Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-484/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair Açar söz: icarə müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-738/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı: İşin halları
1. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icraçının mülkiyyətində olan texnika/avadanlığın müqavilədə müəyyən edilən şərtlər daxilində sifarişçi üçün xidmət göstərməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən texnikanın/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Aylıq xidmət cədvəli 26 gün, gündəlik 08:00-18:00-a qədər (saat 13:00-14:00 arası nahar fasiləsi və çay fasiləsi daxil) hesablanacaq. Həmin müqavilənin 5-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə göstəriləcək xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyırlar. Həmin müqavilənin 7ci maddəsinə əsasən icraçının təqdim etdiyi texnika və/və ya avadanlıqlar işlək vəziyyətdə, texniki baxışların vaxtında keçirilməsini və saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır.
2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş xidmətlərin göstərilməsi qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli, 02 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş xidmətlərin göstərilməsi qiymətinin ƏDV daxil 7080 manat olması barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. 23.11.2023-cü il tarixli, EBDT seriyalı, 382207 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8895,45 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 98 nömrəli müqaviləyə əsasən 2 nömrəli təhvil-təslim aktı qeyd edilmişdir.
5. 08.07.2024-cü il tarixli, MT2407 seriyalı, 10284820 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 544,62 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 98 nömrəli müqavilə qeyd edilmişdir.
6. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10422971 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7080,02 manat (ƏDV daxil) təşkil edir. Qaimə xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasında qazma xidmətinin göstərilməsi ilə bağlı olmuşdur. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 98 nömrəli müqaviləyə əsasən 2 nömrəli təhvil-təslim aktı qeyd edilmişdir.
7. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinin Qiymət razılaşma protokolu üzrə xx.xx.2023-cü il tarixli, 1.3 nömrəli təhviltəslim aktından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 8895,45 manat (ƏDV daxil) olan xidmət təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinin Qiymət razılaşma protokolu üzrə xx.xx.2024-cü il tarixli, 2 nömrəli təhviltəslim aktından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 544,62 manat (ƏDV daxil) olan xidmət təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsinin Qiymət razılaşma protokolu üzrə xx.xx.2024-cü il tarixli, 3 nömrəli təhviltəslim aktından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 7080,02 manat (ƏDV daxil) olan xidmət təhvil verilmiş, Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli 98 saylı xidmət müqaviləsinə əsasən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) əsas borcun və ödəniş gecikdirildiyi üçün hesablanılmış 1580,85 (bir min beş yüz səksən manat səksən beş qəpik) manat dəbbə pulunun, ümumilikdə 14016, 31 manat (on dörd min on altı manat otuz bir qəpik) borcun, 133 (yüz otuz üç) manat dövlət rüsumunun və hüquq xidmətləri üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) manat xidmət haqqının iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında 98 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci bəndinə əsasən icraçının mülkiyyətində olan texnika/avadanlığın bu müqavilədə müəyyən edilən şərtlər daxilində sifarişçi üçün xidmət göstərməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən xidmət müddəti, texnika/avadanlığın ərazidə xidmət göstərməyə başladığı tarixdən etibarən hesablanır. Həmin müqavilənin 3-cü bəndinə əsasən texnika/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən texnika/avadanlığın göstərdiyi xidmət və xidmət haqqı məbləği razılaşma protokoluna əsasən tərtib edilir. Müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilir. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli Qiymət razılaşma protokoluna əsasən sifarişçi Cavabdeh MMC icraçı İddiaçı MMC-yə aylıq 26 xidmət günü nəzərə alınmaqla 11800 manat (ƏDV daxil) xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC tərəfindən vurulmuş EBDT seriyalı, 382207 nömrəli elektron-qaimə üzrə 4810,82 manat (dörd min səkkiz yüz on manat səksən iki qəpik); MT2407 seriyalı, 10284820 nömrəli elektron-qaimə üzrə 544,62 manat (beş yüz qırx dörd manat altmış iki qəpik); MT2408 seriyalı, 10422971 nömrəli elektron-qaimə üzrə 7080,02 manat (yeddi min səksən manat iki qəpik) məbləğində,ümumilikdə isə 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) məbləğində ödənilməyən borc mövcuddur. Belə ki, borc məbləği bu günə qədər hələ də ödənilməmişdir. Qanunvericiliyə əsasən isə ödənişin gecikdirilməsi üçün müqavilə üzrə 1580,85 manat (bir min beş yüzsəksən manat səksən beş qəpik) cərimə borcu yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli 98 saylı xidmət müqaviləsi üzrə ödənilməyən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) əsas borcun və ödəniş gecikdirildiyi üçün 1580,85 manat (bir min beş yüz səksən manat səksən beş qəpik) dəbbə pulunun ödənilməsi ilə bağlı qarşı tərəfə pretenziya göndərilmiş, lakin cavabdeh heç bir cavab verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
13. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas borc məbləğindən əlavə tələb etdiyi 1580,85 manat məbləğdə dəbbə puluna aydınlıq gətirərək bildirilmişdir ki, iddiaçı ilə bağlanılan 24 iyul 2023-cü il tarixli, 98 nömrəli müqavilədə öhdəliklərin icrası zamanı hər-hansısa gecikdirilməyə görə dəbbə pulu nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edilmişdir ki, iddiaçı tərəf ərizəsində Cavabdeh MMC-dən 12435,46 manat məbləği əsas borc kimi tələb etsə də, görünən odur ki, iddiaçı tərəf Cavabdeh MMC-yə EBDW seriyalı, xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura üzrə ƏDV daxil 6036,08 manat məbləğdə borcunun olduğunu unutmuşdur. Belə olan halda da, iddiaçı tərəfin tələb etdiyi 133 manat dövlət rüsumu da əsassızdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfin iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçı tələb etdiyi hüquqi xidmətlər üçün ödənilmiş 320 manat xidmət haqqına dair sübur təqdim etməmişdir. Bu da bir daha onu sübut edir ki, iddia ərizəsində göstərilənlər həqiqəti kəsb etmir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı MMC tərəfindən qaldırılan iddia tələbinin qanunsuz və əsassız olduğu qeyd edilmiş və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (“Sifarişçi”) ilə İddiaçı MMC (“İcraçı”) arasında bağlanmış olan xx.xx.2023-cü il tarixli 98 saylı xidmət müqaviləsinə əsasən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) əsas borcun və Mülki Məcəlləyə uyğun hesablanmış 621,77 manat ( altı yüz iyirmi bir manat yetmiş yeddi qəpik) faiz məbləğinin, ümumilikdə 13057,23 manat (on üç min əlli yeddi manat iyirmi üç qəpik) borcun, 133 manat dövlət rüsumu və hüquq xidmətləri üçün ödənilmiş 320 manat pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)- 738/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,2 manat (yüz on yeddi manat iyirmi qəpik) olmaqla, ümumilikdə 12552,66 manat (on iki min beş yüz əlli iki manat altmış altı qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 98 saylı xidmət müqaviləsinə əsasən 12435,46 manat əsas borcun tutulması təşkil edir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 98 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır, belə ki, xidmət göstərilmiş, lakin xidmət haqqı ödənilməmişdir. Həmin hal təqdim edilmiş müqavilə, qiymət razılaşma protokolları, təhvil-təslim aktları, elektron qaimələrlə öz təsdiqini tapır. Təhvil-təslim aktları və elektron qaimələr üzrə xidmətlərin ƏDV daxil ümumi məbləği 16520,09 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 98 saylı xidmət müqaviləsi üzrə 12435,46 manat (on iki min dörd yüz otuz beş manat qırx altı qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə cavabdehin həmin hissə ilə bağlı etirazını əsassız sayır. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 650766 nömrəli elektron qaiməni (cavabdeh tərəfindən başqa bir müqavilə üzrə hazırkı iddiaçıya göndərilmiş) məhkəməyə sübut qismində təqdim etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırkı baxılan mübahisə xx.xx.2024-cü il tarixli, 98 saylı xidmət müqaviləsindən irəli gələn mübahisədir. Başqa müqavilə üzrə mübahisə ilə bağlı tərəflər məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. Bundan əlavə iddiaçı Mülki Məcəlləyə uyğun hesablanmış 621,77 manat faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən həmin məbləğin hansı əsasla, hansı müddət üçün tələb edildiyi, hansı qaydada hesablanması əsaslandırılmamışdır. Bundan əlavə, iddiaçı cavabdehdən hüquq xidmətlər üçün ödənilmiş 320 manat xidmət haqqının iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən məbləğin ödənilməsi ilə bağlı sübut iş materiallarına əlavə edilmədiyindən həmin məbləğ cavabdehdən tutulmamalıdır. Eləcə də, iddiaçı 133 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,2 manat (yüz on yeddi manat iyirmi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77, 218.3, 107, 119.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)- 738/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MM-in 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR MM-nin 527-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2-ci maddəyə əsasən, öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. AR MM-in 540-cı maddəsinə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddəyə əsasən, tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. İddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlıməhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləği yenidən hesablanmalı idi. İşgüzar adətlərdən də məlum olduğu kimi, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənişlərin gecikdirilməsi, bilavasitə öhdəliklərin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Beləliklə, şikayətdə göstərilən hallar, AR MM-in istinad edilən müvafiq maddələri nəzərə alınmadan əsassız və qanunsuz qətnamə qət edilmişdir. AR MPM-in 14-cü maddəsinə əsasən, Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 14.3-1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. MPM-nin 88- ci maddəsinin pozuntusu: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə əsasən, Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. MPM-in 386-cımaddəsinə əsasən, Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-nin 387-ci maddəsi: Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015- ci 11 fevral tarixli Qərarları). AR MPM-in 384-cü maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi: qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-738/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilməklə AR MPM-in 14, 88-ci maddələri pozulmuşdur. Məhkəmə tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur. İş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı olduğu halda borcun hesablanması məhkəmə tərəfindən həyata keçirilmişdir. Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur. İşgüzar adətlərdən də məlum olduğu kimi, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənişlərin gecikdirilməsi, bilavasitə öhdəliklərin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. Məhkəmə AR MPM-in 14-cü maddəsinə uyğun olaraq, tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
20. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
23. 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
24. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
28. 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır.
29. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
30. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
31. 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
32. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. 385-ci maddəsinə görə Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-738/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1.3 saylı təhvil-təslim aktına əsasən 24 iyul 2023-cü il tarixli 98 nömrəli müqaviləyə əsasən günlük xidmət haqqı 384,62 manat olmaqla 18 gün üçün cəmi 6.923,16 manat olan Daewoo Solar 210-W-V markalı **-BC-*** dövlət qeydiyyat nişanlı texnika və əlavə saatlara görə günlük xidmət haqqı 38,46 manat olmaqla 16 gün üçün cəmi 615,36 manat olan olan Daewoo Solar 210-W-V markalı **-BC-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
43. İdiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3 saylı təhvil-təslim aktına əsasən 24 iyul 2023-cü il tarixli 98 nömrəli müqaviləyə əsasən günlük xidmət haqqı 230,77 manat olmaqla 26 gün üçün cəmi 6.000.02 manat olan Belarus92P ESU 150 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
44. İdiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 2 saylı təhvil-təslim aktına əsasən 24 iyul 2023-cü il tarixli 98 nömrəli müqaviləyə əsasən günlük xidmət haqqı 230,77 manat olmaqla 2 gün üçün cəmi 461,54 manat olan Belarus92P ESU 150 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı texnika İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
45. Beləliklə, iddiaçı tərəfindən icarə obyekti olan texnikaların cavabdehə təhvil verilməsi qeyd edilən təhvil-təslim aktları ilə təsdiq edilir.
46. Cavabdeh apellyasiya şikayətində 24 iyul 2023-cü il tarixli 98 nömrəli müqavilə üzə öhdəliklərin onun təqsiri olmadan, üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə gecikdiyini qeyd etmişdir.
47. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin dəlilinə münasbətdə bildirir ki, bu cavabdehin qeyd etdiyi halın müqavilədə üzərinə götürdüyü öhdəliyi təqsirli icra etməməsini istisna etmir.
48. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlərdən asılı olaraq öhdəliyin icrasının məhdudlaşdıran hər hansı bir şərt mövcud deyildir.
49. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilənin təfsiri nəticəsində də belə şərtin mövcüd olması öz əsdiqini tapmır. Çünki cavabdeh bununla bağlı sübutları təqdim etməyib. Digər tərəfdən mülki qanunvericilik aydın şəkildə təsbit etmişdir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 23). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
51. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də odur ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərfli aparılması prinzipi pozulmuşdur.
52. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli bildirişlə hazırlıq iclasını xx.xx.2024-cü il təyin edilməsi barədə tərəfləri məlumatlandırmış və bildirişdə tərəflərə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra yenidən xx.xx.2024-cü il tarixinə hazırlıq iclası təyin edilmiş və bu barədə tərəflərə bildirişlə məlumat verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi 2 dəfə hazırlıq iclası təyin etmiş və bu ümumilikdə 2 aylıq müddəti əhatə etmişdir. Bu baxımdan cavabdehin iş materialları ilə tanış olmağa, eləcə də işlə bağlı öz dəlillərini və etirazlarını təqdim etməyə kifayət qədər imkanı olmuşdur.
53. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, borcun mövcudluğu faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, eləcə də borcun məbləği xüsusi bilik tələb etmədən sadə riyazi hesablama ilə müəyyən olunduğundan iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə zərurəti yoxdur.
54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
55. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-738/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.