Məhkəmə qərarları › İş №2-2(103)-552/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-552/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-552/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam) hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-435/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İcraçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh arasında Avtoqreyder ilə işlərin görülməsi xx.xx.2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi “X2 Layihəsi” çərçivəsində müqavilədə qeyd edilən texnika ilə müvafiq işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış muzd ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müvafiq işləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icraçı müvafiq işi Hyundai R-200 W markalı ekskator ilə həyata keçirir. Texnikanın icarə haqqı 7800 manatdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən işin görülməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək işin sifarişi sifarişçi tərəfindən verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən sifarişçinin göstərilmiş işin dəyərini ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən icraçının müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi işləri həyata keçirmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən işlərin bir günlük qiyməti müqavilənin 1.2-ci maddəsində göstərilən texnika ilə yerinə yetirilən işlərə görə 278,57 manat təşkil edir. Bu məbləğ 6.4.1- ci maddədə göstərilən vaxt çərçivəsini əhatə edən bir günlük iş üçün nəzərdə tutulur. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müvafiq texnika ilə işlərin aylıq həcmi sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunur və hər ay bitdikdən sonra texnika üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktı tərtib olunur. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən ödənişlər müqavilənin 4.1, 4.2, 6.4.1, 6.4.2- ci maddələri nəzərə alınmaqla üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilir. Ay ərzində ödəniləcək məbləğ ümumi olaraq 7800 manat təşkil edir. İşin icrası müddətindən asılı olaraq, aylıq ödəmə qeyd edilən məbləğdən artıq və ya əksik ola bilər. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə xx.xx.2023-cü ilədək bağlanılır, öhdəliklər tam icra edilənədək müqavilə öz qüvvəsini saxlayır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən icraçı müqavilədə nəzərdə tutulan işin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən icraçının təqsiri nəticəsində təsadüfən işin icrası nəticəsində sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icranln sifarişçiyə təhvil verildiyi vaxtadək icraçının üzərinə düşür. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Həmin müqavilənin 9.2-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.

2. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli əlavə edilmişdir.

3. 22.09.2023-cü il tarixli, EBDO seriyalı, 870852 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7800 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli müqavilə göstərilmişdir. Qaimədə avqust ayı üzrə icarə haqqı göstərilir.

4. 2023-cü il avqust ayı üçün X6 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun avqust ayı üçün icarə haqqı 7800 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

5. “2023-cü il sentyabr ayı üçün X6 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun sentyabr ayı üçün icarə haqqı 7521 manat təşkil edir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

6. 2023-cü il oktyabr ayı üçün X6 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun oktyabr ayı üçün icarə haqqı 279 manat təşkil edir. Akt yalnız icarəyə verən tərəfindən imzalanmışdır.

7. 2023-cü il oktyabr ayı üçün X6 Ödəniş Aktından müəyyən olunur ki, icarəyə verən qismində İddiaçı tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş Hyundai 200 W7 markalı ekskavatorun oktyabr ayı üçün icarə haqqı 740 manat təşkil edir. Akt yalnız icarəyə verənin imzası ilə təsdiq edilmişdir.

8. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına 4497 manat vəsait köçürülmüşdür.

9. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borclara görə hesablanmış 16522 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi üzrə Cavabdehndən 16522 (on altı min beş yüz iyirmi iki) manat (xidmət haqqı) borc, ödənilmiş dövlət rüsumuna görə 140 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı, yəni İddiaçı sifarişçinin, yəni Cavabdeh tələbinə uyğun olaraq “X2 layihəsi çərçivəsində özünə məxsus Hyundai markalı, Az 32 T-157 dövlət nömrə nişanlı ekskavator vasitəsilə sifarişçinin verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra etməyi öhdəsinə götürür və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqını ödəyir. Tərəflər arasında razılaşmaya görə müqavilə üzrə bir günlük xidmət haqqı 278,57 manat, aylıq isə 7800 manat təşkil etmişdir. Belə ki, iddiaçı tərəfindən 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsinə uyğun olaraq işlər görülmüşdür. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlə razılaşmaya əsasən xidmət haqqı bir günlük 278,57 manat, aylıq isə 7800 manat təşkil etmişdir. Müqavilə üzrə yerinə yetirilən işlər üzrə hər gün üçün 278,57 manat xidmət haqqı müəyyən edildiyindən cavabdeh iddiaçıya 16522 (on altı min beş yüziyirmi iki) manat məbləğində pul verməlidir. İddiaçı tərəfindən 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi üzrə öhdəlik tam şəkildə yerinə yetirilmiş olsa da, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş və üzərinə götürdüyü öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri kobud şəkildə pozmuşdur. Tərəflər arasında razılaşmanın 3.6- cı bəndinə görə müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhviltəslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank köçürmə yolu ilə həyat keçirilir. Göründüyü kimi, tərəflər arasında razılaşmada öhdəliyin icrası müddətinin təyin edilməsinə, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə ödəməli olduğu 16522 (on altı min beş yüz iyirmi iki) manat borcu bugünədək ödəməkdən boyun qaçırmışdır.

12. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun “iddia tələbinin dəqiqləşdirilməsi barədə” iddia ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli xidmət müqaviləsi üzrə Cavabdehndən 16340 manat (xidmət haqqı) borc, ödənilmiş dövlət rüsumuna görə 140 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2-2(113)-435/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 10824 (on min səkkiz yüz iyirmi dörd) manat borc, ödənilmiş dövlət rüsumuna görə 92,10 manat (doxsan iki manat on qəpik) manat olmaqla, cəmi 10916,10 manat (on min doqquz yüz on altı manat on qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında Avtoqreyder ilə işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, AGE/İM/SA/07-23/033 nömrəli müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən sifarişçi “X2 Layihəsi” çərçivəsində müqavilədə qeyd edilən texnika ilə müvafiq işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış muzd ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müvafiq işləri görməyi öhdəsinə götürmüşdür. İşlər Hyundai R-200 W markalı ekskator ilə həyata keçirilmişdir. Texnikanın icarə haqqı 7800 manat, görülən işlərin bir günlük qiyməti texnika ilə yerinə yetirilən işlərə görə 278,57 manat təşkil etmişdir. Bu məbləğ bir günlük iş üçün nəzərdə tutulmuşdur. Müvafiq texnika ilə işlərin aylıq həcminin sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunması və hər ay bitdikdən sonra texnika üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktının tərtib olunması, ödənişlərin üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilməsi, ay ərzində ödəniləcək məbləğin ümumi olaraq 7800 manat təşkil etdiyi, işin icrası müddətindən asılı olaraq, aylıq ödəmənin qeyd edilən məbləğdən artıq və ya əksik ola bilməsi qaydası müəyyən edilmişdir. Hazırda iddiaçı göstərilmiş xidmətlərin haqqının tam ödənilmədiyini bildirərək, Age” MMC-dən 16340 manat (xidmət haqqı) borc məbləğinin tutulmasını xahiş etmişdir. Məhkəməyə sübut qismində icarə ödəniş aktları təqdim edilmişdir. Hesab olunur ki, həmin aktlardan yalnız ikisi, avqust və sentyabr ayları üçün tərtib olunmuş aktları sübut qismində qəbul olunmalıdır (hər iki tərəf təsdiq etmişdir), digər iki akt isə yalnız iddiaçı tərəfindən imzalandığından müqavilə şərtləri də nəzərə alınmaqla sübut qismində qəbul olunmamalıdır. Avqust və sentyabr ayları üçün tərtib olunmuş iki akt üzrə ümumi məbləğ 15321 manat (7800+7521=15321) təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına 4497 manat vəsait köçürülmüşdür. 15321 manat məbləğdən 4497 manat çıxıldıqda 10824 manat (15321- 4497=10824) qalır və həmin məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə qanunvericilik normalarını, təqdim olunmuş sübutları, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, sifarişçinin göstərilmiş işin dəyərini ödəmək vəzifəsi daşımasını, işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 10824 (on min səkkiz yüz iyirmi dörd) manat borc məbləği tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 92,10 manat (doxsan iki manat on qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 77-ci, 107-ci, 119.1-ci maddələrinə istinad etmişdir.

16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi qətnaməsini belə əsaslandırmışdırmışdır ki, tərəflər arasında Avtoqreyder ilə işlərin görülməsinə dair xx.xx.2023-cü il tarixli, AGE\İM\SA\07-23\033 nömrəli xidmət müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasi bətl əri mövcud olmuşdur. Müqaviləyə əsasən sifarişçi “X1Layihəsi” çərçivəsində müqavilədə qeyd edilən texnika ilə müvafiq işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış muzd ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müvafiq işləri görməyi öhdəsinə götürmüşdür. Məhkəmənin qətnaməsi, qanunsuz, əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, tərəflər arasında olan münasibətlər əslində hər hansı texnikalar və nəqliyyat vasitələrinin icarəyə verilməsi deyil, faktiki olaraq X1 Layihəsi” çərçivəsində müqavilədə qeyd edilən texnika ilə müvafiq işlərinin görülməsi ilə bağlı olmuşdur. Məhkəmə səhv olaraq tərəflər arasındakı münasibətləri icarə münasibətləri kimi qəbul etmişdir. Yəni tərəflər arasında bağlanmış müqavilə icarə müqviləsi adı altında bağlansa da tərərflər aralarındakı münasibət faktiki olaraq xidmət müqaviləsi olmuşdur. İş materiallarında olan təfərlər arasında tərtib edilmiş aktlardan da görünür ki, “X1 Layihəsi” çərçivəsində müqavilədə qeyd edilən texnika ilə müvafiq işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış muzd ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müvafiq işləri göstərməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Bu da onu sübut edir ki, iddiaçının guya cavabdehə icarəyə verdiyi Hyundai 200 W7 markalı, Az 32 T- 157 dövlət nömrə nişanlı ekskovator İddiaçı öz istifadəsində olmuşdur. Yəni həmin nəqliyyat vasitəsi Cavabdeh Məhdud Məsuli yyətli Cəmiyyətinin icarəsində olmamışdır. Göründüyü kimi tərəflər arasında olan işgüzar adətlər, münasibətlər icarə müqaviləsi deyil, xidmət müqaviləsi olmuşdur. Odur ki, məhkəmə tərəflər arasında olan münasibətlərə Mülki Məcəllənin icarə müqaviləsinin normalarını deyil, maddi hüquq norması kimi Mülki Məcəllənin xidmət, tapşırıq müqaviləsinin normalarını tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnamə çıxararkən tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, tətbiq etməli olmadığı maddi hüquq normasını tətbiq etmişdir. Cavabdeh MMC və İddiaçı arasında imzalanmış xx.xx.2023-cü il tarixli 4.2-ci maddəsinə əsasən, müvafiq texnika ilə işlərin aylı həcmi sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunur və hər ay bitdikdən sonra texnika üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktı tərtib olunur. İş materiallarında hər iki tərəfin imzalayıb təsdiq etdiyi belə bir üzləşmə aktları yoxdur. Borc əsassızdır. təhvil-təslim aktları, üzləşmə aktları məhkəməyə təqdim edilməmişdir. Müqavilənin 1.2-ci maddəsindən məlum olur ki, icarəyə veriləcək nəqliyyat vasitəsinin aylıq icarə haqqı cəmi 7800 manat razılaşdırılmışdır. Bildiririk ki, elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir. Həmin elektron qaimələrin cavabdeh tərəfindən ləğv edilməməsi, iddiaçı tərəfindən xidmətlrin göstərilməsi kimi qiymətləndirilə bilməz. Həmin qaimələrin heç biri möhürlənib imzalanmamışdır. İddiaçı tərəfindən vurulmuş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmiş və sistem tərəfindən avtomatik olarq təsdiq edilmişdir. İddianı qismən təmin edən məhkəmə, borcun mövcudluğunu və müxtəlif texnikaların həqiqətən cavabdehə icarəyə verilməsini həmin elektron qaimələrə, aktlara və müqaviləyə istinad etmişdir. Elektron qaimə xidmətlərin göstərilməsini təsdiq edən sənd deyildir. Həmin elektron qaimələrin alt sənədləri, təstiqedici sənədləri, yəni təhvil-təslim aktları, forma 2 saylı akt, üzləşmə aktı yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.4-cü bəndinə görə, bu qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Göründüyü kimi iddiaçı tərəfindən vurulmuş elektron qaimələr cavabdeh tərəfindən deyil proqram təminatı tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, elektron qaimə birbaşa işlərin və xidmətin yerinə yetirilməsini təsdiq etmir. Birinci instansiya məhkəməsi də iddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrə istinad etmişdir. Yuxarıda qeyd olunan maddənin mənasından da göründüyü kimi, qaimələr iddiaçı tərəfindən cavabdehə texnikaların icarəyə verilməsinin sübutu kimi qəbul edilə bilməz. Həmin qaimələrin alt sənədi, texnikaların təhviltəslim aktları (tətəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzlanıb möhürlənmiş aktlar) və s. sənədlər mövcud olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin xx.xx.2022-ci il tarixli qərarına zidd olaraq iddianı təmin etməklə səhvə yol vermişdir. Bunlardan əlavə iş materiallarında olan 2 ədəd aktların heç birində Cavabdeh MMC-nin möhürü və səlahiyyətli nümayəndəsinin imzası yoxdur. Sözügedən aktlarda cavabdeh MMCnin möhürü və səlahiyyətli nümayəndəsinin imzasının olmaması, aktlara qoşma olaraq qoyulmuş 2 ədəd sənətdə olan imzaların həqiqətən həmin şəxslər tərəfindən icra edilibedilməməməsi barədə şübhələrin olması, həmin aktların doğruluğunu və həqiqətən həmin tarixdə tərtib edilməsini şübhə altına alır. Buna görə də şübhə doğuran, birtərəfli qaydada tərtib edilmiş həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin birtərəfli tərtib edilmiş aktlar əsassızdır, mötəbər sübut hesab oluna bilməz. İddiaçı cavabdehə icarəyə vermədiyi texnikalara görə əsassız olaraq əlavə pul tələb edir, Bakı Kommersiya məhkəməsi də səhv hüquqi nəticəyə gələrək həmin pulu bizdən tutmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı öz iddia tələblərinin əsaslı olması barədə məhkəməyə heç bir mötəbər sübut verməyib. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi birinci instansiya məhkməsi maddi və prosesaul hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Odur ki, Birinci İnstansiya Məhkəməsinin qətnaməsi ləğv edilməli iddia tələbi rədd edilməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halların özlərinin sübut etməli olmaları Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində təsbit olunmuşdur. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin məhkəmədə verdiyi ekspertiza vəsatətini təmin etməmiş, məhkəməyə təqdim olunan sənədləri düzgün araşdırmamış, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiyasiməhkəməsinin qətnaməsinin MPM-in 385-cimaddəsinin tələblərinə görə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(103)-552/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir.

20. 18.06.2025-ci il tarixində AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə cavabdeh tərəfindən iddiaçıya olan borcun tam şəkildə ödənilməsi barədə ərizə və ödənişi təsdiq edən qəbz daxil olmuşdur.

21. 18.06.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə İddiaçı tərəfindən iddiadan imtina edilməsi ilə bağlı ərizə daxil olmuşdur.

22. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

24. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

25. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

26. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

27. Maddə 370.1 Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Məhkəmə kollegiyası ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, İddiaçı öz iddiasından imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə iş üzrə icraata xitam verilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı öz iddiasından imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-435/2025 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar