Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-497/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı “X1 Kredit Təşkilatı” MMC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-329/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “X1 Kredit Təşkilatı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 1850,53 manat məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 350 manat xidmət haqqı və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-329/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı “X1 Kredit Təşkilatı” MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin hərracın nəticələrinin ləğv olunması nəticəsində onun tərəfindən ödənilən vəsaiti geri tələb etmək hüququ yaranmışdır. Belə ki, hərracın nəticələrinin ləğv olunması nəticəsində hərrac təşkilatının protokolu əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş nömrəli çıxarış etibarsız hesab edilmişdir. Həmin vəsaitin hərrac təşkilatı tərəfindən ödənilməməsi nəticəsində, təşkilata maddi zərər vurulmuşdur. Hesab edirik ki, həmin vəsait cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. Hesab edirik ki, hərracın nəticələrinin ləğv olunması nəticəsində, "xxxx" MMC tərəfindən ödənilən vəsaiti geri tələb etmək hüququ yaranır. Belə ki, hazırki iş üzrə iddia tələbinin rədd edilməsi nəticəsində, həmin vəsaitin kimdən tələb olunması müəyyən olunmur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-329/2024 saylı qətnaməsinə əsasən, "xxxx" MMC ödənilən vəsaiti geri qaytarılması hüququ təmin edilməmişdir. Hesab edirik, iddiaçının tələbi əsaslı olduğu üçün, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsinə etiraz məhkəməyə təqdim edilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
8. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
9. Həmin Məcəllənin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
10. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
11. Həmin Məcəllənin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.
12. Həmin Məcəllənin 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.
13. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
16. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac keçirilmiş, bununla bağlı tərtib edilmiş 30/04 saylı xx.xx.2020-ci il tarixli protokola əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3468 saylı bağ evi (torpaq sahəsi 0.12 ha) “X1 Kredit Təşkilatı” MMC tərəfindən alınmış və sonuncu tərəfindən hərracı keçirən Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixdə xidmət haqqı kimi 1850,53 manat məbləğində vəsait ödənilmişdir.
17. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 001/20 saylı ekspert rəyi ləğv edilməklə yanaşı, hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 30/4 saylı protokol və həmin protokol əsasında “X1 Kredit Təşkilatı” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş və hərrac keçirilməklə müvafiq protokol tərtib edilmiş, lakin sonradan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə protokol etibarsız hesab edilsə də, bunun səbəbi, qətnamədə qeyd edilən kimi məhz “X1 Kredit Təşkilatı” MMC-nin ipoteka qoyanlara bildirişin göndərilməsi ilə bağlı “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə riayət etməməsi olmuşdur. Həmçinin məhkəmə aktında hərracın keçirilməsi ilə bağlı hər hansı nöqsanların olması ilə bağlı heçnə qeyd edilməmiş, “X1 Kredit Təşkilatı” MMC isə hərracın pozuntularla keçirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməklə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-21/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirməmişdir. Göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliklərini tam həcmdə yerinə yetirərək sifariş əsasında heç bir pozuntuya yol verməyərək hərracı keçirmiş və müvafiq prokolu tərtib edərək 1850,53 manat məbləğində xidmət haqqı almış, yəni xx.xx.2020-ci il tarixli 30/4 saylı protokolun etibarsız hesab edilməsində heç bir təqsiri olmamışdır.
19. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
20. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
21. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı “X1 Kredit Təşkilatı” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-329/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.