Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-487/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2191/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış 13 may 2020-ci il tarixli, 0173- BVEGM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış 1.129,00 AZN dəyərindəki malların cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2191/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 13 may 2020-ci il tarixli 0173-BVE-GM/20 nömrəli Konsiqnasiya müqaviləsinin 1.2-ci maddəsinə əsasən Mağazanın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, Ehtiyat hissələri mağazası (Tunc tədris mərkəzi ilə üzbəüz) kimi göstərilmişdir. Konsiqnasiya müqaviləsi Konsiqnatorun mallarının digər tərələrin anbarında (adnısazağam) yerləşdirilməsi və digər tərəfdən bu malların satışından əldə edilən məğləğdən malların dəyəri üzrə müəyyən edilmiş qiymətin ödənilməsindən ibarətdir. Tərəflər arasında bağlanılan müqavilə də eyni məzmunlu müqavilədir. Bu müqaviləyə əsasən mallar qarşı tərəfin mağazasına yerləşdirilmiş və malların satışından əldə edilən məbləğdən müqavilə üzrə haqq tələb edilmişdir. Göründüyü kimi müqavilənin icra yeri müqavilə üzrə cavabdeh X2 Bakı şəhər, Nərimanov rayonunda yerləşən mağazası olmuşdur. Digər tərəfdən məhkəmənin nəzərə almadığı bir məsələ də iddia ərizəsi üzrə tələbin əmlakla bağlı olmasıdır. Sözügedən əmlakın, yəni malların Bakı şəhər, Nərimanov rayonunda yerləşən mağazada olması müqavilədən aydın görünür. Bu səbəbə görə iş üzrə yekun qətnamə çıxarılması halında qətnamənin icrası məhz Bakı şəhəri, Nərimanov rayonu ərazisində mümkündür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh X1 rayonu M.Ə.Rəsulzadə küçəsı, ev 22 ünvanında qeydiyyatdadır. Həmin ünvan isə Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3 və 152.4-cü maddələrinə istinad edərək məhkəmə iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 36-cı maddəsinə əsasən iddiaçının seçməsinə görə aidiyyat halları göstərilmişdir. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 36.13-cü madəsində isə göstərilmişdir ki, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Satıcı İddiaçı MMC ilə alıcı X4 arasında bağlanmış 13 may 2020-ci il tarixli, 0173- BVEGM/20 saylı konsiqnasiya müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişinə uyğun çeşiddə və miqdarda malları alıcıya satır, alıcı isə bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən mağazanın ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, Ehtiyat hissələri mağazası (Tunc tədris mərkəzi ilə üzbəüz). Müqavilənin 2.1-ci bəndində alıcının aşağıdakı vəzifələri müəyyən edilmişdir: - malların satışının həyata keçirməli; - malları satıcının tələb etdiyi standartlara uyğun xüsusi rəflərə düzməli və bu rəflərin standartlara uyğun olmasına nəzarət etməli; - həftədə ən az bir dəfə Satıcıya satılmış və yenilənməli olan məhsul çeşidləri barədə məlumat verməli; - həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları Satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalı; - satıcıyə məxsus rəfdə məhsulların yerini dəyişməməli, satıcı tərəfindən müəyyən edilmiş düzülüşü pozmamalı, rəfə başqa məhsul yerləşdirməməlidir; - malların çeşidlərinin sayı Satıcının rəf(lər)inə yerləşmədiyi təqdirdə, malları Alıcının özünə məxsus rəflərdə, lakin gözə görünən yerlərdə yerləşdirməlidir. Bu halda, Əlavə nömrə 1-də satıcının təqdim etdiyi rəflərdə yığılmış məhsullar, Əlavə nömrə 2-də isə alıcının öz rəflərinə yığılacaq məhsullar öz əksini tapacaq; - rəfin boş qalmamasına nəzarət etməli, satılmış məhsulun yerinə satıcının məhsulunu qoymalıdır; - satıcı tərəfindən quraşdırılmış rəf və üzərindəki malları akt əsasında qəbul etməlidir. Müqavilənin 2.4.2-ci bəndində isə müəyyən edilmişdir ki, satıcı konsiqnasiya məqsədi ilə verilmiş məsulları təyin edilmiş rəfdə görmədiyi təqdirdə müqaviləni birtərəfli şəkildə poza və verilmiş məhsulları satış nöqtəsindən geri götürə bilər. Beləliklə, tərələr arasında bağlanmış müqavilənin qeyd olunan şərtləri, yəni satıcı tərəfindən təqdim olunmuş malların satışının həyata keçirilməli olan mağazanın ünvanının və həmin malların mağazada yerləşdirilməsi yerinin dəqiq müəyyən edilməsi təsdiq edir ki, tərəflər arasında bağlanmış müqavilənin icra yeri müəyyən edilmişdir. Belə olan halda isə iddiaçı Mülki Prosessual Məcəllənin 36.11 və 36.13-cü maddələrində nəzərdə tutulmuş hüququndan istifadə edərək iddia ərizəsini müqavilənin icra yeri üzrə verə bilər. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2191/2024 saylı qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-487/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-487/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver