Məhkəmə qərarları › İş №2-2(103)-554/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-554/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-554/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 MMC-nin vəkili Vəkil2 və üçüncü şəxs Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1267/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qərardadından İddiaçı və Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMC-yə qarşı (üçüncü şəxs Ərizəçi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdeh olan “xxxx” MMC-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48734005,73 AVRO, faizlər üzrə 31769268,39 AVRO, cərimə üzrə 207986,05 AVRO olmaqla ümumilikdə 80711260,19 AVRO məbləğində vəsaitin, eləcə də 31.05.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14890,95 (on dörd min səkkiz yüz doxsan) AVRO məbləğində dəbbə pulunun tutularaq iddiaçı tərəfə - İran İslam Respublikasının "İddiaçı"na ödənilməsi, borcun tutulmasının birinci cavabdeh olan “xxxx” MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binasına və birinci cavabdeh olan “xxxx” MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) paylara yönəldilməsini, həmin daşınmaz əmlaklar və “xxxx” MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) paylar hərracda satılmasını və satışdan əldə olunan vəsait hesabına cavabdeh “xxxx” MMC-nin iddiaçı İran İslam Respublikasının İran X1 borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində üçüncü şəxs Ərizəçin vəsatət verərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.03.2021-ci il tarixli e-2-2(113)-1267/2021 saylı qərardadı ilə vəsatəti təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Ərizəçi cavabdehlər “xxxx” MMC-yə, Qanuni nümayəndə və “X5 Bankı”na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(060)-540/2021 saylı mübahisə üzrə yekun məhkəmə aktı (qərar və ya qərardad) qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. İddiaçı və Cavabdeh1 MMC ayrı-ayrılıqda şikayət verərək, həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil3, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 MMC-nin vəkili Vəkil2 şikayətləri müdafiə etdilər, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, Ərizəçi “xxxx” MMC-yə, Qanuni nümayəndə və “X5 Bankı”na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Həmin iddia hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Hazırkı iş üzrə iddia tələblərindən biri isə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan işdə mübahisələndirilən ipoteka müqaviləsi üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə əlaqəli olduğundan və yuxarıda göstərilən mübahisə üzrə yekun məhkəmə aktı ilə müəyyən ediləcək hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin iş həll edilməyincə hazırkı işə baxmaq mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında isə qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Lakin hazırki iş üzrə icraatın dayandırılması üçün əsaslar mövcud deyil. Belə ki, hazırki iddianın predmeti kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsindən ibarət olduğuna görə işə mahiyyəti üzrə baxan məhkəmə ilk olaraq tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələrinin bağlanıbbağlanmamasını yoxlamalıdır. Ona görə də, Ərizəçi ayrıca icraatda irəli sürdüyü ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiada istinad etdiyi hallara hazırki kommersiya mübahisəsi üzrə iddiaya etirazının əsası kimi istinad edə və bununla bağlı istinad etdiyi halların təsdiqi barədə sübutları təqdim edə bilər ki, hazırki məhkəmə tərəfindən də həmin hallara hüquqi qiymət veriləcəkdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında qeyd olunan “mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ” mövcud deyil. Ona görə də, iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməsi Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin tələblərinə uyğun deyil. Eyni zamanda həmin vəsatətin təmin edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən işlərin ağlabatan müddətdə baxılmasına da maneə olacaq və iş üzrə icraatın dayandırılması barədə vəsatətə etiraz edən və işin baxılmasının davam etdirilməsini tələb edən tərəflərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayətlər təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, vəsatət təmin edilməməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1267/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilməsin. Kommersiya mübahisəsinə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar