Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-530/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: xidmət müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1582/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1 İddiaçı və cavabdeh arasında bağlanmış 10 iyul 2012-ci il tarixli, 1361 saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən hazırkı müqavilə üzrə şirkət korporativ tarif planı əsasında xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir.
2. . Müqaviləyə 01 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş nömrələr göstərilmişdir.
3. Müqaviləyə 03 saylı Əlavədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin dəyəri razılaşdırılmışdır.
4. xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən cavabdehin iddiaçıya olan borcu 1274.77 manat göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən 1274,77 manat (min iki yüz yetmiş dörd manat yetmiş yeddi qəpik) ödənilməmiş borc məbləğinin və ödənilmiş 32,75 (otuz iki manat yetmiş beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 10 iyul 2012-ci il tarixli "Mobil rabitə xidmətlərinin göstərilməsinə dair" müqaviləyə görə "xxxx" MMC sizə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini öz üzərinə götürmüşdür Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinizə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda İddiaçı MMC-yə 1274,77 manat (min iki yüz yetmiş dörd manat yetmiş yeddi qəpik) ödənilməmiş borcu qalmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1582/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız xx.xx.2024-cü il tarixli hesab faktura əlavə edilmişdir. Məhkəmə hesab etmişdir ki, hətta, həmin hesab faktura cavabdehlə bağlanmış müqaviləyə aid olsa idi belə, yenə də həmin hesab faktura 10 iyul 2012-ci il tarixli, 1361 saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilə üzrə cavabdehin borcunu təsdiq edən mötəbər sübut hesab edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan hazırkı borcu ƏDV daxil olmaqla 1274.77 manat təşkil edir. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab etmişdir ki, iddiaçıya ödənilməli olan 1274.77 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə cavabdehə 1274,77 manat məbləğində xidmət göstərildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPM-yə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 32,75 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119.1-ci maddələrini, Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarını, 9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarını tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1582/2025 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən Həmin hüquq normasına görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırki iş üzrə cavabdeh tərəfindən göstərilən maddi hüquq normasının tələbi pozularaq üzərinə düşən öhdəliyin yerinə yetirilməməsi müəyyən edilsə də, məhkəmə iddianı təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 284-5.4-ci maddəsinə əsasən Həmin normaya görə tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Hazıkri iş üzrə məhkəmə göstərilən normanı pozaraq işə sadələşdirilmiş icraat qaydasında baxılmış və sübutların kifayət olmaması əsası ilə iddianı rədd etmişdir. Hazırki iş üzrə borcu təsdiq edən əsas sübutlardan biri də sistemdən çıxarışdır. Həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə 2023-cü ilin may ayında ödəniş edilmişdir. Bundan sonrakı aylarda isə ödənişlər edilməmişdir. Həmin çıxarışda "bad debt" (problemli borc) qrafasında isə cavabdehin borcu əks olunmuş və 2024-cü ilin avqust ayına kimi həmin borc məbləği dəyişməmişdir. Bundan başqa, borcun hansı dövr üzrə, hansı nömrələrə və xidmətlərə görə yaranması barədə sübut da apellyasiya şikayətinə əlavə edilir. Həmin sübutların birinci instansiya məhkəməsində verilməməsinin səbəbi ondan ibarətdir ki, iddia ərizəsi sadələşdirilmiş icraat qaydasında verilmişdi və hazırki apellyasiya şikayətinə əlavə etdiyimiz sübutlar təqdim edilməmişdi. Məhkəmə də sübutların kifayət olmaması qənaətinə gəldiyi təqdirdə işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul etməli idi. Belə olan halda tərəfimzidən bütün sübutlar təqdim edilə bilərdi.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
13. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
“Telekommunikasiya haqqında” Qanun:
17. 4.2-ci maddəsinə əsasən telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
18. 77.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
19. 284-1 maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli,e-2-2(113)-1582/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, tərəflər arasında bağlanmış “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir.
25. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
26. Bununla yanaşı, Mülki Məcəllənin 390.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. “Telekommunikasiya haqqında” Qanunun 4.2-ci maddəsində isə təsbit edilmişdir ki, telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.
28. Bu baxımdan kollegiya hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
29. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçiyə 1 saylı Əlavədə öz əksini tapmış 144 ədəd nömrə təqdim edir, sifarişçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və danışıq haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir.
30. İddiaçı da bildirir ki, o, müqavilə üzrə xidmətləri göstərmiş, lakin cavabdeh təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
32. Belə ki, iddiaçı tərəfindən məhkəməyə yalnız xx.xx.2024-cü il tarixli hesab-faktura təqdim edilmişdir. Həmin hesab-fakturaya əsasən cavabdehin iddiaçıya olan borcu ƏDV daxil olmaqla 1274.77 manat təşkil edir.
33. Kollegiya hesab edir ki, yalnız iddiaçının özü tərəfindən tərtib edilmiş hesabfaktura əsasında iddia əsaslı hesab edilə bilməz.
34. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, müqaviləyə 1 saylı əlavəyə əsasən 144 ədəd nömrənin təqdim edilməsi xidmətlərdən istifadəni təsdiq edir. Həmçinin, iddiaçı apellyasiya şikayətinə sübutlar əlavə etdiyini və iddiaya sadələşdirilmiş icraat qaydasında baxıldığı üçün müvafiq sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
37. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin ümumi qaydalarına əsasən tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
38. İddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının dəlilləri də əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1 maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Sübut kimi apellyator apellyasiya şikayətinə dövri hesabatı və pretenziya məktubunu əlavə etmişdir. Məhkəmə kollegiyası bildirir ki, Ətraflı hesab-fakturada dövr kimi 2023-cü ilin yanvar-2024-cü il avqust ayları qeyd edilmişdir. Kollegiya qeyd edir ki, yalnız iddiaçının özü tərəfindən tərtib edilmiş sənədlər əsasında iddia əsaslı hesab edilə bilməz. Çünki cavabdehə 1274.77 manat dəyərində xidmətlər göstərildiyini, yəni cavabdehə müqaviləyə 1 saylı əlavəyə əsasən verilmiş 144 ədəd mobil telefon nömrəsi ilə həmin dəyərdə danışıq aparıldığını təsdiq edən sübutlar təqdim edilməmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1582/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.