Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-575/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2637/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. İcraçı (bundan sonra iddiaçı adlandırılacaq) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nümayəndə (VÖEN: **********) ilə sifarişçi (bundan sonra Cavabdeh adlandırılacaq) Cavabdeh (VÖEN: **********) arasında 25 oktyabr 2024cü il tarixli GTG/076/24 saylı xidmət müqaviləsi imzalanmışdır.
2. İddiaçı xx.xx.2024-cü il tarixli 1 nömrəli akt üzrə 27.10-xx.xx.2024 tarixlərində 1910,70 manat, xx.xx.2024-cü il tarixli 2 nömrəli akt üzrə isə 01.11-xx.xx.2024 tarixlərində 5732,10 manat dəyərində xidmət göstərmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə elektron qaimə göndərmiş və cavabdeh təsdiq etmişdir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Nümayəndə (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7642,80 manat əsas borcun, 23,37 manat cərimə borcunun, 32,19 manat faiz borcunun və 97 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2637/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 7642,80 manat əsas borc, 23,37 manat dəbbə pulu, 32,19 manat faiz borcu, 97 manat dövlət rüsumu, ümumilikdə 7795,36 (yeddi min yeddi yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslanırdışdır ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixlİ xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini vaxtında yerinə yetirlməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin qeyd olunan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7795,36 (yeddi min yeddi yüz doxsan beş manat otuz altı qəpik) manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli və gecikdirilmiş hər bir gün üçün hesablanmış dəbbə pulu və faiz borcu ödənməlidir. Beləliklə, 7642,80 manat əsas borc, 23,37 manat dəbbə pulu, 32,19 manat faiz borcu, 97 manat dövlət rüsumu, ümumilikdə 7795,36 (yeddi min yeddi yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilməlidir.
7. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2637/2025 nömrəli qətnaməsinin ləğv edillməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləği yenidən hesablanmalı idi. Cavabdeh tərəfindən öhdəliklər onun təqsiri olmadan gecikdirilmişdir. Cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə öhdəliklərin icrası gecikmişdir. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. Hesab edilir ki, Bakı Kommersiya Məhkəməsinin, e-2-2(113)-2637/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilməklə AR MPM-in 14, 88-ci maddələri pozulmuşdur. İddiaçı Nümayəndə Azərbaycan Respublikası MPM-nin tələblərini pozaraq mübahisənin məhkəmədən kənar həll edilməsi üçün səy göstərməmiş, iddiaçı tərəfindən MMC tərəfindən cavabdehin ünvanına pretenziya göndərilməmiş, birbaşa kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə cavabdehin etirazına hüquqi qiymət verməmişdir. Məhkəmə tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur. Həmçinin Məhkəmə əsassız olaraq cavabdehdən dəbbə pulundan əlavə, faiz borcunun tutulmasını təmin etmişdi. Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
11. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.
16. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
17. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
18. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
19. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
20. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
22. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İş materiallarına əsasən, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixli, GTG/076/24 saylı xidmət göstərilməsi haqqında müqaviləyə görə, sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür.
29. Müqavilənin 4.1-ci maddəsində qeyd olunmuşdur ki, hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
30. Müqavilənin 4.5-ci maddəsinə əsasən isə xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində iddiaçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir..
31. Müqavilənin 4.6-cü bəndinə görə sifarişçi göstərilmiş xidmətinə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında cərimə ödəyir.
32. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə imzalanmış 1 nömrəli təhvil-təslim aktı üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində İddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1910,70 manat (min doqquz yüz on manat, yetmiş qəpik), xx.xx.2024-cü il tarixdə imzalanmış 2 nömrəli təhvil-təslim aktı üzrə xx.xx.2024-xx.xx.2024cü il tarixləri ərzində iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri isə 5732,10 manat (beş min yeddi yüz otuz iki manat, on qəpik) təşkil edir. İddiaçı tərəfindən hər iki təhviltəslim aktı ilə göstərilən xidmətlərin dəyərinin ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə elektron qaimə göndərilmiş, cavabdeh bu elektron qaiməni təsdiq etmişdir.
33. Kollegiya məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləğinin hesablanması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz ərizəsi verilsədə borc məbləği mübahisələndirilməmiş, bununla bağlı hər hansı vəsatət verilməmişdir.
34. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün səy göstərməməsi, pretenziya göndərilməməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materillarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən 7642,80 manat borcu yarandığından ödənməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin digər dəlilləri əsaslı hesab edilə bilməz.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2637/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.