Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-544/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçı qarşı kommersiya işi Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, tərcüməçi X1 qızının, ilk iddia üzrə İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə cavabdehin nümayəndəsi Chkheidze Elen və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbləri barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-127/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşdən görünür ki, tərəflər arasında 06 iyul 2021-ci il tarixli 23 saylı məhsulların təqdim edilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən Eminov X4 Fuad Yaşar oğluna məhsulları istehsal edərək təhvil verməyi, Cavabdeh isə həmin məhsulu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Qeyd edilən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişinə əsasən şirniyyat qutuları hazırlanmışdır.
3. Müqavilənin 3.3.2-ci maddəsindən görünür ki, Cavabdeh hüquqlarından biri kimi, İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan məhsul sifarişə uyğun gəlməyən çeşiddə verildikdə onları qəbul etməkdən imtina etmək, məhsula görə ödənilən pul məbləğininin qaytarılmasını tələb edə bilər.
4. Müqavilənin 4.2-ci maddəsinə əsasən məhsulun təhvil verilməsi və qəbul edilməsi imzalanmış təhvil-qəbul sənədləri ilə təsdiqlənir. Həmin bu sənəd sifarişçi tərəfindən məhsulun kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsinin təsdiqidir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuşdur ki, sifariçminin məhsulun keyfiyyətinə aid qüsurlarla bağlı iradları (icraçı tərəfindən sifarişçiyə təhvil verilmiş məhsul bundan ötrü tələb olunan şəraitdə saxlanılıbsa və aşkar edilmiş qüsurlar məhz texnoloji qüsurlar olduqda) məhsulu aldığı gündən 3 iş günü ərzində icraçı tərəfindən qəbul edilir və hazırki müqavilənin 5-ci bəndinə əsasən həll olunur. Müqavilənin 6.2-ci bəndindən görünür ki, icraçı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hər gün üçün malın ümumi qiymətinin 0,1 % miqdarında cərimə ödəməlidir.
5. xx.xx.2022-ci il tarixli MŞB/5-03737 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.
6. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh hüquqi yardım məqsədilə 300 manat məbləğində pul ödəmişdir.
7. xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh 10 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin borclu olduğu 2193,60 manat məbləğində borcun, gecikdirilmiş 58 günə görə 127,20 manat cərimənin, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 600 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 50 manat məbləğində pulun, ümumilikdə 3030,80 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Məhsulların təqdim edilməsinə dair” 06 iyul 2021-ci il tarixli 23 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı, yəni İddiaçı sifarişçiyə, yəni Cavabdeh məhsullar istehsal edərək, təhvil verməyi, sifarişçi isə həmin məhsulu qəbul edərək, müəyyənləşdirilmiş məbləği müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin şərtləri yetirilərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 70 C ünvanında (X7) Cavabdeh 23 saylı müqaviləyə 03 saylı Əlavə (X3) ilə razılaşdırlmış mallar tam şəkildə təqdim edilmişdir. Razılaşdırlmış bütün malların Cavabdeh təhvil verilməsinə baxmayaraq, təhvil-təslim aktı cavabdeh tərəfindən mallar təhvil verildiyi vaxt imzalanmamış, belə bildirilmişdir ki, guya təhvil-təslim aktını sonra imzalayacaqlar. Lakin sonradan bir neçə dəfə Cavabdeh müraciət edilərək, təhvil-təslim aktının imzalanması təklif edilsə də, cavabdeh bundan imtina etdi və təhvil verilmiş məhsulların müəyyən qismində guya qüsurların olduğu bildirildi. Lakin konkret olaraq hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu konkret olaraq bizə bildirilmədi. Bundan sonra 08 iyun 2022-ci il tarixli pretenziya ilə Cavabdeh müraciət edilərək, 3 gün ərzində müqavilə öhdəliklərinin təmin edilməsi, yəni borclu olduğu 2193,60 manat məbləğin ödənilməsi, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağımız bildirilmişdir. Lakin müraciətə cavabdeh tərəfindən təmamilə əsassız cavab verilmiş, ödənilməli olan borc məbləği ödənilməmişdir. Bundan sonra Cavabdeh ilə aramızdakı kommersiya mübahisəsinin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmiş, lakin qarşılıqlı razılaşma əsasında aramızda olan mübahisənin həll edilməsi mümkün olmamışdır. Baxmayaraq ki, mediasiya sessiyasında cavabdehlə aramızda razılaşma əldə edilmədi, buna baxmayaraq, hüquqi yardım üçün müqavilə bağlanılan vəkilin təkidi əsasında mübahisənin sülh yolu ilə həll edilməsinin mümkünlüyünün müəyyənləşdirilməsi məqsədilə 14 iyul 2022-ci il tarixdə 3 işçi cavabdehin ünvanına gedərək, bildirilən qüsurların nədən ibarət olması ilə maraqlanmışdır. Bu zaman aydın olmuşdur ki, cavabdehin qüsur kimi qeyd etdiyi məsələlərdən biri guya qutunun düzgün çap olunmaması ilə bağlıdır. Halbuki, qutular çapa verilməzdən əvvəl cavabdeh tərəf qutuların çap nümunəsi ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. Digər qüsur kimi bəzi qutuların guya sökülməsi qeyd edilsə də, həmin qüsurlar malların bir müddət baxımsız şəraitdə saxlanılması nəticəsində də əmələ gələ bilərdi. Qeyd olunanlar barədə işçilər tərəfindən müvafiq akt tərtib edilsə də, cavabdeh tərəf bu aktı imzalamaqdan imtina etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən üzərinə düşən öhdəlik bu günədək yerinə yetirilməmiş və müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-529/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair işin e-2-2(113)-127/2023 nömrəli işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.
11. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ödənilmiş avans 1960 manat, cərimə 506,3 manat,əldən çıxmış fayda 2030 manat, hüquqi yardıma görə xərc 300 manat, mediasiya sessiyasına görə 60 manat – cəmi 4856,3 manat və ödənilmiş dövlət rüsumu ( mediasiya xərcləri nəzərə alınmaqla )- 8,56 manat ümumilikdə 4864,27 manat tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı Cavabdeh iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ilə (VÖEN **********) “Məhsulların təqdim edilməsinə dair“ müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçıya 1960 manat avans ödənilmişdir və sifariş edilmiş məhsullar iddiaçıya təqdim edilmişdir. Məhsullar iddiaçıya təqdim olunduqdan sonra müqavilədə nəzərdə tutulmuş qalıq məbləğ cavabdehə ödənilməmişdir. Bunun səbəbi odur ki, iddiaçı müqavilənin 4,2 bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin bəndin tələbi ondan ibarətdir ki , hazır mallar sifarişçiyə, yəni iddiaçıya təqdim olunan zaman təhvil-təslim sənədi imzalanır, qüsurlar aşkar olunduqda icraçıya bildirilir və icraçı qüsurların aradan qaldırılmasını təmin edir. Cavabdeh göndərilən pretenziyaya verdiyi cavabda etiraf edir ki, 31 may 2022-ci il tarixində təhvil verilən mallarda qüsurların aşkar olunması faktı ona bildirilmişdir. İddiaçıya təqdim olunan mallar keyfiyyət baxımından qüsurlu olduqundan təklif edildi ki, təqdim olunmuş mallara nümayəndənin iştirakı ilə baxış keçirilsin və aşkar olunan qüsurlar barədə müvafiq akt tərtib olunsun. Cavabdeh naməlum səbədən bundan boyun qaçırmışdır. Bununla cavabdeh faktiki olaraq müqavilənin 4.2-ci bəndinin tələbini pozmuşdur. Belə ki , əgər malların iddiaçıya təhvil verilməsinə dair tərtib olunan aktı iddiaçı imzalamırdısa, bu halda həmin mallar cavabdeh tərəfindən dərhal geri tələb olunmalı idi. Lakin cavabdeh verilmiş malları iddiaçıya verdikdən sonra hər hansı aktın tərtib olunmasından boyun qaçırmışdır və malları geri tələb etməmişdir. Cavabdehin bu hərəkəti onu göstərir ki , malların akt olmadan iddiaçıya verilməsində o gələcəkdə əsassız olaraq iddiaçıdan həmin malların dəyərini tələb etmək məqsədini güdürdü. Cavabdeh göstərilən müqaviləyə uyğun digər bir tələblə iddia qaldırmış və onun tələbi ilə bağlı mediasiya prosessində qərara alınmışdır ki , tərəflərin iştirakı ilə mallara baxış keçirilsin və müvafiq akt tərtib olunsun və həmin aktda aşkar olunmuş bütün nöqsanlar dəqiq göstərilmiş olsun. Bunun məqsədi həm müqavilənin 4.2-ci bəndinin tələbini icra etmək , həmdə sayda və keyfiyyətdə aşkarlanan qüsürları tam şəkildə aradan qaldırmasını təmin etmək idi . Həmin akt həmdə tərəflərin biri-birinə gələcəkdə bu mallrla bağlı hər hansı əsassız iradların irəli sürülməyəcəyini təmin edəcəkdir. Qeyd olunan mediasiya sessiyası cavabdehin öz iddiası ilə bağlı olsada, tərəflərin biri birinə olan irad və tələblərini ümumiləşdirilmiş şəkildə araşdırılmasına imkan yaradırdı. Lakin mediatorun mallarla bağlı görüş keçiridib müvafiq aktın tərtib edilməsi təklifini tərəflər qəbul etsə də, cavabdeh qəsdən görüşü və aktın tərtib olunmasını pozmuşdur. Nəticədə cavabdehin istehsal etdiyi və bizə çatdırdırılmış keyfiyyətsiz və az miqdarda olan malları təyinatı üzrə işlədə bilmirik, istehsal edilən malların qablaşdırılıb satılması mümükün olmamışdır və bu səbəbdən böyük maddi itkilərə məruz qalınmışdır. Belə ki , bu ərəfədə məhz cavabdeh tərəfindən istehsal olunmuş mallar keyfiyyətsiz olduğuna görə bir neçə müqavilənin icrası təmin edilə bilinməmişdir. Göstərilənlərdən müqavilə şərtlərinin və mövcüd qanunvericiliyin tələblərinin cavabdeh tərəfindən pozulması aşkar olunur. Bu səbəbdən iddiaçı cavabdehə pretenziyanın göndərilməsi qərarına gəlmişdir. Nəzərə alınmalıdır ki , 1) 21 fevral 2022 il tarixində ödənilmiş 1960 manat məbləğində avans indiyə dək icraçının istifadəsində qalmaqdadır. 2 ) müqavilənin 6.2 bəndində nəzərədə tutulmuşdur ki , icraçı öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hər gün üçün malın ümumi qiymətinin 0,1 % miqdarında cərimə ödəməlidir. Yararsız mallar bizə 28 may 2022 il tarixində təqdim olunduğu nəzərə alaraq 28 sentyabr 2022 il tarixinə 122 gün keçmiş olur. Bu müddətdə biz təqdim olunmuş mallardan istifadə edə bilmədiyimizə görə icraçı bizə 122 gün üçün cərimə ödəməlidir. Bu cəmi 506,3 manat ( malın ümumi dəyəri 4153,6 manatdır.Bu məbləğin 0,1 %-i 4,15 manat təşkil edir. Deməli qeyd olunan müddət üçün ( xx.xx.2022 il – xx.xx.2022 il = 122 gün ) cərimə məbləqi (4,15 manat X 122 günə) = 506,3 manat təşkil edir. 3 ) Sumqayıt futbol klubu ilə istehsal edilən malların onlara təqdim edilməsini də icraçının təqsirinə görə icra edə bilməmişik. icraçı tərəfindən vaxtında və lazımı qaydada mallar (qutu, poddon və s.) bizə təqdim edilsə idi, 2030 manatlıq müqavilə icra olunardı. Həmin məbləği icraçının təqsirindən əldə edilə bilinməmişdir. 4 ) məhkəmədə hüquqların müdafiəsi üçün çəkilən xərclər də -300 manat - icraçı tərəfindən ödənilməlidir 5 ) mediatora 60 manat ödənilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-127/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı 1960 manat ödənilmiş avans, 80 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində xərc və mediasiya sessiyasına görə ödənilmiş 60 manat, ümumilikdə 2400 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
14. Məhkəmə Cavabdeh avans olaraq ödənilmiş pulun qaytarılması tələbi hissəsini əsaslı, İddiaçı tələbini isə əsassız hesab etmişdir. Belə ki, tərəflərin izahatlarından, iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı sifarişə uyğun olan çeşiddə şokolad qutuları və çantalar hazırlamalı idi. İlk öncə qış kolleksiyasına aid qəhvəyi rəngli olan şokolad qutuları və çantalar sifariş verilmiş və İddiaçı tərəfindən heç bir qüsur olmadan sifariş yerinə yetirilmişdir. Daha sonra İddiaçı yay kolleksiyasına aid ağ rəngli şokolad qutuları və çantalar sifarişi verilmiş, lakin həmin sifariş Cavabdeh çatdırılanda qutuların qapağında olan “FUETİNO” sözünün, həmçinin “şokoladın saxlanılma müddəti və şəraiti barədə təlimatın” yan hissəsinin birində yazılar tərsinə (180%) çap edildiyi aşkar edilmiş və sözügedən qüsura görə sifariş qəbul edilməmişdir. təkçə çap işləri ilə bağlı olmadığından, icraçı çapdan çıxan kartonları yapışdırandan sonra hazır məhsul olan qutunun qapağında olan “FUETİNO” sözünün, həmçinin “şokoladın saxlanılma müddəti və şəraiti barədə təlimatın” yan hissəsinin birində yazılar tərsinə (180%) çap edildiyini müəyyən etdikdə həmin yanlışlıqları düzəltməli idi. Qeyd olunanları həmçinin 06 iyul 2021-ci il tarixli 23 saylı müqavilənin 3.3.2 və 4.2-ci maddərin pozulduğunu nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh iddiası ödənilmiş avans 1960 manatın geri qaytarılması, hüquqi yardıma görə xərc 300 manat, mediasiya sessiyasına görə ödənilmiş 60 manat hissədə əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı nümayəndəsi vəkil Nümayəndə izahatında şokolad qutularının Cavabdeh tərəfindən təsdiq edilmiş eskizə uyğun olan qaydada hazırlandığını bildirsə də, sözügedən eskizdə qutunun qapaqları, həmçinin yan hissələri bitişik deyil, ayrı-ayrı elementlər kimi göstərilmiş və eskizin uyğunlaşdırılması isə məhz icraçının üzərinə düşür. Həmçinin məhkəmə qeyd etmi.dir ki, qış kolleksiyası ilə bağlı qutularda heç bir yalnışlığın olmaması onu deməyə əsas verir ki, həmin qutular eskiz layihəyə uyğun formada düzəldilmiş, lakin yay kolleksiyası qutuları isə layihəyə uyğun formada düzəldilməmişdir. Həmçinin məhkəmə bildirmişdir ki, sifariş təkçə çap işləri ilə bağlı olmadığından, icraçı çapdan çıxan kartonları yapışdırandan sonra hazır məhsul olan qutunun qapağında olan “FUETİNO” sözünün, həmçinin “şokoladın saxlanılma müddəti və şəraiti barədə təlimatın” yan hissəsinin birində yazılar tərsinə (180%) çap edildiyini müəyyən etdikdə həmin yanlışlıqları düzəltməli idi.
16. Məhkəmə iddia tələbinin cərimə hissəssi ilə bağlı isə qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 80 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə 2030 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı isə qeyd etmişdir ki, həmin tələb rədd edilməlidir, belə ki, Cavabdeh “Sumqayıt” futbol klubunun sifarişini yerinə yetirmədiyini bildirsə də, xx.xx.2022-ci il tarixli 222/01-01 nömrəli “Sumqayıt” futbol klubunun məktubunda 8 mart və Novruz Bayramı şənliyi üçün sifariş olunmuş 70 qutu şirniyyatın hazırlanmaması qeyd edilmiş, hazırki mübahisə predmeti olan yay kolleksiyasına aid olan qutular isə xx.xx.2022-ci il tarixdə (bayramlardan sonra) təhvil verilmiş, yəni onların qüsurlu olması məhz sonrakı öhdəliklərə təsis göstərə bilər, o, halda ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədə üçüncü şəxslərin qarşısında məsuliyyət müəyyən edilsin.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. İlk iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-127/2023 nömrəli qətnaməsinin “İddiaçı Cavabdeh qarşı iddiasının təmin edilmədiyi, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının təmin edildiyi” hissələrdə ləğv edilməsinə, İddiaçı Cavabdeh qarşı iddiasının təmin edilməsinə, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının isə bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, İddiaçı tərəfindən bağlanmış müqavilənin şərtləri yerinə yetirilərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanovrayonu, Ağa Nemətulla 70 C ünvanında Cavabdeh 23 saylı Müqaviləyə 03 saylı Əlavə (X3) ilə razılaşdırımış mallar tam şəkildə təqdim edilmişdir. Razılaşdırlmış bütün malların təhvil verilməsinə baxmayaraq, təhvil-təslim aktı F.Y. İmanov tərəfindən mallar təhvil verildiyi vaxt imzalanmamış, belə bildirilmişdir ki, guya təhvil-təslim aktını sonra imzalayacaqlar. Lakin sonradan bir neçə dəfə F.Y. İmanova müraciət edilərək, təhvil-təslim aktının imzalanması təklif edilsə də, bundan imtina edilmiş və təhvil verilmiş məhsulların müəyyən qismində guya qüsurların olduğu bildirilmişdir. Lakin konkret olaraq hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu konkret olaraq bizə malların təhvil verilməsindən keçən 7 ay ərzində bildirilməmişdir. Təqdim edilmiş mallara görə ödənilməli olan qalan məbləğ Cavabdeh tərəfindən ödənilmədiyindən İddiaçı 08 iyun 2022-ci il tarixli Pretenziya ilə ona müraciət edərək, 3 gün ərzində müqavilə öhdəliklərinin təmin edilməsi, yəni borclu olduğu 2193,60 (iki min bir yüz doxsan üç manat altmış qəpik) manat məbləğin ödənilməsi, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Pretenziyaya verilmiş cavab məktubunda qüsur kimi yalnız “paketlərin keyfiyyətsiz hazırlandığına görə, məhsulların dəfələrlə yerə düşüb qırıldığı” qeyd edilmişdir. Pretenziyaya Cavabdeh tərəfindən təmamilə əsassız cavab verildiyindən, İddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir Yalnız həmin tələb üzrə iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxtdan 2 aydan da artıq müddət keçdikdən sonra, yəni 25 oktyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən Pretenziya ilə İddiaçı müraciət edilmişdir. Lakin həmin Pretenziyada da hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu qeyd edilməmişdir. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Bakı Kommersiya Məhkəməsinin (hakim Emin Əliyev) icraatında olan İddiaçı tələbi ilə bağlı kommersiya işinin 21 dekabr 2022-ci il tarixli baxış iclasında da tərəfimdən Cavabdeh nümayəndəsi və vəkilinə verdiyim “hansı mallarda qüsurların olduğu, ümumiyyətlə qüsurların nədən ibarət olduğu, hansı sayda mallarda qüsurlar olduğu” barədə sualıma da cavab verilməmiş, bu suala Cavabdeh özünün aydınlıq gətirəcəyi qeyd edilmişdir. Həmçinin qeyd etmək istəyirik ki, əvvəlki məhkəmə iclaslarında cavabdeh F. İmanovun nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş malların müqavilədə nəzərdə tutulmuş saydan az olduğu bildirilsə də, növbəti iclaslarda, qutudakı yazıların düzgün çap edilmədiyi yeganə qüsur kimi göstərilmişdir. Bundan başqa onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.2-ci bəndindən də göründüyü kimi təhvil verilmiş mallarda hər hansı qüsurların olacağı təqdirdə Sifarişçi tərəf, yəni Cavabdeh 3 (üç) iş günü ərzində aşkar edilmişqüsurlar barədə məlumat verməli olduğu halda, uzun müddət ərzində (sonuncu baxış iclaslarınadək) qüsurların nədən ibarət olması barədə hər hansı bir fikir səsləndirməmiş, yaxud ziddiyyətli fikirlər səsləndirmişdir. Eləcə də, məhkəməyə təqdim etdiyimiz xx.xx.2022-ci il tarixli elektron qaimədən də göründüyü kimi, E. Eminov tərəfindən həmin qaimənin təqdim edilməsinə baxmayaraq, F. İmanov tərəfindən hər hansı bir etiraz bildirilməmişdir. İkincisi isə qutular çap olunmazdan əvvəl müvafiq eskiz layihə hazırlanmış və həmin eskiz layihəni qarşı tərəf həm imzalamaqla, həm də emailə müvafiq məktub göndərməklə təsdiq etmişdir. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi və vəkili, həmçinin cavabdehin özü də həmin imzanın sonuncuya məxsus olmasını təsdiqləmişlər. Hazırlanmış şokolad qutuları da məhz təsdiq olunmuş eskiz layihəyə əsasən hazırlanmışdır
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İlk iddia üzrə İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
20. İlk iddia üzrə cavabdehin nümayəndəsi Chkheidze Elen və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
21. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddə-Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 769-cu maddə-əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
22. Qətnamə ilk iddia üzrə İddiaçı tərəfindən qismən - ilk iddia tələbinin rədd edildiyi və qarşılıqlı iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-127/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək Cavabdeh ilk iddia üzrə İddiaçı xeyrinə 2193 manat əsas borc, gecikdirilmiş 58 günə görə 127,2 manat cərimə borcu, hüquqi yardıma görə 600 manat, 60 manat mediasiya xərci, 50 manat dövlət rüsumu tutulmalı, qarşılıqlı iddia 2400 manat pulun tutulması hissəsində rədd edilməlidir.
24. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış 06 iyul 2021-ci il tarixli 23 saylı podrat müqaviləsi əsasında fərdi sahibkar İddiaçı Cavabdeh sifarişi əsasında 500 ədəd şirniyyat qutusu və 500 ədəd konfet üçün çanta hazırlamış, sifarişçi malı xx.xx.2022ci il tarixdə faktiki təhvil aldıqdan sonra malın müqavilə şərtlərinə uyğun tərtib edilmədiyinə və qüsurlu olduğuna istinad edərək təhvil təslim aktını imzalamamış və malın dəyərini ödəməkdən imtina etmişdir.
25. Sifarişçi 120 ədəd çantanın yararsız olduğunu, qutuların yan qapağında “FUETİNO” sözünün tərsinə çap edildiyini göstərmişdir.
26. MM-nin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Bu normada “şərtləşdirilmiş keyfiyyət” dedikdə podratın nəticəsinin tərəflər arsaında razılaşdırılmış foma, ölçü və dizaynda istehsal edilməsi də nəzərdə tutulur. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, podratçı tərəfindən şirniyyat qutuları sifarişçi tərəfindən təsdiq edilmiş eskiz nümunəsinə tam uyğun hazırlanmışdır. Cavabdeh nümayəndəsi məhkəmə iclasında eskiz təsdiq edilərkən qutunun yan kənarındakı “FUETİNO” sözünün qatlandıqdan sonra tərs dayanacağına diqqət etmədiklərini bildirmişdir.
27. Məhkəmə MM-nin 762.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, podratçı tərəfindən sifarişçiyə təhvil verilmiş qutu razılaşdırılmış dizaynda hazırlandığından qüsurdan azad sayılır və dəyəri sifarişçi tərəfindən ödənilməlidir. Qutunun eskizinin sifarişçi tərəfindən bu sahədə mütəxəssis olmayan şəxs tərəfindən təsdiq edilməsi (qutu qatlandığı halda yazıların hansı vəziyyətdə dayanacağını müəyyənləşdirmək üçün) sifarişçinin risk dairəsinə aid məsələ olduğundan eskiz təsdiq edilərkən sifarişçinin diqqət etmədiyi xüsusatlara görə məsuliyyət podratçının üzərinə qoyula bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, 120 ədəd şirniyyat qoymaq üçün karton çantanın qüsurlu olması (alt hissəsinin yaxşı yapışdırılmaması) barədə məhkəmədə sübut olmadığından (məhkəməyə nümunə olaraq yalnız bir çanta təqdim edilmişdir) məhkəmə hesab edir ki, İddiaçı ilk iddia tələbinin rədd edilməsi və Cavabdeh qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-127/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək Cavabdeh ilk iddia üzrə İddiaçı xeyrinə 2193 manat əsas borc, gecikdirilmiş 58 günə görə 127,2 manat cərimə borcu, hüquqi yardıma görə 600 manat, 60 manat mediasiya xərci, 50 manat dövlət rüsumu tutulmalı, qarşılıqlı iddia 2400 manat pulun tutulması hissəsində rədd edilməlidir.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-127/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı xeyrinə 2193 manat əsas borc, gecikdirilmiş 58 günə görə 127,2 manat cərimə borcu, hüquqi yardıma görə 600 manat, 60 manat mediasiya xərci, 50 manat dövlət rüsumu tutulsun. Qarşılıqlı iddia 2400 manat pulun tutulması hissəsində rədd edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.