Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-511/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli e-2-2(113)-273/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə görə “operator”, yəni İddiaçı MMC bu müqavilə ilə əlavələrdə göstərilən şərtlərlə SWİFT Beynəlxalq şəbəkəsinə qoşulmaqla “sifarişçi”yə, yəni Cavabdeh MMC-yə son istifadəçi xidmətlərinin (End User Services) göstərilməsini öhdəsinə götürmüşdür.
2. İddiaçı bildirir ki, cavabdeh 01 sentyabr 2020-ci il tarixindən 21 iyun 2021-ci il tarixinə kimi göstərilən xidmətlərə görə 13572,59 manat (ƏDV daxil) məbləğində ödənişi bugünə kimi həyata keçirməmişdir.
3. Cavabdeh isə bildirir ki, öz üzərinə istifadə edilmiş rabitə kanalına dair xidmət haqqını ödəmək öhdəliyini götürmüşdür. Bu, tərəflər arasında bağlanmış müqavilənin 1.2ci bəndində də öz əksini tapır. İddiaçı MMC-nin müqaviləyə uyğun olaraq göstərdiyi xidmətlərdən cavabdeh xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək istifadə etmiş və haqqını ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixindən sonra bu xidmətlərdən istifadə edilməmiş və müvafiq olaraq ödənişlərin həyata keçirilməsi də dayandırılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 13572,59 manat (ƏDV daxil) məbləğində borcun, 1357,26 manat dəbbə pulunun və 200 (iki yüz) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə görə “operator”, yəni İddiaçı MMC bu müqavilə ilə əlavələrdə göstərilən şərtlərlə SWİFT Beynəlxalq şəbəkəsinə qoşulmaqla “sifarişçi”yə, yəni Cavabdeh MMC-yə son istifadəçi xidmətlərinin (End User Services) göstərilməsini öhdəsinə götürmüşdür. 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı müqavilənin 3.2-ci maddəsinə görə operator xidmətlərdən istifadə haqqında sifarişçiyə hesabat dövrü başladıqdan sonra 3 (üç) bank günü ərzində hesab təqdim edir. Sifarişçi, yəni Cavabdeh MMC ödənilməli olan məbləğləri manatla operatorun hesabda göstərilmiş bank hesabına, hesab qəbul olunduqdan 7 (yeddi) bank günü ərzində ödəyir. Lakin Cavabdeh MMC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq İddiaçı MMC tərəfindən xidmət müqaviləsi üzrə aylıq hesablar təqdim etməyinə baxmayaraq, 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı müqavilə üzrə 01 sentyabr 2020- ci il tarixindən 21 iyun 2021-ci il tarixinə kimi göstərilən xidmətlərə görə 13572,59 manat (ƏDV daxil) məbləğində ödənişi bugünə kimi həyata keçirməmişdir. Yuxarıda qeyd edilən müqavilələrin şərtlərinə müvafiq olaraq, İddiaçı MMC Cavabdeh MMC-yə hər ay müvafiq xidmətləri göstərmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, yuxarıda qeyd olunan müqaviləyə əsasən cavabdeh öz üzərinə istifadə edilmiş rabitə kanalına dair xidmət haqqını ödəmək öhdəliyini götürmüşdür. Bu, tərəflər arasında bağlanmış müqavilənin 1.2ci bəndində də öz əksini tapır. İddiaçı MMC-nin müqaviləyə uyğun olaraq göstərdiyi xidmətlərdən cavabdeh xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək istifadə etmiş və haqqını ödəmişdir. Cavabdeh tərəfindən iddiaçının hesabına son ödəniş 2020-ci ilin avqust ayı üzrə istifadə olunan xidmətlər ilə əlaqədar olaraq həyata keçirilmişdir. Buradan da aydın olur ki, cavabdeh tərəfindən bu öhdəlik tam və lazımınca yerinə yetirilmişdir. Lakin xx.xx.2020-ci il tarixindən sonra bu xidmətlərdən istifadə edilməmiş və müvafiq olaraq ödənişlərin həyata keçirilməsi də dayandırılmışdır. İddia ərizəsi xidmət müqaviləsi üzrə aylıq hesabların təqdim edilməsinə baxmayaraq, ödənişin həyata keçirilməməsi ilə əsaslandırılsa belə, qeyd edilir ki, iddiaçının tələbi əsassızdır və qeyd olunan hallara uyğun olaraq qəbul edilmir. Əlavə olaraq müqavilənin digər bir bəndinə nəzər yetirildikdə iddiaçının hesab təqdim edildiyi gündən 60 (altmış) gün müddətində ödənişin aparılmaması halında xidmətin göstərilməsinin dayandırılması hüququnun da olduğu məlum olur. Lakin iddiaçı bu hüququndan da istifadə etməmişdir. Bununla birgə iddiaçı tərəfindən tələb edilən məbləğə məhz texniki qulluqla bağlı razılaşdırılmış məbləğlər də daxildir. Xidmətin göstərilməsi sifarişçi tərəfindən tələb edilmirsə, xidmət təhvil alınmırsa və istifadə edilmirsə, əlaqəli texniki qulluğun nədən ibarət olduğu qeyrimüəyyəndir. Əlavə olaraq, xidmət haqqı təhvil alınmış xidmətə uyğun olaraq ödənilir, lakin iddiaçı öz tələbini əsaslandırarkən qeyd etdiyi müddət ərzində hansı formada texniki qulluğun göstərilməsini qeyd etməmiş və hər hansı əsas gətirməmişdir. Məsələləri ümumiləşdirdikdə, cavabdeh tərəfindən faktiki olaraq xidmətdən istifadə edilmədiyi məlum olmuşdur. Buna baxmayaraq, öz hüquqlarından istifadə etməmişdir. Əlavə olaraq isə iddiaçı tərəfindən cavabdehə göstərilmədiyi qeyd edilən xidmətə görə şişirdilmiş məbləğdə ödəniş tələb etmiş və əsassız olaraq cərimə məbləği hesablanmışdır. Məlumdur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri 10 ildən çox müddətə davam etmişdir. Son ödəniş tarixinədək daimi olaraq xidmətlər qəbul edilmiş və cavabdeh tərəfindən haqq ödənilmişdir. Bu uzun müddətli əməkdaşlıq da nəzərə alındıqda onlara artıq məlum olmuşdur ki, cavabdeh tərəfindən bu xidmət artıq tələb edilmir və ödənişlərdən imtina edilir. Hallara nəzər yetirildikdə iddiaçının öz hüquqlarından sui-istifadə etdiyi məlum olur. Belə ki, xidmətdən faktiki olaraq istifadə edilmədiyi, ödənişin həyata keçirilmədiyi ona məlum olur, lakin hüququ olsa belə, xidmətin göstərilməsini rəsmi olaraq dayandırmır. Həmçinin əsassız olaraq şişirdilmiş məbləğdə xidmət haqqı və cərimə məbləği tələb edir. Uzun müddətli əməkdaşlığa baxmayaraq, faktiki halların nəzərə alınmaması və məbləğin şişirdilməsi özlüyündə mülki hüquq pozuntusudur. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir şəxsin hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. İşin hallarında da bu öz əksini tapır ki, iddiaçı cavabdehə qarşı qərəzli mövqe ilə çıxış etmiş, ədalətsiz yanaşmış və məqsədli olaraq şişirdilmiş tələblər irəli sürmüşdür.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-273/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən 13572,59 manat əsas borc, 700 manat cərimə, 200 manat mediasiya xərci olmaqla, cəmi 14472,59 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, bir qayda olaraq işin araşdırılması zamanı “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulmalıdır. İşin hallarına nəzər yetirdikdə də görünür ki, mübahisələndirilən dövr ərzində xidmətin istifadə edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, son ödəniş tarixindən sonra tərəflər arasında faktiki olaraq müqavilə ilə bağlı münasibətlər mövcud olmamışdır. Bunu və iddiaçının məsələyə qərəzli yanaşmasını sübut edən bir digər hal da ondan ibarətdir ki, ödənişin edilmədiyinə görə xidmətin dayandırılması ilə bağlı hüququndan istifadə etməməklə yanaşı qeyd edilən dövr ərzində borcun yaranması ilə bağlı hər hansı müraciət etməmişdir. Belə ki, xidmətdən istifadə edilməməsi və ödənişin həyata keçirilməməsi mübahisələndiriləcək hal olmasına baxmayaraq mübahisənin həllinə dair müraciət yalnız 2022-ci ilin iyun ayında edilmişdir. Hallara nəzər yetirildikdə iddiaçının öz hüquqlarından sui-istifadə etdiyi məlum olur. Uzun müddətli əməkdaşlığa baxmayaraq faktiki halların nəzərə alınmaması və məbləğin şişirdilməsi özlüyündə mülki hüquq pozuntusudur. Sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. İşin hallarında da bu öz əksini tapır ki, iddiaçı cəmiyyətimizə qarşı qərəzli mövqe ilə çıxış etmiş, ədalətsiz yanaşmış və məqsədli olaraq şişirdilmiş tələblər irəli sürmüşdür. Bu hallar isə məhkəmə tərəfindən nəzərə alınmamış və iddiaçının lehinə qərar çıxarılmışdır
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında formalaşmış 10 illik münasibətlərə əsasən ödənişlər hər zaman qarşı tərəfin hər ay göndərdiyi qaimələr əsasında olmuşdur. Lakin sonuncu xidmətləri almadıqları üçün ödənişlər etməmişlər. Həmçinin, tərəfin özünün hüququ var idi ki, 60 gün ərzində ödəniş edilməzsə, xidmətlərin göstərilməsini dayandırsın. Belə ki, müqavilənin 3.3-cü bəndinə nəzər yetirildikdə iddiaçının hesab təqdim edildiyi gündən 60 gün müddətində ödənişin aparılmaması halında xidmətin göstərilməsinin dayandırılması hüququnun da olduğu məlum olur. Tərəfin bu hüquqdan istifadə etməməsi onların ziyan etməyinə səbəb olmuşdur.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə təqdim etdiyi qaimələrdə cavabdeh tərəfindən sistem üzərindən təhvil alınması, bəzilərinə dair ödənişlər edilməsi görünür. Telekommunikasiya xidmətinin dayandırılması müqaviləyə xitam verildikdən sonra baş vermişdir. Həmin müddət ərzində ödənişlərin edilməsi üçün cavabdehə hesablar və elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş və hər hansı etiraz bildirilməmişdir. Biz ödənişləri tələb edən zaman hər dəfəsində bildirirdilər ki, ödəniş edəcəklər.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Mülki Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.
20. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.
21. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
22. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığı mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilən hissədə əsaslıdır.
28. “Operator” qismində İddiaçı MMC ilə “sifarişçi” qismində Cavabdeh MMC arasında 01 iyun 2010-cu il tarixli, 032-X-2010 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən operator bu müqavilə ilə əlavələrdə göstərilən şərtlərlə sifarişçiyə son istfadəçi xidmətlərinin (End User Services) göstərilməsini öhdəsinə götürür. (Əlavə № 1)
29. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi istifadə olunan rabitə kanalının xidmət haqqını ödəyir. Sifarişçi tələb etdiyi avadanlıqların dəyərini müəyyən edilmiş qaydada ödəyir, operator isə sifarişçini standartlara və tələblərə müvafiq Əlavələrdə müəyyən edilmiş avadanlıqlarla təmin edir.
30. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə xx.xx.2010-cu il tarixindən 1 il ərzində etibarlıdır. Müqavilə müddətinin başa çatmasına ən azı bir ay qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin dayandırılması barədə digər tərəfi yazılı şəkildə rəsmi xəbərdarlıq etmədikdə müqavilə tərəflər arasında əlavə 1 il müddətinə uzadılmış hesab olunur.
31. Müqavilənin 3.1-ci bəndinə əsasən avadanlıqların dəyəri və xidmətlərin qoşulma haqqı sifarişçi tərəfindən sifarişçi SWİFT şəbəkəsinə qoşulduqdan sonra manatla operatorun hesabda göstərilmiş bank hesabına, hesab qəbul olunduqdan 5 (beş) bank günü ərzində nəğd və ya hesaba köçürmə yolu ilə ödəyir.
32. Müqavilənin 3.2-ci bəndinə əsasən xidmətdən istifadə tarifləri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavələrlə müəyyən olunmuşdur. Tərəflər arasındakı hesablaşmalar Azərbaycan Respublikasının Milli Valyutası olan manatla köçürmə və ya nəğd yolu ilə aparılır. Sifarişçinin yerləşdiyi yerə qədər şəbəkəyə qoşulma xərclərini, daxili qoşulma və sistemləşdirilməsi xərcləri operatorun üzərinə düşür. Sifarişçidən asılı olan səbəblərdən, yəni onun ünvanı və ya avadanlıqların yeri dəyişdirildikdə sifarişçinin yenidən şəbəkəyə qoşulma zərurəti yaranarsa, bu halda qoşulma xərclərinin ödənilmə öhdəliyi sifarişçinin üzərinə düşür.
33. Müqavilənin 3.3-cü bəndinə əsasən hesabat dövrü hər təqvim ayının 1-ci günündən axırıncı gününə kimi təyin olunur. Müvafiq qaydada operator xidmətlərdən istifadə haqqında sifarişçiyə hesabat dövrü başladıqdan sonra 3 (üç) bank günü ərzində hesab təqdim edir. Sifarişçi ödənilməli olan məbləğləri manatla operatorun hesabda göstərilmiş bank hesabına, hesab qəbul olunduqdan 7 (yeddi) bank günü ərzində ödəyir. Əgər sifarişçi ödənişləri gecikdirirsə, 1 (bir) aydan sonra hesab alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində cərimə ödəyəcəkdir (hesabda göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). Əgər hesab təqdim edildiyi gündən 60 (altmış) gün müddətində ödəniş aparılmazsa, operatorun yazılı məlumat verməklə şəbəkəni dayandırmaq hüququ var.
34. Müqavilənin 3.4-cü bəndinə əsasən vergi üzrə hesablaşmalar qanunvericilikdə nəzərdə tutulan qaydada aparılacaqdır. Sifarişçi onun ƏDV-dən azad olunmasını təsdiqləyən hər hansı lazımi sənədləri operatora təqdim etməklə göstərilmiş xidmətlər ƏDV-yə sıfır faiz (0%) dərəcə ilə cəlb oluna bilər.
35. Tərəflər arasında bağlanmış 01 iyun 2010-cu il tarixli, 032-X-2010 nömrəli müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, tərəflər aralarında bağlanmış sözügedən müqaviləyə əsasən göstəriləcək xidmətlərin dəyərini müəyyənləşdirmişlər.
36. 05.10.2020-ci il tarixli, EBAQ seriyalı, 779501 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin sentyabr ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
37. 03.11.2020-ci il tarixli, EBAS seriyalı, 119220 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2020-ci ilin oktyabr ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
38. 01.12.2020-ci il tarixli, EBAT seriyalı, 322703 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
39. 05.02.2021-ci il tarixli, EBAX seriyalı, 046023 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin yanvar ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
40. 04.03.2021-ci il tarixli, EBAY seriyalı, 273356 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin fevral ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
41. 15.03.2021-ci il tarixli, EBAT seriyalı, 663022 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
42. 02.04.2021-ci il tarixli, EBAZ seriyalı, 575549 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin mart ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
43. 04.05.2021-ci il tarixli, EBBB seriyalı, 189225 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin aprel ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
44. 02.06.2021-ci il tarixli, EBBC seriyalı, 617164 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin may ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 1408,92 manat (ƏDV daxil) təşkil edir.
45. 02.07.2021-ci il tarixli, EBBE seriyalı, 250094 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin iyun ayı üçün göstərilmiş xidmətlərin ümumi məbləği 892,32 manat (ƏDV daxil) təşkil edir.
46. İddiaçı tərəfindən 032-X-2010 nömrəli müqavilənin 1 saylı Əlavəsinə əsasən tərtib olunaraq cavabdehə göndərilən hesab adlanan sənədlər (elektron qaimələr hesablara müvafiq tərtib olunmuşdur) məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər üzrə ümumi məbləğ 13572,59 manat təşkil edir.
47. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) bank günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
48. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 01 iyun 2010-cu il tarixli, 032-X-2010 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən operator olan iddiaçı müqavilə ilə əlavələrdə göstərilən şərtlərlə sifarişçiyə son istifadəçi xidmətlərinin (End User Services) göstərilməsini, cavabdeh olan sifarişçi isə istifadə olunan rabitə kanalının xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
49. Cavabdeh xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər xidmət göstərildiyini, həmin dövr üzrə xidmət haqqının ödənildiyini, həmin dövrdən sonra tələb edilən məbləğin iddiaçı tərəfindən hüquqdan sui-istifadə halı olduğunu, müqavilənin 3.3-cü bəndinə əsasən hesab təqdim edildiyi gündən 60 gün müddətində ödənişin aparılmaması halında xidmətin göstərilməsinin dayandırılması hüququnun olduğunu qeyd edir.
50. İddiaçı isə bildirir ki, qeyd edilən müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər xidmətlər göstərilmiş, qaimə-fakturalar göndərilsə də ödəniş həyata keçirilməmişdir.
51. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında da əks olunmuş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
52. İş materiallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən xidmət göstərildikdən sonra təqdim olunan elektron hesab-fakturaya əsasən cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Bu halı cavabdeh də təsdiq edir.
53. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2021-ci tarixli məktubda deyilir: Cavabdeh MMC-nin Beynəlxalq banklararası pul köçürmə sistemi olan SWİFT arasında rabitə bağlantısı üçün, xx.xx.2010cu il tarixli 032-X-2010 saylı müqaviləyə əsasən müəssisəniz tərəfindən xidmət göstərilirdi. Cari ildən SWİFT arası bağlantıların internet şəbəkəsi üzərindən təmin edilməsi üçün artıq müəssisənizin təqdim etdiyi xidmətə əsasən rabitə bağlantısı istifadə edilmir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 032-X-2010 saylı müqaviləyə əsasən tərəfinizdən təqdim etdiyiniz telekommunikasiya xidmətinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsini və müqavilə şərtinin 7.3 bəndinə əsasən müqavilənin qüvvədən düşmüş hesab olunmasını nəzərinizə çatdırırıq.”
54. İddiaçı da məhz həmin məktubun tarixindən bir ay sonra xidməti dayandırmış tələb edilən 13572,59 manat borc da xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə göstərilmiş xidmətlərə görə ödənilməli məbləği təşkil edir. Həmin müddət ərzində ödənişlərin edilməsi üçün cavabdehə hesablar və elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş və hər hansı etiraz bildirilməmişdir.
55. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 1357,26 manat dəbbə pulunun cavabdehdən tutulması təşkil edir.
56. Göstərilən tələbə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin əsaslı mənafelərini nəzərə alaraq həmin məbləğin azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulunun 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməsi hissəsində əsaslı nəticəyə gəlmişdir.
58. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
59. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
60. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi iddiaçının hesab təqdim edildiyi gündən 60 gün müddətində ödənişin aparılmaması halında xidmətin göstərilməsinin dayandırılması hüququnun olması, lakin bundan istifadə etməməsi iddianın təmin olunmaması kimi əsas ola bilməz. Qeyd olunan halda xidmətin göstərilməsini dayandırmaq iddiaçının vəzifəsi yox, hüququ olmuş, lakin həmin hüququndan istifadə etməmişdir və bu, hüquqdan sui-istifadə hesab oluna bilməz.
61. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-273/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-273/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova