Məhkəmə qərarları › İş №2-2(103)-532/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-532/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-532/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 817/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı xidmət müqaviləsinə əsasən icraçı, texniki göstəriciləri bu müqaviləyə edilmiş Əlavədə (Əlavələrdə) ətraflı formada qeyd olunan avadanlıqla (və ya avadanlıqları) qeyd olunan müddət və şərtlərlə müvafiq olaraq Sifarişçiyə əlavədə qeyd edilmiş xidməti göstərməyi, Sifarişçi isə öz növbəsində bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən qeyd olunan xidməti qəbulu haqqında razılığa gəlirlər. Xidmət müqaviləsinin müddəti imzalanan tarixdən etibarən qüvvəyə minir və xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilir. Müqavilənin müddətinin bitməsinə 1 ay qalmış tərəflərdən biri onun ləğv edilməsi ilə bağlı digər tərəfə yazıı formada xəbərdarlıq etməzsə, bu halda müqavilə eyni müddətə (avtomatik olaraq) növbəti il (illər) üzrə uzadılmış hesab edilir. Həmin müqavilənin: 2-ci bəndinə əsasən xidmət haqqı sifarişçi avadanlıq xidmətini əlavələrdə qeyd edilmiş avadanlığa (avadanlıqlara) görə hər bir təqvim ayı (günü) üçün xidmət haqqını ödəməyi öz öhdəsinə götürür və tərəflər razılığa gəlirlər ki, xidmət haqqı, xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində qüvvədə olacaq. İcraçı ilə Sifarişçi arasında bağlanmış Müqaviləyə əsasən İcraçı tərəfindən xidmət və digər haqqlar artırılarsa bu zaman yeni xidmət haqqı tərəflərin qarşılıqlı yazılı razılığı əsasında müvafiq qayda da artırıla (və ya azaldıla) bilər. 4.1-ci bəndinə əsasən İcraçının hüquq və öhdəlikləri. a) Sifarişçidən bu müqavilənin şərtlərinə uyğun olaraq xidmət haqqını vaxtmda ödəməyi tələb etmək; b) Bu müqavilə imzalanaraq qüvvəyə minmə tarixindən texnikaları maneəsiz olaraq tam işlək vəziyyətdə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Sifarişçinin istifadəsinə vermək; 4.2-ci bəndinə əsasən sifarişçinin hüquq və öhdəlikləri. a) Bu müqavilənin şərtlərinə uyğun olaraq, təhvil- təslim aktını aldıqdan sonra 20 təqvim günü ərzində xidmət haqqının ödəmək; Əks halda sifarişçi ödəniş şərtlərini pozduğu halda icraçı tərəfindən gecikdirilən hər gün üçün gecikmə məbləğinin 0.5 faizi həcmində cərimə olunacaqdır. b) Avadanlıqları yalnız bu müqavilədə göstərilən şərtlərlə istifadə etmək; c) Xidmətin göstərildiyi müddət ərzində avadanlıqları təmiz, səliqəli və işlək vəziyyətdə müddətinin sonunda texnikaları təbii aşınma və amortizasiya nəzərə alınmaqla qəbul etdiyi vəziyyətdə İcraçıya təhvil vermək; d) Texnikaların yanacaqla təchiz edilməsi (dizel); Yanacaq sifarişçi tərəfindən təhciz ediləcəkdir. e) Oğurluq, saxta mənimsəmə nəticəsində zərərə məruz qalmış avadanlığın təmiri zamanı xidmət haqqı daxil olmaqla bütün müddəalar üzrə sifarişçi öhtəlik daşıyır.

2. 03.06.2024-cü il tarixli, 0097 saylı hesab-fakturaya əsasən göstərilmiş xidmətin cəmi məbləği 8728,98 manat (ƏDV daxil) müəyyən edilmişdir.

3. 03.06.2024-cü il tarixli təhvil-təslim aktına əsasən müqavilə üzrə eyd olunan xidmətlərin göstərildiyi və yekun məbləğin ƏDV daxil 8728,98 manat təşkil etməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

4. 04.06.2024-cü il tarixli MT**********31 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 8728,98 manat məbləğində xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, 0130 saylı hesab-fakturaya əsasən göstərilmiş xidmətin cəmi məbləği 6535,38 manat (ƏDV daxil) müəyyən edilmişdir.

5. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən müqavilə üzrə eyd olunan xidmətlərin göstərildiyi və yekun məbləğin ƏDV daxil 6535,38 manat təşkil etməsi hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

6. 11.07.2024-cü il tarixli MT**********294 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 6535,38 manatlıq xidmətin göstərilməsinə dair e-qaimə tərtib edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı xidmət müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə may ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 8728,98 manat, iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 6535,38 manat, ümumilikdə 15264,35 manat əsas borcun, 1000 manat cərimənin, məhkəmə xərcləri ilə əlaqədar hüquqi xidmət üçün ödənilmiş 1290 manat xidmət haqqının və ödənilmiş 139 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı xidmət müqaviləsinə əsasən İddiaçı MMC Teleskopik yükləyici vasitəsi ilə yükləyici xidmətlərini həyata keçirmişdir. Cari ilin may ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 8728,98 manat, iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri ƏDV daxil 6535,38 manat təşkil etmişdir. Müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun şəkildə İddiaçı MMC üzərinə düşən öhdəlikləri icra edərək xidmətləri təhvil verməsinə baxmayaraq Cavabdeh MMC müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmir və pulun ödənilməsini təmin etməmişdir. Müxtəlif vasitəsitələrlə əlaqə saxlanılıb borcun ödənilməsi tələb edilməsinə, daha əvvəl rəsmi qaydada məktublar göndərilməsinə və Cavabdeh MMC tərəfindən borcun ödənilməsinə dair vəd edilməsinə baxmayaraq pulun ödənilməsi təmin edilməmişdir. Qeyd edilməsi zəruridir ki, Cavabdeh MMC-nin yuxarıda qeyd olunan müqavilə üzrə yaranmış borcun İddiaçı MMC-yə ödəməməsi İddiaçı MMC-nin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir. Eyni zamanda, qeyd edilməlidir ki, yuxarıda istinad olunan müqavilənin 4.2-ci bəndinin tələbinə görə Sifarişçi təhvil-təslim aktını aldıqdan sonra 20 gün müddətində ödənişi həyata keçirməlidir, əks təqdirdə gecikdirilmiş hər gün üçün 0,5 həcmində cərimə olunacaqdır. Məhz bu əsasla cavabdehin gecikdirilmiş müddət üzrə 1000 manat məbləğində cərimə tətbiq edilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, icraatda olan 2-2(113)-817/2025 saylı kommersiya işi üzrə iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı "xx.xx.2024-cü il tarixli, CES2024-0007 saylı Xidmət müqaviləsinin ləğvi və 15264,35 manat əsas borcun, 1000 manat cərimənin, məhkəmə xərcləri ilə əlaqədar hüquqi xidmət üçün ödənilmiş 1290 manat xidmət haqqının və ödənilmiş 139 manat dövlət rüsumunun ödənilməsi" tələbinə dair iddiası tamamilə qanunsuz və əsassız olduğundan etirazla qarşılanır. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı xidmət müqaviləsinin 4.1-ci bəndinin b) yarımbəndinin tələbləri "xxxx" MMC tərəfindən qəsdən pozulmuş və iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə heç bir məlumat və ya bildiriş verilmədən Müqavilə üzrə icarəyə verilmiş texnikaları xidmət ərazisində çıxarılmışdır. Nəticədə isə həmin texnikalarla Müqavilə əsasında digər hüquqi şəxs ərazisində işlərin icrası dayanmış və "xxxx" MMC-nin Müqavilə üzrə öhdəliklərini pozması və icarəyə verilmiş texnikaları xidmət ərazisindən çıxarması səbəbindən digər hüquqi şəxsin xeyrinə icra edilən işlərin vaxtında təhvil verilməsi mümkün olmamış və nəticədə "xxxx" MMC-yə 20 000 (iyirmi min) manat maddi zərər dəymişdir. Bu səbəbdən də, halhazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəfimizdən "xxxx" MMC-yə xəbərdarlıq məktubu ünvanlanmışdır. Qeyd olunanlardan da göründüyü kimi, "xxxx" MMC tərəfindən Müqavilə şərtləri kobud şəkildə pozulmuşdur və nəticədə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Bu səbəbdən də, iddiaçı "xxxx" MMC-nin hazırki iş üzrə iddia tələbi tamamilə qanunsuz və əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı "xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı Xidmət müqaviləsinin ləğvi və 15264 manat 35 qəpik əsas borcun, 1000 manat cərimənin, məhkəmə xərcləri ilə əlaqədar hüquqi xidmət üçün ödənilmiş 1290 manat xidmət haqqının və ödənilmiş 139 manat dövlət rüsumunun ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-7029/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES-2024-0007 tarixli xidmət müqaviləsinin xx.xx.2024cü il tarixindən ləğv edilmiş (xitam) hesab edilməsi, Cavabdeh MMC-dən 2024-cü ilin may ayında həyata keçirilmiş xidmətlərin dəyəri olaraq ƏDV daxil 8728,98 manat, 2024-cü ilin iyul ayında həyata keçirilmiş xidmətlərin dəyəri olaraq ƏDV daxil 6535,38 manat, ümumilikdə 15264,35 manat əsas borc, 763 manat dəbbə pulu, hüquqi yardım xərcinin əvəzi olaraq 800 manat və dövlət rüsumunun əvəzi olaraq 139 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsinə dair hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2,421.3-cü maddələrini təhlil edərək qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsidir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyadan da (cavabdehə elektron qaydada çatdırılıb) göründüyü kimi iddiaçı sifarişçi olan cavabdehdən müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməsini və müqavilənin ləğvi məsələsinə 3 gün ərzində münasibət bildirilməsi xahiş olunmuşdur. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflərdən hər biri digər tərəfi 10 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh müqavilə öhdəlikləri üzrə tələbləri yerinə yetirilmədiyindən, iddiaçı mülki qanunvericiliyin və aralarında bağlanmış müqavilənin qeyd edilən bəndlərinə əsasən müqavilənin ləğvi tələbini irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin və müqavilələrin bəndlərinə əməl edilərək aralarında bağlanmış müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini cavabdehə xx.xx.2024-cü il tarixində çatdırıldığı üçün (pretenziyada üç gün verilmiş müddət nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli CES2024-0007 saylı xidmət müqaviləsi üzrə icra edilmiş öhdəliklər üzrə yaranmış borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən tələb etmişdir. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsinə dair hüquq münasibətləri yarandığından müqavilə üzrə yaranmış mübahisəyə də mülki qanunvericiliyin podrat müqaviləsinə dair normaları əsasında hüquq dəyərləndirilmə aparılması qanunauyğundur. Məhkəmə qeyd etmişdir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İşdən göründüyü kimi müqavilə üzrə xidmətin göstərilməsinə dair tərəflər arasında tərtib edilmiş təhvil-təslim aktları cavabdeh tərəfindən imza və möhür ilə təsdiqlənmişdir. Qeyd olunanlara baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmışdır. Cavabdehin etiraz ərizəsində göstərilənlər isə iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas vermir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbini cavabdeh MMC-yə yönəltməkdə haqlı olmuş və yaranmış borc məbləği cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçı tərəf həmçinin əsas borcun gecikdirilməsinə görə cavabdeh şirkətə 1000 manat məbləğində cərimə pulu hesablamış və onun da tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan müqavilə üzrə 1000 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 763 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 1290 manat məbləğində hüquqi yardım xərci və 139 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manat və dövlət rüsumunun əvəzi olaraq 139 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 760. 752.1, 753.1, 769-cü maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 1.2, 3.1, 2.10, 2.10, 3.2, 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci iltarixli, e-2-2(113)-817/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin müvafiq normasının tələbinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Bundan əlavə, mülki qanunvericiliyin müvafiq normasının tələbinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki qanunvericiliyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. Qanunvericiliyin tələbinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Bundan əlavə, mülki qanunvericiliyin tələblərinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icraedilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - dəbbə pulundan artıq zərər tamməbləğdətutula bilər; - kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin tələblərinə tam şəkildə riayət edilmiş və yuxarıda qeyd edilən səbəblərə görə Cavabdeh İddiaçınə heç bir borcu qalmamışdır. Lakin məhkəmə tərəfindən qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuş və İddiaçı tərəfindən Müqavilə şərtlərinin və mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması və bunun nəticəsində Cavabdehnə xeyli maddi ziyan dəyməsi qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhrif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə İddiaçı Müqavilə şərtlərini kobud şəkildə pozması və Müqavilənin qüvvədə olduğu müddətdə texnikaların Müqavilə şərtlərinə zidd olaraq Cavabdehnə qabaqcadan yazılı bildiriş vermədən ərazidən çıxarılması nəticəsində öhdəliklərini pozmasına görə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən hesablanması və İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli olan cərimə məbləği ilə əvəzləşdirilməsi və bu səbəbdən də, hal-hazırda Cavabdeh İddiaçınə heç bir borcunun qalmaması qanunsuz olaraq nəzərə alınmamış, qeyd olunan məsələlər əsassız olaraq məhkəmə tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməsi, lakin iş üzrə İddiaçı Müqavilə şərtlərini kobud şəkildə pozması və Müqavilənin qüvvədə olduğu müddətdə işlərin icrası üçün zəruri olan texnikaları müqavilə şərtlərinə zidd olaraq Cavabdeh MMC-yə qabaqcadan yazılı bildiriş vermədən xidmət ərazisindən çıxarması nəticəsində öhdəliklərini pozmasına görə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, eyni zamanda mülki qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə vurulmuş maddi ziyana görə hesablanmış cərimə ilə əvəzləşdirilməsi və İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməli olan cərimə məbləğinə çıxılması və bu səbəbdən də, hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə heç bir borcunun qalmaması qanunsuz və əsassız olaraq nəzərə alınmamış, iş üzrə İddiaçı MMC-nin iddia etdiyi 15264,35 manat məbləğində pulun tələb edilməsi barədə iddiası tamamilə qanunsuz və əsassızdır və heç bir mötəbər sübut, hüquqi sənəd və real faktlarla sübuta yetirilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində qeyd olunanlar işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iş üzrə İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərini pozması məhkəmə tərəfindən araşdırılmamış və müqavilənin şərtləri, o cümlədən maddi və prosessual qanunvericiliyin tələbləri əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd edilən hallar və dəlillər tamamilə əsassızdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində müəyyən “dəlillər” gətirilsə də, onları təsdiqləyəcək hər-hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Üstəlik qeyd edilməlidir ki, cavabdeh tərəf eyni dəlilləri birinci instansiya məhkəməsində iddia ərizəsinə yazılı etirazında da, qeyd etmişdir. Lakin, həmin dəlilləri təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni dəlilləri apellyasiya şikayətində təkrarlamaqla cavabdeh sadəcə olaraq ona verilmiş hüquqlardan istifadə etməklə məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasını yubatmaq və bununla da, borcun ödənilməsindən yayınmaq məqsədini güdür. Hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün sübutları obyektiv və qərəzsiz araşdıraraq düzgün və ədalətli qərar qəbul etmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alınmasını, cavabdehin formal mülahizələr əsasında vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər..

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı etiraz ərizəsində məhkəmə iclasında iştiak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirlməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -450.2-ci maddəsinə görə öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

17. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlilləri xidmət müqaviləsi üzrə borcun və dəbbə pulunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslığı xidmət müqaviləsi üzrə borcun və dəbbə pulunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CES-2024-0007 saylı xidmət müqaviləsinə əsasən icraçı avadanlıqla (teleskopik yükləyici) xidmət göstərməyi, sifarişçi isə öz növbəsində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəfindən avadanlıqlar (xüsusi texnika) vasitəsilə xidmətlər göstərilmiş, xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları imzalanmışdır.

24. Hazırda iddiaçı sözügedən müqavilə üzrə göstərilmiş xidmətlərə görə xidmət haqqı borcunun və xidmət haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir.

25. Tərəflər arasında münasibətlərin texnikanın icarə müqaviləsindən irəli gələn münasibət olması barədə cavabdehin dəlillərininə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli müqavilənin məzmunundan da göründüyü kimi tərəflər iddiaçıya məxsus texnikanın icarəsi ilə bağlı deyil, texnika vasitəsilə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsi barədə razılığa gəlmişlər. Bundan əlavə müqavilə üzrə icraçının öhdəliklərinə avadanlığın istifadə üçün təqdim edilməsi ilə yanaşı oprerator ilə təmin edilmə (3.1-ci bəndi), zəruri hallarda avadanlığın sürücü ilə təmin edilmə (3-cü maddə) də daxil edilmişdir. Göstərilən hallar isə öz növbəsində ona dəlalət edir ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini texnikanın istifadəyə verilməsi deyil, məhz texnika vasitəsilə xidmət göstərilməsi təşkil edir. Odur ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə xidmət müqaviləsidir.

26. AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Belə olan halda xidmət haqqının tutulması hissəsində iddianın qanuni əsaslarını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

27. İddiaçının xəbərdarlıq etmədən texnikanı ərazidən çıxarması, nəticədə onlara maddi zərər vurulması, həmin zərərin xidmət haqqı ilə əvəzləşdirməli olması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən texnikanın sahədən çxıarılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin tutulması ilə bağlı tələb irəli sürmədiyindən cavabdeh tərəfindən texnikanın xidmət göstərildiyi sahədən çıxarılmasının əsaslılığı, eləcə də cavabdehə zərər vurulub-vurulmaması hazırkı iş üzrə araşdırma predmetinə daxil deyildir.

28. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan və məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri baxımından tənasübsüz surətdə yüksək olmadığından dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

29. Bununla bağlı öhdəliyin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsinin borclunu öhdəliyi icra etməkdən azad etməsi barədə dəlillərə münasibətdə qeyd edilməlidir ki, hazırkı halda cavabdehdən tutulması qət edilmiş dəbbə pulu xidmət haqqı ödəmək öhdəliyinin icra edilməməsinə görə deyil, həmin öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmışdır. Odur ki, hazırkı halda mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 450.3-cü maddəsinin tətbiqi istisna edilir.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i : Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-7029/2024 saylı saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar