Məhkəmə qərarları › İş №2-2(103)-513/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-513/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-513/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 və nümayəndəsi Hacı-zadə Toğrul Rafiq oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun silinməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı telekommunikasiya xidmətlərinə görə borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən (hakim L.Əliyeva) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən elektron qaimə ilə 790,95 manatın və cavabdeh tərəfindən ödənilməsi tələb olunan 7000 manat məbləğində borcun silinməsi, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi nəticəsində MMC-yə dəyən maddi ziyan kimi 30.000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mobil rabitə xidmətindən yararlanmaq məqsədilə Cavabdeh MMC ilə 30.01.2015-ci il tarixli abunə müqaviləsi bağlamışdır. Cavabdeh tərəfindən müqavilə əsasında iddiaçıya 5 (beş) ədəd (***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**) nömrə ayrılmışdır ki, bu nömrələrdən son ikisi, yəni ***-***-**-** və ***-***-**-** ayrıldığı gündən qapalı olmuş, istifadə olunmamışdır. Hər ay mobil nömrələrin aktiv şəkildə qalması üçün ***-***-**-** nömrəsinin balansına 50 manat, ***-***-**-** və ***-***-**-** nömrələrinin hər birinin ayrı-ayrılıqda balansına isə 02 manat məbləğində pul köçürülür. 02.08.2018-ci il tarixində 036714 nömrəli elektron qaimə iddiaçıya göndərilmişdir ki, bu qaiməyə əsasən iddiaçının 790,95 manat məbləğində borcu vardır. Cavabdeh MMC ilə bu barədə əlaqə saxlanılarkən onlar tərəfindən borcun 7000 manat olduğu bildirilmişdir. Əvvəla nə elektron qaimədə qeyd olunan məbləğlə onların şifahi şəkildə tələb etdikləri məbləğ üst-üstə düşür, digər tərəfdən də qeyd olunan borc məbləği ilə bağlı onlar tərəfindən MMC-yə hər hansı xəbərdarlıq məktubu göndərilməmişdir. Hazırda da ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəli rabitə xətləri cavabdeh təşkilat tərəfindən deaktiv olunmuşdur və əsassız olaraq hesablanmış borcun ödənilməsi tələb olunur. Pretenziya qaydalarına uyğun olaraq tərəflərindən cavabdeh təşkilata 12 sentyabr 2018-ci il tarixində pretenziya məktubu göndərilərək qanunsuz olaraq hesablanmış 790,95 manat, şifahi şəkildə bildirilmiş 7000 manat məbləğində pulun silinməsini və Cavabdeh MMC tərəfindən deaktiv olunmuş 077- 436-00-00, ***-***-**-**, ***-***-**-** nömrəli rabitə xətlərinin aktiv olunmasını hazırkı bildiriş rəsmi qaydada təqdim edildikdən sonrakı 3 iş günü ərzində təmin etmələri xahiş edilərək bunu təmin etməyəcəkləri təqdirdə müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməyərək pretenziya məktubu cavabsız qalmışdır. Nəticədə də iddiaçı maddi zərərə məruz qalır. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 7.856,28 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMC-nin iddia ərizəsində göstərdiyi hallar formal mülahizələrə əsaslanır. "İddiaçı" MMC-nin tərəflər arasında imzalanmış 30 yanvar 2015-ci il tarixli abunə müqaviləsinə əsasən 7856,28 borcu yaranmışdır. Həmin borc məbləği "İddiaçı" MMC-nin istifadəsinə verilmiş *** *** ** **, *** *** ** **, 077 *** ** ** və 077 *** ** ** nömrələrinə görə yaranmışdır. Borc məbləğinin 6545,70 manatı əsas borc, 1310,58 hissəsi isə gecikməyə görə cərimə borcu təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdeh MMC-dən İddiaçı MMC-yə hesablanmış 4.146,26 manat məbləğində borcun silinməsi, ilkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsinin ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 2.399,44 manat məbləğində əsas borc və 100 (bir yüz) manat məbləğində dəbbə pulunun, cəmi 2.499,44 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul məbləğinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin qismən-ilkin iddianın rədd olunduğu, qarşılıqlı iddianın təmin olunduğu hissədə ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin olunması, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin olunan hissəsində məhkəmə iddianı təmin etməsinin əsası kimi ilkin iddia üzrə Cavabdeh MMC-nin borc məbləğinin İddiaçı MMC tərəfindən rouminq xidmətlərinə görə yaranmasını, lakin sonrakı məhkəmə iclaslarında borcun rouminq xidmətlərinə görə deyil, daxili internet xidmətlərinə və abunə haqqına görə yaranmasını bildirərək bununla bağlı qaiməni məhkəməyə təqdim etməsini qəbul etmişdir. Məhkəmənin bu mövqeyi həm işin faktiki halları, həm də məhkəmənin öz mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, çoxsaylı məhkəmə iclaslarında İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh MMC-nin nümayəndəsinə sual verərək soruşmuşdur ki, borcun rouminq xidmətlərinə görə yaranmasını iddia etdiyiniz halda yalnız və yalnız iş üzrə ekspertiza təyin olunduqdan sonra İddiaçı MMC-nin rouminq xidmətlərindən istifadə etmədiyi müəyyən olunduğu halda hansı səbəbdən məhkəməyə izahlı qaimə təqdim edirsiniz ki, mövcud borc daxili internetdən istifadə və abunə haqqına görə yaranmışdır. Cavabdeh MMC-nin nümayəndəsi cavab vermişdir ki, bu sistemdə olan yanlışlıqlar və Cavabdeh MMC-nin işçisinin səhvi nəticəsində baş vermişdir. Məhkəmənin mövqeyi həmçinin başa düşülən deyil ona görə ki, borc məbləğinin bir hissəsinə münasibətdə təqdim olunan sübutları qəbul etsə də, qalan hissədə sübutları qəbul etməyərək qətnamədə göstərmişdir ki, Cavabdeh MMC tərəfindən borc məbləğinin yaranması ilə bağlı izahlı qaimə məhkəməyə təqdim olunmuşdur. Hansı ki, məhkəməyə ödənişlərin nağd (prepaid) olması ilə bağlı videodisk təqdim olunmuşdur. Bundan əlavə tərəflər arasında bağlanmış 30.01.2015-ci il tarixli abunə müqaviləsinin şərtlərinə əsasən göstəriləcək xidmətlərin limiti müəyyən olunmuş və yalnız abunəçi tərəfindən rəsmi müraciət olunduğu halda həmin xidmətlərin limitinin artırılması baş verə bilərdi. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nin nümayəndəsi xidmət limitinin artırılması ilə bağlı onlara edilmiş hər hansı bir müraciəti sübut kimi təqdim edə bilməmişdir. “Prepaid” ödəniş formasında ödəniş gününün son günü tərəflər arasında şərtləşdirilmiş ödəniş məbləği olmadıqda xidmət göstərilməsi birtərəfli dayandırılır və ödəniş olunmursa xidmət iki tərəfli dayandırılır, belə olan halda hər hansı bir əlavə ödənişin yaranması sadəcə olaraq mümkün deyildir. Bu hal yalnız və yalnız fakturalı (postpay) ödəniş zamanı mümkündür. İddiaçı MMC-nin borc hesablanan nömrələri prepaid formasında olmuşdur. Cavabdeh MMC apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 22/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilərək qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş izahlı qaimələrdə bütün borc məbləğinin hansı xidmətlərə görə yarandığı əks olunmuşdur. Birinci instansiya məhkəməsinin silinməsini qət etdiyi 4146,26 manat da İddiaçı MMC-nin istifadəsində olmuş 4 nömrəyə görə internetdən istifadəyə görə yaranmış borcdur. Bundan əlavə iş materiallarında olan elektron qaimələr və vergi hesab fakturalarından da İddiaçı MMC-nin Cavabdeh MMC-yə yuxarıda göstərilən borcunun olduğu aşkar olunmuşdur. Belə ki, təqdim edilmiş elektron qaimələrdə də istifadə edilmiş xidmətlərə görə aylıq borc məbləğinin məbləği tələb edilmişdir. Lakin İddiaçı MMC həmin məbləğlərlə razı olmadığı təqdirdə elektron sistem vasitəsi ilə elektron qaimələri rədd etməli olduğu halda bunu etməmişdir. Buna görə də elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir. Bu da təsdiq edir ki, İddiaçı MMC həmin borc məbləğini qəbul etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 İddiaçı MMC-nin apelyasiya şikayətini müdafiə edərək təmin edilməsni, Cavabdeh MMCnin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Hacı-zadə Toğrul Rafiq oğlu İddiaçı MMC-nin apelyasiya şikayətini müdafiə edərək təmin edilməsni, Cavabdeh MMC-nin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15.02.2021-ci il tarixli 2-2(113)- 22/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilərək Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə hesablanmış 2214,97 manat borc silinməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh İddiaçı MMC-dən iddiaçı Cavabdeh MMC-nin xeyrinə 4350,03 manat əsas borc, 435 manat cərimə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməli, iş üzrə ödənilmiş rüsumları tərəflərin özlərinə aid edilməlidir. İş üzrə qəbul edilmiş qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddianın təmin edilmədiyi, qarşılıqlı iddianın təmin edildiyi hissədə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən isə qarşılıqlı iddianın təmin edilmədiyi, ilkin iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qətnamə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam yoxlanılır. İş materiallarında olan sənədlərdən görünür ki, “Cavabdeh“ MMC ilə İddiaçı MMC arasında 30.01.2015-ci il tarixdə abunə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Cavabdeh“ MMC siyahısı bu müqaviləyə olan 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təqdim edir, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.3.1 və 4.3.2-ci bəndlərinə əsasən müntəzəm olaraq balansını yoxlamaq və müsbət olmasını təmin etmək, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlıvaxtında xidmətlərdən istifadəyə görə və Cavabdehdan ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək abunəçinin öhdəliyidir. Cavabdeh MMC tərəfindən verilmiş 10.04.2019-cu il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə 077“436 00 00, 077“437 00 00, 077“438 00 00 və 077“439 00 00 nömrələr ilə göstərilmiş xidmətlərə görə hesablanmış borc cəmi 6.545,70 manat təşkil edir: 077“436 00 00 nömrə üzrə 519,21 manat, 077“437 00 00 nömrə üzrə 727,00 manat, 077“438 00 00 nömrə üzrə 4.448,87 manat, 077“439 00 00 nömrə üzrə 850,63 manat borc hesablanmışdır. Eyni zamanda həmin borca 1.310,58 manat hissəsi isə gecikmə faizi hesablanmışdır. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr üzrə borcun açıqlanması barədə məlumatlarla təsdiq edilir ki, ***-***-**-** nömrəsinə 2017-ci ilin mart- 2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 470,14 manat, sms-lərə 1,65 manat olmaqla, cəmi 519,21 manat borc hesablanmışdır. ***- ***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 675,13 manat, sms-lərə 10,32 manat olmaqla, cəmi 727 manat borc hesablanmışdır. ***-***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 754 manat, ölkədaxili zənglərə görə 37,62 manat, sms-lərə 1,65 manat, GPRSNoRoamFEE xidmətinə görə 3.610,59 manat olmaqla, cəmi 4.448,87 manat borc hesablanmışdır. ***-***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 272,92 manat, sms-lərə 6,18 manat, GPRSNoRoamFEE xidmətinə görə 535,67 manat olmaqla, cəmi 850,63 manat borc, cəmi 6545,70 manat məbləğində borc hesablanmışdır. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış 10.02.2021-ci il tarixli, AZF/GR9106/21 saylı məktubuna əsasən müəyyən edilir ki, İddiaçı MMC-nin istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri üzrə Cavabdeh MMCyə rouminq xidməti ilə bağlı sifariş verilməmişdir. Həmin nömrələr üzrə kredit limiti 2017- 2018-ci illərdə 5 manat olmuş, 2019-cu il tarixdə isə abunəçinin müraciəti əsasında 50 manata qaldırılmışdır. Cavabdeh MMC-nin təqdim etdiyi maliyyə arayışlarından göründüyü kimi, tələb edilən borc 077“436 00 00, 077“437 00 00, 077“438 00 00 və 077“439 00 00 nömrələrə göstərilmiş xidmətə görə yaranmışdır. İddiaçı MMC ilkin iddia ərizəsində ***-***-**-** nömrəsinin ayrıldığı gündən qapalı olduğunu göstərsə də, Cavabdeh MMC tərəfindən təqdim edilmiş zənglərin izahlı qaiməsindən görünür ki, həmin nömrə 2017-ci ildən aktiv nömrə kimi istifadə edilir. (iş mat. 1-ci cild 162-218-ci vərəqlər) İddiaçı MMC iddia edir ki, Cavabdeh MMC tərəfindən təqdim edilmiş nömrələrdə kredit limiti olduğundan və göstərilən xidmətlərdən əvvəlcədən ödəniş edilməklə istifadə edildiyindən tələb edilən məbləğdə borcun yaranması mümkün deyil. İddiaçı MMC tərəfindən ilkin iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrdən görünür ki, İddiaçı MMC-yə 12.01.2018-ci il tarixli, EAAG seriyalı, 181090 saylı elektron qaimə əsasında 174,40 manat, 13.02.2018-ci il tarixli, EAAH seriyalı, 001926 saylı elektron qaimə əsasında 506,49 manat, 14.03.2018-ci il tarixli, EAAH seriyalı, 706561 saylı elektron qaimə 525,36 manat, 04.04.2018-ci il tarixli, EAAİ seriyalı, 148843 saylı elektron qaiməyə əsasən 581,26 manat, 07.05.2018-ci il tarixli, EAAİ seriyalı, 942625 saylı elektron qaiməyə əsasən 347,06 manat, 06.09.2017-ci il tarixli, EAAC seriyalı, 753753 saylı elektron qaiməyə əsasən 691,21 manat, 03.07.2018-ci il tarixli, EAAK seriyalı, 293393 saylı elektron qaiməyə əsasən 733,30 manat, 02.08.2018-ci il tarixli, EAAL seriyalı, 036714 saylı elektron qaiməyə əsasən 790,95 manat, cəmi 4350,03 manat dəyərində xidmətin göstərilməsi barədə 8 ədəd elektron qaimə göndərilmişdir. Cavabdeh MMC-nin 10.04.2019-cu il tarixli maliyyə arayışında göstərilmiş xidmətin bir hissəsinin rouminq xidmətlərindən istifadəyə görə yaranmış borc olduğu qeyd edilmiş, İddiaçı MMC-nin nümayəndəsi rominq xidmətindən istifadə edildiyini inkar etdiyindən işə birinci instansiya qaydasında baxılarkən nömrələr üzrə rouminq xidmətlərindən istifadə edilib-edilməməsini aydınlaşdırmaq üçün kompleks-mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən qoyulmuş suallar məhkəmə kompyuter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspertizasının keçirilməsindən imtina edilmişdir. 23.11.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi mübahisəli nömrələrdə rouminq xidmətindən istifadə edilmədiyini, mübahisəli borcun bir hissəsinin rouminq xidmətinə görə deyil, ölkədaxili internetdən istifadəyə görə (Narzone-Az-1) yarandığını bildirmişdir. Eyni zamanda məhkəmənin sorğusuna cavab məktubunda da ilkin iddia üzrə Cavabdeh MMC abunəçi tərəfindən rouminq xidmətinin sifariş verilmədiyini təsdiqləmişdir. Rabitə xidmətlərinin təqdim edildiyi telefon nömrələrinin əvvəlcədən ödənilən (prepaid) nömrələr olması, yəni göstəriləcək rabitə xidmətlərinə görə əvvəlcədən pul ödənilmədən həmin nömrələrdən istifadə etməyin mümkün olmaması barədə iddiaçının istinad etdiyi dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəli nömrələr üzrə xidmətlərin dəyərinin əvvəlcədən ödənilməli olması barədə müddəa yoxdur. Müqavilənin “ödəniş şərtləri” adlanan 5-ci maddəsində qeyd edilmişdir ki, abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesabfaktura təqdim olunur. Hesab faktura aldıqda abunəçi ödənişi hesab fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Müqavilənin qeyd edilən bəndlərindən aydın olur ki, göstərilmiş xidmətlərin dəyəri Cavabdeh MMC tərəfindən abunəçiyə hesab faktura göndərildikdən sonra həyata keçirilməli idi. Bu da belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı MMC-nin istifadə etdiyi xidmətlərin dəyərinin əvvəlcədən nömrənin balansı artırılmaqla ödənildiyi barədə mülahizəsi əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, kredit limiti aşıldığı təqdirdə rabitə xidmətindən istifadəni məhdudlaşdırmaq və ya dayandırmaq müqavilənin 9.3-cü bəndinə əsasən Cavabdeh MMC-nin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulduğundan operatorun bu hüquqdan istifadə etməməsi iddiaçını göstərilmiş rabitə xidmətinin haqqını ödəmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi Cavabdeh MMC tərəfindən tələb edilən 4146,26 manat borcun silinməsi barədə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh MMCnin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında həmin məbləğin rouminq xidmətindən istifadəyə görə yarandığını göstərsə də, sonrakı məhkəmə iclaslarında həmin borcun ölkədaxili internetdən istifadəyə görə yarandığını bildirdiyindən, qeyd edilən borcun əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən həmin borc silinməli, qarşılıqlı iddia yalnız 2499,44 manat borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun deyil. Məhz bu səbəbdən həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilən normaya əsasən nümayəndənin izahatının təqdim edilmiş digər sübutlardan üstün qüvvəsi yoxdur və prosessual qanunvericilikdə işdə iştirak edən şəxslər tərəfindən məhkəmə verilmiş izahatların və bildirilmiş məlumatların sonradan təqdim edilmiş sübutlardakı faktlara uyğun dəyişdirilməsini və dəqiqləşdirilməsini qadağan edən norma yoxdur. Hazırkı halda Cavabdeh MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş izahlı qaimələrdə borcun hansı xidmətlərdən istifadəyə görə yarandığı öz əksini tapmışdır. Həmin izahlı qaimələrdən görünür ki, İddiaçı MMC-nin istifadəsində olan telefon nömrələrində internet xidmətindən istifadə edilmişdir. Birinci instansiya məhkəməsi hansı səbəbdən izahlı qaimələrin abunəçinin internet xidmətindən istifadə etdiyini təsdiq edən sübut kimi nəzərə alınmadığını qətnamədə əsaslandırmamışdır. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, 4350,03 manat dəyərində xidmətin göstərilməsi barədə 2018-ci ildə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş elektron qaimələr sistem tərəfindən təsdiq edilənədək və ya təsdiq edildikdən sonra ləğv edilməsi barədə qarşı tərəfə müraciət edilmədiyindən (iş materiallarında bu barədə hər hansı sübut yoxdur) İddiaçı MMC tərəfindən həmin xidmətlərin göstərildiyi qəbul edilmiş hesab olunur. 2018-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt““verilir. Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, elektron qaimələrlə təsdiq edilən 4350,03 manat dəyərində xidmət haqqının İddiaçı MMCdən tutulması hissəsində qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməli, həmin məbləğdə borcun silinməsi hissəsində ilkin iddia rədd edilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi video disklə bağlı məhkəmə kollegiyası hesab edir ki, nömrələr üzrə kredit limitinin müəyyən edilməsi və nömrələrin balansının artırılması həmin nömrələrin istifadə etdiyi xidmətlərə görə kredit limitindən artıq borc yaranması imkanını istisna etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3.2-ci bəndində müqavilə şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə və Cavabdeh MMC tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək abunəçinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, bu bənddə xidmətlərdən istifadə və kredit limiti üzrə borclar fərqləndirilmişdir. Bundan əlavə elektron qaimələrə əsasən mübahisəli borc 2017-ci ilin dekabr ayı və 2018-ci il ərzində göstərilmiş rabitə xidmətlərindən istifadəyə görə yarandığından 2020-ci ildə çəkilmiş video görüntü borcun əsassız hesablandığını təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. O cümlədən birinci instansiya məhkəməsinə təqdim edilmiş, iş materiallarının 1-ci cildinin 219-241-ci, 246-250-ci, 2-ci cildinin 1-14-cü vərəqlərinə əlavə edilmiş elektron qaimələrin üzərində həmin qaimələrin elektron imza ilə təsdiq edildiyinə dair ştrix kod olmadığı üçün məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsinin dəlillərini təsdiq edən sübut kimi nəzərə alınmır. Qarşılıqlı iddia ərizəsində abunəçidən tələb edilən 2195,67 manat (6545,70- 4350,03) əsas borc tələbi ilə bağlı Cavabdeh MMC tərəfindən məhkəməyə elektron qaimələr və hesab fakturalar təqdim edilməmiş, həmin borcun hansı dövrün borcu olduğu və hansı tarixədək hesablandığı nə qarşılıqlı iddia ərizəsində, nə maliyyə arayışında qeyd edilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən hakimi sualına cavab olaraq tələb edilən borcun 2017-2018-ci illər üçün hesablandığını göstərmişdir. Cavabdeh MMC-nin təqdim etdiyi izahlı qaimələrdə ödənişlər əks olunmadığı üçün məhkəmə həmin sənədlər əsasında qarşılıqlı iddia ərizəsində tələb edilən borcu hesablamaq mümkün olmadığını, o cümlədən qeyd edilən borcla bağlı İddiaçı MMC-yə elektron qaimə və hesab faktura göndərildiyi barədə işdə mötəbər sübutlar olmadığını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia 2195,67 manat əsas borcla bağlı hissədə rədd edilməli, İddiaçı MMC-nin ilkin iddiası 2214,97 manat (7000-(4350,03+435)) manat məbləğində əsas borc və dəbbə pulu borcunun silinməsinin Cavabdeh MMC-nə həvalə edilməsi hissəsində təmin edilməlidir. Cavabdeh MMC-nin müqavilə şərtlərini pozması nəticəsində İddiaçı MMC-yə zərər vurduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ilkin iddia 13.08.2018-ci il tarixində üç mobil nömrənin deaktiv olunması ilə əlaqədar vurulmuş maddi zərərlə bağlı hissədə əsassız hesab edilir. Məhkəmə qarşılıqlı iddia ərizəsində tələb edilən 1.835,32 manat məbləğində dəbbə pulu tələbi ilə bağlı hesab edir ki, pul öhdəliyinin icrası gecikdirildiyindən və tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə görə abunəçinin Cavabdeh MMC tərəfindən müəyyən olunan və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq dəyişdirilən tarif planı və qaydalarla nəzərdə tutulan ödəniş şərtlərinin pozmasına görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,1 % həcmində, lakin ümumilikdə 30% çox olmamaq şərti ilə cərimə ödəməsi nəzərdə tutulduğundan Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdehdən dəbbə pulu tələb etməyə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kreditorun mənafeyini və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, dəbbə pulu tələbi hissəsində iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdehdən Cavabdeh MMC-nin xeyrinə tutulmuş 4350,03 manat əsas borcun 10 %-i-435 manat məbləğində müəyyən edilməli, qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı MMCnin apelyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15.02.2021-ci il tarixli 2-2(113)-22/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən təmin edilərək Cavabdeh MMC tərəfindən İddiaçı MMCyə hesablanmış 2214,97 manat borc silinməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh İddiaçı MMC-dən iddiaçı Cavabdeh MMCnin xeyrinə 4350,03 manat əsas borc, 435 manat cərimə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməli, iş üzrə ödənilmiş rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 15.02.2021-ci il tarixli 2-2(113)-22/2021 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilərək Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə hesablanmış 2214.97 manat borc silinsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilərək cavabdeh İddiaçı MMC-dən iddiaçı Cavabdeh MMC-nin xeyrinə 4350,03 manat əsas borc, 435 manat cərimə tutulsun. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar