Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-550/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2374/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh GRANUM GROUP LLC şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8000 və 4200 ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı tərəfindən qabaqcadan (avans) olaraq cavabdehə köçürülmüş 860,096.50 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, 400 manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1,521.93 manat dövlət rüsumunun, 300 manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1,000.0 manat xərcin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2374/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə; 443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; 443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Həmin Məcəllinin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Hazırki işdən görünür ki, cavabdeh hüquqi ünvanı 570 Lexington Avenue 15th X4. NY, 10022 (USA) olan GRANUM GROUP LLC şirkəti olmaqla xarici şəxsdir və onun Azərbaycan Respublikasında idarəçilik orqanı, filialı və ya nümayəndəliyi, habelə əmlaka malik olması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 443-cü maddəsində Azərbaycan Respublikasının məhkəmələrinin xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlı olduğu işlərin siyahısı nəzərdə tutulmuşdur ki, hazırki iddia həmin siyahıda nəzərdə tutulan işlərə aid deyil. İddiaçı MMC ilə GRANUM GROUP LLC şirkəti arasında bağlanmış 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələrdə malın göndərilməsi şərti kimi “DAP – Samur keçid stansiyası (Şimal-Qafqaz dəmir yolu) (EKSP), kod 54490 (İncoterms 2010)” müəyyən edilmişdir. Yəni iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmir. Bundan əlavə, tərəflər arasında yaranmış mübahisələrin həlli ilə bağlı GAFTA-ya müraciət edilməsi nəzərdə tutulmuşdur. Yəni tərəflər arasında bağlanmış müqavilədə də Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gəlməmişlər. GAFTA isə beynəxalq arbitrajdır (buğda və yem məhsullarının ticarəti ilə bağlı beynəxalq assosiasiya – Grain and X3). Göründüyü kimi iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Həmin Məcəllənin 152.1 və 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni icraata qəbul etməmiş, şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2374/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-550/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-550/2023
23.05.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver