Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-471/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi, obyektin boşaldılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1257/2025 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə görə icarəyə verən bu müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı (Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 2a-da yerləşən ümumi sahəsi 2109,51 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 1039 kv.m hissəsini) icarəçiyə icarəyə verməyi, icarəçi isə bu müqavilənin 3-cü bəndində nəzərdə tutulan qaydada bu məbləğdə icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 3.1-ci bəndinə görə icarəçi tərəfindən icarəyə verənə müqavilə qüvvəyə mindiyi tarixdən aylıq 5000 manat məbləğində icarə haqqı ödənəcək. 4.2-ci bəndinə görə müqavilənin şərtlərinə tərəflərdən birinin əməl etməməsi və ya lazımi qaydada əməl etməməsi nəticəsində digər tərəfə dəymiş zərər təqsirli tərəf tərəfindən tam həcmdə ödənilir. 5.1-ci bəndinə əsasən müqavilənin müddətinin xx.xx.2024-cü il tarixədək müəyyən olunur. 5.2-ci bəndinə əsasən müqavilədə göstərilən icarə haqqı dəyərinə real bazar infilasiya qiymət artımına hər iki tərəfin qarşılıqlı razılığı ilə yenidən baxıla bilər. 5.4-cü bəndinə görə icarəçi müqaviləyə vaxtından əvvəl xitam vermək istədikdə icarəyə verənə 25000 manat təzminat ödəməlidir. 5.8-ci bəndinə əsasən 5.8.1.İcarəyə verən icarəyə verilmiş obyektinin istifadəsində maneəçilik törədildikdə;5.8.2 İcarə obyekti qarşı tərəfin təqsiri üzündən istifadə olunması üçün yararsız vəziyyətə düşdükdə; 5.8.3 İcarəyə verən İcarə haqqının məbləğini birtərəfli qaydada dəyişdirdikdə; 5.8.4 İcarə obyektinin ərazisi İcarəçinin fəaliyyətinin genişlənməsi ilə əlaqədar fəaliyyətini həyata keçirməsi üçün kifayət etmədikdə müqavilə icarəçinin tələbi ilə ləğv oluna bilər. 5.9-cu maddəsinə görə müqavilənin vaxtından əvvəl ləğvinə həmçinin tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.
2. Cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, şəxsi bizneslə məşğuldur və heç bir şəxslə əmək müqaviləsi yoxdur. İddiaçıla qohumluq münasibəti yoxdur, şəxs olaraq onu tanıyır. Cavabdeh dostudur. Qohumluq münasibəti yoxdur. Kənan restoran işi ilə bağlı bizneslə məşğul olmaq istəyirdi. Bununla bağlı ona bildirmişdi. O da Nərimanov rayonu ərazisində yerləşən icarə sahəsini 2023-cü ilin yayında özü icarəyə götürmək istəmişdir. Daha sonra icarə haqqı yüksək olduğundan həmin icarə sahəsini icarəyə götürməmişdir. Lakin icarə sahəsini Kənana tövsiyə etmişdir. Daha sonra tərəflər icarə müqaviləsi bağlayıblar. Müqavilənin bağlanmasında faktiki iştirak etməmişdir. İcarə müqaviləsinin şərtlərinin necə və hansı qaydada razılaşdırılması barədə məlumatı yoxdur. Sadəcə icarə haqqının nə qədər olmasını bilirdi. İcarə müqaviləsi bağlandıqdan sonra Kənan 1 il icarə obyektini işlətmişdir. Həmin müddət ərzində o oraya dost, müştəri kimi gedib-gəlmişdir. Kənan icarə obyektini götürməklə bağlı Elnur bəylə danışıb, həmin danışıqlar aparılanda o və Gökhan bəy orada idi. Kənan icarə sahəsindən artıq çıxıb orada başqa icarədar fəaliyyət göstərir. Kənan ona demişdir ki, icarədar icarə haqqını artırmaq istəyir. Bununla bağlı görüş keçirilmiş, o da həmin görüşdə iştirak etmiş, ondan başqa Elnur bəy və Gökhan bəy görüşdə iştirak etmişdir. O görüşdə tərəfləri tanış edən şəxs kimi iştirak etmişdir. Müqavilə qiyməti 13000 manat olsa da rəsmi olaraq 5000 manat idi. Elnur bəy icarə haqqını qaldıraraq 25000 manat etmək istəyirdi, həmin məbləğin qeyri rəsmi hissəsinin nə qədər olmasını isə bilmir. Görüş yay aylarında keçirilmiş, icarə haqqı növbəti aydan 25000 manat olacaq idi. Elnur bəy dedi ki, əgər icarə haqqı ödənilməsə icarə obyektindən çıxarılacaqlar. Kənan bəy dedi ki, o zaman icarə obyektindən çıxacaqlar. Elnur bəy isə təhvil-təslim məsələləri ilə bağlı Elnarə xanımla əlaqə saxlamalı olduğunu bildirdi. Elnur bəyin işlərini Gökhan bəy icra edirdi. Tərəflər arasında danışıqlar aparıldı, daha sonra icarə obyektinin yararlı olması ilə bağlı yoxlanışlar aparıldı, orada yaşlı bir işçi də var idi. Açarlar Elnarə xanıma təqdim olundu, akt tərtib olundu. Aktın tərtib olunmasını o məsləhət görmüşdür. Ehtimal edir ki, akt tərtib olunub.
Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (icarəyə verən) ilə cavadeh Cavabdeh (icarəçi) arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən obyektə dəymiş 2800 manat ziyan və 25000 manat təzminat olmaqla cəmi 27800 manat məbləğində borcun və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (icarəyə verən ) ilə Cavabdeh (icarəçi) arasında 17 noyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 2a-da yerləşən ümumi sahəsi 2109,51 kv.m-dən 007Aibarət olan qeyri-yaşayış sahəsinin 1039 kv.m hissəsini çay evi restoran kimi istifadə etmək üçün aylıq icarə haqqı 5000 manat olmaqla icarəyə götürmüşdür. Lakin Cavabdeh icarə müqavilənin şərtlərini pozaraq iddiaçıya yazılı qaydada heç bir xəbərdarlıq etmədən xx.xx.2023-cü il tarixində vaxtından əvvəl icarə müqaviləsinə xitam verərək öz əşyalarını obyektdən boşaldaraq götürüb getmişdir və gedərkən icarəyə götürdüyü obyektə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, icarə obyektinin sanitar qovşağında, o cümlədən mətbəxində və zalda bəzi avadanlıqlar xarab olmuş, obyektin qapılarının tutacaq qulpları qırılmışdır. Bunlarla iddiaçıya 2800 manat məbləğində ziyan vurmuşdur. Həmçinin vaxtından əvvəl icarə müqaviləsinə xitam verildiyi üçün müqavilənin 5.4-cü bəndində qeyd edildiyi kim icarəçi müqaviləyə vaxtından əvvəl xitam vermək istədikdə icarəyə verənə 25000 manat dəyərində təzminat ödəməlidir. Həm obyektə vurulmuş maddi ziyan həmdə müqavilənin şərtinə əməl etmədiyi üçün iddiaçıya 27800 manat məbləğində borcu yaranmışdır. Cavabdeh həm şifahi həm də yazılı formada xx.xx.2023- cü il tarixli pretenziya məktubu ilə müraciət edərək obyektə vurduğu 2800 manat maddi ziyana və vaxtından əvvəl heç bir xəbərdarlıq etmədən obyekti tərk etdiyi üçün 25000 manat təzminatın ödənilməsi üçün xəbərdarlıq edilsə də bu günə qədər borcu ödəməməmişdir.
5. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı (icarəyə verən) ilə cavadeh Cavabdeh (icarəçi) arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən obyektə dəymiş 3800 manat ziyan və 25000 manat təzminat və 177 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ərizəsi verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən obyektə dəymiş 2800 manat ziyanın və müqavilənin şərtini pozaraq vaxtından əvvəl xx.xx.2023-cü il tarixdə heç bir xəbərdarlıq etmədən obyekti boşaldıb getdiyi üçün 25000 manat təzminat olmaqla, cəmi 27800 manat məbləğində borcun və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbinə dair e-2(008)-3544/2024 saylı mülki iş baxılması üçün icraatdadır. Hesab edilir ki, İddiaçı öz iddia ərizəsində Cavabdeh müqavilənin şərtini pozaraq yazılı qaydada heç bir xəbərdarlıq etmədən xx.xx.2023-cü il tarixində vaxtından əvvəl icarə müqaviləsinə xitam verib obyekti boşaldaraq öz əşyalarını götürüb getməsi və gedərkən icarəyə götürdüyü obyektə xeyli miqdarda ziyan vurması kimi əsaslandırması tamamilə əsassızdır və iddiaçının formal mülahizələrinə əsaslanır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin icarə münasibətlərində icarəyə verən İddiaçı faktiki olaraq Gökhan (bir müddət sonra isə Səbinə adlı xanım) və icarəçi Cavabdeh isə Rauf adlı şəxslər təmsil etmişdir. İcarə müqaviləsi üzrə icarə haqqı mütəmadi olaraq faktiki təmsilçi Gökhana verilmiş, icarə müqaviləsi bağlı bütün məsələlər məhz həmin təmsilçilər vasitəsi ilə həllini tapmışdır. Hazırki halda da, İddiaçı təmsil edən Gökhan adlı şəxs icarə müqaviləsi üzrə icarə haqqını mütəmadi almış, eyni zamanda da icarə müqaviləsi üzrə icarə haqqının artırılması ilə razılaşa bilməməsi səbəbindən obyektin boşaldılması barədə Raufla danışmışdır. Bunu tərəflər arasında Gökhan və Səbinənin Raufla aralarında olan səsyazmalar da təsdiq edir. Belə ki, Gökhanın icarə müqaviləsi icarə haqqını tələb etməsi, icarə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsi, bu səbəbdən də Səbinə xanımın icarə obyektinin boşaldılmasını tələb etməsi həmin səs yazılarında açıq-aşkar öz təsdiqini tapır. Məhz bundan sonra xx.xx.2023-cü il tarixdə icarəçi icarə obyektini tərk etmişdir (səs yazılarını əks etdirən CD disk elektron təqdim etmək mümkün olmadığından poçt vasitəsilə təqdim edilir). Təmsilçilərin razılaşması ilə müqavilənin xitam olunması və icarə obyektinin boşaldılması müqavilənin birtərəfli qaydada pozulması deyildir. Belə ki, bu günə kimi icarə münasibətlərindən irəli gələn bütün məsələlər, o cümlədən icarə haqının ödənilməsi və qəbul edilməsi tərəflərin faktiki nümayəndələri olan yuxarıda adları qeyd olunan şəxslər tərəfindən həyata keçirilmiş, müqavilə tərəflərinin isə heç birinin buna etirazı olmamışdır. Bu özlüyündə işlərin faktiki nümayəndələr tərəfindən icra edilməsinə razılığın olmasını ehtiva edir. Buna əsaslanaraq icarə müqavilənin ləğvi məsələsinin də nümayəndələr vasitəsi ilə həll edilməsinə (razılaşdırılmasına) razılığın olması istisna edilmir. Hazırki halda hüquq, yəni nümayəndəlik səlahiyyəti nümayəndənin fəaliyyət göstərdiyi şəraitdən məlum olur. Nümayəndə funksiyasını həyata keçirmək üçün yuxarıda adları qeyd edilən şəxslərə xüsusi etibarnamə verilməsinə ehtiyac yoxdur və bu tələb edilə bilməz. Onların səlahiyyəti hüquqi hərəkətlərin edildiyi şəraitdən bəlli olur və bu şəraitlə təsdiqlənir. Məhz bu şəraitdə həmin şəxslər nümayəndə statusuna malik olur. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə də əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 2) Digər tərəfdən xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndində “müqavilənin ləğv edilməsi əsasları” göstərilmişdir. Həmin əsaslardan biri də “Müqavilənin vaxtından əvvəl ləğvinə həmçinin tərəflərin qarşılıqlı razılığı ilə yol verilməsidir” (müqavilənin 5.9-cu bəndi). Hazırki halda da tərəflərin təmsilçisi sayılan Gökhan (Səbinə) və Rauf arasında müqavilənin vaxtından əvvəl ləğvi barədə razılaşma olduğundan, məhz bundan sonra icarə obyektinin boşaldılması həyata keçirildiyindən icarə müqaviləsinin 5.4-cü maddəsi (vaxtından əvvəl xitam zamanı 25000 manat əzminat dəyərinin ödənilməsi) tətbiq edilə bilməz. Belə ki, Müqavilənin 5.4-cü bəndinin tətbiqi ancaq tərəflər arasında razılıq olmadan birtərəfli qaydada ləğv edildiyi zaman mümkün ola bilərdi. İcarə müqaviləsinin ləğvi və obyektin boşaldılması ilə bağlı razılığın müqavilə tərəflərinin təmsilçilərinin vasitəsi ilə əldə olunduğu nəzərə alınsa icarəçinin icarəyə verəni əlavə xəbərdar etmək kimi vəzifə daşımadığını müəyyən etmək olar.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1257/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir, Cavabdeh 5000 manat dəbbə pulu, 70 manat dövlət rüsumu, ümumilikdə 5070 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbləri 2 hissədən ibarətdir: 1. 25000 manat dəbbə pulunun ödənilməsi; 2. 3800 manat zərərin ödənilməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsini cavabdehin icarəsinə vermiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə icarə sahəsi boşaldılmış, həmin tarixdən sonra icarə sahəsindən istifadə edilməmişdir. İddiaçı icarə müqaviləsinin ləğvi ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmadığı, icarəçi tərəfindən icarə sahəsi ona hər hansı məlumat verilmədən boşaldıldığı üçün müqavilənin 5.4-cü bəndinə əsasən ona 25000 manat dəbbə pulunun ödənilməsini tələb edir. Cavabdeh iddiaya qarşı etirazında tərəflər arasında icarə müqaviləsi üzrə icarə haqqının artırılması ilə bağlı razılaşma əldə edilə bilməməsi səbəbindən obyektin qarşılıqlı razılıq əsasında boşaldıldığını bildirir. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmamışdır. Belə ki, cavabdeh tərəflərin qarşılıqlı razılığı əsasında icarə sahəsinin icarəçi tərəfindən boşaldıldığını bildirsə də, tərəflər arasında belə bir razılıq olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmalarını məhkəmə mötəbər sübut qismində qəbul etmir. Belə ki, həmin yazışmalar tərəflər arasında olmamaqla yanaşı, həmin danışıqların məhz hazırkı kommersiya mübahisəsinə aid olması da müəyyən edilməmişdir. Məhkəmə cavabdehin müqavilə qiymətinin artırılması ilə bağlı iddiaçının təklifinə cavabdeh tərəfindən razılıq verilmədiyi üçün müqavilənin icarəçi tərəfindən pozulması ilə bağlı dəlilini də əsassız hesab etmişdir. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən müqavilənin müddətinin xx.xx.2024-cü il tarixədək olması, 3.1-ci bəndinə əsasən icarə haqqının müqavilə müddəti ərzində 5000 manat olması tərəflər arasında razılaşdırılmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin qiymətinə hər iki tərəfin qarşılıqlı razılığı ilə yenidən baxıla bilər. Cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən qiymətin artırılmasının təklif edilməsi ilə bağlı da hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə hər hansı razılaşma, habelə müqavilənin 5.8-ci bəndinə göstərilən hallardan hər hansı biri olmadığı halda icarəçi (cavabdeh) tərəfindən əsassız olaraq müqavilə şərtləri birtərəfli qaydada pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməklə haqlıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi, öz öhdəliklərini pozması işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 5000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsini ikinci hissədə əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində ona cavabdeh tərəfindən 3800 manat zərər vurulduğunu bildirir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur ülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 700.1, 462.1, 462.3, 463.1, 467, 21.1, 21.2, 1096.1, 1096.2, 1099.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehdən müqavilə öhdəliyi üzrə tələb etdiyi 25.000 manat pul məbləğini dəbbə kimi nəzərə almış, 25.000 manat pulun tənasübsüz surətdə yüksək dəbbə pulu kimi qeyd edərək, guya həm borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq “dəbbə” pulunu 5000 manat məbləğində müəyyən edilməməsi qənaətinə gəlmişdir. Halbuki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5.4-cü bəndinə əsasən 25.000 manat pul tələb edir. Belə ki, İddiaçı (icarəyə verən ) ilə Cavabdeh(icarəçi) arasında 17 noyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 2a-da yerləşən ümumi sahəsi 2109,51 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 1039 kv.m hissəsini çay evi restoran kimi istifadə etmək üçün aylıq icarə haqqı 5000 manat olmaqla icarəyə götürmüşdür. Lakin Cavabdehicarə müqavilənin şərtlərini pozaraq iddiaçıya yazılı qaydada heç bir xəbərdarlıq etmədən xx.xx.2023-cü il tarixində vaxtından əvvəl icarə müqaviləsinə xitam verərək öz əşyalarını obyektdən boşaldaraq götürüb getmişdir və gedərkən icarəyə götürdüyü obyektə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, icarə obyektinin sanitar qovşağında, o cümlədən mətbəxində və zalda bəzi avadanlıqlar xarab olmuş, obyektin qapılarının tutacaq qulpları qırılmışdır. (İcraə obyektinin yararsız halda olması barədə fotoşəkillər iş materiallarındadır) Tərəflər arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin 5.4-cü bəndində qeyd edilmişdir ki, icarəçi müqaviləyə vaxtından əvvəl xitam vermək istədikdə icarəyə verənə 25000 manat dəyərində təzminat ödəməlidir. Göründüyü kimi iddiaçı cavabdehdən məhkəmənin qeyd etdiyi kimi dəbbə pulu deyil müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün müqavilə şərtinə uyğun olaraq pul tələb edir. Odur ki, məhkəmənin müqavilə üzrə pul tələbini dəbbə pulu kimi nəzərə alması qanunsuzdur. Bundan əlavə Sabunçu rayon məhkəməsinin hakimi Adilə Paşayevin icraatında olan zaman məhkəmə iclasında çıxış edən Cavabdeh hakim tərəfindən ona verilən suala cavab olaraq izahatında da bildirmişdir ki, “Bəli icarə müqaviləsi bağlasaq da sonradan kliyentura olmadığına görə işləyə bilmədik” (iş nömrə 2(008)-3544/2024 iclasın audiovideo yazısına qulaq asılmaqla müəyyən etmək olar). Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, icarə obyektini vaxtından əvvəl iddiaçıya xəbərdarlıq etməklə tərk edib getmiş, nəticədə müqavilənin 5.4-cü bəndini pozmuşdur. Lakin məhkəmə müqavilənin 5.4cü bəndi üzrə cavabdehin öhdəliyini yerinə yetirməməsinə görə tələb etdikləri 25.000 manatı dəbbə pulu kimi hesablamış, dəbbə pulunu azaldaraq 5000 manat müəyyən etmişdir. Bununla da maddi hüquq pozuntusuna yol vermişdir. Məhkəmənin 3.800 manat məbləğində maddi ziyan tələbi ilə bağlı mövqeyinə gəldikdə isə, bildirir ki, iddiaçı tərəfindən fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkillərdə icarə obyektinin əvvəlki (icarəyə verilməmişdən vəvvəl və sonrakı) və sonrakı şəkilləri öz əksini tapmışdır. Əslində icarə obyektinə dəymiş ziyanın məbləği çox-çox yüksək olmasına baxmayaraq iddiaçı, həm müqavilənin 5.4-cü maddəsinə əsasən tələb etdiyi pulu nəzərə alaraq, həm işin artıq 1 ildən artıq məhkəmədə olmasını, işin uzadılmamağı baxımından daha az məbləğdə ziyan tələb edib. Fotoşəkillərə baxdıqda ekspert olmadan da dəymiş ziyanı müəyyən etmək olar. Hətta şəkillərdən belə ziyanın məbləğinin 3800 manatdan qat-qat çox olması öz əksini tapır. Məhkəmə isə iş materiallarında olan foto şəkillərə ümumiyyətlə münasibət bildirməmiş, nə üçün fotoşəkillərə hüquqi qiymət verməməsini qətnaməsində əsaslandırmamışdır. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Bağırov Rauf izahatında bildirmişdir ki, tərəflər müqavilə bağlayanda və ya cavabdeh icarə obyektini tərk edəndə orda olmamış, onun müqavilə şərtlərindən xəbəri olmamışdır. əvvəl icarə obyektini özü icarəyə götürmək istəmiş, daha sonra icarə haqqının yüksək olduğu üçün dostu Kənana tövsiyyə etmişdir. Onun izahatında və şahid kimi dindirilməsi, verdiyi izahat isə iş üçün heç bir əhəmiyyət kəsb etmədiyi izahatında öz əksini tapmışdır.
14. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsinə “cavabdeh tərəflərin qarşılıqlı razılığı əsasında icarə sahəsinin icarəçi tərəfindən boşaldıldığını bildirsə də, tərəflər arasında belə bir razılıq olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmalarını məhkəmə mötəbər sübut qismində qəbuletmir, belə ki, həmin yazışmalar tərəflərarasında olmamaqla yanaşı, həmin danışıqların məhz hazırkı kommersiya mübahisəsinə aid olması da müəyyən edilmir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan aşağıdakı səbəblərdən iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqavilərində icarəyə verən İddiaçı faktiki olaraq Gökhan (bir müddət sonra isə Səbinəadlı xanım) və icarəçi Cavabdeh isə Rauf adlı şəxslər təmsil etmişdir. İcarə müqaviləsi üzrə icarə haqqı mütəmadi olaraq faktiki təmsilçi Gökhana verilmiş, icarə müqaviləsi bağlı bütün məsələlər məhz həmin təmsilçilər vasitəsi ilə həllini tapmışdır. Hazırki halda da, İddiaçı təmsil edən Gökhan adlı şəxs icarə müqaviləsi üzrə icarə haqqını mütəmadi almış, eyni zamanda da icarə müqaviləsi üzrə icarə haqqının artırılması ilə razılaşa bilməməsi səbəbindən obyektin boşaldılması barədə Raufla danışmışdır. Bunu tərəflər arasında Gökhan və Səbinənin Raufla aralarında olan səs yazmalarİ da təsdiq edir. Belə ki, Gökhanın icarə müqaviləsi icarə haqqını tələb etməsi, icarə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsi, bu səbəbdən də Səbinə xanımın icarə obyektinin boşaldılmasını tələb etməsi həmin səs yazılarında açıq-aşkar öz təsdiqini tapır. Məhz bundan sonra xx.xx.2023-cü il tarixdə icarəçi icarə obyektini tərk etmişdir (səsyazılarını əks etdirən CD disk elektron təqdim etmək mümkün olmadığından poçt vasitəsilə təqdim edilir). Təmsilçilərin razılaşması ilə müqavilənin xitam olunması və icarə obyektinin boşaldılması müqavilənin birtərəfli qaydada pozulması deyildir. Belə ki, bu günə kimi icarə münasibətlərindən irəli gələn bütün məsələlər, o cümlədən icarə haqının ödənilməsi və qəbul edilməsi tərəflərin faktiki nümayəndələri olan yuxarıda adları qeyd olunan şəxslər tərəfindən həyata keçirilmiş, müqavilə tərəflərinin isə heç birinin buna etirazı olmamışdır. Bu özlüyündə işlərin faktiki nümayəndələr tərəfindən icra edilməsinə razılığın olmasınıehtiva edir. Buna əsaslanaraq icarə müqavilənin ləğvi məsələsinin də nümayəndələrvasitəsi ilə həll edilməsinə (razılaşdırılmasına) razılığın olması istisna edilmir. Nəzərə alaq ki, hazırki halda hüquq, yəni nümayəndəlik səlahiyyəti nümayəndənin fəaliyyət göstərdiyi şəraitdən məlum olur. Nümayəndə funksiyasını həyata keçirmək üçün yuxarıda adları qeyd edilən şəxslərə xüsusi etibarnamə verilməsinə ehtiyac yoxdur və bu tələb edilə bilməz. Onların səlahiyyəti hüquqi hərəkətlərin edildiyi şəraitdən bəlli olur və bu şəraitlə təsdiqlənir. Məhz bu şəraitdə həmin şəxslər nümayəndə statusuna malik olur. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə də əqd təmsilçi vasitəsilədə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinəvə ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdəsatıcı, kassirvəi.a.) bəlli ola bilər. Digər tərəfdən onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndində “müqavilənin ləğv edilməsi əsasları” göstərilmişdir. Həmin əsaslardan biri də “Müqavilənin vaxtından əvvəl ləğvinə həmçinin tərəflərin qarşılıqlı razılığı ilə yol verilməsidir” (müqavilənin 5.9-cu bəndi). Hazırki halda da tərəflərin təmsilçisi sayılan Gökhan (Səbinə)və Rauf arasında müqavilənin vaxtından əvvəl ləğvi barədə razılaşma olduğundan, məhz bundan sonra icarə obyektinin boşaldılması həyata keçirildiyindən İcarə Müqaviləsinin 5.4-cü maddəsi (vaxtından əvvəlxitam zamanı 25 000 manat təzminat dəyərinin ödənilməsi) tətbiq edilə bilməz. Belə ki, Müqavilənin 5.4-cü bəndinin tətbiqi ancaq tərəflər arasında razılıq olmadan birtərəfli qaydada ləğv edildiyi zaman mümkün ola bilərdi. İcarə müqaviləsinin ləğvi və obyektin boşaldılması ilə bağlı razılığın müqavilə tərəflərinin təmsilçilərinin vasitəsi ilə əldə olunduğunu nəzərə alsaq, icarəçinin icarəyə verəni əlavə xəbərdar etmək kimi vəzifə daşımadığını müəyyən etmək olar. Məhkəmə yuxarıda qeyd edilən faktiki hallarla bağlı ümumiyyətlə münasibət bildirməmiş, şəraitə görə nümayəndə olmaq məsələsinətoxunmamış və gəldiyi qənaəti hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Bu absurd bir yanaşmadır, məhkəmənin qətnaməsiəsassız və qanunsuz olduğundan ləğv edilməli, iddiatələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı ərizə təqdim edilməmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasına əsasən guya tərəflər müqavilə üzrə öz aralarında ümumi icarə məbləğinin 2000 manat məbləğində olmasına dair şifahi razılıq əldə etmişlər. Qeyd edilən hissədə iddia tamamilə əsassızdır. Belə ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir (Mülki Məcəllənin 324.3 və 324.4-cü maddələri). Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı ("icarəyə verən”) ilə Cavabdeh ("icarəçi”) arasında 07 may 2024-cü il tarixli icarə müqaviləsi imzalanan zaman tərəflər arasında müqavilənin bütün mühüm şərtləri barəsində, o cümlədən aylıq icarə haqqı məbləği barədə tələb olunan formada qarşılıqlı razılıq əldə olunmuşdur. Bundan sonra icarə müqaviləsi xx.xx.2024-cü il tarixində 54 saylı Bakı "Asan xidmət" mərkəzinin Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi icarə müqaviləsi qarşılıqlı razılıq əsasında notarial qaydada bağlanmışdır. Həmçinin müqavilə bağlanan zaman qanunla müəyyənləşdirilmiş qayda pozuntusu olmamışdır. Tərəflər qarşılıqlı olaraq aylıq icarəhaqqının məbləği barədə razılığa gəlmiş və bu şərtlə müqaviləni təsdiqləmişlər. “İcarə haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsində də qeyd edildiyi kimi icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. İddiaçının istinad etdiyi guya icarə haqqının ümumilikdə 2000 manat olması barədə kimə aid olduğu müəyyən edilməyən səs yazısı və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz.
16. Etirazın əsası kimi cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsinə, AR Mülki Məcəlləsinin 700.1, 421.1, 421.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 460.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına istinad etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, həmin şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin isə rədd edilməsini xahiş etdi.
18. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və iştirak etməməsinin səbəbləri barədə məlumat vermədi. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: - - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 682-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. - 697.4-cü bəndinə görə iirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır.
20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh, müqavilənin ləğv edilməsinə görə haqqın tutulması tələbinə dair iddianın rədd edilmiş hissəsində və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair hissədə isə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətiləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə icarə sahəsi boşaldılmış, həmin tarixdən sonra icarə sahəsindən istifadə edilməmişdir. İddiaçı icarə müqaviləsinin ləğvi ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmadığı, icarəçi tərəfindən icarə sahəsi ona hər hansı məlumat verilmədən boşaldıldığı üçün müqavilənin 5.4-cü bəndinə əsasən ona 25000 manat təzminatın və icarə obyektinə dəymiş zərərin əvəzi olaraq 3800 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh iddiaya qarşı etirazında tərəflər arasında icarə müqaviləsi üzrə icarə haqqının artırılması ilə bağlı razılaşma əldə edilməməsi səbəbindən obyektin qarşılıqlı razılıq əsasında boşaldıldığını bildirir.
26. Məhkəmə kollegiyası ilk növbədə müqavilənin 5.4-cü bəndində müqaviləyə icarəçi tərəfindən müqaviləyə vaxtından əvvəl xitam veirlərkən ödənilməsi nəzərdə tutulmuş 25.000 manat məbləğində pulun hüquqi təbiəti ilə bağlı qeyd edir ki, həmin ödəniş müqavilənin əsaslandırılmamış ləğvinə görə ödənişdir(haqqdır).
27. Bununla bağlı qeyd edilməlidir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsinin ümumi əsasları Mülki Məcəllənin 421.2-ci maddəsində əks edilmişdir. Həmin maddənin tələblərinə əsasən tərəflərdən biri digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
28. Mülki Məcəllənin 700.3-cü maddəsinin tələblərinə əsasən icarə münasibətlərinə də tətbiq edilən Mülki Məcəllənin 677.1.4-cü maddəsində isə əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv etmək hüququ müəyyən edilmişdir.
29. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən normalarda nəzərdə tutulan hallarda kirayə (icarə) müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv etmək kirayəçinin (icarəçinin) qanunda nəzərdə tutulmuş şərtsiz hüququ olduğundan həmin hüquqa münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiq edilməsi (məsələn, müqaviləni ləğv etməyə görə ödənişin tutulması və s.) qanunauyğun hesab edilə bilməz.
30. Hər hansı əsaslandırma olmadan müqavilənin ləğv edilməsinə gəldikdə isə qanunverici icarə müqaviləsi tərəflərinin belə bir hüququnu (bəzi kateqoriya əmlakların kirayəsi (icarəsi) müqavilələri (maddə 691, 704.1) və müddəti müəyyənləşdirilməyən (maddə 690) kirayə (icarə) müqavilələri üzrə xəbərdarlıq müddətləri gözlənilməklə müqavilənin ləğv edilməsi halları istisna olmaqla) nəzərdə tutmamış, lakin tərəflərə müqavilə ilə belə bir hüququn verilməsi imkanını da məhdudlaşdırmamışdır. Odur ki, tərəflər icarəçinin icarə müqaviləsini xəbərdarlıq müddəti gözləmədən və əsaslandırmadan ləğv etmək hüququnu müqavilədə nəzərdə tuta və belə olan halda bu cür ləğvetmənin şərtlərini(məsələn, ləğvə görə ödənişin tutulmasını) müəyyənləşdirə bilərlər.
31. Odur ki, kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuş müqavilənin ləğv edilməsinə görə ödəniş yalnız müqavilənin icarəçi tərəfindən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar olmadığı halda, yəni icarəçi tərəfindən müqavilə “əsaslandırılmamış” şəkildə ləğv edildiyi halda icarəçidən tutula bilər.
32. Beləliklə, həmin hissədə ilkin iddianın əsaslı olub-olmasını qiymətləndirmək üçün məhkəmə tərəfindən ilk növbədə icarə müqaviləsinin tərəflərin razılığı ilə ləğv edilibedilməməsi, eləcə də icarəçı tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olub-olmaması araşdırılmalıdır.
33. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh müqaviləyə tərəflərin razılaşması ilə vaxtından əvvəl ləğv edildiyini bildirsə də, tərəflər arasında müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə razılaşmanın mövcudluğu da iş materiallarına əsasən öz təsdiqini tapmır. İş materiallarına əlavə edilmiş səsyazılarına münasibətdə kollegiya qeyd edir ki, birinci iddiaçı tərəf səsli yazışmaların onların nümayəndəsi tərəfindən aparılmasını qəbul etmir. Bundan əlavələri həmin səsyazıları yalnız boşaldılacaq qeyri-yaşayış sahəsində icarəyə verən tərəfindən inventarların sayımının və təhvil-təslimin aparılması bağlı danışıqları əks etdirir, həmin yazılarda icarə sahəsinin boşaldılmasının əsasları açıqlanmamış və icarə verənin nümayəndəsi olduğu ehtimal olunan şəxs tərəfindən tərəflərindən müqavilənin vaxtından ləğv edilməsinə razılıq verilməsi ifadə edilməmişdir.
34. Beləliklə, hazırkı icarə müqaviləsinin tərəflərin razılığı ilə ləğv edilməsi, eləcə də xəbərdarlıq müddəti gözlənilmədən icarəçi tərəfindən ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır.
35. Odur ki, ilkin iddiaçı icarə müqaviləsinin ilkin cavabdeh tərəfindən “əsaslandırılmamış” birtərəfli ləğvinə görə müqavilədə nəzərdə tutulmuş ödənişi tələb etmək hüququna malikdir.
36. Ödənişin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, müqavilənin birtərəfli qaydada ləğvinə görə ödəniş (haqq) mahiyyət etibarilə dəbbə puluya yaxın məfhumdur. Belə ki, həm dəbbə pulu, həm də müqavilənin birtərəfli qaydada ləğvinə görə ödəniş müqavilə tərəfinin qarşı tərəfin əməlləri nəticəsində məruz qala biləcəyi mümkün itkilərini kompensasiya etmək məqsədilə müqavilədə nəzərdə tutulur və həm dəbbə pulunun, həm də ləğvə görə ödənişin tutulması üçün tələb edən şəxsin ona mükəlləfiyyətli şəxsin əməlləri nəticəsində ona zərər vurulması faktını və vurulmuş zərərin məbləğini sübuta yetirməsi tələb edilmir.
37. Lakin ikili xarakter daşıyan (həm öhdəliyin təminatı üsulu, həm məsuliyyət tədbiri) dəbbə pulundan fərqli olaraq müqavilənin birtərəfli qaydada ləğvinə görə ödəniş müqavilə öhdəliklərinin pozulmasına görə deyil, tərəfin müqavilədə nəzərdə tutulmuş ləğv hüququnu həyata keçirməsinə görə tətbiq edildiyindən öhdəliyin pozulmasına görə tətbiq edilən məsuliyyət tədbiri deyildir və tərəfi öhdəliklərin pozulmasına görə cəzalandırmaq (cərimələmək) məqsədi daşımır. Odur ki, müqavilənin ləğvinə görə ödəniş (haqq) yalnız qarşı tərəfin mümkün itkiləri (yəni ehtimal olunan əldən çıxmış faydanı, yeni müqavilə bağlanması üçün xərcləri və s.) kompensasiya etmək məqsədilə tətbiq edilir.
38. Bu baxımından həmin ödəniş müqavilənin ləğvi nəticəsində itkilərin ehtimal olunan məbləğinə mütənasib olmalı, tərəfin əsassız olaraq varlanmasına səbəb olmamalıdır.
39. Odur ki, hazırkı halda kolllegiya icarə müqaviləsinə icarə müddətinin bitməsinə bir il qalmış xitam verildiyini, aylıq icarə haqqının məbləğini, hər iki tərəfin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilənin ləğvinə görə haqqın 5000 manat məbləğində, yəni bir aylıq icarə haqqı məbləğində müəyyən edilməsi ağlabatandır və icarə verən tərəfin mümkün itkilərinə mütənasibdir.
40. İcarə obyektinə dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddiaya münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 443cü, 682-ci maddələri təşkil edir ki, hazırkı halda iddiaçı nə cavabdehin sahiblik və istifadəsində olduğu dövrdə icarə sahəsinin pisləşməsi, nə də həmin pisləşmənin icarə sahəsindən adi qaydada istifadə nəticəsində deyil, icarəçinin təqsiri üzündən (icarə sahəsindən təyinatı üzrə istifadə edilməməsi, icarə sahəsini normal vəziyyətdə saxlamaq, cari təmir işlərinin aparmaq öhdəliyini icra etməməsi və s.) baş verməsini sübuta yetirə bilmişdir. Odur ki, həmin hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
41. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərində irəli sürülən dəlillər yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1257/2025 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri üçün ödənilmiş rüsum apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov