Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-577/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli e-2-2(113)- 920/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mahiyyəti ondan ibarətdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə ASFX18/355 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-ci km yolunun yenidən qurulması layihəsində nəqliyyat vasitələri, maşın və texnikaların elektrik hissələrinin təmiri ilə əlaqədar işlərin icrası və nəzarətini öz üzərinə götürmüşdür. Müqavilə üzrə aylıq xidmət haqqı 2.190 manat müəyyən edilmişdir.
2. İddiaçı 03 aprel 2019-cu il tarixdən 12 noyabr 2019-cu il tarixinədək Qazaxstanda təmir işlərini icra etdiyini və cavabdehin ümumilikdə 6080 manat borcu qaldığını bildirir.
3. Cavabdeh isə bildirir ki, iddiaçı tərəfindən təhvil-təslim aktları təqdim edilməmişdir, müqavilənin müddəti 03 oktyabr 2019-cu il tarixdə bitmiş və iddiaçı həmin vaxtdan Qazaxstandan geri qayıtmalı olduğu halda 12 noyabr 2019-cu il tarixdə geri qayıtmışdır. İddia müddətinin başlanğıcı 03 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 3 illik iddia müddəti ötürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6.992 manat pul məbləğinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 110 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və "xxxx" ASC arasında AS FX18/355 nömrəli, 03 aprel 2019-cu il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı İcraçı kimi Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi “dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275 km” yolunun yenidən qurulması lahiyəsində nəqliyyat vasitələri, maşın və texnikaların elektrik hissələrinin təmiri ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürür, sifarişçi isə bunun qarşılığında İcraçıya 2.190 manat xidmət haqqı ödəyir. Sözügedən Müqavilə əsasında iddiaçı 03 aprel 2019-cu il tarixdə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək üçün Qazaxıstan Respublikasına getmişdir. 12 noyabr 2019-cu il tarixdə isə "xxxx" ASCnin göstərişi ilə Qazaxıstandan Bakıya gəlmişdir. İcraçı kimi öz öhdəliyini müqavilədə göstərilən standarlara uyğun olaraq yerinə yetirməsinə baxmayaraq "xxxx" STİK ASC tərəfindən 2019-cu ilin iyul, sentyabr, oktyabr və noyabr ayları üzrə nəzərdə tutulmuş ödənişlər iddiaçıya ödənilməmişdir. ASFX18/355 nömrəli, 03 aprel 2019-cu il tarixli xidmət müqaviləsinin: 2.1-ci bəndinə əsasən Sifarişçi İcraçıya 1 ay üçün 2.190 manat xidmət haqqı ödəyir. 2019-cu il iyul ayı üzrə 690 manat, sentyabr ayı üzrə 2190 manat, oktyabr ayı üzrə 2.190 manat, noyabr ayı üzrə 1010 manat və üç il gecikməyə görə hər il üçün 5% dərəcəsi tətbiq olunaraq 912 manat olmaqla cəmi 6.992 manat məbləğ ona ödənilməmişdir.
6. Cavabdeh tərəf elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərdiyi xx.xx.2023-cü il tarixli ərizəsində məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-920/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ASFX18/355 nömrəli müqavilə üzrə 6.080 (altı min səksən) manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 912 (doqquz yüz on iki) manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (yüz on) manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir.
8. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Məhkəmə işə cavabdehin iştirakı olmadan birtərəfli qaydada baxmış, işi hərtərəfli araşdırmadan əsassız qətnamə çıxarmışdır. Belə ki, Məhkəmə iddianı təmin edərkən, tərəflər arasında 03 aprel 2019-cu il tarixdə ASFX18/355 nömrəli xidmət müqaviləsinin bağlanıldığını, iddiaçının təqdim etdiyi təyyarə biletlərindən və pasportuna vurulmuş möhürdən göründüyü kimi onun həmin müqavilənin icrası ilə bağlı Qazaxstan Respublikasında olduğunu, "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa istinad edərək iddiaçıya cavabdeh tərəfindən xidmət müqaviləsi əsasında ödənilmiş məbləğləri nəzərə alaraq borcun olması qənaətinə gəlmişdir.
10. Eləcə də məhkəmə ezamiyyə vərəqəsinə cavabdehin möhür vurduğunu əsas götürərək iddiaçının tələb etdiyi aylar üzrə xidmətlərin göstərilməsi qənaətinə gəlmişdir.
11. İş materiallarından da göründüyü kimi iddiaçı məhkəməyə işlərin icrası ilə bağlı təhvil-təslim aktlarını təqdim etməmişdir.
12. Müqavilənin müddəti 03 oktyabr 2019-cu il tarixdə bitmiş və iddiaçı həmin vaxtdan Qazaxstandan geri qayıtmalı olduğu halda 12 noyabr 2019-cu il tarixdə geri qayıtmışdır. İddia müddətinin başlanğıcı 03 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə iddia müddətinin ötürülməməsini iddia müddətinin bitməsinə baxmayaraq iddiaçının xx.xx.2022-ci il tarixdən etibarən hüquqlarının bərpası ilə bağlı məhkəmələrə müraciət etməyə başladığını, lakin hüquqi təhsilinin olmadığından iddia verilərkən prosessual qaydalara riəyyət etmədiyindən iddia ərizələrinin geri qayıtması ilə əlaqələndirməyə çalışmış və əsasız olaraq iddiaçının iddia müddətini keçirməsini üzürlü hesab etmişdir.
13. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim akti” imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. İş materiallarından da göründüyü kimi iddiaçı məhkəməyə işlərin icrası ilə bağlı təhvil-təslim aktlarını təqdim etməmişdir.
14. Məhkəmə MPM-nin 88-ci maddəsinin birbaşa göstərişlərindən yayınmışdır. Sübutun birbaşa və əsas elementlərindən olan cavabdehin izahatları alınmamış, iddiaçı ilə çəkişmə zamanı üzə çıxarılmalı olan faktlar müəyyən edilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Həmin məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
20. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
21. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Həmin məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
23. Həmin məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
24. Həmin məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
25. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
29. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
32. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
33. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
42. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC (Sifarişçi) ilə İddiaçı (İcraçı) arasında xx.xx.2019-cu il tarixdə ASFX18/355 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı (İddiaçı) sifarişçinin (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC) Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-ci km yolunun yenidən qurulması layihəsində nəqliyyat vasitələri, maşın və texnikaların elektrik hissələrinin təmiri ilə əlaqədar işlərin icrası və nəzarətini öz üzərinə götürmüşdür. Müqavilə üzrə aylıq xidmət haqqı 2.190 manat müəyyən edilmişdir.
43. Müqavilənin 2.3-cü maddəsinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra Sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə İcraçıya ödəilir.
44. Müqavilənin 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 03 aprel 2019-cu il tarixdən başlayacaqdır.
45. Müqavilənin 13.8-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır, müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir.
46. Müqavilə hər iki tərəfin imzası və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin möhürü ilə təsdiq edilmişdir.
47. İddiaçı 03 aprel 2019-cu il tarixdən 12 noyabr 2019-cu il tarixinədək Qazaxstanda təmir işlərini icra etdiyini və cavabdehin 2019-cu il iyul ayı üzrə 690 manat, sentyabr ayı üzrə 2190 manat, oktyabr ayı üzrə 2.190 manat, noyabr ayı üzrə 1010 manat borcu qaldığını bildirir.
48. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçı tərəfindən təhvil-təslim aktları təqdim edilməmişdir, müqavilənin müddəti 03 oktyabr 2019-cu il tarixdə bitmiş və iddiaçı həmin vaxtdan Qazaxstandan geri qayıtmalı olduğu halda 12 noyabr 2019-cu il tarixdə geri qayıtmışdır. İddia müddətinin başlanğıcı 03 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 3 illik iddia müddəti ötürülmüşdür.
49. Hazırkı halda İddiaçı 03 aprel 2019-cu il tarixli ASFX18/353 saylı “Xidmət müqaviləsi”nə əsasən mübahisəli aylarda cavabdehə xidmət göstərməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
50. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən işlərin görülməsinə dair təhvil-təslim aktları təqdim etməli olduğu halda təqdim etməmişdir.
51. İş materialların əlavə edilmiş hesabdan çıxarış sənədi isə cavabdehin iddiaçıya məhz iddiaçının mübahisələndirdiyi dövrlər üzrə ödənişlər də etməli olmasını sübut etmir. Hesabdan çıxarış mübahisəli dövrdən əvvəlki dövr ərzində İddiaçı 03 aprel 2019-cu il tarixli ASFX18/355 saylı xidmət müqaviləsi əsasında göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq etdiyindən həmin çıxarışın mübahisəli dövrdə İddiaçı tərəfindən xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
52. İşdə olan ezamiyyə vəsiqəsindən (командировочное удостоверение) görünür ki, ezamiyyə vərəqəsinin verilməsi məqsədi məsləhət və praktiki xidmət olmuşdur, lakin tərəflər arasında imzalanmış müqavilənin predmeti isə nəqliyyat vasitələri, maşın və texnikaların elektrik hissələrinin təmiri ilə əlaqədar işlərin icrası və nazəti ilə bağlıdır. Bundan başqa, ezamiyyə vərəqəsində günlər xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi qeyd olunmuşdur.
53. İş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır.
54. İddiaçının mübahisəli dövrdə Qazaxıstan Respublikasında olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi ümumvətəndaş pasportunun surətinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli dövr ərzində xidmətin göstərilməli olduğu ölkədə olması iddiaçı tərəfindən xidmətlərin görülməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyildir.
55. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının Azərbaycan Respublikasına qayıtdığı xx.xx.2019-cu il tarixdən müddət hesablandığı təqdirdə belə üç illik müddət ötürülmüşdür.
56. Birinci instansiya məhkəməsinin iddia müddətinin bərpa edilməsi barədə iddiaçının vəsatətinin təmin edilməsi əsası kimi hüquqi təhsili olmadığından iddia verilərkən prossesual qaydalara riayət edilmədiyindən iddia ərizələri geri qaytarılmışdır şəklində qeyd etdiklərinə münasibətdə kollegiya hesab edir ki, iddia müddətinin bərpa edilməsi üçün də əsas mövcud olmamışdır.
57. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
58. Kollegiya qeyd edir ki, iddia təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-920/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-920/2023 saylı qətnaməsi ləğv edilsin, iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova