Məhkəmə qərarları › İş №2-2(103)-488/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-488/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-488/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı kommersiya işi Açar söz: zərərin əvəzinin ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Asif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 428/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı fərdi sahibkar olan cavabdehlə aralarında müəllif müqaviləsi bağlandığını, həmin müqavilənin birtəfəli pozulması nəticəsində ona ziyan dəydiyini iddia edir. bu hal cavabdeh tərəfindən qəbul edilmir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Cavabdeh2 əlavə dərs vəsaitlərinin nəşrinə və satışının həyata keçirilə bilməməsinə görə 229.177,35 manat, cavabdehin müqaviləyə zidd davranışları səbəbilə İddiaçı MMC-nin formalaşmış işgüzar nüfuzuna dəymiş zərərə görə 10.000 manat və məhkəməyə ödənilmiş 129,33 manat dövlət rüsumu, mediasiya proseslərinə görə ödənilmiş 400 manat rüsumun və hüquqi yardım üçün vəkilə ödənilmiş 150 manat olmaqla, cəmi 239.856,68 manat həcmində məbləğin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 10 ilə yaxın zaman sürən əməkdaşlıq olmuş və iddiaçı kitabların çapı və satışı ilə məşğul olmuşdur. Əldə edilən gəlirin 30 faizi isə Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsasən ona ödənilmişdir. Bu qədər uzun müddət tərəflər arasında qarşılıqlı etimad formalaşdırmışdır. Lakin 2021-ci ildə 300 nüsxə qeyd edilən dərs vəsaitləri nəşr edilsə də, həmin ildə pandemiya ilə bağlı satışın həyata keçirilməsi mümkün olmamışdır. Cavabdeh2 ilə İddiaçı MMC arasında müəllif müqaviləsi olmasına və müqavilə münasibətinə əsaslanaraq on minlərlə əlavə dərs vəsaitlərinin dərc edilməsinə baxmayaraq, Cavabdeh2 müqaviləni tək tərəfli qaydada pozmuş və "Sinkod Yayın və Dağıtım" MMC ilə eyni predmet üzrə xx.xx.2022-ci il tarixində müqavilə bağlamışdır. Belə olan halda dərc olunmuş və satışı həyata keçirilməmiş əlavə dərs vəsaitləri 157.765,06 manat maya dəyəri ilə Cavabdeh2 təklif olunmuş, lakin Cavabdeh2 həmin dərs vəsaitlərini almaqdan və maya dəyərini ödəməkdən imtina etmişdir. Halbuki həmin məhsullar cavabdeh müqaviləyə zidd addımlar atmasa və satılsa idi İddiaçı MMC həmin məhsulların satışı nəticəsində ən azı 229.177,35 manat məbləğ əldə edəcək, bunun 71.412,29 manatı isə İddiaçı MMC-nin xalis gəliri olacaqdı. Həmçinin həmin məhsulların satışı nəticəsində kitab satışı sahəsində qazandığı işgüzar nüfuzu qoruyub saxlayacaq, hətta həmin sektorda mövcud yerini daha da möhkəmləndirmiş olacaq idi. Lakin Cavabdeh2 müqavilə üzrə öhdəliklərini pozmaqla İddiaçı MMC-ni külli miqdarda maddi zərərə uğratması və yaranmış zərərin nəticələrini aradan qaldırılmaması açıq və aşkar şəkildə İddiaçı MMC-yə qarşı təqsirli hərəkətə yol verdiyinin sübutudur. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Müqaviləyə zidd davranış səbəbi ilə ortaya çıxan zərərin kompensasiya olunması öhdəliyi cavabdehin, yəni Cavabdeh2 üzərinə düşür. Hazırki vəziyyətdə cavabdeh müqaviləyə zidd təqsirli hərəkətə yol verməsi və yaranmış zərər həcmini aradan qaldırmaması onu deməyə əsas verir ki, cavabdeh bu müqaviləni tamamilə formal şəkildə bağlamış və onun üçün bu müqavilə heç bir ciddiyyət daşımamışdır. Bu hal isə hüququn təməl prinsiplərinə kökündən ziddir. Əgər müqavilə formal olaraq bağlanmışdırsa və tələblərinə əməl edilməyəcəkdirsə, bu halda müqavilə bağlamağın da heç bir əhəmiyyəti yoxdur. Cavabdehin 2022-ci ildə əməkdaşlığa son qoymaq istədiyini şifahi olaraq ifadə etməsi iddiaçının 2021-ci ildə nəşr edilmiş əlavə dərs vəsaitlərinin satışına qadağa qoyulmasına əsas ola bilməz.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-428/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı cavabdehə illər ərzində cavabdehə 30 faiz gəlirin verildiyini bildirsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən hal da, tərəflər arasında müqavilə münasibətlərinin olmadığına işarədir.

6. Məhkəmə iddiaçının cavabdehlə 2012-ci ildə yazılı müqavilə bağlandığını və 2022-ci ilədək əməkdaşlıq etdikləri ifadəsinə münasibətdə bildirmişdir ki, işə əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri barədə məlumatdan çıxarışdan görünür ki, həqiqətən də, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu hal isə ən azından 2012-ci ildən xx.xx.2017-ci il tarixinədək iddiaçı ilə cavabdehin müqavilə münasibətlərdə olmasını istisna edir.

7. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh2 Sumqayıt Kommersiya Məhkəməsində xx.xx.2022-ci il tarixində vermiş olduğu izahat birmənalı olaraq tərəflər arasında müqavilə münasibətlərin olması nəticəsinə gəlməyə kifayət deyildir. Belə ki, əgər həqiqətən də, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş olsa idi, iddiaçı bu barədə digər sübutları da, məhkəməyə təqdim etmiş olardı.

8. Məhkəmə iddianın kitabların satışını həyata keçirə bilmədiyi üçün düşmüş olduğu zərəri Cavabdeh2 tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, əgər İddiaçı MMC ilə Cavabdeh2 arasında müqavilə münasibətlərinin olması və hətta ziyana düşməsi fərz edilsə də belə, Cavabdeh2 İddiaçı MMC-nin düşmüş olduğu ziyana görə hər hansı bir məsuliyyət daşımayacaqdı.

9. Məhkəmə son olaraq qeyd etmişdir ki, Cavabdeh2 ilə "Sinkod Yayın və Dağıtım" MMC arasında müqavilə münasibətləri 2022-ci ilin mart ayından yaranmışdır və qeyd edilmiş tarixdən sonra Cavabdeh2 müəllifi olduğu kitabların nəşrini həyata keçirmişdir. Həmin yəni, xx.xx.2022-ci il tarixinədək nəşr edilmiş kitabların satışının qadağan edilməsi ilə bağlı halın özü də, anlaşılabilən deyildir. Əgər həqiqətən də, İddiaçı MMC tərəfindən Cavabdeh2 müəllifi olduğu kitabların nəşr edilmiş olması fərz edilsə idi, hazırda İddiaçı MMC-nin düşmüş olduğu zərərlə Cavabdeh2 hər hansı bir hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmayacaqdı. Belə ki, iddiaçı tərəf Cavabdeh2 hansı hərəkəti və ya hərkətsizliyi nəticəsində İddiaçı MMC-nin zərərə düşdüyünü əsaslandıra bilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-428/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 müəllifi olduğu əlavə dərs vəsaitləri müəllif müqaviləsi əsasında çap edilərək satışı təşkil edilmişdir. Tərəflər arasında bu münasibət davamlı xarakter daşımışdır. Sonuncu dəfə belə müqavilə 2021-ci ildə bağlanmışdır. Müqavilə üzrə kitablar nəşr olunsa da pandemiya səbəbilə satışıtəşkil oluna bilməmişdir. Həmçinin daha sonra Cavabdeh2 digər şirkətlə müqavilə bağlamaqla tərəflər arasında bağlanmış müqavilədən imtina etmişdir. Bunun nəticəsində İddiaçı MMC-ə maddi ziyan vurulmuşdur. Əldə edilməsi nəzərdə tutulan gəlirin 30 faizi əvvəlcədən Cavabdeh2 ödənilmişdir. Buna baxmayaraq Cavabdeh2 tərəflər arasındakı müqaviləyə zidd davranaraq müqavilədən irəli gələn öhdəliklərini yetirməmişdir. Cavabdehin hərəkəti nəticəsində İddiaçı MMC-yə 229177,35 (iki yüz iyirmi doqquz min yüz yetmiş yeddi manat otuz beş qəpik) AZN ziyan dəymişdir. İddiaçı aralarındakı müqavilə münasibətlərinin sübutu kimi Cavabdeh2 Sumqayıt Kommersiya Məhkəməsinə verdiyi izahatı əsas gətirmişdir. Belə ki, Cavabdeh2 izahatı Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1673/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Həmin qətnamədəki izahatında Cavabdeh2 2012-ci ildə bağlanmış müqavilənin onda olmasını, müqavilənin 5 il müddətinə bağlanmasına baxmayaraq şifahi şəkildə uzadılmasını təsdiq etmişdir. Həmçinin izahatında bildirmişdir ki, 2021-ci ildə kitablarının İddiaçı MMC tərəfindən çap edilməsinə razılıq verərək ona verilmiş qonararı almışdır. Hazırki iş üzrə məqsədi əlavə dərs vəsaitlərinin nəşri və satılması olan tərəflər arasındakı müqavilə üzrə məqsədə çatmağa maneçilik törədən məhz Cavabdeh2 öhdəliklərdən birtərəfli imtinası və digər şirkətlə müqavilə bağlayaraq öhdəliklərin icrasını təhlükəyə məruz qoyan hərəkət etməsidir. Buna görədir ki, müqavilənin tam yerinə yetirilməsi, yəni kitabların satışı mümkün olmamış və İddiaçı MMC-yə xeyli miqdarda ziyan vurulmuşdur. Müəllif müqaviləsinə əsasən müəllifin əsərdən istifadə hüququnu başqa şəxsə verməsinin məqsədi həmin şəxsin istifadə nəticəsində gəlir əldə etməsidir. İddiaçı MMC müəllif müqaviləsi əsasında əsərdən istifadə hüququ əldə etmişdir. Müəllif isə müqavilədə nəzərdə tutulmuş məbləği aldıqdan sonra istifadə hüququnu başqa şəxsə verdiyindən iddiaçı bu hüquq vasitəsilə gəlir əldə etmək hüququndan məhrum olmuşdur. Belə ki, İddiaçı MMC xeyli məbləğdə vəsait xərcləyərək nəşr etdiyi əsərləri sata bilmədiyindən ciddi zərərə məruz qalmışdır. Bu zərərin səbəbi isə qarşı tərəfin müqavilədən əsassız imtina edərək başqa şirkətlə müqavilə bağlayaraq müstəsna istifadə hüququnu digər şirkətə verməsidir. Cavabdeh bu hərəkətin yaradacağı nəticəni əvvəlcədən görmüş buna baxmayaraq həmin hərəkəti etmişdir. Məhz cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan dəymişdir. Cavabdeh2 iddiaçının əmlakı hesabına əsassız əmlak əldə etmişdir. Belə ki, Cavabdeh2 müqavilə üzrə qonararı ala bilməsi üçün hüquqi əsas olaraq müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməli idi. Halbuki cavabdeh qonararı almış, buna baxmayaraq öhdəliklərini layiqincə icra etməmişdir. Cavabdehin qonararı almasına dair etirafını Sumqayıt Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə ifadələrindən tam şəkildə görmək mümkündür. Məhkəmə baxışında Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinə və burada cavabdehin iş üzrə mühüm əhəmiyyəti olan ifadələrinə toxunduqda qarşı tərəf bildirmişdir ki, “Cavabdeh2 hüquqşünas olmadığı üçün, 2012-ci ildə müqavilə bağladığı şirkətin adını səhv salmışdır.” Qeyd etməliyik ki, əvvəla on illərlə əməkdaşlıq edilən şirkətin adını düzgün demək üçün hüquqşünas olmağa ehtiyac olmadığı şübhəsizdir. Eləcə də məhkəməyə baxış üçün digər, adlarını unutduqları şirkətlə bağlanmış müqaviləni təqdim edə biləcəklərini qeyd etsələr də həmin müqaviləni də sona qədər təqdim etməmişlər. Demək ki, müəllif xanım Cavabdeh2 şirkətin adını yanlış xatırlamamışdır, elə 2012-ci ildə müqavilə bağlanılan şirkət məhz iddiaçı şirkət İddiaçı MMC olmuşdur. İddia ərizəsində və eləcə də məhkəmə baxışı gedişində iddiaçı aydın şəkildə bildirmişdir ki, iddiaçı tərəfindən istehsal olunmuş kitabların satış edilməsinə cavabdeh fürsət vermədən "Sinkod Yayın və Dağıtım" MMC ilə əməkdaşlıq edilmiş, həmin şirkət tərəfindən isə kitabların satışına süni maneələr yaradılmış, sonradan isə ümumiyyətlə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1673/2022 qətnaməsi ilə 2022-ci ilin mart ayından əlavə dərs vəsaitləri"nin istehsalı və satışı İddiaçı MMC-ə qadağan edilmişdir. Bununla da iddiaçı çap etdiyi kitabların satışını həyata keçirə bilməyərək xeyli miqdarda ziyana uğramışdır. Lakin nədənsə məhkəmənin işə sona qədər birtərəfli yanaşaraq sadəcə qarşı tərəfin mövqeyindən çıxış etdiyinə şahid oluruq.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Asif oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 329.1-ci maddə-əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.1996-cı ildə qəbul edilmiş) 30-cu maddə

1. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər.

2. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir.

3. Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyrimüstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.

4. Müəllif müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur. Əsərin, əlaqəli hüquqlar obyektinin və onlardan istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatına görə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir. 31-ci maddə

1. Müəllif müqaviləsində aşağıdakılar müəyyən olunmalıdır: əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ərazi; qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər. Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər. Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulması haqqında 6 ay əvvəldən yazılı xəbərdar edilməlidir.

2. Müəllif müqaviləsi üzrə müəllif haqqı əsərdən müvafiq üsulla istifadəyə görə alınan gəlirdən faizlə, əgər əsərin xarakteri və ya istifadə xüsusiyyətləri ilə bağlı gəliri müəyyən etmək mümkün deyilsə, onda müqavilədə konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir.

3. Müəllif müqaviləsinin müəllifin gələcəkdə müəyyən mövzuda və ya müəyyən sahədə əsər yaratmaq imkanlarını məhdudlaşdıran və bu Qanunun müddəalarına zidd olan şərtləri etibarsızdır.

4. Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-428/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İddiaçı tərəflər arasında 2012-ci ildə müəllif müqaviləsi bağlandığını, həmin müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada pozulması nəticəsində iddiaçıya maddi və mənəvi (işgüzar nüfuza) ziyan dəydiyini iddia edir. İddiaçı iddia edir ki, 2021-ci ildə istinad edilən müəllif müqaviləsinə əsasən 2021-ci ildə dərs vəsaitləri nəşr edilmiş, lakin cavabdeh başqa bir şirkətlə müqavilə bağladığından həmin vəsaitlərin satışı mümkün olmamışdır.

18. İddiaçı tərəflər arasında müəllif müqaviləsi bağlanması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf iddianı qəbul etmədiyindən iddianın əsaslı olduğunu təsdiq etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

19. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında müəllif müqaviləsi şifahi qaydada bağlanmışdır. Məhkəmə bu mülahizə ilə bağlı qeyd edir ki, tərəflər arasında ümumiyyətlə nə şifahi, nə yazılı formada müqavilə bağlandığı mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı halda iddiaçı cavabdehlə müqavilə münasibətinin 2012-ci ildə yarandığını iddia edir ki, bu da faktiki cəhətdən mümkün deyil. Bundan əlavə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci bəndində müəlliflik müqaviləsinin yalnız yazılı formada bağlanması nəzərdə tutulmuşdur. 329.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız olduğundan hətta iddiaçı tərəflər arasında şifahi müqavilə bağlandığını sübut etmiş olsaydı belə bu əqd etibarsız olunacağından həmin əqdə istinad olunaraq hər hansı ziyan tutula bilməzdi.

20. İddiaçının iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün istinad etdiyi yeganə sübut iddiaçı “Sinkod Yayın və Dağıtım” MMC-nin İddiaçı MMC-yə qarşı qaldırdığı iddia üzrə işə baxılarkən Cavabdeh2 verdiyi izahatdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-1673/2022 saylı qətnaməsində öz əksini tapmış izahatda Cavabdeh2 2012-ci ildə cavabdeh İddiaçı MMC ilə 5 il müddətinə müqavilə bağlandığını, həmin müqavilə münasibətlərinin 2021-ci ilin payızınadək davam etdiyi, bundan sonra həmin münasibətlərə ödənişlərdə yubanmalara yol verildiyi üçün xitam verərək xx.xx.2022-ci il tarixdə “Sinkod Yayın və Dağıtım” MMC ilə müəllif müqaviləsi bağladığını göstərmişdir.

21. Bu izahatla bağlı cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, Cavabdeh2 ilə müqavilə bağlamış şirkət tamam başqa şirkət olmuş, cavabdeh izahat verərkən həmin şirkəti İddiaçı MMC ilə səhv salmışdır.

22. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili işə apellyasiya qaydasında baxılarkən təsdiq etmişdir ki, 2012-ci ildə Cavabdeh2 ilə müqavilə bağlamış şirkət İddiaçı MMC-nin təsisçisinin digər şirkəti olmuşdur. 2017-ci ildə İddiaçı MMC yarandıqdan sonra müqavilə şifahi qaydada İddiaçı MMC ilə davam etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı MMC-nin nizamnaməsində onun özündən əvvəl yaradılmış hansısa şirkətin hüquqi varisi olduğu qeyd edilmədiyindən təsisçi eyni şəxs olsa da digər hüquqi şəxslə cavabdeh arasında bağlanmış müqavilə üzrə tələb irəli sürməyə subyektiv hüququ olmadığı üçün iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 428/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-428/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar