Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-518/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil1, Cavabdehin nümayəndəsi vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “X6” MMC-yə qarşı “borc” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-729/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. İddiaçı MMC ilə “X6” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/04 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı bu Müqaviləyə əsasən daşınma işlərinin görülməsi üzrə xidmətləri göstərir, Sifarişçi isə bu Xidmətlər müqabilində İcraçıya bu Müqavilənin 3.1. bəndində göstərilən müvafiq xidmət haqqını ödəyir.
2. xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə Əlavə-1-də tərəflər müqavilədə nəzərdə tutulmuş xidmətlərin dəyəri razılaşdırılmışdır.
3. xx.xx.2024-cü il tarixli, 01/04 saylı görülmüş işlərin təhvil-təslim atkına əsasən müqavilə üzrə görülmüş işləri dəyəri ƏDV daxil 153.400 manat müəyyən edilmişdir.
4. xx.xx.2024-cü il tarixli, MT**********09 saylı e-qaiməyə əsasən 153400 manat məbləğində xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 153400,0 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 7670,0 manat faizin və 451,07 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-729/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “X6” MMC-dən xx.xx.2024-cü il tarixli 02/04 saylı xidmət müqaviləsi üzrə 153.400 manat borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 5.112 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 449 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdir ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin təhvil-təslim aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən “X7” MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, ******* manat (ƏDV daxil) məbləğində borc ödənilməmiş qalmışdır. Cavabdeh yazılı və şifahi etirazında bildirsə də ki, göstərilən xidmətlərin dəyəri ödənilmişdir, lakin həmin argumentini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir (məhkəməyə təqdim edilmiş iki – 650 manat və 500 manat ödəniş qəbzlərindən kimin kimə və nə üçün ödənişlərin edilməsi müəyyən edilmir, digər tərəfdən həmin qəbzlər xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təsadüf etdiyi halda, tərəflər arasında təhvil-təslim aktı xx.xx.2024-cü il tarixində imzalanmışdır). Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab etmişdir ki, iddia əsas borc hissəsində təmin edilməli və iddiaçı tərəfindən cavabdehə göstərilən 153400 manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsinə dair e-qaimə xx.xx.2024-cü il tarixində göndərildiyi üçün həmin tarixdən qətnamənin çıxdığı xx.xx.2025-ci il tarixinə kimi illik 5% ilə hesablanmaqla, 5112 manat borcun ödənişinin gecikdirilməsinə görə faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Cavabdeh “X6” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-729/2025 nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: iddiaçı "xxxx" MMC və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə formal olaraq 02/04 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə, müqavilənin predmeti – icraçı tərəfindən daşınma işlərinin görülməsi üzrə xidmətlərin göstərilməsi təşkil edir. Həmin Müqavilənin tərkib hissəsi olan “01 №-li Əlavə”yə əsasən, icraçı tərəfindən göstərilən xidmətlərə - qırma daşın daşınması və qazıntı işlərinin görülməsi daxil edilmişdir. Qeyd edilir ki, müqavilədə göstərilən işlərin görülməsi ilə bağlı Cavabdeh MMC-nin rəhbərliyi "xxxx" MMC-nin direktoru kimi tanıdıqları Ruslan adlı şəxslə danışıb razılaşmışlar. Ruslan həmin işləri görməyə 2023-cü ilin dekabr ayından başlamış və 2024-cü ilin may ayında tamamlamışdır. Həmin 6 ay ərzində onun tərəfindən uzunluğu 80 metr, eni isə 25 metr olan 2 ədəd hündürmərtəbəli yaşayış binasının kotlavanı (fundamenti) qazılmış, həmin kotavanlar qırma daşlarla (şeben) doldurulmuşdur. Cavabdeh MMC və Ruslan əvvəlcədən öz aralarında razılığa gəlmişlər ki, Ruslanın gördüyü işlərin dəyəri nağd şəkildə Ruslana ödəniləcəkdir. İşlər yerinə yetirildikdən sonra isə Ruslan, nağd şəkildə aldığı pulu Cavabdeh MMC qaytaracaq, daha sonra isə qaytarılmış həmin vəsait hesabına xidmət haqqı köçürmə yolu ilə həyata keçiriləcəkdir. Əvvəlcədən nağd şəkildə ödənilmiş pul hesabına Ruslan yuxarıda qeyd oluran işləri 12.2023-cü ildən 05.2024-cü ilədək yerinə yetirmiş, habelə işçilərin əmək haqlarını ödəmişdir. İşlərin tamamlanmasına az qalmış, daha dəqiq isə 2024-cü ilin aprel ayının 10-da faktiki olaraq Ruslan tərəfindən yerinə yetirilən işlərlə bağlı Ruslan Cavabdeh MMC ilə "xxxx" MMC arasında formal 02/04 nömrəli xidmət müqaviləsinə imza etdirmişdir. Müqavilə imzalandıqdan 19 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə görülmüş işlərin təhvil-təslim aktı imzalanmış, xx.xx.2024-cü il tarixdə isə görülmüş işlərə dair elektron qaimə verilmişdir. Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli 02/04 nömrəli xidmət müqaviləsinin formal olması onunla təsdiq olunur ki, işlərin görülməsi ilə bağlı nə müqavilədən əvvəl, nə müqavilə imzalandıqdan sonra hər 2 hüquqi şəxs (onların vəzifəli şəxsləri) arasında hər hansı danışıqlar aparılmamış, razılaşma olmamışdır. Ərazidə işləri görən texnikaların belə "xxxx" MMC ilə hər hansı bağlılığı olmamışdır. İşlərin görülməsi Ruslan tərəfindən həyata keçirilmişdir. Bu halı təsdiq edən şahidlər də mövcuddur. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlansa da, Cavabdeh MMC-nin sifarişləri faktiki özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edən Ruslan adlı şəxs tərəfindən icra olunmuşdu. Məhkəməyə təqdim olunmuş sənədlərdən isə görünür ki, iş üzrə tərəflər arasında işlərin görülməsi barədə müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmış, xx.xx.2024-cü il tarixə isə "xxxx" MMC görülmüş işlərə dair 153.400 manat məbləğində ödəniş barədə Cavabdeh MMC-yə elektron qaimə vermişdir. Elə bu fakt onu təsdiq edir ki, görülən işlər "xxxx" MMC tərəfindən icra olunmamışdır. Çünki, 19 gün ərzində uzunluğu 80 metr, eni isə 25 metr olan 2 binanın kotlavanı (fundamenti) qazılması, həmin kotavanların qırma daşlarla (şeben) doldurulması normal iş rejimində mümkün deyil. Qeyd olunan məsələnin həlli tərəflər arasında mövcud mübahisənin düzgün və ədalətli həlli üçün vacib olduğu üçün, cavabdeh MMC iş üzrə məhkəmə tikinti texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə məhkəməyə vəsatət təqdim etmişdir. Lakin işə baxan Bakı Kommersiya Məhkəməsi həmin vəsatəti əsassız olaraq rədd etmişdir. Həmçinin qeyd edirik ki, faktiki olaraq Ruslanın gördüyü (xx.xx.2024-cü il tarixli müqavilədə nəzərdə tutulan) işlərin haqqı Cavabdeh MMC tərəfindən Ruslana tam şəkildə ödənilmişdir və hazırda həmin işlərə görə Cavabdeh MMC-nin hər hansı borcu yoxdur. Hazırda "xxxx" MMC tərəfindən eyni işlərə görə Cavabdeh MMC-dən pul tələbi irəli sürməsi, cavabdehdə şübhə yaradır ki, iddiaçı MMC və onun adından hərəkət edən Ruslan lap əvvəldən əlbir olmuş, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini cavabdehdən ikiqat almaq niyyətinə düşmüşlər. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamış, bunlara əhəmiyyət verməmiş, bu isə iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul olunması ilə sonlanmışdır. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir..
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
14. Həmin məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
15. Həmin məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
16. Həmin məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
17. Həmin məcəllənin 770-ci maddəsinə əsasən,əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
18. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin (mübahisələndirilən hissədə) yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, İddiaçı MMC ilə “X6” MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/04 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı bu Müqaviləyə əsasən daşınma işlərinin görülməsi üzrə xidmətləri göstərir, Sifarişçi isə bu Xidmətlər müqabilində İcraçıya bu Müqavilənin 3.1. bəndində göstərilən müvafiq xidmət haqqını ödəyir.
25. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən Xidmətlərin ümumi həcmi və dəyəri bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Təhvil-Qəbul aktı) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir.
26. Müqavilənin 1.3-cü bəndinə əsasən bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir.
27. Müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin qiyməti tərəflərin razılaşması təhvil-təslim aktlarına əsas olaraq müəyyən edilir və xidmətlərin ümumi həcmi və dəyəri isə hər iki tərəfdən bir səlahiyyətli şəxsin imzası ilə təsdiq olunan təhvil-qəbul aktı və Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
28. Müqavilənin 3.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar milli valyuta ilə bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
29. xx.xx.2024-cü il tarixli, MT**********09 saylı e-qaiməyə əsasən 153400 manat məbləğində xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələri (direktorları) tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Cavabdehin şikayətdə qeyd etdiyi kimi xidmətin 6 ay əvvəldən başqa üçüncü şəxs (Ruslan) tərəfindən icra olunmasına və ya artıq qismən də olsa icra olunmuş xidmətin görülməsinin davam etdirilməsinə dair hər hansı şərt və ya hal qeyd olunmamış, nəzərdə tutulmamışdır. Eyni zamanda iş materiallarında olan işlərin təhvil verilməsi aktında təhvil verən İddiaçı MMC qeyd olunmuş imza və möhürlə təsdiq edilmişdir.
31. Müqavilə üzrə ödənişlərin nağd formada ödənilməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müqavilənin hesablaşma qaydası adlanan 3-cü bəndində əsasən, göstərilən xidmətlərin qiyməti hesab fakturada qeyd olunur və milli valyuta ilə bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Göründüyü kimi göstərilən xidmətlərə görə cavabdeh tərəfindən nağd formada ödəniş edilməsi aralarında hər hansı razılaşma olmadan cavabdeh tərəfindən müqavilə şərtinin pozulması kimi qiymətləndirilməlidir.
32. Məhkmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən ödənilən ödənişlərin məhz qeyd olunan müqavilə üzrə göstərilən xidmətlərə münasibətdə ödənilməsinə, xidmətlərin əvvəldən göstərilməsinə, başqa şəxs tərəfindən görülməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Sübut kimi təqdim edilən ödənişlərin isə hazırki işlə hər hansı bağlılığı müəyyən edilmir.
33. Cavabdehin işlərin böyük həcmdə olmaqla qısa müddətdə yəni 19 gün ərzində başa çatdırılmasının mümkün olmamasına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili hər hansı sübuta dayanmır. Belə ki, cavabdehin subpodratçı şirkət tərəfindən işlərin hansı müddətə görülüb başa çatdırılmasını müəyyən etmək üçün onunla sifarişçi şirkət olan “SEE BREEZE” arasında olan podrat müqaviləsinə əsasən görülmüş işlərin lahyiə, smeta, təhvil-təslim aktları və s. sənədlərə istinad etməklə və ya sifarışçi şirkətdən bu barədə sorğu etməklə əldə edib sübutlarını məhkəməyə təqdim etmək imkanları olduğu halda bunu etməmiş, apellyasiya instansiyasında qeyd edilən dəlilə dair sübutların əldə edilməsini məhkəminin öhdəsinə buraxmışdır.
34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-729/2025 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.