Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-501/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı DSM X2 ve Satıs Ticater A.S.-nin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi cəlb edilməklə) qarşı əmtəə nişanından istifadə etmənin qarşısının alınması və kompensasiya ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-2(113)-353/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı DSM X2 ve Satıs Ticater A.S. Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının ərazisində qorunan “Trendyol” əmtəə nişanından və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarından istifadənin Cavabdeh qadağan olunması, o cümlədən Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 78 saylı sahə ünvanında yerləşən mağazanın girişindən, reklam lövhələrindən, çap olunmuş materiallardan və fiziki olaraq məhsullardan iddiaçıya məxsus “Trendyol” əmtəə nişanı və “Trendyol” əmtəə nişanına qarışdırılacaq dərəcədə oxşar “Brendyol” söz nişanı və ya ona qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının sökülməsi, İnstagram, TikTok sosial şəbəkədə və Google Mapsda (Google Xəritələr) cavabdehin mağazasına aid səhifələrdə “Trendyol” və “Brendyol” əmtəə nişanları və ya onlara qarışdırılacaq dərəcədə oxşar hər hansı digər əmtəə nişanlarının yığışdırılması, iddiaçıya vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 50000 (əlli min) manat kompensasiyanın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-2(113)-353/2025 saylı qərardadı ilə iddiaçı DSM X2 ve Satıs Ticater A.S.-nin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi cəlb edilməklə) qarşı əmtəə nişanından istifadə etmənin qarşısının alınması və kompensasiya ödənilməsi tələbinə dair işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6016/2025 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
3. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.
7. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.
8. İş materiallarından isə müəyyən olunur ki, apellyasiya şikayətini iddiaçının nümayəndəsi və vəkili Vəkil1 imzalamışdır. Lakin iş materiallarında DSM X2 ve Satıs Ticater A.S.tərəfindən Vəkil1 adına verilmiş yalnız 18 yanvar 2024-cü il tarixli etibarnamə mövcuddur ki, həmin etibarnamənin qüvvəsi 18 yanvar 2025-ci il tarixdə başa çatmışdır.
9. Hazırki şikayət isə xx.xx.2025-ci il tarixdə Vəkil1 AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
10. Lakin apellyasiya şikayətinə iddiaçı adından nümayəndənin adına verilmiş yeni etibarnamə əlavə edilməmişdir.
11. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş orderdə iddiaçıya Vəkil1 tərəfindən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işi üzrə hüquqi yardım göstərilməsi üçün verildiyi qeyd olunmuşdur.
12. Belə olan halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır.
13. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ: Bakı Kommersiya Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-2(113)-353/2025 saylı qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.