaz əmlakları öz əksini tapmışdır. Həmin əmlaklardan biri də Qaradağ rayonunun, Qızıldaş qəsəbəsində yerləşən karxana ərazisində olan və Cəmiyyətin inzibati binası ilə üzbəüz dəmir yolu yükləmə-boşaltma meydançasıdır. Həmin meydança Cəmiyyətə məxsus olan daşınmaz əmlak olaraq yuxarıda da qeyd edildiyi kimi hələ dövlət müəssisəsi olan zaman Əmlak Komitəsi tərəfindən tərtib olunmuş texniki pasportda da öz əksini tapmışdır. Təxminən 5 il bundan əvvəl qonşuluqda yerləşən və fəaliyyət göstərən və vaxtilə yuxarıda adı qeyd olunan “Mərifət Nəzərov adına Tikinti Materialları Kombinatı”ndan ayrılan Cavabdeh ASC Azərbaycan Respublikası Əmlak Komitəsinin Reyestr Xidmətinə qarşı sözügedən dəmir yolu yükləmə-boşaltma meydançasının onun texniki pasportuna daxil edilməsi və həmin meydançaya dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə bizim Cəmiyyət də üçüncü şəxs qismində işə cəlb olunmuşdur. 5 il ərzində məhkəmə araşdırılmaları aparılmış, lakin bu müddət ərzində Cavabdeh ASC meydançanın ona məxsus olmasını sübut edə bilməmiş və nəticədə iddia ərizəsini geri götürmüşdür. Cavabdeh ASC-nin işçiləri həmin ərazidə olan metal konstruksiya materiallarını, körpü kranını, ərazidə olan dəmir yolu xəttini və metal hissələrini qanunsuz olaraq söküb doğrayaraq satmağa cəhd göstərmiş və bununla da bizim Cəmiyyətin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq bu hüquqazidd hərəkətlərini davam etdirirlər. Onlar gecə ilə gəlib söküntü işləri aparırlar ki, bununla da Cəmiyyətin əmlaklarına ciddi real təhlükə yaradırlar. Bu barədə tərəfimizdən hüquq mühafizə orqanlarına məlumat verilməsinə baxmayaraq, təəssüf ki, hər hansı ciddi tədbirlər görülməmişdir. Eyni zamanda həmin yükdaşıma və boşaltma meydançasından istifadə etməklə dəmir yolu vasitəsilə Qarabağın işğaldan azad olunmuş ərazilərinə mişar daşı tədarükü planlaşdırılır. Lakin bu cür qanunsuz hərəkətlər Cəmiyyətin əmlaklarının məhv olunması ilə yanaşı, belə bir mötəbər və dövlət əhəmiyyətli layihənin pozulmasına da səbəb olur.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-675/2025 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia şərti olaraq 2 hissədən ibarətdir : 1. İddiaçı ASC-nin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından və onun içərisində olan və ona gələn dəmir yol xəttlərindən istifadəyə maneələrin aradan qaldırılması; 2. Sökülmüş dəmir yolu xəttlərinin əvvəlki vəziyyətinin öz vəsaiti hesabına bərpa olunması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması. Məhkəmə hazırkı mübahisənin həlli baxımından hesab etmişdir ki, ilk növbədə iddianın 2-ci hissəsinə qiymət verilməlidir. Ona görə də, öncə müəyyən edilməli olan məqam iddiaçının istifadəsinə dəmir yolu xəttlərinin verilibverilməməsi təşkil edir. İş materiallarına əlavə edilmiş ******* saylı çıxarışdan görünür ki, İddiaçı ASC-nə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsində 1.6777 ha istifadəsində olan torpaq sahəsində yerləşən 6371 kv.m ümumi, 4793.1 kv.m əsas, 1577.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə ona məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 30 avqust 2000-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh tikinti materialları kombinatının bazasında Cavabdeh ATSC yaradılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tikinti materialları kombinatının özəlləşdirilmə planına (emissiya prospekti) 01 aprel 2000-ci il tarixə əsas vəsaitlərin inventarlaşdırma və qiymətləndirmə aktı adlı əlavə 11-dən görünür ki, dəmir yolu xətti məhz qeyd olunan hüquqi şəxsin balansındadır. Həmçinin qeyd edilmiş özəlləşdirilmə planına əlavə edilmiş Cavabdeh səhmdar cəmiyyəti haqqında məlumatdan görünür ki, istifadəsinə 134 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, yük meydançası estakadası, ümumi uzunluğu 5.420 metr olan dalan dəmiryolu xətti qiymətləndirilən əmlakın tərkibində Cavabdeh ASC-nin nizamnamə kapitalına daxil edilmiş və 68.431,8 kv olan yüklənmə meydançası da, daxil olmaqda ümumi sahəsi 134 ha torpaq sahəsi onun istifadəsinə verilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh ATSC-nə məxsus dalan dəmir yoluna dair 2004-cü ilin noyabr ayında Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən RB1/020 saylı pasport tərtib edilmişdir. Məhkəmə iclasında dəmir yolunun iddiaçıya aid olması ilə bağlı hər hansı bir sənədin olub-olması halı araşdırılmış və iddiaçı tərəf də, öz növbəsində dəmir yolunun cavabdehə aid olduğunu və dəmir yolu ilə bağlı iddiaçının hər hansı bir sənədi olmadığını bildirmişdir. Qeyd edilmiş sənədlərdən və məhkəmə iclasında araşdırılmış hallardan görünür ki, dəmir yolunun ona aid olması ilə bağlı iddiaçı hər hansı bir sənəd təqdim edə bilməmiş, dəmir yolunun cavabdehə aid olması halını qəbul etmişdir. Göründüyü kimi, qeyd edilmiş dəmir yolu məhz cavabdehə aiddir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia “sökülmüş dəmir yolu xəttlərinin əvvəlki vəziyyətinin öz vəsaiti hesabına bərpa olunması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması” hissəsində əsassızdır və təmin edilə bilməz. Bundan sonra məhkəmə iddianın 1-ci hissəsi olan İddiaçı ASC-nin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından və onun içərisində olan və ona gələn dəmir yol xəttlərindən istifadəyə maneələrin aradan qaldırılması” hissəsinə qiymət verilməsini zəruri hesab etmişdir. Qeyd edildiyi kimi, İddiaçı ASC-nin balansında ümumiyyətlə dəmir yolu xətləri yoxdur və qeyd edilən dəmir yolu xətləri məhz Cavabdeh ASC-yə aiddir. Bundan başqa da, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf İddiaçı ASC-nin inzibati binası ilə üzbəüz dəmir yolu meydançasından istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, hazırda İddiaçı ASC-nin mülkiyyətində olan hər hansı bir əmlakla bağlı, Cavabdeh ASC tərəfindən maneələrin yaradıldığına dair sübutlar təqdim edə bilməmişdir. Bundan başqa da, iddiaçı tərəf məhkəmə iclasında hal-hazırda Cavabdeh ASC tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan hər hansı bir əmlakdan istifadəyə maneələrin yaradılmadığını, ancaq gələcəkdə yarada biləcək maneələrin qarşısını almaq üçün iddia qaldırdığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən hissədə də, iddia təmin oluna bilməz. Belə ki, neqator iddianın təmin edilməsi üçün zəruri olan 2-ci şərt yəni “əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli” şərti də hazırkı halda mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu tip iddialar hər hansı bir əsas olmadan, ehtimallara əsaslanıb sonsuz sayda şəxlərə qarşı da, ünvanlana bilərdi.

5. Qeyd edilən qətnamədən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-2(103)-466/2025 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmiş, işə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 10:45-ə təyin edilmişdir.

7. 16.04.2025-ci il tarixdə məhkəməyə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılmış şəxsi kabineti vasitəsilə apellyasiya şikayətdən imtina edilməsi ilə bağlı ərizə daxil olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

9. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

10. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin öz şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-675/2025 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar