Məhkəmə qərarları › İş №2-2(103)-544/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-544/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-544/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1316/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında GTG/036/24 nömrəli xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi cavabdeh tərəfindən verilir. İddiaçı cavabdehin sifariş verdiyi xidmətləri həyata keçirir, iddiaçının yerinə yetirdiyi işlər müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınır.

2. xx.xx.2024-cü il tarixli 1 və 2.1 nömrəli ayrı-ayrı təhvil-təslim aktları üzrə təhvil alınan xidmətlərə görə 12307,85 manat və 1538,48 manat, cəmi 13846,33 manat (ƏDV daxil olmadan) xidmət haqqı ödənilməmiş, bir gün üçün gecikdirilmiş cərimə məbləği (13846,33 x 0,1% =) 13,84 manat olmaqla 68 gün gecikdirilmiş iş günü üçün 68 x 13,84 = 941,12 manat cərimə borcu təşkil etmişdir.

3. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı üzrə təhvil alınan xidmətlərə görə 10384,74 manat (ƏDV olmadan) xidmət haqqı ödənilməmiş, bir gün üçün gecikdirilmiş cərimə məbləği (10384,74 x 0,1% =) 10,38 manat olmaqla 43 gün gecikdirilmiş iş günü üçün 43 x 10,38 = 446,34 manat cərimə borcu təşkil etmişdir.

4. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı üzrə təhvil alınan xidmətlərə görə 5769,3 manat (ƏDV olmadan) xidmət haqqı ödənilməmiş, bir gün üçün gecikdirilmiş cərimə məbləği (5769,3 x 0,1% =) 5,76 manat olmaqla 16 gün gecikdirilmiş iş günü üçün 16 x 5,76 = 92,16 azn cərimə borcu təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 35400,43 manat əsas borcun, 1479,62 manat cərimə məbləğinin və ödənilmiş 201 manat dövlət rüsumunun, 120 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1316/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 35400,43 manat əsas borc, 1000 manat cərimə məbləği olmaqla ümumilikdə 36400,43 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 201 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 120 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli GTG/036/24 nömrəli xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 35400,43 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

8. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1316/2025 nömrəli qətnaməsinin ləğv edillməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləği yenidən hesablanmalı idi. İşgüzar adətlərdən də məlum olduğu kimi, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənişlərin gecikdirilməsi, bilavasitə öhdəliklərin icrasının gecikdirilməsinə səbəb olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsi üzrə “hidromek HMK 102B” markalı **- BD-*** dövlət nömrə nişanlı yükləyici ekskavatorla 8 gün müddətində görülmüş işlər barədə xx.xx.2024-cü il tarixli 2.1 saylı təhviltəslim aktı imzalanmış, sonradan görülmüş işlərin günləri yenidən hesablanaraq, “hidromek HMK 102B” markalı **-BD-*** dövlət nömrə nişanlı yükləyici ekskavatorla torpaq qazma xidmətinin göstərilməsinin 34 gün olması müəyyən edildikdən sonra eyni tarixli, yəni xx.xx.2024-cü il tarixli 1 saylı təhviltəslim aktı imzalanaraq, xx.xx.2024-cü il tarixli 2.1 saylı təhvil-təslim aktı ləğv edilmişdir. Lakin ləğv edilmiş aktda qeyd edilən xidmət haqqı da əsassız olaraq iddia tələbinə əlavə edilmişdir. Hal-hazırda iddiaçıya cavabdehin faktiki olaraq ƏDV daxil 33585,02 manat borcu yaranmışdır. Tərəflər arasında müqavilə şərtləri və xidmət haqqı ilə bağlı mübahisə yaranmışdır. Məhkəmə tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur. İş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı olduğu halda borcun hesablanması məhkəmə tərəfindən həyata keçirilmişdir. Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur. İşgüzar adətlərdən də məlum olduğu kimi, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənişlərin gecikdirilməsi, bilavasitə öhdəliklərin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilərkən prosessual pozuntuya yol verilmişdir. Belə ki, iddiaçı mübahisənin məhkəməyə qədər nizamlanmasına dair pretenziya məktubunu yalnız Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemi üzərindən təqdim etmişdir. Yəni mülki mübahisələr üzrə pretenziya məktublarının Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi və ya başqa elektron sistem və ya kabinetlər vasitəsilə göndərilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, qanunvericiliyə uyğun olaraq, iddiaçı tərəfindən pretenziya məktubu cavabdehə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmalı idi. İddia ərizəsi icraata götürülərkən məhkəmə tərəfindən prosessual tələblərə riayət olunmasına dair araşdırma hərtərəfli aparılmamış, iddiaçının pretenziya məktubunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etməməsinə hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, cavabdehin qanuni təmsilçisi ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.

17. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

18. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. İş materiallarına əsasən, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli GTG/036/24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adıçəkilən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə xidmətlərin göstərilməsinin ilkin sifariş üzrə həyata keçirilməsi, iddiaçının yerinə yetirdiyi işlərin təhvil-təslim aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınması, hesablaşmaların tərəflər arasında imzalanmış təhviltəslim aktına əsasən növbəti ayın ilk 5 iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilməsi razılaşdırılmışdır. Cavabdehin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 14523,26 manat, xx.xx.2024-cü il tarixli 2.1 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 1815,41 manat, xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 12253,99 manat, xx.xx.2024-cü il tarixli 3 nömrəli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 6807,77 manat dəyərində xidmət (ümumilikdə ƏDV daxil 35400,43 manat) cavabdeh tərəfindən təhvil alınmışdır.

26. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.

27. Müqavilənin 4.3-cü bəndinə görə hesablamalar tərəflər arasında imzanlanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

28. Müqavilənin 4.4-cü bəndinə görə sifarişçi göstərilmiş xidmətinə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında cərimə ödəyir.

29. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBDW 787454 nömrəli 5527,92 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir.

30. Kollegiya məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləğinin hesablanması dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsində birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı ekspertizanın keçirilməsinə dair vəsatət verilməmişdir.

31. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün səy göstərməməsi, pretenziya göndərilməməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materillarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən 5527.92 manat borcu yarandığından ödənməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

32. Kollegiya xx.xx.2024-cü il tarixli 1 saylı təhvil-təslim aktı imzalanaraq, xx.xx.2024cü il tarixli 2.1 saylı təhvil-təslim aktının ləğv edilməsi dəlilinə münasibətdə qeyd edir ki, ləqv edilməsinə dair iş materiallarına hər hansı sübut əlavə olunmamış, həmçinin GTG/036/24 nömrəli xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinin qiymətlərin razılaşdırılması protokolunun №1, N2 üzrə 1 saylı təhvil-təslim aktında fərqli xidmət dövrünü əhatə edən 4 adda xidmət göstərilmiş, xx.xx.2024-cü il tarixli 2.1 saylı təhviltəslim aktında isə fərqli xidmət dövrünü əhatə edən 1 adda xidmət göstərilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müqavilə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin digər dəlilləri əsaslı hesab edilə bilməz.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1316/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar