Məhkəmə qərarları › İş №2-2(103)-477/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-477/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-477/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2021-ci ilin noyabr və dekabr, 2022-ci ilin yanvar, iyun, iyul, avqust, sentyabr və dekabr aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 46551,33 manat, 3355,37 manat faiz borcu, 2022-ci ilin dekabr ayı üzrə icra edilməmiş öhdəliyə görə 4069,74 manat dəbbə pulu və 200 manat mediasiya xərci, 52 manat dövlət rüsumu, cəmi 54228,44 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin noyabr və dekabr, 2022-ci ilin yanvar, iyun, iyul, avqust, sentyabr və dekabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Keşlə və Vətəgə stansiyalarında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “dalan yoluna verilibgötürülmə” və s.) görə Cavabdeh MMC-yə 46.551,33 manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də, iddiaçı pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, müqavilənin 5-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı halda sifarişçi hər gecikdirilmiş gün üçün icraçıya gecikdirilmiş məbləğin 0,1%-i dəyərində cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği xidmət haqqının dəyərinin 30%-dən çox olmamalıdır. Ona görə də, cavabdehin borcuna münasibətdə 4069,74 manat əlavə olaraq penya hesablanmışdır. Bundan əlavə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsaslanaraq iddiaçı hesab edir ki, cavabdeh müvafiq olaraq 2021-ci ilin noyabr ayı üzrə yaranmış 388,86 manat, 2021-ci ilin dekabr ayı üzrə yaranmış 1370,57 manat, 2022-ci ilin yanvar ayı üzrə yaranmış 1354,74 manat, 2022-ci ilin iyun ayı üzrə yaranmış 2691,50 manat, 2022-ci ilin iyul ayı üzrə yaranmış 2593,64 manat, 2022-ci ilin avqust ayı üzrə yaranmış 7884,76 manat, 2022-ci ilin sentyabr ayı üzrə yaranmış 3264,65 manat, 2022-ci ilin dekabr ayı üzrə yaranmış 11569,90 manat borcu ödəmədəkdən boyun qaçıraraq, həmin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mərkəzi Bankın uçot dərəcələrinə uyğun olaraq cavabdehə 3365,23 manat faiz hesablanmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-310/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 18862,90 manat əsas borc, 700 manat cərimə borcu, 200 manat mediasiyaya dair xərc, ümumilikdə 19762,90 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddianın faiz və cərimə hissəsində tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən müqaviləyə əsasən Keşlə stansiyası üzrə yaranmış 14.431,71 manat borc öhdəliyini vaxtında icra edilməməsi səbəbindən 4069,74 manat əlavə olaraq penya hesablanmışdır. Qeyd edilən müqavilə üzrə tərəflər öhdəlikləri yerinə yetirmədiyi təqdirdə cərimənin hansı qaydada hesablanması məsələsini razılaşdırmışdır. Lakin məhkəmə tərəflərin öz razılığı ilə qəbul etdiyi və bunun əsasında hesablanmış cərimə məbləğini nəzərə almadan, ödənilməli olan cərimə miqdarını 700 manat müəyyən etmişdir. Faiz borcuna gəldikdə isə birinci instansiya məhkəməsinə Cavabdeh MMC-nin debitor borcuna hesablanmış cərimə və faiz məbləğlərinin hesablanması barədə ətraflı cədvəl təqdim edilmişdir. Lakin buna baxmayaraq, məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş müddət üçün 3365,23 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, həmin borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət barədə heç bir sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

11. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

12. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz borcunun tutulması barədə tələbin rədd edilməsi və cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissələrində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

18. İşin hallarını, yəni əsas borcun məbləğini və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

19. Eyni zamanda, faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində də məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür.

20. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır.

21. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir.

22. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

23. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

25. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablana bilər. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

26. Lakin həmin maddəyə əsasən hesablama aparılması üçün iddiaçı pul öhdəliyinin icra edilməli olan tarixi və gecikdirilmiş günlərin sayını dəqiq göstərməlidir. İddiaçı isə həmin məlumatları göstərməmiş və faiz məbləğinin hansı qaydada hesablanmasını əsaslandıra bilməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Həmçinin, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-310/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar