Məhkəmə qərarları › İş №2-2(103)-537/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-537/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-537/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ “X7 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı ilkin, Cavabdeh “X7 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi, tələbin güzəşti, yeni sübutun qəbul edilməsi,apellyasiya baxışında yeni tələbin irəli sürülməsi, sübutların qiymətləndirilməsi, prosessual hüquq varisliyi, qarşılıqlı tələblərin əvəzləşdirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X7 (PMC)” MMC-nin nümayəndəsi (vəkili) Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə “X7 (PMC)” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” barədə ilkin, Cavabdeh MMC-nin “X7 (PMC)” MMC-yə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC ilə "xxxx" arasında bağlanmış 2020-ci il 17 mart tarixli “Dəmiryol infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanmasına dair X9”nə əsasən, tərəflər "xxxx" QSC tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” adlı layihənin işlənib hazırlanması üçün ətraflı əməkdaşlığa razılıq vermişlər.

2. Müqaviləyə əsasən, yaradılan birgə müəssisə birlikdə fəaliyyət göstərəcəkdir və hüquqi ünvanı Bahnhofstrabe 36,65185 Viesbaden, Almaniyadır. Birgə müəssisə tərəflər arasında birgə müəssisə hesab ediləcək və müqavilədə qeyd olunanlar tərəflər arasında digər fidusiar əlaqə və ya tərəfdaşlıq yaratmaq kimi təfsir edilməyəcək (1-ci bənd). Birgə müəssisə layihədə işləmək, istinad şərtlərinə və texniki təklifə əsasən xidmətlər göstərmək məqsədilə yaradılır. Tərəflər layihənin uğurunu təmin etmək üçün tam əməkdaşlıq etməyə və tədbirlər görməyə razılıq verir (2-ci bənd). "xxxx" tərəflərin fakturalarının və müştəri ("xxxx" QSC) tərəfindən ödənişlərin monitorinqi və fakturalaşma ilə bağlı maliyyə idarəetmə xidmətləri töhfəsini verəcəkdir (3.1.7-ci bənd).

3. İddiaçı MMC, "xxxx" QSC (ADY) və "xxxx" arasında “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması üçün konsultasiya xidmətləri haqqında” 2020-ci il 24 aprel tarixli müqavilə bağlanmışdır.

4. "xxxx" tərəfindən İddiaçı MMC-nin hesabına 2020-ci il 5 avqust tarixdə 9504 avro, 2020-ci il 12 avqust tarixdə 9504 avro, 2020-ci il 13 avqust tarixdə 9504 avro, 2020-ci il 21 oktyabr tarixdə 4700 avro pul köçürülmüşdür.

5. İddiaçı MMC, "xxxx" və Cavabdeh MMC arasında bağlanmış “Dəmiryol infrastrukturunun yerinə yetirilməsi üzrə iş planının işlənməsi”nə dair 2021-ci il 1 dekabr tarixli X4 əsasən, tərəflər "xxxx" QSC tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun texniki xidməti üzrə Əməliyyat Planının hazırlanması” adlı layihənin işlənib hazırlanması üçün əməkdaşlığa razılaşmışlar. Müqavilə üzrə tərəflər arasında aşağıdakı maliyyə razılaşması əldə olunmuşdur:

- Railistics (ƏDV xaric) - cəmi 952 820 avro, öncədən ödəniş 80% - 762 256 avro, 20% ehtiyat-190 564 avro, İddiaçı MMC (ƏDV xaric) - cəmi 471 092 avro, öncədən ödəniş 80% 376 873 avro, 20% ehtiyat – 94 218,40 avro. Hər bir tərəf üçün ehtiyat məbləğinin 20%-i riskin azaldılmasına ayrılacaq. Tərəflər müqavilədə qeyd olunan layihə ilə bağlı bütün xərcləri öz mütəxəssisləri və fəaliyyətləri üçün tutulan vergi əlavə olmaqla, ayrılmış büdcədən (ehtiyat məbləğdən istifadə etmədən) qarşılayacaqlar. X8 müqaviləsində və müqavilədə göstərildiyi kimi öz vəzifələrini tam şəkildə təmin edəcəklər. Ehtiyat məbləğlərdən istifadə hər iki tərəf arasında mütənasib olaraq bölünəcək (80/20). Ödəniş planı aşağıdakı şəkildə icra olunur: 1 -ci ödəniş 25% (ƏDV xaric) 94 000 manat, 2-ci ödəniş 25% (ƏDV xaric) 94 000 manat, 3-cü ödəniş 30% (ƏDV xaric) 112 800 manat, 4-cü ödəniş 20% (ƏDV xaric) 75 200 manat. Cavabdeh MMC "xxxx" QSC-dən ödəniş qəbzini aldıqdan sonra maksimum 15 iş günü müddətində İddiaçı MMC-yə yuxarıdakı köçürmələri edəcək.

6. “Railistic GmbH”, İddiaçı MMC və Cavabdeh MMC arasında 2021-ci il 14 dekabr tarixində 2020-ci il 17 mart tarixli müqaviləyə Əlavə Saziş imzalanmış, sazişə əsasən Cavabdeh MMC 2020-ci il 17 mart tarixli müqavilənin 3.1.7-ci bəndində nəzərdə tutulmuş “Railistic GmbH”-nın öhdəliklərini öz üzərinə götürmüşdür.

7. Sazişin 4-cü bəndinə əsasən, "xxxx" və Cavabdeh MMC Birgə Müəssisə haqqında müqavilənin 3.1.7-ci bəndinin Cavabdeh MMC tərəfindən yerinə yetirilməsinə və sifarişçiyə vura biləcəyi hər hansı zərərə görə birgə və ayrılıqda məsuliyyət daşıyırlar.

8. Cavabdeh MMC İddiaçı MMC-nin hesabına 2022-ci il 23 fevral tarixdə 37 600 manat, 2022-ci il 4 iyul tarixdə 94 000 manat, 2022-ci il 29 sentyabr tarixdə 8500 manat, 2022-ci il 30 dekabr tarixdə 104 300 manat pul köçürmüşdür.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 88 736 manat (ƏDV daxil) pulun ödənilməsi üçün 2023-cü il 2 mart tarixli EBDA seriyalı 255047 nömrəli elektron qaimə təqdim edilmiş və 2023-cü il 27 aprel tarixində 2021-ci il 1 dekabr tarixli X9 üzrə Cavabdeh MMC-nin ona 88 736 manat (ƏDV daxil) borcunun olması barədə maliyyə arayışı tərtib edilmişdir.

10. "xxxx" QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2023-cü il 31 iyul tarixli məktubda qeyd edilmişdir ki, “Railistics GmbH, İddiaçı MMC və ADY arasında bağlanmış 2020-ci il 24 iyun tarixli AFD/CS/QCBS/S2/2019-1 nömrəli müqaviləyə əsasən, məsləhətçi şirkət tərəfindən 2021-ci il 27 oktyabr, 2022-ci il 31 yanvar, 2022-ci il 16 dekabr və 2023-cü il 18 yanvar tarixli təhvil-təslim aktları ilə müqavilədə əks olunan hesabatlar, o cümlədən “İnfrastruktura Texniki Xidmət üzrə Əməliyyat Planı” sifarişçi təşkilata təqdim edilmiş və göstərilmiş xidmətlərin dəyəri "xxxx" QSC tərəfindən ödənilmişdir.

11. Aidiyyəti üzrə təqdim edilməsi üçün X20 tərəfindən imzalanmış xx.xx.2024cü il tarixli məktubda göstərilmişdir ki, “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması üçün konsultasiya xidmətləri haqqında” AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilə çərçivəsində layihə üzrə “X5 (PMC)” MMC-yə göstərdiyim xidmətlərə görə "xxxx"-dan 14 400 (on dörd min dörd yüz) avro məbləğində son iki hesab fakturamın ödənişlərini almışam və bu layihə ilə bağlı “X5 (PMC)” MMC-yə qarşı heç bir tələbim yoxdur”.

12. Aidiyyəti üzrə təqdim edilməsi üçün Musa Yılmaztürk tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması üçün konsultasiya xidmətləri haqqında” AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilə çərçivəsində layihə üzrə “X5 (PMC)” MMC-yə göstərdiyim xidmətlərə görə "xxxx"-dan 27 000 (iyirmi yeddi min) avro məbləğində son iki hesab fakturamın ödənişlərini almışam və bu layihə ilə bağlı “X5 (PMC)” MMC-yə qarşı heç bir tələbim yoxdur”.

13. Aidiyyəti üzrə təqdim edilməsi üçün Tural Həsənzadə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması üçün konsultasiya xidmətləri haqqında” AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilə çərçivəsində layihə üzrə “X5 (PMC)” MMC-yə göstərdiyim xidmətlərə görə "xxxx"-dan 8250 (səkkiz min iki yüz əlli) avro məbləğində son iki hesab fakturamın ödənişlərini almışam və bu layihə ilə bağlı “X5 (PMC)” MMC-yə qarşı heç bir tələbim yoxdur”.

14. Aidiyyəti üzrə təqdim edilməsi üçün Khazar Gasımzade tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması üçün konsultasiya xidmətləri haqqında” AFD/CS/QCBS/S2/2019-1 №-li müqavilə çərçivəsində layihə üzrə “X5 (PMC)” MMC-yə göstərdiyim xidmətlərə görə "xxxx"-dan 8250 (səkkiz min iki yüz əlli) avro məbləğində son iki hesab fakturamın ödənişlərini almışam və bu layihə ilə bağlı “X5 (PMC)” MMC-yə qarşı heç bir tələbim yoxdur”.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə üzrə ödənilməmiş 88 736 manat borcun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il 1 dekabr tarixli müqavilə üzrə iddiaçı öz öhdəliklərini icra etmiş, lakin cavabdeh razılaşdırılmış məbləği tam ödəməmiş və 88 736 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır.

17. Cavabdeh də qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçının "xxxx"-ya olan 43 712,26 manat məbləğində borcunun iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, 2021-ci il 1 dekabr tarixli X9 ilə iddiaçı üçün ümumi məbləğ 471 092,00 manat müəyyən edilmiş, bu məbləğin 20%-i Layihə ilə bağlı gözlənilməz xərclər üçün “risk ehtiyatı” kimi razılaşdırılmışdır. Bu, iddiaçı üçün 94 218,40 manat təşkil etmişdir. Müqavilə ilə müvafiq gözlənilməz xərclərin "xxxx" və iddiaçı arasında 80/20 nisbətində bölüşdürülməsi nəzərdə tutulmuşdur. Müxtəlif səbəblərə görə Layihə xərcləri əhəmiyyətli dərəcədə artmış, risklər üçün ayrılmış ümumi məbləğ onları tam əhatə etmək üçün kifayət etməmişdir. Bütün gözlənilməz xərcləri aparıcı partnyor "xxxx" öz üzərinə götürmüş, bu xərclər Layihənin dayandırılması və “pilot layihə” ilə bağlı olmuşdur. Layihə rəsmi olaraq 2020-ci il 3 iyun tarixində başlamış, koronovirus pandemiyası ilə əlaqədar vəziyyətə görə rəsmi olaraq 2020-ci il 27 iyul tarixindən 2021-ci il 12 aprel tarixinədək, demək olar ki, bir il müddətinə dayandırılmış, lakin fasilə zamanı aparıcı məsləhətçi "xxxx" layihə üzərində davamlı işləməli olmuşdur ki, bu gözlənilməz idi. Bu planlaşdırılmamış işin əsas səbəblərindən biri iddiaçı ilə "xxxx" QSC arasında “pilot layihə” haqqında ikitərəfli şifahi razılaşma idi. İddiaçı aparıcı partnyor kimi "xxxx" ilə məsləhətləşmədən Birgə Müəssisə adından “pilot layihə” həyata keçirməyə razılaşmışdır. Gələcək layihənin tam məzmunu üçün “nümunə” kimi xaricdən yerinə yetirilməli olan bu “pilot layihə” "xxxx" ilə “Azərbaycan Dəmir Yolları" QSC arasında mübahisəyə səbəb olmuşdur. "xxxx" izah etməli olmuşdur ki, bu “pilot layihə”ni həyata keçirmək mümkün deyil, çünki o, tam layihə ilə eyni işi ehtiva edir. Lakin "xxxx" QSC fərqli fikirdə idi və iddiaçı aparıcı partnyor "xxxx"-dan fərqli olaraq bu fikri dəstəkləmişdir. Bu “pilot layihə” və müzakirələr yüksək xərclərə və layihənin ümumilikdə böyük itkisinə səbəb olmuşdur. “Pilot layihə”nin nəticələrinin heç biri Layihə zamanı istifadə edilə bilməmiş, iddiaçının əvəzinə daha etibarlı yerli tərəfdaşları işə cəlb etmək ehtiyacını ortaya çıxarmışdır. Nəticədə "xxxx" QSC Birgə Müəssisəyə olan etimadını itirmiş və bu etimad sonradan Bakıda iş zamanı yüksək səylə yenidən bərpa olunmuşdur. Bu “pilot layihə” üzrə xərclər cəmi 235 345,65 avro təşkil etmişdir. "xxxx" və iddiaçı arasında bölüşdürülürsə, bu məbləğ "xxxx" üçün 80% - 188 276,52 avro və iddiaçı üçün 20% - 47 069,13 avro və ya 87 165,06 manat kimi bölünür. Bu xərclər gözlənilməz olmuş və onlar Layihənin müqavilə ilə müəyyənləşdirilmiş məzmunu ilə əlaqəli olmamışdır. Bundan əlavə, onlar X9ndə təsbit olunmuş layihə tərəfdaşları arasında razılaşdırılmış koordinasiya olmadan iddiaçı tərəfindən başlanmışdır. Bundan əlavə, hesabatların və nəticələrin hazırlanması və "xxxx" QSC ilə müzakirəsi tam olaraq "xxxx" tərəfindən həyata keçirilməli olduğu üçün iddiaçı bu gözlənilməz işin həllinə töhfə verməmişdir. 2020-ci il 17 mart tarixli X4 əsasən, iddiaçı yerli dəstək işlərini həyata keçirməli idi. Buraya tapşırıqların həyata keçirilməsində dəstək, tapşırıqların uğurla yerinə yetirilməsinə vaxt ayırmaq, ekspertlərin fəaliyyətini təmin etmək, məlumatların toplanması və yayılmasında köməklik, yerli hakimiyyət orqanları ilə əlaqə, ofis dəstəyi, hesabatların və təqdimatların tərcüməsi, ekspertlər üçün əsas sənədlərin tərcüməsi daxil idi. İddiaçı yerli katiblik və tərcümə fəaliyyətləri ilə bağlı 2020-ci il 17 mart tarixli X4 qismən əməl etmiş (tərcümə işi çox gec başlamış, bu da layihənin yekunlaşdırılmasının bir neçə ay gecikməsinə səbəb olmuşdur), "xxxx" QSC ilə yerli əlaqə ümumiyyətlə həyata keçirilməmişdir. Buna görə də, ADY yerli dəstək üçün əlavə işçilər işə götürməyi xahiş etmiş, "xxxx" bu məqsədlə cənab Ramin Nurullanı işə götürmüşdür. Bunun üçün xərclər tamamilə gözlənilməz olduğundan Layihənin risklə bağlı xərclərinə əlavə edilməlidir. Bu əlavə işçinin cəlb edilməsinə ehtiyac yalnız iddiaçı mütəxəssislərinin layihə ilə bağlı ADY ilə əlaqədə öz vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar olmuşdur. X13 2021-2022-ci illər arasında cəlb edilməsi ilə bağlı xərclər 67 067,53 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ "xxxx" üçün 80% - 53 654,02 avro, iddiaçı üçün isə 20% -13 413,51 avro və ya 24 839,83 manat təşkil etmişdir. Yuxarıda qeyd edildiyi kimi, layihənin dayandırılması nəticəsində ADY Birgə Müəssisəyə etimadını itirmiş, buna görə də Layihənin nəticələrinə və davam edən iş performansına nəzarət etmək üçün Birgə Müəssisədən neytral və etibarlı ekspert işə götürülməsini gözləmişdir. "xxxx" layihədə həyata keçirilən işlərlə tanış olan cənab Pol Paueri işə götürmüşdür. Onun cəlb edilməsi gözlənilməz idi. X18 cəlb edilməsi ilə bağlı xərclər 25 050,00 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ "xxxx" üçün 80% - 20 040,00 avro və iddiaçı üçün 20% - 5010,00 avro və ya 9277,78 manat təşkil etmişdir. Bu Layihədə iştirak edən ekspertlər komandası qismən Birgə Müəssisə şirkətlərinin işçiləri və qismən də kənar məsləhətçilər kimi işə götürülmüşdür. "xxxx" tərəfindən işə götürülən məsləhətçilər "xxxx"-nın müqaviləyə uyğun Layihə payının, iddiaçı tərəfindən işə götürülən ekspertlər isə onun müvafiq Layihə payının bir hissəsidir. 2023-cü ilin yanvar ayında ADY tərəfindən 3-cü ödəniş tamamlanmış və müqaviləyə uyğun olaraq müvafiq məbləğ iddiaçıya köçürülmüşdür. İddiaçının ekspertləri "xxxx"-ya müqavilələrinə uyğun olaraq ödənişlərini ADY-nin istəyi ilə Layihənin Bakıda keçiriləcək yekun təqdimatına getməkdən imtina etdiklərini bildirmişlər. Bu, iddiaçı tərəfindən müqavilənin pozulmasını təşkil edir və "xxxx"-nın ADY qarşısındakı reputasiyasına təsir göstərir. Bundan əlavə, iddiaçı subpodratçı ekspertlər Halil Demir, Musa Yılmaztürk, Tural Hezenzade və Xəzər Qasımzadəyə bildirmişdir ki, "xxxx" onların ödəmə məbləğini iddiaçıya ödəmədən tutmuşdur, buna görə də iddiaçı mütəxəssislərə pul ödəməyəcək. Bu, həqiqətə uyğun olmayan bəyanatdır və dərhal iddiaçının məsul şəxsi Nümayəndə bu haqda bildirilmişdir. "xxxx" və Layihənin uğuru həmin ekspertlərin töhfəsindən çox asılı idi. Mütəxəssislər gözləntilərə uyğun nəticələr versələr də, müqavilələrinə uyğun olaraq maaş almadıqları halda bu, Birgə Müəssisə və "xxxx"-nın reputasiyasına da mənfi təsir göstərərdi. Buna görə də "xxxx" bu ekspertlərə birbaşa ödəniş etmişdir. Çünki iddiaçı açıq şəkildə bildirmişdir ki, onlar 4-cü ödənişi aldıqda belə ekspertlərə pul verməyəcəklər. Bu məbləğ 91 848,00 manat təşkil etmişdir. Bu məbləğ tam şəkildə iddiaçı tərəfindən ödənilməli idi. Risklə bağlı xərclər üzrə ödənişlərin ümumi məbləği 327 463,18 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ "xxxx" üçün 80% - 261 970,54 avro və iddiaçı üçün 20% - 65 492,64 avro və ya 121 282,66 manat təşkil etmişdir. Bu məbləğ iddiaçı ilə bağlı ehtiyat məbləğ olan 94 218,40 manatdan 27 064,26 manat çoxdur. 20% risk ehtiyatının məbləği faktiki xərcləri ödəmədiyindən əlavə xərclər də X9ndə razılaşdırıldığı kimi tərəflər arasında bölüşdürülür. Buna görə də 27 064,26 manat məbləğində risklə bağlı əlavə xərclər iddiaçıya 4-cü ödənişdən çıxılmışdır. Eyni zamanda iddiaçının ekspertlərinə ödəniş – 91 848,00 manat da iddiaçıya 4-cü ödənişdən çıxılmalıdır. Bu halda iddiaçıya ödənişdən çıxılacaq ümumi məbləğ 118 912,26 manat edir. İddaçıya 4-cü ödənişin məbləği 75 200,00 manat olmalı idi. İddiaçı tərəfindən "xxxx"-ya ödənilməli məbləğ isə 118 912,26 manat təşkil edir. Bu halda iddiaçının "xxxx"-ya 43 712,26 manat borcu yaranmış olur. Ümumiyyətlə hazırkı iddia üzrə əsl cavabdeh Almaniya Federativ Respublikasının hüquqi şəxsi olan "xxxx"-dır. Məhkəmə tərəflər arasındakı həqiqi münasibətləri fərqli dəyərləndirərsə və iddiaçının iddiası üzrə həqiqi cavabdehin Cavabdeh olması nəticəsinə gələrsə, bu hal üçün Cavabdeh "xxxx"-nın adından 43 712,26 manat borcu tələb etmək hüququ yaranır.

19. İddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddiaya etirazında bildirmişdir ki, iddiaçı və cavabdeh tərəf eyni hüquqlu tərəflər olaraq “birgə iştirak” ilə layihəni təhvil veriblər, müştəri tərəfindən uğurlu şəkildə təhvil alınıb və hər hansı iddia qaldırmayıb. Ehtiyat vəsaitdən gözlənilməz xərclərə sərf olunmasına icazə verilən xərc təyinatı müqavilənin 2-ci səhifəsinin yuxarıdan 2-ci bəndi və sonrakı nömrələnmiş 1, 2 və 3-cü bəndləri ilə açıq-aydın göstərilib və razılaşdırılıb. Orada açıq şəkildə birbaşa ekspert xərclərinə və ya digər birbaşa layihə xərclərinə sərf olunmayacağı tərəflər arasında razılaşdırılıb. Layihə sonuna qədər də tərəflər buna uyğun hərəkət edib. Bu mənada qarşı tərəfin qeyd etdiyi onun üçün yaranan əlavə xərclər bu təyinata daxil olmadığından ehtiyat vəsaitdən və ya iddiaçıdan tutula bilməz. Başlıca məqam odur ki, müştəri/sifarişçi ilə ortada razılıq/protokol var və layihəyə fasilə verilməsi əlavə xərc yarada bilməz. Bundan əlavə, iddiaçının guya “şifahi” olaraq müştərinin/sifarişçinin qərarına təsir etməsi həm əsassız, həm də ən böyük dövlət müəssisələrindən biri olan ADY-nin qərarverici komandasına hörmətsiz fikirdir. İddiaçı nəinki müştəriyə, hətta Railistics-ə əlavə xərc çəkdirmək üçün qərarına təsiredici gücə malik deyildir. Bu baxımdan Railistics sadəcə bu xərci çəkməyə özü qərar verib. Bunun əksini sübut edən sübut yoxdur. Anlaşılandır ki, müştəridə narazılıq yaratmamaq və onu məmnun saxlamaq üçün bu addımlar əsas tərəfdaş tərəfindən atılıb və müəyyən xərclər yaranıb. İddiaçı da bu layihə fasiləsi və “Pilot Layihə” çərçivəsində əsaslı səviyyədə əlavə xərclər çəkib və iqtisadi faydalar itirib. Amma yuxarıda qeyd olunan razılıq çərçivəsində bu əlavə xərcləri cavabdehdən tələb etmir. Çünki müqavilə buna icazə vermir. Məsələnin qısa xülasəsi budur ki, bu xərclər cavabdehin öz qərarı ilə yaranan əlavə layihə xərcləridir. Digər ekspertlərin (Ramin Nurulla və Pol Pauerin) cəlb olunması ilə əlaqədar xərclər və bununla bağlı qeyd olunanlar əsassız və uydurmadır. Həmin ekspertlər, Railistics tərəfindən cəlb olunan əlavə resurslardır. Buna dair kifayət qədər müştəri ilə yazışması və layihə sənədləri/protokolları var. Cavabdehin iddia sənədinə sübut kimi əlavə etdiyi görüş protokollarında belə bunu sübut edən faktlar var - X11 layihə meneceri kimi görüşdə iştirak edib. Bu ekspertlərin müqaviləsi Railistics-lədir və iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının iş keyfiyyəti ucbatından əlavə xərclər yaradan yubanmanın olmasına, qeyd olunan əlavə ekspertlərin layihə çərçivəsində razılaşdırılan iddiaçının büdcəsində olduğuna, iddiaçı ilə bu "əlavə ekspertlərin” müqaviləsi olduğuna, iddiaçının bu ekspertlərlə bağlı yarancaq əlavə xərcləri qarşılayacağına dair razılığının olduğuna dair sübut təqdim olunmayıb.

20. Birinci instansiya məhkəməsinin 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

21.1. 2021-ci il 14 dekabr tarixli Əlavə Sazişə əsasən "xxxx" iddiaçı ilə aralarında bağlanmış 2020-ci il 17 mart tarixli X9 üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş və iddiaçı kreditor olaraq buna icazə vermişdir. Belə olan halda isə Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən Cavabdeh MMC borclu "xxxx"-ni əvəz etmişdir. 21.2. Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə cavabdeh olsa da, 2021-ci il 1 dekabr tarixli müqaviləyə əsasən 4 mərhələdə ödənilməli olan ödənişlərin üçünü ödəmiş, 4-cü mərhələ üzrə ödənilməli olan ƏDV ilə birlikdə 88 736 manatı ödəməkdən imtina etmişdir. Halbuki cavabdeh "xxxx" QSC-dən ödəniş qəbzini aldıqdan sonra maksimum 15 iş günü ərzində iddiaçıya köçürməni etməli idi. Cavabdehin öhdəliyin icrasından imtina etməsi şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, şahid, "xxxx"-nin rəhbəri X16 Sauerbreyin ifadəsindən də aydın olur ki, iddiaçıya ödənilməli olan məbləği cavabdeh tərəf onun göstərişi ilə, iddiaçının ekspertlərə pul ödəməsi üçün təzyiq vasitəsi olaraq qəsdən ödəməmişdir. Hətta şahid iddiaçının ekspertlərə pul ödəməyə söz verəcəyi halda özünün ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını da bildirmişdir. İddiaçının başqa şəxslər (ekspertlər) qarşısında öhdəliyinin olması və cavabdeh tərəfindən iddiaçının razılığı olmadan həmin öhdəliyin icra edilməsi cavabdehi iddiaçı qarşısındakı öhdəlikdən imtina etməsinə əsas vermir. Buna görə də iddiaçı cavabdehdən 88736 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. 21.3. Cavabdehin 2020-ci il 17 mart tarixli müqaviləyə əsaslanaraq "xxxx"-yə ödənilməli olan borcu iddiaçıdan tələb etmək hüququ olmadığından, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, 2021-ci il 14 dekabr tarixli Əlavə Sazişə əsasən "Railistics GmbH” 2020-ci il 17 mart tarixli müqavilə üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş, lakin tərəflər arasında "Railistics GmbH”-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Halbuki sadə yazılı formada bağlanmış 2020-ci il 17 mart tarixli müqaviləyə əsaslanan tələbin güzəşti də həmin yazılı formada həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi "Railistics GmbH”-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı məhkəməyə müqavilə təqdim etməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1, 194.2, 194.4, 385.1, 386.1, 390.1, 425, 427.3, 430.1, 430.2, 442, 448.1, 522.1, 522.2, 522.3-cü, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, sübutlara düzgün qiymət verilmədiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Məhkəmə Cavabdehın qarşılıqlı iddiada göstərilən tələbləri irəli sürmək hüququnun olmadığına görə faktiki hallara qiymət verməmişdir. Əlavə olaraq məhkəmə şahid, "xxxx"-nın rəhbəri X12 ifadələrini tam qeyd etməmiş və düzgün təfsir etməmişdir. Nəzərə alınmalıdır ki, Udo Sauerbrey xarici dildə (alman dilində) danışmış və nitqi tərcümə olunmuşdur. O, əslində demək istəmişdir ki, (məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli mülahizələrdə də göstərildiyi kimi), PMC 3-cü ödənişi aldıqdan az sonra Railistics-ə qarşı hüquqi proseslərə başladı. Railistics bütün əvvəlki hesabfakturalar dərhal ödənildiyi kimi, 4-cü PMC-yə eyni şəkildə ödəyəcəkdi. Railisticsin hesab-fakturaları ödəməyəcəyini güman etmək üçün ən kiçik səbəb yox idi. Mübahisəyə yalnız PMC-nin iddia qaldırması səbəb oldu. Railistics də belə olan halda 4-cü ödənişi PMC-yə deyil, PMC-nin ekspertlərinə etmişdir. Bu konteksdə məhkəmənin qeyd etdiyi “iddiaçının ekspertlərə pul ödəməyə söz verəcəyi halda özünün ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını da bildirmişdir” cümləsi məhkəmə tərəfindən düzgün başa düşülməmişdir. X15 PMC-nin iddia qaldırdığı halda ona ödəniş edilməsinin əhəmiyyətsiz olduğunu və PMC iddiasını geri götürəcəksə, ekspertlərə ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını bildirmişdir. Buna uyğun olaraq məhkəmənin qeyd etdiyi 4-cü ödənişin “iddiaçının ekspertlərə pul ödəməsi üçün təzyiq vasitəsi olaraq qəsdən ödənilməməsi” fikri kontekstdən çıxarılaraq qeyd olumuşdur. Belə ki, Udo Sauerbrey özü belə bir fikir səsləndirməmişdir. Hakim məhz bu sualı ünvanlamış, Udo Sauerbrey isə sadəcə cavab vermişdir. X14 xarici dildə danışması və buna uyğun olaraq yarana biləcək anlaşılmazlıqlar da nəzərə alınmalıdır. İstənilən halda isə bu, hüquqi əhəmiyyəti olmayan ifadə olmuşdur. Məhkəmə də bu ifadəyə istinad etsə də, ona hüquqi qiymət verə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, (qətnamənin 13-cü səhifəsi), "xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən "Railistics GmbH” iddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli X9 üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş və iddiaçı kreditor olaraq buna icazə vermişdir. Belə olan halda isə Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən Cavabdeh MMC borclu "Railistics GmbH”ni əvəz edir və Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə cavabdehdir”. Cavabdehın PMC-nin iddiasına qarşı 05 iyun 2023cü il tarixli etirazında onun əsl cavabdeh olmadığı, əsl cavabdehin Railistics GmbH olduğu əsaslandırılmış, 05 iyun 2023-cü il tarixli qarşılıqlı iddia isə buna uyğun olaraq məhkəmə tərəfindən həmin etiraz nəzərə alınmayacağı halda təmin olunması qeyd-şərti ilə irəli sürülmüşdü. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 22(102)-626/2023 nömrəli qərarı ilə Railistics Azərbaycanın etirazı təmin edilməmişdir. Belə olan halda, əgər Railistics Azərbaycan da bu iş üzrə cavabdeh, yəni borclu heab edilirsə, onda Railistics Azərbaycan və Railistics GmbH birgə borclular hesab edilir. Railistics Azərbaycanın Railistics GmbH-nı əvəz etməsinə gəldikdə isə, Railistics Azərbaycan cavabdeh kimi tanındığından, məhkəmə özünün də istinad etdiyi xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmanın 4-cü bəndini də nəzərə almalı idi. Həmin bəndə əsasən Aparıcı Tərəfdaş (Railistics GmbH) və Railistics Bakı (Railistics Azərbaycan) Birgə Müəssisə haqqında Müqavilənin 3.1.7-ci bəndinin Railistics Bakı tərəfindən yerinə yetirilməsinə və Railistics Bakının Sifarişçiyə vura biləcəyi hər hansı zərərə görə birgə və ayrılıqda məsuliyyət daşıyırlar. Beləliklə, Railistics Azərbaycan hətta cavabdeh olsa belə, Railsitcs GmbH-nı əvəz etməmişdir və Railistics Azərbaycan və Railistics GmbH birgə borclulardır. Mülki Məcəllənin 502-ci maddəsinə əsasən birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır. Eyni zamanda Mülki Məcəllənin 503-cü maddəsinə əsasən borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Railistics Azərbaycan və Railistics GmbH birgə borclular olduğundan Railistics Azərbaycanın Railistics GmbH-nın PMC-yə qarşı irəli sürə biləcəyi bütün qarşılıqlı tələbləri irəli sürmək hüququ, yəni subyektiv hüququ var. Məhkəmə qeyd etmişdir ki (qətnamənin 13-cü səhifəsi), "İddiaçının başqa şəxslər (ekspertlər) qarşısında öhdəliyinin olması və cavabdeh tərəfindən iddiaçının razılığı olmadan həmin öhdəliyin icra edilməsi cavabdehi iddiaçı qarşısındakı öhdəlikdən imtina etməsinə əsas vermir”. Mülki Məcəllənin 431.1-ci maddəsinə görə öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Göründüyü kimi, məhkəmə kobud səhvə yol verərək, öhdəliyin üçüncü şəxs tərəfindən icrası zamanı kreditorun razılığının tələb olunmamasını müəyən edən Mülki Məcəllənin 431.1-ci maddəsini nəzərə almamışdır. Railistics GmbH tərəfindən PMC-nin ekspertlərinə ödənişi təsdiq edən ekspertlərin məktubları iki dəfə məhkəmə təqdim olunmuşdur. Üçüncü şəxs tərəfindən öhdəliyin icrası nəticəsində kreditor əsassız varlanmış olur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Öhdəliyə xitam verilməsi mübahisəsiz olaraq varlanma hesab olunur. PMC varlanıb. Mütəxəssislərə ödəniş Railistics GmbH tərəfindən edildiyinə görə PMC Railistics GmbH-nın hesabına varlanıb. PMC-nin bu cür varlanması üçün hüquqi əsas mövcud deyildi (yəni, Railistics GmbH-nın, məhkəmənin də qeyd etdiyi kimi, PMC-nin ekspertlərinə ödəniş etmək öhdəliyi yox idi). Beləliklə, Railistics GmbH tərəfindən mütəxəssislərə edilmiş ödənişlər nəticəsində PMC əldə etdiklərini Railistics GmbH-ya qaytarmalıdır. Başqa sözlə, Railistics GmbH-nın PMC- yə qarş tələbi mövcuddur. Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Railstics GmbH PMC-nin tələblərini özünün PMC-yə qarşı ola tələbləri ilə əvəzləşdirmişdir. Yaranan əlavə fərq isə PMC-dən tələb olunur. PMC bu əvəzləşdirmədən ən azı qarşılıqlı iddia qaldırıldığı vaxtdan məlumatlı olmuşdur. Yuxarıda əsaslandırıldığı kimi, birgə borclular olduğundan, Railsitcs Azərbaycan Mülki Məcəllənin 502 və 503-cü maddələrinə uyğun olaraq Railistics GmbHnın PMC-yə qarşı irəli sürə biləcəyi bütün tələb və etirazları irəli sürə bilər. Xüsusilə, Mülki Məcəllənin 503-cü maddəsinin 2-ci cümləsinə əsasən borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə də qalan borcluları icradan azad edir. Əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş Railistics GmbH-nın qanuni təmsilçisi Udo Sauerbrey də tələblərin Railistics Azərbaycan tərəfindən irəli sürülməsinə razı olmuş və buna etiraz etməmişdir. Əgər Railistics Azərbaycanın bu tələbləri irəli sürmək üçün subyektiv hüququ yox idisə, məhkəmənin 2 saata yaxın müddət ərzində Udo Sauerbreydən nəyə görə PMC-nin ekspertlərinə ödəniş etməsini soruşması da sual doğurur - bu, qarşılıqlı iddia ilə bağlı məsələ idi. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddənin mətnindən tamamilə aydındır ki, məhkəmə iddiaçının tələb hüququ olmayan şəxs olması nəticəsinə gəldikdə onun əsl cavabdehlə əvəz edilməsini təklif emtəli və iddiaçının razılığı olmadıqda iddiaya irəli sürülmüş tələblər üzrə baxmalıdır. Yəni, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsinin həlli məkəmənin vəzifəsidir. Bu, məhəkəmə təcrübəsində də öz əksini tapır. Məsələn, Ali Məhkəmənin 2(102)-474/2020 №-li, xx.xx.2020-ci il tarixli qərarını (səhifə 6), 2(102)-213/2022 №li, xx.xx.2022-ci il tarixli qərarını (26 və 28-ci bəndlər) qeyd etmək olar. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tələb hüququ Cavabdeha deyil, “Railistcs GmbH”-ya məxsusdur. Belə olan halda, məhkəmə tərəfindən iddiaçının (Railistics Azərbaycanın) əsl iddiaçı (Railistics GmbH) ilə əvəz edilməsini təklif etməli idi. Məhkəmə belə bir təklif etməmiş, Railistics Azərbaycan da bundan imtina etməmişdir. Məhkəmə də qətnamədə bu haqda heç bir qeyd etməyib. “Railistcs GmbH”-nin qanuni təmsilçisi Udo Sauerbreyin məhkəmə iclasında iştirak etməsi və Railistics Azərbaycanın tələblərinə uyğun ifadə verməsi də onu ifadə edir ki, Railistics Azərbaycan üçün tələbin Railistics GmbH tərəfindən irəli sürülməsi təklifi etirazla qarşılanmayacaqdı. Beləliklə, məhkəmə kobud prosessual səhvə yol vermişdir. Railistics GmbH tərəfindən PMC-nin ekspertlərinə ödənişi təsdiq edən ekspertlərin məktubları (iki dəfə), habelə "pliot layihə” və Ramin Nurulla/Pol Pauerlə bağlı Railisticsin xərclərini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmudur. Məhkəmə bu sənədləri nəzərə almamaqla, tərəflər arasında olan real faktiki vəziyyəti düzgün qiymətləndirməmişdir və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ümumilikdə məhkəmənin gəldiyi nəticə maddi və prosessual ədalət baxımdan uğurlu hesab edilə bilməz. Bu qətnamə nəticəsində Railistics iki dəfə ödəniş etmiş olur - PMC-nin ekspertlərinə (bu ödənişin qaytarılması üçün hüquqi əsas mövcud deyil) və PMC-yə amma onun PMC-yə qarşı olan tələbləri isə nəzərə alınmamış olur. Bu nəticə tərəflər arasındakı faktiki maraqlar balansını nəzərə almamışdır və ona uyğun deyil. Məhkəmə Railistics Azərbaycan tərəfindən tələbin güzəşti haqqında müqavilənin təqdim ediləcəyi halda subyektiv hüququnun olacağını qeyd etmişdir (qətnamənin 14-cü səhifəsi). Buna müvafiq olaraq, 29 aprel 2024-cü il tarixində bağlanmış, 1 iyun 2023-cü il tarixindən qüvvəyə minən tələbin güzəşti haqqında müqavilə təqdim olunur. Qeyd olunduğu kimi, məhkəmə tərəfindən Railistics Azərbaycanın subyektiv hüququnun olmaması ilk dəfə məhz qətnamədə qeyd edilmişdir. Tələbin güzəşti haqqında müqavilənin tələb olunması da yalnız qətnamə ilə bildirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsl iddiaçı ilə əvəz olunması məsələsini həll etmək və bu təşəbbüsü irəli sürmək məhkəmənin vəzifəsi olmuşdur. Məhkəmə isə bu vəzifəsini icra etmədən qətnamə qəbul etmişdir. Railistics Azərbaycan üçün bu, gözlənilməz idi. Ona görə də bu müqaviləni yalnız indi təqdim etmək mümkündür. Mülki Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Buna görə də müqavilənin 1 iyun 2023cü il tarixdən qüvvəyə minməsi maddi hüquqi baxımdan mümkündür. Bu məsələnin ortaya çıxması məhkəmənin öz vəzifəsini icra etməməsindən qaynaqlandığından, bu müqavilənin məhkəmə tərəfindən qəbul edilməsi prosessual hüquq baxımından da mümkündür. Bu müqavilə PMC-nin maraqlarını da pozmur. Belə ki, Mülki Məcəllənin 194.1-ci maddəsinin birinci cümləsinə əsasən tələbin güzəşti zamanı borclunun razılığı tələb olunmur. Əlavə olaraq Mülki Məcəllənin 195-ci maddəsinə əsasən tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Həmçinin Mülki Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Beləliklə, müqavilə 1 iyun 2023-cü il tarixindən qüvvəyə mindiyi halda, bu PMC-nin maraqlarını pozmur, çünki o, bu vaxta qədər öhdəliyini "xxxx" qarşısında icra etmiş olsaydı, “Railistcs Azərbaycan” qarşısında öhdəliyin icrasından azad olardı. Həmçinin PMC “Railistcs GmbH”-ya qarşı irəli sürə biləcəyi etirazları Cavabdeha qarşı da irəli sürə bilər. Beləliklə, tələbin güzəşti haqqında müqavilə apellyasiya məhkəməsi tərəfindən qəbul edilə bilər”.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 11 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıdan yaranmış xərclərlə bağlı pul tələb etsə də, onların arasında layihələrlə bağlı müqavilə bağlanmamış, Almaniyada yaradılmış şirkət "xxxx" iddiaçıya olan tələb hüququnu cavabdehə güzəşt etməmiş, yalnız sazişlə müəyyən edilmişdir ki, iddiaçının ödəniş tələbini cavabdeh təmin etməlidir. Yəni sazişlə Almaniya şirkəti iddiaçı qarşısında öhdəliyini cavabdehə ötürmüşdür. Göründüyü kimi tərəflər arasında birbaşa müqavilə münasibətləri yaranmadığından cavabdehin subyektiv tələb etmə hüququ yaranmamışdır.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin "xxxx" birgə borclu olduğundan Mülki Məcəllənin 503-cü maddəsinə əsasən subyektiv hüququ vardır” dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 522.1-ci maddəsinə görə üçüncü şəxs borclunu əvəz edir və birgə borclu olmaları istisna edilir. Odur ki, Mülki Məcəllənin 503-cü maddəsinin tətbiq edilməsi mümkün deyil.

27. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 194.1, 194.2, 194.4, 385.1, 386.1, 425, 430.1, 442, 448.2, 448.3, 503, 522.1, 522.2, 522.3-cü və MPM-in 14.2, 77.1, 88, 372.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

28. Cavabdehin nümayəndəsi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 11 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

30. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

30.1. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin 2020-ci il 17 mart tarixli müqaviləyə əsaslanaraq "xxxx"yə ödənilməli olan borcu iddiaçıdan tələb etmək hüququ yoxdur. Belə ki, 2021-ci il 14 dekabr tarixli Əlavə Sazişə əsasən "Railistics GmbH” 2020-ci il 17 mart tarixli müqavilə üzrə tərəfindən ödənişlərin iddiaçıya verilməsi öhdəliyini cavabdehə vermiş, lakin tərəflər arasında "Railistics GmbH”-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı müqavilə bağlanmamışdır. 30.2. Apellyasiya məhkəməsi də bu mövqe ilə razılaşaraq, cavabdehin "xxxx" ilə birgə borclu olması barədə dəlilinə münasibətdə onu da qeyd etmişdir ki, MM-in 522.1-ci maddəsinə görə üçüncü şəxs borclunu əvəz edir və birgə borclu olmaları istisna edilir. Ona görə MM-in 503-cü maddəsinin tətbiq edilməsi mümkün deyil. 30.3. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə MPM-in 372.2-ci maddəsinin tələbləri pozulmaqla baxılmışdır. 30.4. Belə ki, işin materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə "xxxx" tərəfindən iddiaçıya qarşı tələbinin ona güzəşti haqqında 2024-cü il 29 aprel tarixli müqavilə əlavə edilmiş və sonuncu tərəfindən bu sübutun yeni təqdim edilməsi, subyektiv hüquqlarının olmaması barədə mövqeyin ilk dəfə birinci instansiya məhkəməsinin qətnaməsində ifadə edilməsi, bundan sonra aralarında tələbin güzəştinə dair hazırkı müqavilənin bağlanması ilə əsaslandırılmışdır. 30.5. Apellyasiya məhkəməsi isə qeyd olunan sübuta ümumiyyətlə qiymət verməmiş, MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından həmin sübutun qəbul edilib-edilməməsi məsələsini tərəflərlə müzakirə etməmiş, bu barədə heç əsaslandırma aparmamışdır. 30.6. Halbuki, mübahisənin düzgün hüquqi həlli baxımından bu sübutun qəbul edilib-edilməməsi məsələsi əhəmiyyət kəsb edir. Belə ki, həmin sübut cavabdehin qarşılıqlı iddianı qaldırmağa dair subyektiv hüququnun olub-olmaması ilə bağlıdır ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd etməsinin əsası da məhz cavabdehin subyektiv hüququnun olmaması ilə bağlı olmuşdır. 30.7. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddiaya aid hissədə apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə biləcək şəkildə pozulmuşdur ki, bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. 30.8. Bu zaman nəzərə alınmalıdır ki, hazırda ilkin iddianın əsaslılığı mübahisə olunmasa da, qarşılıqlı iddia ilkin iddia üzrə tələb edilən məbləğin qarşılıqlı borclar üzrə əvəzlənməsi ilə bağlı olduğundan, ilkin iddia üzrə hər hansı məbləğin tutulubtutulmaması, o cümlədən tutulacaq borcun məbləği qarşılıqlı iddiaya münasibətdən asılıdır.

Apellyasiya şikayətinə qarşı etiraz

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Təkrar apellyasiya baxışı, izahatlar

32. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi isə qarşılıqlı iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

33. Təkrar apellyasiya baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanan ərizədə göstərilmişdir ki, “Ali Məhkəmənin qərarına uyğun olaraq, tərəflər arasında mübahisələndirilməyən qismi üzrə 4-cü ödəniş (88 736 manat) üzrə iddiamızın yenə Ali məhkəmənin qərarına uyğun olaraq təmin olunmasını xahiş edirik. Yenə Ali məhkəmənin qərarına uyğun olaraq, cavabdeh tərəfindən mübahisələndirilən və tərəflərin risk ehtiyatından 80/20 prinsipinə uyğun olaraq əvəzləşdiriilməsi istənilən məbləğin son ödənişdən (5-ci ödənişdən, qaiməsi əlavə olunub) tutulmasına/azaldılmasına etiraz etmirik”.

34. Təkrar apellyasiya baxışı zamanı cavabdehin (qarşılıqlı iddiaçının) nümayəndəsi (vəkili) “apellyasiya şikayətinə əlavə” adlandırdığı aşağıdakı məzmunda ərizə təqdim etmişdir: “...Qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yenidən baxılır və ilk dəfə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qəbul etdiyi 2024-cü il 11 iyul tarixli 2-2(103)-674/2024 nömrəli qətnaməsi Ali Məhkəmə tərəfindən ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-2(102)15/2025 nömrəli qərarında göstərilir ki, “hazırda ilkin iddianın əsaslılığı mübahisə olunmasa da, qarşılıqlı iddia ilkin iddia üzrə tələb edilən məbləğin qarşılıqlı borclar üzrə əvəzlənməsi ilə bağlı olduğundan, ilkin iddia üzrə hər hansı bir məbləğin tutulub-tutulmaması, o cümlədən, tutulacaq borcun məbləği qarşılıqlı iddiaya münasibətdən asılıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hər iki iddiaya birgə qiymət verilməsi üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir...” (qərarın 48-ci bəndi). Ali Məhkəmənin yuxarıdakı göstərişlərindən irəli gələrək, cavabdeh məhkəmənin icraatında olan iş üzrə tərəflərin pul tələblərinin nədən ibarət olmasını, həmin tələblərin əvəzləşdirilə bilməsi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirilməsini və bundan irəli gələn prosessusal məsələlərlə bağlı mövqeyini aşağıdakı qaydada dəqiqləşdirməyi zəruri hesab edir. 1. İddiaçının pul tələblərinin mahiyyəti (maddi hüquqi baxımdan). 1.1. İddiaçının maddi hüquqi baxımdan tələbi aydındır - cavabdehdən 88 736 manat pulun alınmasını tələb edir. Tələbin əsasını tərəflər arasında bağlanmış 1 dekabr 2021-ci il tarixli X2 (bundan sonra - “BMM”) 3-cü bəndinə əsasən 4-cü ödənişlə bağlı müqavilə şərti təşkil edir ki, buna əsasən ƏDV-siz 75 200 manat (ƏDV ilə birlikdə 88 736 manat) cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. 1.2. İş yenidən apelyasiya məhkəməsinə daxil olandan sonra iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yeni bir sənəd daxil edilmişdir. Həmin sənədə əsasən bunu da ehtimal etmək olar ki, iddiaçı habelə BMM-ə istinad edərək, ƏDV-siz 95 092 manat (ƏDV ilə birlikdə 112 208,56 manat) tələbini də irəli sürür və bunu “ehtiyat məbləğinin bölüşdürülməsi” kimi göstərir. 2. Cavabdehin pul tələblərinin mahiyyəti (maddi hüquq baxımından): 2.1. Cavabdehin birinci tələbi 65 492,64 avro və ya qarşılıqlı iddia təqdim edilən zaman mövcud olan valyuta məzənnəsinə əsasən 121 282,66 manatdan ibarətdir. Cavabdehin qarşılıqlı iddia ərizəsindəki əsaslandırması bundan ibarətdir ki, layihənin icrası gedişində gözlənilməz xərclər yaranmış, həmin xərcləri qarşılamaq üçün BMM-in tərəfi olan Almaniya hüquqi şəxsi Railistics GmbH layihənin aparıcı tərəfdaşı qismində cəmi 327 463,18 avro məbləğində əlavə vəsait xərcləmişdir. BMM-ə əsasən hər bir tərəf ehtiyat məbləğinin 20%-ni riskin azaldılmasına xərcləməli olduğundan (İddiaçı üçün 95 092 manat) və 20%-in risk ehtiyatı faktiki xərcləri ödəmədiyindən əlavə xərclər də (İddiaçı üçün 27 064,26 manat) BMM-də razılaşdırıldığı kimi tərəflər arasında bölüşdürülməlidir. 1.2. Cavabdehin ikinci tələbi İddiaçının (PMC-nin) ekspertlərinə ödəniş nəticəsində yaranmış 91 848 manat ödənişlə bağlı tələbdir. Bu tələbin maddi hüquqi əsasını bir tərəfdən MM-in 431.1, 1091.1, 1092.1-ci maddələri təşkil edir. Eyni zamanda, cavabdeh ilə "xxxx" arasında bağlanmış 29 aprel 2024-cü il tarixli tələbin güzəşti müqaviləsindən (Ali Məhkəmə bu məsələni özəl olaraq vurğulayıb) də cavabdehin iddaçıya qarşı belə bir maddi hüquqi tələbinin mövcud olması aydın olur. 3. İddia və qarşılıqlı iddia ilə bağlı prosessual məsələlər: 3.1. İddiaçının ilkin iddiasında irəli sürmüş olduğu ƏDV-siz 75.200 manat (ƏDV ilə birlikdə 88.736 manat) tələbin mübahisəsiz olmasını Ali Məhkəmə də öz qərarında qeyd etmişdir. Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, qarşılıqlı iddianın əsasları ilə bağlı məsələ mübahisəlidir və araşdırılmalıdır. 3.2. İddiaçının yuxarıda 1.2-ci bənddə göstərilən tələbi 95 092 manat (ƏDV ilə birlikdə 112 208,56 manat) ilə bağlı qeyd edilməlidir ki, prosessual baxımdan bu tələb birinci instansiya məhkəməsində irəli sürülmədiyindən hazırkı apelyasiya məhkəməsində də prosessual araşdırma predmeti ola bilməz. 3.3. Qarşılıqlı iddianın məbləği 43 712,26 manatdır. Bu məbləğin hesablanması aşağıdakı qaydada başa düşülməlidir: Risklə bağlı həm də iddiaçının üzərinə düşən və BMM-ə əsasən cavabdehin tələb etməyə haqlı olduğu xərclərin iddiaçıya aid hissəsi 121 282,66 manat – 94 218,40 manat (İddiaçının ehtiyat məbləği) = 27 064,26 manat + 91 848 manat (İddiçının əvəzinə onun ekspertlərinə ödənilmiş olan 91 848 manat - Musa Yılmaztürkə 27.000 avro, X20-ə 14.400 avro, Tural Həsənzadəyə 8.250 manat, Xəzər Qasımzadəyə 8.250 manat) = 118.912,26 manat - 75.200 manat (İddiaçının mübahisəsiz, ƏDV-siz 4-cü ödənişlə bağlı malik olduğu tələb) = 43.712,26 manat. 3.4. İddiaçıya da aid edilə bilən gözlənilməz xərclərin yaranması ilə bağlı istər qarşılıqlı iddiada, istərsə də apelyasiya şikayətində yetərli qədər əsaslandırma mövcuddur. Bunlar qısa şəkildə, layihənin dayandırılması və “pilot layihə” ilə bağlı xərclər, Ramin Nurullanın işə cəlb edilməsi və Pol Pauerin işə cəlb edilməsi ilə bağlı xərclərdir. 4. Apellyasiya şikayətində olan tələbin dəqiqləşdirilməsi: Məhkəmənin icraatında olan iş üzrə apelyasiya şikayəti üzrə bağlı tələb belə ifadə edilib: “Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-l 11/2024 №-li qətnaməsi ləğv edilsin, Cavabdeh MMC-nin qarşılıqlı iddiası tam təmin edilsin”. Tələbin belə ifadəsi cavabdehin qarşılıqlı iddiasının məntiqindən irəli gəlir. Yəni ilkin iddia üzrə tələbi - 75.200 manat (ƏDV ilə birlikdə 88.736 manat) mübahisələndirilməyib (Ali Məhkəmə də bunu vurğulayıb), lakin yuxarıda 3.3-cü bənddə göstərildiyi qaydada artıq cavabdehə məxsus olan qarşılıqlı tələblər ilkin tələblə əvəzləşdirilərək, artıq olan hissədə qarşılıqlı tələb irəli sürülüb. Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Beləliklə, ilkin iddianın əsaslandığı İddiaçıya məxsus maddi hüquqi tələbə əvəzləşdirmə nəticəsində xitam verilib. Göstərilənləri nəzərə alaraq, apelyasiya şikayəti üzrə tələbin dəqiqləşdirilməsi prosessual baxımdan məqsədə müvafiqdir, apelyasiya şikayəti üzrə tələb aşağıdakı qaydada dəqiqləşdirilir və məhkəmədən xahiş edilir ki: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-l 11/2024 №-li qətnaməsi ləğv edilsin, iddiaçı “X3’’ MMC-nin iddiası rədd edilsin və Cavabdeh MMC-nin qarşılıqlı iddiası tam təmin edilsin”.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

36. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

39. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

40. Maddə 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

45. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

46. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

47. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

48. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

49. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

50. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

53. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

54. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

55. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

56. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

57. Maddə 502. Birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır.

58. Maddə 503. Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.

59. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

60. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

61. Maddə 522.3. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.

62. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

63. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

64. Maddə 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

65. Maddə 541.1. Tələb güzəşt edilərkən borclu ilk kreditora qarşı özünün qarşılıqlı tələbini yeni kreditorun tələbi ilə əvəzləşdirə bilər.

66. Maddə 541.2. Əvəzləşdirmə bu şərtlə aparıla bilər ki, tələb, onun güzəşt edilməsi barədə borclunun bildiriş aldığı anda mövcud olmuş əsasa görə əmələ gəlsin və tələbin müddəti o alınana qədər çatsın və ya həmin müddət göstərilməsin və ya tələbetmə anı ilə müəyyənləşdirilsin.

67. Maddə 542. Əgər tələbin əvəzləşdirilməsinin hələ mümkün olduğu vaxtadək tələb üzrə müddət keçməyibsə, tələbin müddəti öhdəliklərin əvəzləşdirilməsini istisna etmir.

68. Maddə 543. Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.

69. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

70. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

71. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

72. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

73. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

76. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

77. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

78. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

79. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

80. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

81. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

82. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

84. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

85. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

86. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

87. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

88. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

89. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

90. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

91. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

92. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

94. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

95. Kassasiya instansiyası məhkəməsinin qərarında da şərh olunduğu kimi, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən cavabdehin 2020-ci il 17 mart tarixli müqavilə üzrə "xxxx"-yə ödənilməli olan borcu iddiaçıdan tələb etmək hüququnun olmadığını vurğulamış, bu qənaətini, 2021-ci il 14 dekabr tarixli Əlavə Sazişə əsasən "xxxx"-nin 2020-ci il 17 mart tarixli müqavilə üzrə tərəfindən ödənişlərin iddiaçıya verilməsi öhdəliyini cavabdehə verdiyini, lakin tərəflər arasında "xxxx"-nin tələbinin cavabdehə güzəşt edilməsi barədə müqavilə bağlanmadığı ilə əsaslandırmışdır.

96. Bununla yanaşı işdən görünür ki, birinci instansiya məhkəməsində qarşılıqlı iddiaçının əsl iddiaçı qismində "xxxx" ilə əvəz olunması məsələsi ümumiyyətlə müzakirə olunmamış, hakim Cavabdeh MMC-nə belə bir təklif etməmişdir. Halbuki, məhkəmə tərəfin prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməli, konkret halda qarşılıqlı iddiaçıya onun əsl iddiaçı ilə əvəz olunmasını təklif etməli, bu təklifin qəbul olunmamasının prosessual nəticələri barədə ona məlumat verməli idi (§ 74).

97. Digər təfdən işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra "xxxx" şirkəti “Dəmir yolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” layihəsi (Müqavilə № AFD/CS/QCBS/S2/2019-1) ilə əlaqəli olan, “Prima Management (PMC) MMC-yə qarşı həm müqavilədən, həm də qanundan irəli gələn bütün mövcud və gələcək tələblərini Cavabdeh MMC-nə güzəşt etmiş, bununla əlaqədar bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə apellyasiya şikayətinə əlavə olunmuşdur.

98. Həmin müqavilədə nəzərdə tutulmuşdur ki, müqavilə 01 iyun 2023-cü il tarixindən qüvvəyə minir.

99. Bu kontekstdə kollegiya hesab edir ki, qarşılıqlı iddiaçının əsl iddiaçı qismində "xxxx" ilə əvəz olunması məsələsinin müzakirəsinə artıq ehtiyac yoxdur və tələbin güzəşt olunması nəzərə alınmaqla Cavabdeh MMC müvafiq iddia tələbini irəli sürməyə hüququ olan subyekt kimi qəbul olunmalıdır.

100. Kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddiaçıya 2021-ci il 1 dekabr tarixli “X9” üzrə (BMM) 4-cü ödənişin (ƏDV daxil 88 736 manat) edilməməsi işin mübahisəsiz halıdır (Qərarın 38-ci bəndi).

101. Bununla yanaşı kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdehin də ilkin iddiaçının mübahisəsiz olan ƏDV daxil 88 736 manat maddi hüquqi tələbi ilə qarşılıqlı şəkildə əvəzləşdirə biləcəyi (qarşılıqlı iddianın əsasını təşkil edən) 91 848 manat pul tələbi mövcuddur.

102. Həmin tələbin məbləği (91 848 manat) "xxxx" tərəfindən ilkin iddiaçının əvəzinə onun ekspertlərinə ödənilmiş olan məbləğlərin cəmindən - Musa Yılmaztürkə 27 000 avro, X19 14 400 avro, Tural Həsənzadəyə 8250 manat, Xəzər Qasımzadəyə 8250 manat – yaranır (ödənişlər həyata keçirilərkən mövcud olmuş valyuta məzənnəsi nəzərə alınmaqla – İ cild, səhifə 43).

103. Ödənişlərin həyata keçirildiyini və adı çəkilən 4 ekspert tərəfindən qəbul olunduğunu təsdiq edən sənədlər iş materiallarında mövcuddur; həmin ekspertlərə ödənişləri etmək öhdəliyinin ilkin iddiaçının üzərində olması da işin mübahisəsiz halıdır. İlkin iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində işə baxıldığı və bu məsələyə qarşılıqlı iddiaya etirazda mövqe bildirən zaman göstərmişdir ki, “nəzərə alsaq ki, Railistics-in bu ortaq layihə çərçivəsində PMC-yə aid ekspertlərə ödəniş iddiası hüquqi müstəvidə PMC ilə o ekspertlər arasında alacaq münasibətləri tənzimləmir, PMC hələ də o ekspertlərə borcludur”.

104. Mülki qanunvericilik öhdəliyi borclunun əvəzinə üçüncü şəxsin də icra edə biləcəyini və buna borclunun razılığının tələb olunmadığını təsbit edir (§ 52). Üçüncü şəxs tərəfindən öhdəliyin icrası nəticəsində kreditor (ilkin iddiaçı) əsassız varlanmış olur; əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 73).

105. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (§ 62) və bu kontekstdə ilkin iddiaçı, öz ekspertlərinə etməli olduğu ödənişdən azad olduğu həcmdə (məbləğdə) varlanmış sayılır.

106. İlkin iddiaçının bu cür varlanması üçün hüquqi əsas mövcud deyildi (yəni, birinci instansiya məhkəmənin də qeyd etdiyi kimi, "xxxx"nın ilkin iddiaçının ekspertlərinə ödəniş etmək öhdəliyi yox idi) və ekspertlərə ödəniş "xxxx" tərəfindən edildiyinə görə ilkin iddiaçı "xxxx"nın hesabına varlanmışdır.

107. Beləliklə, "xxxx" tərəfindən ekspertlərə edilmiş ödənişlər nəticəsində ilkin iddiaçı əldə etdiklərini "xxxx"ya qaytarmalıdır. Başqa sözlə, "xxxx"nın ilkin iddiaçıya qarşı tələbi mövcuddur, həmin tələb isə “Tələbin güzəşti haqqında müqavilə”yə əsasən ilkin cavabdehə güzəşt edilmişdir.

108. İki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər (§ 63) və ilkin cavabdeh bu əsasla ilkin iddiaçının 4-cü ödənişlə bağlı tələbini özünün ona qarşı olan tələbi (ilkin iddiaçının əsassız varlanması ilə bağlı 91 848 manat məbləğində tələbi) ilə əvəzləşdirmişdir.

109. İlkin iddiaçıya və ilkin cavabdehə məxsus iki qarşılıqlı tələbin əvəzləşdirməsi nəticəsində yaranan əlavə fərq 3112 (91 848 – 88 736) manat isə ilkin iddiaçıdan tələb oluna bilər.

110. Beləliklə, əvəzləşdirmə nəticəsində ilkin cavabdehin xeyrinə yaranan fərq nəzərə alınmaqla ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən - 3112 manat hissəsində təmin olunaraq, qalan hissədə rədd edilməlidir.

111. Qarşılıqlı iddianın qalan hissədə rədd edilməli olduğu nəticəsinə gələrkən məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır:

112. Qarşılıqlı iddianın qalan hissəsini tərəflər arasında olan 2021-ci il 1 dekabr tarixli müqavilədən irəli gələn ehtiyat məbləğin istifadəsi ilə bağlı hesablaşmalar və əvəzləşdirmələr təşkil edir; ilkin cavabdehin bu hissədə əvəzləşdirmək niyyətində olduğu tələbi 65 492,64 avro və ya qarşılıqlı iddia təqdim edilən zaman mövcud olan valyuta məzənnəsinə əsasən 121 282,66 manatdan ibarətdir.

113. İlkin cavabdehin qarşılıqlı iddia ərizəsindəki əsaslandırması bundan ibarətdir ki, layihənin icrası gedişində gözlənilməz xərclər yaranmış, həmin xərcləri qarşılamaq üçün BMM-in tərəfi olan Almaniya hüquqi şəxsi "xxxx" layihənin aparıcı tərəfdaşı qismində cəmi 327 463,18 avro məbləğində əlavə vəsait xərcləmişdir və bunun 20%-i (yəni, 65 492,64 avro) BMM-ə əsasən risk ehtiyatının bölünməsi yanaşması nəzərə alınmaqla ilkin iddiaçının üzərinə düşür.

114. İşə təkrar apellyasiya qaydasında baxıldığı zaman ilkin iddiaçı əslində belə bir əvəzləşdirmənin əleyhinə olmadığını güman etməyə əsas verən rəsmi bir mövqe nümayiş etdirmişdir; belə ki, ilkin iddiaçı tərəfindən məhkəməyə 95 092 manat əsas məbləğ və 17 116,56 manat ƏDV, cəmi 112 208,56 manatlıq qaimə təqdim edilmiş və bildirilmişdir ki, “cavabdeh tərəfindən mübahisələndirilən və tərəflərin risk ehtiyatından 80/20 prinsipinə uyğun olaraq əvəzləşdirilməsi istənilən məbləğin son ödənişdən (5-ci ödənişdən, qaiməsi əlavə olunub) tutulmasına/azaldılmasına etiraz etmirik”.

115. Bununla belə kollegiyanın qənaətinə görə, ilkin iddiaçının risk ehtiyatlarının bölünməsi hissəsində etiraz etmədiyi əvəzləşdirmə qəbul oluna bilməz.

116. Belə ki, birincisi, belə bir əvəzləşdirmənin qəbul edilməsi, hazırkı məhkəmə araşdırmasının predmeti olmayan və ilkin iddiaçı tərəfindən təkrar apellyasiya baxışı zamanı irəli sürülən maddi hüquqi tələbə baxılması anlamına gələr ki, bu da MPM-in 372.2-ci maddəsinin tələblərinin pozulması deməkdir. Apellyasiya instansiyası məhkəməsində yeni tələblərə baxılmasının şərtləri prosessual qanunvericiliklə müəyyənləşdirilmişdir və ilkin iddiaçının bu hissədə tələbinə baxılması həmin şərtlərə uyğun deyil.

117. İkincisi, iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin əvəzləşdirilə bilməsi üçün həmin tələblərin icra müddəti də çatmış olmalıdır (§ 63). Qarşılıqlı iddianın əsasında duran 65 492,64 avro və ya 121 282,66 manat tələbin ilkin iddiaçıya məxsus olan 112 208,56 manatla əvəzləşdirilməsinin qəbul edilməsi prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinin pozulması olmaqla yanaşı, həm də dolayısı yolla icra müddəti hələ çatmamış olan tələblərin əvəzləşdirilməsi kimi də qəbul edilə bilər ki, bu da yolverilməzdir.

118. Üçüncüsü, bu cür əvəzləşdirmənin qəbul olunması üçün həm tələblər mövcud olmalı, həm də tələblərin irəli sürülməsi ilə bağlı tələb sahibinin iradəsi aşkar olmalıdır. Qarşılıqlı iddia üzrə müvafiq hissədə əvəzləşdirməni həyata keçirmək barədə iradəsini bəyan edərkən qarşılıqlı iddiaçıya hələ məlum deyildi ki, ilkin iddiaçı 5-ci ödənişlə bağlı hansısa tələb irəli sürəcəkdir; tələb sahibinin güman edilən iradəsinə istinad etməklə əvəzləşdirmənin həyata keçirilməsi isə, həm əvəzləşdirmənin mahiyyətinə, həm də mülki hüququn təməl prinsipi olan iradə azadlığı prinsipinə ziddir.

119. Bununla yanaşı kollegiya həm ilkin iddiaçıya, həm də ilkin cavabdehə izah edir ki, BMM-dən irəli gələn risk ehtiyatının bölüşdürülməsi ilə bağlı tələblər üzrə yenidən iddia və ya qarşılıqlı iddia vermək hüquqlarına sahibdirlər.

120. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh MMC-nin nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-111/2024 saylı iş üzrə 04 aprel 2024cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. “X7 (PMC)” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” barədə ilkin iddia tələbi təmin olunmasın. Railistics Azərbaycan” MMC-nin “X7 (PMC)” MMC-yə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilsin. “X7 (PMC)” MMC-dən 3112 (üç min yüz on iki) manat Cavabdeh MMC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar