Məhkəmə qərarları › İş №2-2(103)-488/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-488/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-488/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-291/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 12 avqust 2011-ci il tarixli PRO/2011/01 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı Prosessinq Mərkəzinə son istifadəçilərin və onların istifadə etdiyi bankomat və POS-terminalların qoşulmasını təmin etmək məqsədilə özünün TCP/İP protokolları əsasında qurulmuş, başqa şəbəkələrlə heçbir əlaqəsi olmayan müstəqil telekommunikasiya şəbəkələrini yaradır və istismarını təşkil edir.

2. 18 iyun 2020-ci il tarixli MK/İP/2020-01 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında razılaşmadan bağlanmış, həmin tarixdən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə xitam verilmiş və Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixinə kimi ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə isə ƏDV xaric 1002 manat ümumilikdə 3002 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə 12 avqust 2011-ci il tarixində bağlanmış PRO/2011/01 saylı müqavilə üzrə 3002 manat xidmət haqqının, 70 manat mediasiyaya dair xərcin, ümumilikdə 3072 manat pul məbləğinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 12 avqust 2011-ci il tarixində bağlanmış PRO/2011/01 saylı müqaviləyə 2 saylı Əlavə üzrə iddiaçı cavabdehə vaxtında və lazımi qaydada xidmət göstərməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçının göstərdiyi xidmətlərin dəyərini ödəməmiş və nəticədə cavabdehin iddiaçıya ƏDV xaric 3002 manat borcu yaranmışdır. 12 avqust 2011-ci ildən etibarən tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Müqaviləyə 2 nömrəli Əlavənin 2.1-ci yarımbəndinə əsasən, iddiaçı cavabdehə şəbəkə avadanlıqlarından istifadəyə şərait yaratmalı və aylıq dəstək xidməti göstərməli, cavabdeh isə aylıq ƏDV xaric 200 manat xidmət haqqı ödəməli idi. İddiaçı tərəfindən qeyd olunan Əlavə üzrə bütün xidmətlər vaxtında və lazımi keyfiyyətdə həyata keçirilməsinə baxmayaraq, cavabdeh 2018-ci ilin iyun ayından 2019-cu ilin oktyabr ayınadək aylıq xidmət haqlarını ödəməmişdir. Cavabdeh tərəfindən ödənilməmiş hesab-fakturalar iddia ərizəsinə əlavə olunur. İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlamış və mübahisəni həll etməyə çalışmışdır. Cavabdehə dəfələrlə pretenziya məktubu göndərilmiş, onunla görüşlər keçirilmiş və yazışmalar aparılmış, habelə ilkin mediasiya sessiyasında iştirak edilmişdir. Cavabdeh hər dəfə borcunu ödəyəcəyini bildirsə də, indiyə qədər cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-291/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 3002 manat məbləğində xidmət haqqı və 70 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh MMC 2018-ci iltarixdən fəaliyyətini dayandırmışdır. Həmin tarixdən hazırkı iddia üzrə cavabdeh olan Cavabdeh MMC Şirkəti öz müştərilərinin İddiaçı MMC ilə birbaşa işbirliyini yaratmış və onların bir-birinə çıxışını təmin etmişdir. Bu barədə hər iki tərəf məlumatlı olmuş, həmçinin hər iki tərəf razı qalmışdır. Yekunda cavabdehin fəaliyyətinin dayandırılması ilə əlaqədar ona qarşı hər hansı iddianın olmayacağı şifahi olaraq bildirilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 iyun 2020-ci il tarixli MK/İP/2020-01 nömrəli razılaşmadan görünür ki, həmin tarixdən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə xitam verilir və Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixinə kimi ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə isə ƏDV xaric 1002 manat ümumilikdə 3002 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu müqavilə və ya razılaşma hüquqi şəxs üçün keçərli deyildir. Bilavasitə hüquqi şəxs adından çıxış edən şəxs onu möhürləməmişdir. Digər bir tərəfdən iddia ərizəsində iddiaçı olaraq İddiaçı MMC göstərilən borcların hansı tarixlərdə yaranmasını təsdiq edən hər hansı bir sənəd işə əlavə etməmişdir. Məhkəmə prosesləri zamanı cavabdehin qanuni təmsilçisi olaraq iddia müddətinin keçməsini bildirməsinə baxmayaraq məhkəmə bunları nəzərə almamışdır. Bilavasitə iddia müddətinin tətbiqi barədə ərizə verilməsə də vəsatət şifahi qaydada məhkəmənin nəzərinə çatdırılmışdır. İşgüzar adətlərə uyğun olaraq halallaşıb ayrıldığı İddiaçı MMC cavabdeh olaraq Cavabdeh MMC-nin fəaliyyətinin 2018-ci ildən dayandırıldığı barədə məlumatlı olsa da hüquqi savadsızlıqdan istifadə edərək razılaşma adı altında fəaliyyət göstərməyən və müflis bir şirkətə müqaviləyə xitam haqqında sənədə qol çəkdirmiş, həmin razılaşmanı əlində əsas götürərək məhkəməyə iddia vermişdir. Halbuki artıq şirkətin fəaliyyətsizliyinin üstündən beş il (2018-ci il) keçdiyindən lazımsızlığı ucbatından şirkətin təsis sənədlərinin və möhürünün harda olması yadında belə deyildir. Digər bir tərəfdən bir daha qeyd etməlidir ki iddiaçı şirkətlə Operator olaraq işlədiyi bütün müştərilərin birbaşa əlaqəsi təmin edilmiş və bununla da işgüzar adətlərə uyğun olaraq halallaşılmışdır. Bildirir ki, hal-hazırda şirkət fəaliyyət göstərmir, özü isə taksi fəaliyyəti ilə məşğuldur. Məhkəmə öz qətnaməsində borcun nə vaxtdan yaranmasını, cavabdeh olaraq şirkətin fəaliyyətinin çoxdan dayandırılmasını, müqavilə və öhdəliklər üzrə iddia müddətinin çoxdan keçməsini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

16. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

17. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

23. 12 avqust 2011-ci il tarixli PRO/2011/01 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh MMC müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı Prosessinq Mərkəzinə son istifadəçilərin və onların istifadə etdiyi bankomat və POS-terminalların qoşulmasını təmin etmək məqsədilə özünün TCP/İP protokolları əsasında qurulmuş, başqa şəbəkələrlə heçbir əlaqəsi olmayan müstəqil telekommunikasiya şəbəkələrini yaradır və istismarını təşkil edir.

24. Həmin müqaviləyə xx.xx.2011-ci il tarixli 2 saylı Əlavənin 2-ci və 3-cü bəndlərinə əsasən MilliKart bu Əlavənin 2.1-ci yarımbəndində təsvir olunmuş xidmətlərin Operatora ("xxxx" MMC) göstərilməsini təmin edir: 2.1. MilliKart-ın şəbəkə avadanlıqlarından Operatorun ("xxxx" MMC) istifadə etməsi üçün MilliKart tərəfindən şəraitin yaradılması, həmçinin dəstəklənmə xidmətlərinin həyata keçirilməsi .

3. Operator, bu Əlavənin 2.1 yarımbəndində təsvir olunmuş xidmətlərin müqabilində ƏDV-siz aylıq 200 (iki yüz) manat xidmət haqqı ödəyir.

25. 18 iyun 2020-ci il tarixli MK/İP/2020-01 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış razılaşmadan görünür ki, həmin tarixdən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə xitam verilir və Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixinə kimi ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə ƏDV xaric 1000 manat, xx.xx.2020-ci il tarixə isə ƏDV xaric 1002 manat ümumilikdə 3002 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür.

26. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə Bakı Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 3002 manat məbləğində xidmət haqqı borcunun olduğunu bildirmişdir.

27. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.

28. Belə ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 22 sayda hesab-fakturaya əsasən ƏDV xaric 3400 manat xidmət haqqı ödənilməlidir.

29. İddiaçı tərəfindən təqdim edilmiş 24 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 398 manat ödənilmiş məbləğ çıxılmaqla cavabdehin 3002 manat borcu mövcuddur.

30. Cavabdeh də həmin məbləğdə borcun mövcud olmasına etiraz etməmiş.

31. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır.

32. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

34. Cavabdeh isə birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmuşdur. Lakin cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməmişdir.

35. Ona görə də, apellyasiya icraatında həmin ərizə qəbul edilə və iddia müddəti tətbiq edilə bilməz.

36. İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq xidmət müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC 3002 manat məbləğində xidmət haqqı borcunu İddiaçı MMC-yə ödəməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mediyasiya xərci olaraq 70 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

40. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 291/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, e-2-2(113)-291/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar