Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-555/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulması” tələbinə dair Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı xidmət müqaviləsi üzrə borcun tutulması barədə kiçik iddiaya üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1402/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz halıdı ki, iddiaçı ilə cavabdeh arasında 13 mart 2017-ci il tarixli Mİ-064/2017 saylı “Texniki servis xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehin avtomobillərinə texniki servis xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətin haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2019-cu il tarixli Mİ-94150 saylı hesabdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 5461,31 manat dəyərində xidmət göstərilmişdir.
3. xx.xx.2019-cu il tarixli Mİ-94150 saylı “Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında” Aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus Mitsubishi Pajero markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobildə 5461,31 manat dəyərində təmir işləri aparılmışdır.
4. xx.xx.2019-cu il tarixli EBAA seriyalı 827215 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 5461,31 manat dəyərində xidmət göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 5461 manat əsas borc, 851 manat əsas borc üzrə hesablanmış dəbbə pulu, 103 manat mediasiya icraatı üzrə ödənilmiş rüsum, 85 manat məhkəməyə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6500 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir
6. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 mart 2017-ci il tarixli Mİ-064/2017 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan Mitsubishi Pajero markalı ** PN *** nömrə nişanlı nəqliyyat vasitəsinə texniki servis xidmətinin göstərilməsini iddiaçı öz öhdəliyinə götürmüşdür. Cavabdeh isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdeh istifadəsində (mülkiyyətində) olan Mitsubishi Pajero markalı ** PN *** nömrə nişanlı nəqliyyat vasitəsini iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin həmin təmirlərə görə yaranan xx.xx.2019-cu il tarixli Mİ-94150 saylı iş kartı və xx.xx.2019- cu il tarixli 827215 saylı elektron qaimə üzrə 5461,31 manat (ƏDV daxil) miqdarında servis pulunu iddiaçıya ödəməmişdir. Bununla bağlı qarşı tərəfə dəfələrlə borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də heç bir nəticəsi olmamışdır. Borclunun müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, yəni yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehin Dövlət Vergi Xidmətində qeydiyyata alınmış elektron ünvanına (elektron kargüzarlıq vasitəsi ilə) xx.xx.2019-ci il tarixindən bu günəcən mütəmadi olaraq bildirişlər və pretenziya məktublarları göndərilsə də məsələ öz həllini tapmamışdır (qeyd edilən göndərişlərin təsdiqinə dair sənəd ərizəyə əlavə edilmişdir), yəni cavabdeh borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən, sifarişçi nağd və ya köçürmə ilə icraçıya vaxtında ödəməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulan ümumi xidmətin qiyməti sifarişçiyə təqdim edilən hesabda əks etdirilir və ödəniş üçün əsas sayılır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, nağdsız ödəniş məqsədi ilə sifarişçiyə hesab təqdim edilir. Hesabın icrası (ödənişi), xidmətlər yerinə yetirildiyi gündən etibarən 10 (on) iş günü ərzində həyata keçirilir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən,nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq ödəniş 10 (on) gün ərzində, təqdim edilmiş hesab üzrə həyata keçirilir. Ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1% dəbbə pulu hesablanır. İş üzrə cavabdehin, tərəflər arasında bağlanmış 13 mart 2017-ci il tarixli Mİ- 064/2017 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə öhdəlikləri ilə əlaqədar, borc məbləği kimi yaranmış 5461,31 manat (ƏDV daxil) manatla yanaşı, həmin pul (borc) vəsaitinin qanunsuz olaraq (xx.xx.2019-cu il tarixdən etibarən 167 həftədən artıq müddətdə olmaqla) özündə saxlaması nəticəsində iddiaçıya 9125 manat miqdarında, əsas borc üzrə dəbbə pulu borcu da yaranmışdır (Müqavilənin 3.5-cü bəndində nəzərdə tutulan bəbbə pulu qismində). Lakin cavabdehdən, öhdəliklərindən yayınması ilə bağlı yaranmış borcu üzrə, Müqaviləyə əsasən dəbbə pulu qismində tələb etdiyi məbləğ 9125 manat yox, 851 manat həcmindədir. Beləliklə cavabdeh, iddiaçı qarşısında müqavilə üzrə öz maddi öhdəliklərini yerinə yetirmədiyinə görə, iddiaçı ümumilikdə 6312 manat həcmində maddi zərərə məruz qalmışdır. 7.Cavabdeh tərəf dəyəri tələb edilmiş xidmətlərin göstərilməsini mübahisələndirməmiş, elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək mübahisəyə iddia müddətinin tətbiq edilməklə baxılmasını xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1402/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 13 mart 2017-ci il tarixli Mİ-064/2017 saylı “Texniki servis xidmətlərinin göstərilməsinə dair” müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə məxsus Mitsubishi Pajero markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 5461,31 manat dəyərində təmir işləri xidməti göstərilmiş, lakin cavabdeh tərəfindən xidmətin haqqı iddiaçıya ödənilməmişdir. 10.Məhkəmə tədqiqat zamanı müəyyən etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli EBAA seriyalı 827215 saylı elektron qaimə üzrə göstərdiyi 5461,31 manat dəyərində xidmətin haqqının ödənilməsini tələb etmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 3.4-cü bəndinə əsasən nağdsız ödəniş məqsədi ilə göstərilmiş xidmətlərə uyğun olaraq “Sifarişçi”-yə hesab təqdim edilir. Hesabın icrası (ödəniş), xidmətlər yerinə yetirildiyi gündən etibarən 10 (on) iş günü ərzində həyata keçirilir. Müqavilənin 3.4-cü bəndinin tələbini (cavabdehin ödənişi 10 gün müddətində həyata keçirmək hüququ) nəzərə aldıqda, hazırki tələb üzrə iddiaçının iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlanmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən sonra cavabdehin borcu etiraf etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 11.Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı mediasiya təşkilatına 2023-cü ilin yanvar ayında müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, iddiaçının ödənilməsini tələb etdiyi xx.xx.2019cu il tarixli EBAA seriyalı 827215 saylı elektron qaimə üzrə iddia müddəti keçmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1402/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 377.2-ci maddəsinə görə: İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsi işi araşdırarkən bu fakta düzgün hüquqi qiymət verməyərək, iş üzrə qəbul etdiyi qətnaməsini formal əsaslarla və səthi dəyərləndirmələrlə əsaslandırmağa çalışmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə hələ də qüvvədə olduğundan, tərəflərin həmin müqavilə üzrə davam edən qarşılıqlı müəyyənləşdirilmiş öhdəlikləri vardır. Belə olan halda isə, qüvvədə olan müqavilə əsasında qarşılıqlı davam edən öhdəliklərin olduğu, yəni icra müddəti müqavilə əsasında müəyyənləşdirildiyindən tələb üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9cu maddəsi üzrə: ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İş üzrə cavabdehin iddia tələbinə etiraz ərizəsi təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsində işə sadələşdirilmiş icraat qaydasında baxılmağa davam edilmiş, işin həllinə dair tərəflərin iştirakı ilə məhkəmə araşdırması zərurətinə heç bir hüquqi qiymət verilmədən iş iddia icraatına keçirilməmişdir. İş üzrə cavabdeh tərəf iddia tələbinə etiraz verdiyindən, məhkəmənin “ətraflı araşdırma insiyatifi” üzrə işin iddia icraatına keçiriləcəyini ehtimal etmişdirlər. Lakin birinci instansiya məhkəməsində aidiyyəti zərurətlə bağlı iş üzrə məhkəmə araşdırması aparılmadan, iddia tələbinin əsaslandırıldığı sübutlara düzgün hüquqi qiymət verilmədən qanunsuz qətnamə qəbul edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə yazılı etirazını müdafiə etmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddə- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddə- müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddə- iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddə-icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 284-5.2.-ci maddə- cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.4.-ci maddə-məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa.
Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri
17. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1402/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz.
20. İddiaçının apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə hal-hazıradək qüvvədə olduğundan iddia müddətinin ötürüldüyə dair məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, müqavilənin qüvvədə olma müddəti ilə müqavilə üzrə öhdəliyin icra müddəti fərqli anlayışlardır. Müqavilənin qüvvəsinin anlayışı MM-nin 399-cu maddəsində, öhdəliyin icra müddətinin anlayışı isə 427-ci maddəsində nəzərdə tutulmuşdur.
21. Tərəflər arasında bağlanmış xidmət müqaviləsində müqavilənin qüvvəsi tərəflərin öz öhdəliklərini yerinə yetərənədək, yerinə yetirilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı icra müddəti isə 3.5-ci bəndində sifarişçiyə vergi hesab fakturası təqdim edildiyi tarixdə 10 iş günü müəyyən edilmişdir.
22. İşdən göründüyü kimi, iddiaçı tərəfindən 5461,31 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli EBAA seriyalı 827215 saylı elektron qaimə göndərildiyindən, elektron vergi hesab fakturasının da həmin dövrdə təqdim edildiyi və MM-nin 377.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müddətinin 2019-cu ilin oktyabr ayında başlayaraq 2022-ci ilin oktyabr ayında bitdiyi müəyyən olunur. İddiaçı iddia müddəti keçdikdən sonra 2023-cü ilin yanvar ayında mediasiya təşkilatına müraciət etdiyindən iddia müddəi ötürüldüyü üçün iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi qanunu və əsaslıdır.
23. İddiaçının apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, iş üzrə cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim etməsinə baxmayaraq, birinci instansiya məhkəməsində işə sadələşdirilmiş icraat qaydasında baxılmağa davam edilmiş, işin həllinə dair tərəflərin iştirakı ilə məhkəmə araşdırması zərurətinə heç bir hüquqi qiymət verilmədən iş iddia icraatına keçirilməmişdir.
24. Bununla bağlı məhkəmə bildirir ki, Mülki Prosessual Məcəllənin 284-5.2.-ci maddəsində cavabdehin kiçik iddiaya etiraz vermək hüququ nəzərdə tutulmuş, bu hal iddia icraatına keçilməsi üçün əsas kimi müəyyən edilməmişdir. Sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsinin əsasları Mülki Prosessual Məcəllənin 258-5.4-cü maddəsində qeyd edilmişdir. Hazırkı işdə həmin əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən prosessul pozuntuya yol verildiyi müəyyən olunmur.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1402/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1402/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.