Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-564/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil2, kreditor “X4 Limited” şirkətinin vəkili və nümayəndəsi X1 iştirakı ilə müflis elan olunma tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-678/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (kreditorlar “X4 Limited” şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri lokal gəlirlər baş idarəsi) məhkəməyə müraciət edərək, müflis elan olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cəmiyyətin aktivlərinin olmaması, fəaliyyət göstərə bilməməsi və maliyyə vəziyyəti səbəbindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi 33 aydır ki, yerinə yetirməyə qadir deyil. Eyni zamanda, Cəmiyyət maliyyə vəziyyəti səbəbindən dövlət qarşısında olan vergi öhdəliklərini yerinə yetirməyə qadir deyil. Belə ki, 2017-ci ildən bəri hesablanmış vergi öhdəliklərini ödəməyə qadir olmamışdır. Cəmiyyətin hazırda 5.511,79 manat məbləğdə vergi borcu yaranmış və 2 ildən artıq müddətdir ki, ödənilməmişdir. Bu faktları təsdiq edən sənədlər Bakı Kommersiya Məhkəməsinə təqdim olunmuşdur. DƏDRX 1 saylı Bakı ərazi idarəsinin 12.05.2020-ci il tarixli məktubundan görünür ki, Cəmiyyətin adına Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. AR Mərkəzi Bankının 02.07.2020-ci il tarixli məktubundan aydın olur ki, Cəmiyyətin hər hansı bir qiymətli kağız buraxılışı dövlət qeydiyyatına alınmamışdır. Lakin, Məhkəmə hesab etmişdir ki, Cəmiyyətin müflis elan olunması tələbi qanuni qüvvəyə minmiş qətnamənin icrasından yayınmaq məqsədini güdür. Əslində isə ərizəyə əlavə olunmuş sənədlərdən açıq-aşkar görünür ki, Cəmiyyətin öz öhdəliklərini ödəmək qabiliyyəti mövcud deyil. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, kreditor “X4 Limited” şirkətinin vəkili və nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-490/2018 nömrəli iş üzrə 20.06.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-dən 720.000 ABŞ dolları məbləğdə icarə və xidmət müqaviləsi üzrə xidmət haqqının “X5 Gas Limited” şirkətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu tərəfindən qətnamə ilə tutulan borc üzrə hazıradək kreditora ödəniş edilməmişdir. İddiaçının dövlət büdcəsinə ümumilikdə 5.175,71 manat vergi borcu vardır. Həmçinin, iddiaçının mülkiyyətində 7 ədəd müxtəlif markalı nəqliyyat vasitələri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: 1-ci maddəsinə görə, müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır; 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir; 11-ci maddəsinin 1-ci bəndinə görə, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə; 11-ci maddəsinin 3-cü bəndinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) iddiaçı bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd etməsi barədə gəldiyi nəticə ilə razılaşaraq o halı nəzərə alır ki, iddiaçının “X4 Limited” şirkətinə 720.000 ABŞ dolları məbləğdə borcunun olması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.09.2018-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, lakin iddiaçı qətnamə ilə tutulan borc üzrə kreditora ödəniş etməmişdir. Odur ki, iddiaçının müflis elan edilmə barədə ərizəsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşıdığına dair əsaslı qənaət formalaşdırmaqla, ədalətli məhkəmə araşdırması prinsipinin tərkib hissəsi olan yekun məhkəmə aktının müəyyənliyi və icrasının təmini prinsipi ilə ziddiyyət təşkil edir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-678/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-564/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-564/2021
10.06.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver