Məhkəmə qərarları › İş №2-2(103)-552/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-552/2023

24.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-552/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri” X5 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı protokolun və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2528/2023 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11256/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə 13 fevral 2017-ci il tarixdə tərtib edilmiş 10/07 saylı Protokolun, AR ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən PX seriyalı ******* nömrəli Çıxarışın və mülkiyyət hüququna dair qeydin rəsmi reyestrdə ləğv edilməsinə və cavabdehlərdən müştərək qaydada 400 manat mediasiya xidmət haqqının alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Bakı şəhər Nizami Rayon Məhkəməsi 2(007)- 2178/2016 saylı iş üzrə 28 iyun 2016-cı il tarixli qiyabi qətnaməsilə X1 və X2 müştərək qaydada 126693,32 ABŞ dolları əsas borc, 52443,6 ABŞ dolları faiz borcu və 66261 ABŞ dolları dəbbə borcu, cəmi 245397,92 ABŞ dolları kredit borcunun alınması, Bakı ş, Nizami rayonu, Bəhruz Nuriyev küç, 29 ünvanda yerləşən 70,9 m2 ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbənin 120000 manat ilkin satış qiymətilə açıq hərracdan satılmaqla borcun ödənilməsini qət etmişdir. Qətnamə əsasında icra vərəqəsi tərtib edilərək icra üçün Nizami İcra Şöbəsinə verilmiş, hərrac keçirilmiş və ipoteka predmeti xx.xx.2017-ci il tarixdə 10/07 saylı Protokolla 76500 manata ipoteka saxlayan tərəfindən alınmış və RX seriyalı ******* nömrəli Çıxarışla mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh tərəfindən qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə verilmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə qiyabi qətnamə ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Daha sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-171/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 370128,81 ABŞ dolları kredit borcunun alınması və ipoteka predmetinin 120000 manat ilkin satış qiymətilə açıq hərracdan satılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsində tərəflər arasında Barışıq Sazişi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi icraatında olan 2(103)-11256/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli X4 təsdiq etmiş, eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/20218 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsini ləğv etmişdir. Daha sonra barışıq sazişinin şərtləri icra edilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2(103)-11256/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi tərtib edilərək Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun sifarişi əsasında hərrac keçirilmişdir. İlkin və təkrar hərracda iştirakçı olmadığına görə əmlak ipoteka saxlayana təklif edilmiş və 10 iyun 2022-ci il tarixli 62/22 saylı protokolla tərəfimizdən əldə edilmiş və mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq reyestr xidmətinə müraciət edilmiş, Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDK və Reyestri X5 xx.xx.2022-ci il tarixli məktubu ilə əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasından həmin əmlak barədə iddiaçının xeyrinə mülkiyyət hüququnun artıq qeydə alınması səbəbilə imtina edilmişdir. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11256/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə xx.xx.2017-ci il tarixli 10/07 saylı Protokolun hüquqi əsası olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-2178/2016 saylı iş üzrə 28 iyun 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi ilə əlaqədar qeyd edilən Protokol və İpoteka saxlayanın adına qeydə alınmış mülkiyyət hüququna dair qeyd ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2528/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri” X5 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı protokolun və çıxarışın ləğv edilməsi tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2528/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya keçirilmiş, dövlət rüsumu ödənilmiş və pretenziya və iddia ərizələrinin surətləri elektron kargüzarlıq vasitəsilə cavabdehlərə göndərilmişdir. MPM-nin 153.2.1-ci maddəsi" məhkəmə qaydasında baxılmalı deyildirsə..." ifadəsi mülki prossesual qanunvericiliklə müəyyən edilməmiş qaydada, məsələn inzibati icraat qaydasını nəzərdə tutur. Digər tərəfdən protokol və çıxarışın ləğvi zərurəti Barışıq Sazişi əsasında verilmiş icra sənədinin icrası zamanı mülkiyyət hüququna dair yeni çıxarışın verilməsindən imtina edildikdən sonra yaranmışdır. MPM-nin 236-1-ci maddəsi qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqda sonra iddianın təmamilə və ya qismən rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldığı halda ləğv edilmiş qərar üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmağı və ya onun dəyərini qaytarmağı müəyyən edir, yəni qanunverici cavabdehin belə ərizə ilə müraciət edə biləcəyini nəzərdə tutduğu və bu halda bizim də iddiaçı olduğumuzu nəzərə alaraq MPM-in 236-1-ci maddəsinin tətbiqi əsassızdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(113)-2528/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 2528/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2528/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, Bakı şəhər Nizami Rayon Məhkəməsi 2(007)- 2178/2016 saylı iş üzrə 28 iyun 2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilsə də, həmin qətnamənin icrasında dönüş edilmədiyi, qətnamə əsasında ipoteka predmeti olan əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına dair RX seriyalı ******* nömrəli Çıxarış qüvvədə olduğu üçün hazırda iddiaçının eyni əmlak üzərində hüququnun təkrar qeydə alınmasından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri” X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci və 236-1.3-cü maddələrinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, ləğv edilmiş qətnamənin icrası ilə əlaqədar əldə edilmiş sənədlərin ləğv edilməsi məsələsinə iddia icraatı qaydasında deyil, ləğv edilmiş məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən MPM-nin 236-1 maddəsinə əsasən icrada dönüş edilməsinə dair ərizə əsasında baxılmalı olduğundan iddia ərizəsinin icraata qəbulundan imtina əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2528/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2528/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar