Məhkəmə qərarları › İş №2-2(103)-572/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-572/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-572/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1427/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli mühasibatlıq və vergi uçotu üzrə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən icraçı müştərinin tapşırığı ilə, həmin müqavilənin şərtləri daxilində aşağıdakı xidmətləri yerinə yetirməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Vergi uçotu üzrə məsləhətlərin verilməsi. 1.3-cü bəndinə əsasən müqavilə açıq hesab edilir, müştəri ilə qarşılıqlı razılaşma əsasında, əlavə tapşırıqlara, icraçı tərəfindən maliyyə və uçot sahəsində qanunvericiliyə zidd olmayan digər xidmətlər göstərilə bilər. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən yerinə yetiriləcək işlər üçün xidmət haqqı 15000 manat məbləği göstərilməklə, tərtib edilmiş akt ilə müəyyənləşdirilir. 3.2-ci bəndinə əsasən müştəri tapşırıqda ödəyəcəyi haqqı İcraçının hesablaşma hesabına köçürmə yolu ilə ödəyir. 3.3-cü bəndinə əsasən tapşırığın yerinə yetirilməsi zamanı müvafiq orqanlara ödəniləcək rüsum, vergi və s, Ödənişlər, İcraçının məlumatı əsasında, Müştəri tərəfindən ödənilir. 3.4-cü bəndinə əsasən müştəri xidmətin dəyərini aktın təqdim edildiyi tarixdən 5 gündən gec olmayaraq ödəməyi qəbul edir. 4.2-ci bəndinə əsasən tərəflər, Müqavilənin şərtlərinə əsasən, aralarındakı hərcür ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə gün üçün gecikdirilən məbləğin 0.15% məbləği həcmində cərimə ödəməyi qəbul edirlər.

2. Xidmətlərin yerinə yetirilməsi aktına əsasən icraçı tərəfindən bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin şərtərinə uyğun olaraq vergi xidməti göstərildiyi qeyd olunmuş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

3. "xxxx" MMC tərəfindən 15.000 manat dəyərində göstərilmiş xidmət üzrə xx.xx.2024-cü il tarixli, EBDZ924190 saylı e-qaimə tərtib edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən müqavilənin şərtləri də nəzərə alınmaqla həm xidmət haqqı olaraq 15000 manat, vergi orqanı tərəfindən cərimə edildiyi 435 manat məbləğində pul, həm də cərimə məbləğinin və əlavə olaraq məhkəməyə müraciət etmək üçün ödənilmiş 137 manat dövlət rüsumunun, ümumilikdə 15572 manat pulun tutularaq "xxxx" MMC -yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında "mühasibat və vergi ucotu üzrə xidmətin göstərilməsi barədə" xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilə üzrə qarşılıqlı şəkildə razılaşdırılmış və həvalə edilən bütün işlər tərəflərindən görülmüşdür. Görülən bütün işlər "xxxx" MMC-yə təhvil verilmiş və xx.xx.2024-cü il tarixdə aktlaşdırılaraq hər iki tərəfdən imzalanmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən müştəri xidmətin dəyərini aktın təqdim edildiyi tarixdən 5 gündən gec olmayaraq ödəməyi qəbul edir. Müqavilə üzrə xidmətlər göstərilsə də, "xxxx" MMC tərəfindən hələ də ödənişlər edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlərin vaxtında aparılmamasına görə hər gecikmə gün üçün gecikdirilən məbləğin 0.15% məbləği həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı cavabdeh təşkilata xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş və cavabdeh təşkilat üzərinə düşən öhdəlikləri hələdə yerinə yetirmir. Əlavə olaraq vergi orqanı tərəfindən bu müqavilə üzrə mənfəət vergisini cavabdehin təqsiri üzündən ödənilə bilinmədiyi üçün hər günə 0.1% penya məbləği hesablanır. Bugünkü günə bu məbləğ 435 manat təşkil edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-1427/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş mühasibatlıq və vergi uçotu xidmətlərinə görə cavabdehin ona 15000 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə bildirir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçının xidməti nəticəsində cavabdeh şirkətin mövcud borcu silinməli idi, lakin vergi borcu silinmədiyi üçün hesab edir ki, iddiaçı tərəfindən heç bir xidmət cavabdehə göstərilməyib. Məhkəmə qeyd edilmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, xidmətlərin göstərilməsinə dair tərəflər arasında akt təsdiq edilmişdir və iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilmişdir. Cavabdeh bildirsə də ki, tərəflərin razılaşmasına əsasən iddiaçı tərəfindən göstərilən xidmətin nəticəsi olaraq cavabdeh şirkətin vergi borcu silinməli idi, lakin müqavilədə bu cür şərtin mövcüdluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab etmişdir ki, iddia təmin olunmalı, 15.000 manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iş materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləsinin müqaviləyə əsasən hesablanmış 437 manat penyanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 437 manat məbləğində müəyyən edilə bilər. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 137 manat məbləğində dövlət rüsumu xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 137 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 385.1, 442, 443.1, 448.1, 777.1, 783.2 maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Məhkəmə xərcləri hissəsində Azərbaycan Respublikası MPM-in 107, 115.0.9, 119.1-ci maddələri göstərilmişdir.

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommerisya Məhkəməsinin 2-2(113)-1427/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə cavabdeh tərəfindən imza edilməyib, qarşı tərəf onu aldadaraq boş A4 vərəqinə imza və peçat vurduraraq vergi işlərini həll edəcəyi adı ilə götürmüş, sonradan belə müqavilə tərtib etmişdir. Hər hansı müqavilənin mövcud olması üçün iki tərəfin razılaşması lazımdır. Cavabdehin hər hansı razılığı yoxdur. Cavabdeh belə müqavilənin bağlanılmasından xəbərsiz olub. Məhkəmə işin hallarını tam araşdırıb sübuta yetirməmiş, təqdim olunan sübutlara düzgün qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh MMC-nin direktoru məhkəmə iclasında belə bir müqavilədən xəbərsiz oluğunu bildirsə də məhkəmə bu halı nəzərə almamış və yazılı sübut kimi təqdim olunan müqavilə ilə bağlı hər hansı ekspertiza keçirməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən təqdim olunan müqavilə etibarsızdır. Bu barədə Bakı Kommersiya Məhkəməsinə bildirsə də məhkəmə tərəfindən hər hansı tədbir görülməmişdir. (məlumat: tərəfindən Azərbaycan Respublikasının Prokurorluğuna şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün müraciət edilmişdir). Cavabdehin isə bu müqavilədən yalnız məhkəmədə xəbəri olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

13. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə tam olaraq cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC aralarında 1.01.2024-cü il tarixli, 01/24 nömrəli mühasibatlıq və vergi uçotu üzrə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək cavabdehə mühasibat uçotu xidmətləri göstərmiş, cavabdeh isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını ödəməmiş, nəticədə iddiaçıya 15000 manat məbləğində borcu yaranmışdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından mübahisəyə qanunun analogiyası üzrə xidmət müqaviləsinə ən yaxın müqavilə növü olan podrat müqaviləsində dair normalar tətbiq edilməlidir.

21. Odur ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

22. Kollegiya cavabdehin qanuni təmsilçisinin aldadılaraq boş kağıza imza etməsi, belə olan halda tərəflər arasında bağlanmış müqavilənin etibarsız olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, cavabdeh istinad etdiyi halları təsdiq edən, tərəflər arasında bağlanmış müqavilənin tərəflərin həqiqi iradəsini əks etdirməsini şübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

23. İkincisi, iş materiallarından o da görünür ki, mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsinə dair akt tərtib edilərək hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmış və möhürlənmişdir. Bununla yanaşı həmin müqavilə üzrə xidmətlərin göstərilməsinə dair iddiaçı tərəfindən cavabdehə elektron qaimə göndərilmiş və cavabdeh tərəfindən həmin qaimə düzəliş üçün qaytarılmamış, eləcə də qaiməyə hər hansı bir formada etiraz edilməmişdir. Göstərilən hallar isə öz növbəsində cavabdehin müqavilə barədə məlumatsız olması, müqaviləni aldadılma nəticəsində imzalaması barədə cavabdehin dəlillərinin əsassızlığına dəlalət etməklə tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərin mövcudluğunu təsdiq edir.

24. Bununla yanaşı apellyasiya şikayətində cavabdeh müqavilənin mötəbərliyinə ekspert tərəfindən qiymət verilməli olduğunu qeyd etsə belə, müqavilə ilə bağlı konkret hansı halların aydınlaşdırılması, sualların izah edilməsi üçün ekspertizanın keçirilməsinin zəruri olmasını dəqiqləşdirməmişdir. Odur ki, həmin dəlillər formal mülahizə kimi qiymətləndirilir.

25. Beləliklə, kollegiya hesab edir ki, xidmət müqaviləsi üzrə 15.000 manat xidmət haqqı tutulması hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

26. Həmçinin kollegiya onu da qeyd edir ki, cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə xidmət haqqını ödəmək öhdəliyinin gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması nəzərdə tutulduğundan və iddiaçı tərəfindən tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından dəbbə pulu tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1427/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar