Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-542/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Ağazadə Nüsrət Qasım oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2-2(113)-112/2023-049 nömrəli iddianın baxılmamış saxlanılması barədə qərardadından cavabdeh (nümayəndəsi) tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı keçirmədən yazılı qaydada baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-112/2023 nömrəli 17 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC 2022-ci il 28 iyul tarixində cavabdeh "xxxx" MMCyə qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehdən 13.430,76 manat (ƏDV daxil) pul vəsaiti əsas borcun və 131 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 261.0.5-ci maddəsinin tələblərinə əsasən e-2-2(113)-112/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun şikayəti təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və mülki prosessual normaların tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, MPM-in 259.0.4-cü maddəsinin hər 3 şərtinə birlikdə, eyni zamanda əməl olunmalıdır 1) eyni tərəflər arasında, 2) eyni predmet barəsində və 3) eyni əsaslarla mübahisə üzrə. Həmin şərtlərdən biri belə uyğun deyilsə göstərilən mülki prosessual normanın tətbiqi yolverilməzidir. Hazırkı iddianın predmetini müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə - pul tələbi, iddianın hüquqi əsasını isə 187/XM/2021 saylı xx.xx.2021-ci il tarixli müqavilə təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5981/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC arasında olan Barışıq Sazişi təsdiq edilmişdir. Burada məhkəmə baxışının predmetini Barışıq Sazişin təsdiqidir, hüquqi əsası isə 5 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/00208 saylı xx.xx.2023-cü il tarixli Barışıq Sazişdən irəli gələn öhdəliklərdir. Məhkəmə e-2-2(113)-112/2023-049 saylı xx.xx.2023-cü il tarixli qərardadında Barışıq Sazişinə istinad etməklə digər e-2-2(113)-5981/2022 saylı mülki işin predmeti və əsası fərqli olduğunu təsdiq edir. Bundan başqa, e-2-2(113)- 112/2023 saylı mülki iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarılması xahiş etmişdir. MPM-in 261.0.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, həmin hallar hakimin iş üzrə icraata xitam verməsi üçün əsasdır. Halbuki, məhkəmə iddiaçının həmin ərizəsinə ümumiyyətlə münasibət bildirməşmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5981/2022 saylı xx.xx.2022 tarixli qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-267/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır (Həmin qətnamədən kassasiya şikayəti verilmişdir, hazırda Ali Məhkəmənin icraatındadır. Elektron məlumat işə əlavə olunur). İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən tərəflər arasında bağlanmış 06/2021 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə öhdəliklərindən yaranmış 13430,76 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etmiş, qeyd olunan məhkəmə qətnaməsinin predmetini təşkil edən barışıq Sazişinin şərtlərində (maddə 2.) də həmin müqavilə öhdəlikləri üzrə tərəflər qarşılıqlı razılığa gəlmişlər. O cümlədən, Sazişin 14-cü bəndi ilə tərəflər razılaşmışlar ki, “işlər tam qüsursuz təhvil-təslim olunduqdan sonra müqavilə üzrə qalan məbləğ "xxxx" MMC tərəfindən 5 iş günü müddətində ödəniləcək. Göründüyü kimi, iddiaçının hazırkı pul tələbi- qeyd olunan barşıq sazişinin sözügedən şərti ilə ehtiva olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, hazırkı eyni tərəflər arasındakı mübahisənin predmeti və əsası qeyd olunan məhkəmə qətnaməsi üzrə eyni tərəflər arasındakı mübahisənin predmeti və əsası ilə eynilik təşkil edir. Belə olan halda, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-in 259.0.4-cü maddəsinə əsasən hazırkı iddia ərizəsinin baxılmamış saxlanılması qanuni və əsaslıdır. Belə ki, MPM-in sözügedən 259.0.4-cü maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizə baxılmamış saxlanılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadı ilə iddiaının baxılmamış saxlanılmasının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin şikayətində, birinci instansiyası tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılması barədə ərizəsinə münasibət bildirilmədiyi barədə dəlilləri ilə də, məhkəmə kollegiyası razılaşmayaraq onu qeyd edir ki, hazırkı iddia ərizəsinin baxımamış saxlanılması barədə mübahisələndirilən qərardad xx.xx.2023-cü il tarixli iclasında qəbul edildiyi halda, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi növbəti gün, xx.xx.2023-cü il tarixində e-kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur (Əslində, ərizəçinin həmin istəyi, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə də ehtiva olunur). Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasını faktlar nöqteyinəzərindən düzgün nəticə kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2- 2(113)-112/2023 nömrəli, iddianın baxılmamış saxlanılması barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikaytə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdehin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-112/2023-049 nömrəli 17 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-542/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-542/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver