Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-582/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh qarşı “idxal olunmuş malların müsadirə olunaraq məhv edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-846/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan məlum olur ki, əmtəə nişanları üzərində əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə müraciətləri nəzərə alaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 279.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”na əsasən Komitənin 1000/063 nömrəli, xx.xx.2022-ci il tarixli Sərəncamı ilə müraciətlərində qeyd olunmuş “LACOSTE” əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir.
2. Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli “Malların buraxılışının dayandırılması haqqında” qərarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı olması əlamətləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı**********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE" əmtəə nişanlı malların buraxılışı 10 iş günü müddətinə dayandırılmışdır.
3. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” Bildiriş № 60Q-dən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən Bakı Baş Gömrük İdarəsinin 12.09. 2024-cü il tarixli 3- 33-1100/000060Q nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların xx.xx.2024-cü il tarixindən 26.09,2024-cü il tarixinədək buraxılışı dayandırıldığı bildirilmişdir: Gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər: Baxış zamanı 74 kq LACOSTE əmtəə nişanlı kişi sviterlərinin olduğu aşkar olunmuşdur.
4. Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” qərarından görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı olması əlamətləri aşkar olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE" əmtəə nişanlı malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılması uzadılması qərara alınmışdır.
5. “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” Bildiriş № 71Q-dən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində gömrük nəzarəti zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının xx.xx.2024-cü il tarixli 3-33- 1100/000071Q nömrəli qərarına əsasən aşağıda göstərilmiş malların xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək buraxılışının dayandırılması müddəti uzadılması bildirilmişdir: XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı kişi sviterləri **********; Malların daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı 5100AHC17/03AEU017 avtomobil nəqliyyat vasitəsi; mallara dair yol-nəqliyyat sənədlərinin nömrəsi: AZR**********; gömrük nəzarətinin həyata keçirilməsi zamanı malların pirat və ya kontrafakt olmasını təsdiqləyən əlamətlər: Baxış zamanı 74 kq LACOSTE əmtəə nişanlı kişi sviterləri olduğu aşkar olunmuşdur.
6. İş materiallarına əlavə edilmiş məlumat fotoşəkillərində “İddiaçı” şirkətinin məhsullarını saxtadan fərqləndirən xüsusiyyətlər göstərilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən iddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında 12 sentyabr 2024-cü il tarixli 3-33-1100/000060Q nömrəli Qərara əsasən ərizəçiyə və bəyannaməçiyə göndərilmiş 60Q nömrəli bildirişdəqeyd edilən "LACOSTE” əmtəə nişanlı kişi sviterlərinin miqdarının 74 kq olduğu göstərilmişdir. Lakin tərtib edilmiş akta əsasən gömrük nəzarəti altında saxlanılan “LACOSTE” əmtəə nişanlı kişi sviterlərinin miqdarının 2095 kiloqram olduğu müəyyən olunmuşdur.
8. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən “İddiaçı” şirkətinin nümayəndəsi Nəriman Ramazanova ünvanlanmış xx.xx.2021 tarixli bildirişdə qeyd edilmişdir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən LACOSTE (ünvan: 31-37 Boulevard de Montmorency, F-75016 PARİS (FR) adına qeydiyyata alınan ******* saylı müvafiq təsvirli beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18, 24, 25, 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 08 fevral 2029cu il tarixinə qədər qüvvədədir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı “İddiaçı” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33- 1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş, “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 74 kq kişi sviterləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və cavabdehdən 7000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/Q00060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZRİ905170409 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHCİ7/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş, “LACOSTE” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: LACOSTE əmtəə nişanlı 2095 kq kişi sviterləri, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və Cavabdeh 7000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İddiaçı” Şirkətinə(“LACOSTE”) ünvanladığı 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 14 sentyabr 2024-cü il tarixli №60Q saylı Bildirişinə əsasən fərdi sahibkar Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilərək və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 iş günü müddətinə 12 sentyabr 2024-cü il tarixindən 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı (mal sahibi) fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33-1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin Etibarnamə əsasında hüquq məsələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 14 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. “İddiaçı” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 30 sentyabr 2024-cü il tarixli № 71Q saylı Bildirişinə əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 iş günü müddətinə 27 sentyabr 2024-cü il tarixindən 11 oktyabr 2024-cü il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq qərarı və bildirişi bu iddia ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələlərri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı fərdi sahibkar Cavabdeh və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələlərri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 30 sentyabr 2024-cü ildə rəsmən təqdim olunmuşdur. Hüquq sahibi “İddiaçı” Şirkətinin etibarnamə əsasında hüquq məsələlərri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X4, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “İddiaçı” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “İddiaçı” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 12 sentyabr 2024-cü il tarixli №3- 33-1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” Qərarın və həmin Qərarlara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” 60Q saylı Bildirişin və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında”71Q saylı Bildirişin iddiaçı “İddiaçı” Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdeh vaxtında rəsmən təqdim olunmasına və Qərarların “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdeh Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da iddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi “İddiaçı” Şirkəti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 sentyabr 2024-cü il tarixli №3-33- 1100/000060Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı 26 sentyabr 2024-cü il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli №3-33-1100/000071Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti 11 oktyabr 2024-cü il tarixinədək uzadılmış fərdi sahibkar Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən və baxış zamanı **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “LACOSTE” əmtəə nişanlı malların üzərinə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin №e-16(113)- 675/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə “İddiaçı” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli AZR********** saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 5100AHC17/03AEU017 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********1104 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “LACOSTE” əmtəə nişanlı malların istifadəsi və özgəninkiləşdirilməsi Cavabdeh məhkəmə tərəfindən 08 noyabr 2024-cü il tarixinədək qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin İş №e- 16(113)-675/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı bu İddia Ərizəsinə əlavə olunur. Cavabdeh isə ona məxsus mallar barəsində Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında Qərardadını mübahisələndirməyib və həmin Qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt isə öz növbəsində, Cavabdeh Bakı Baş Gömrük İdarəsinin Qərarı ilə razı olduğunu və idxal etdiyi “LACOSTE” əmtəə nişanlı malların kontrafakt olduğunu və bununla da İddiaçı “İddiaçı” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. Qeyd etmək istəyirlər ki, hüquq sahibi “İddiaçı” Şirkətinə məxsus “LACOSTE” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “İddiaçı” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “LACOSTE” X3 Əqli Mülkiyyət Təşkilatının (WİPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “LACOSTE” əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması barədə xx.xx.2021-ci il tarixli müvafiq bildirişləri bu iddia ərizəsinə əlavə olunur. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “LACOSTE”-nın əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqları obyektləri olan mallarının Gömrük Reyestrinə xx.xx.2022-ci il tarixində daxil edilmişdir və müvafiq qaydada qorunur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli müvafiq Məktubu bu iddia ərizəsinə əlavə olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 283-cü maddəsinin tələblərinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 iş gününədək uzadılır. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 iyun tarixli 163 nömrəli Qərarı ilə tənzimlənir. Bildirirlər ki, Azərbaycan Respublikasında “İddiaçı” Şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması, tanınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində şirkətin adı, təsviri müvafiq siniflər üzrə əmtəə nişanları qeydiyyata alınmış və qorunmasına nəzarət edilir. İddia tələbinin kompensasiya ödənilməsi ilə bağlı hissəsində hesab edirlər ki, cavabdehin əməlləri nəticəsində iddiaçı “İddiaçı” Şirkətinin işgüzar nüfuzuna, mənafeyinə xələl gətirilmişdir. İddiaçı “İddiaçı” Şirkəti tərəfindən həmin əməllərin qarşısının alınması üçün Gömrük Orqanında təmsil edilməsi və məhkəmədə iddia qaldırılması onun işgüzar nüfuzuna vurulmuş zərərin müdafiəsi, bərpası kimi qiymətləndirilir. Bu baxımdan iddiaçının “İddiaçı” Şirkəti tərəfindən həmin xərclərin əvəzi olaraq cavabdehdən 5000 manat məbləğində mənəvi zərərin tələb edilməsinin ağlabatan olduğunu hesab edirlər. Həmçinin hüquqi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı “İddiaçı” Şirkəti tərəfindən vəkilə, nümayəndəyə çəkilən xərclər, pretenziya məktubların göndərilməsi, etibarnamənin hazırlanaraq təsdiq edilməsi, gömrük orqanında iddiaçının iştirakı ilə zəruri sənədləşmənin aparılması, əmtəə nişanının Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatı ilə bağlı rüsumlar və digər bütün xərcləri nəzərə alaraq, 2000 manat məbləğində, toplam 7000 manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasının ağlabatan olduğunu hesab edirlər. Göstərilənləri nəzərə alaraq, hesab edir ki, hüquq sahibi - “İddiaçı” Şirkətinin pozulmuş hüququnun bərpa edilməsini və qanunla tanınan və qorunan hüquq vəmənafeyinin qorunmasının təmin edilməsi üçün Cavabdeh Azərbaycan Respublikasına idxal etdiyi sözügedən kontrafakt mallarının ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə və Cavabdeh kompensasiyanın tutularaq iddiaçı “İddiaçı” Şirkətinə ödənilməsinə dair məhkəmə tərəfindən müvafiq qərar qəbul edilməlidir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Gömrük Məcəlləsinin 283.1, 285, 286, 287.1, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 26, 32-34-cü, 36-cı maddələrinə istinad olunmuşdur.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-846/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı “İddiaçı” şirkətinin nişan sahibi olaraq “LACOSTE” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Əmtəə nişanın sahibi, iddiaçı “İddiaçı” şirkətinin razılığı olmadan Cavabdeh tərəfindən gətirilmiş, onun bəyan etdiyi 2095 kq-lıq “LACOSTE” əmtəə nişanlı kişi sviterləri Azərbaycan Respublikasına idxal olunmaqla “LACOSTE” əmtəə nişanından istifadə edilmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması sayılır. Həmçinin idxal olunmuş 2095 kq-lıq “LACOSTE” əmtəə nişanlı məhsullar, həmin əmtəə nişanı ilə qeyri-qanuni təchiz olunduğundan kontrafakt hesab edilir. Belə olan halda iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün cavabdeh tərəfindən gətirilmiş, hüquq pozuntusunun obyekti olan 2095 kqlıq “LACOSTE” əmtəə nişanlı məhsulların müsadirə edilərək məhv edilməsini, vurulmuş ziyan və çəkilmiş xərc əvəzində kompensasiya tələb etmək də haqlıdır. Cavabdehin nümayəndəsi izahatında cavabdehin həmin malların kontrafakt olmasından xəbərsiz olduğunu, aldadıldığını, Çin Xalq Respublikasında “Outlet” mağazasından aldığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları, malların rəsmi mağazadan alınmasına dair çekləri məhkəməyə təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qanunvericilik normalarını, nişan sahibi olaraq iddiaçının əmtəə nişanına müstəsna hüququnun cavabdeh tərəfindən pozulduğunu, cavabdeh tərəfindən gətirilmiş 2095 kq-lıq “LACOSTE” əmtəə nişanlı məhsulların kontrafakt olduqlarını, belə olan halda isə məhkəmənin hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malik olduğunu, iddiaçının vurulmuş ziyan və çəkilmiş xərcə görə 1000 manatdan 50000 manatadək kompensasiya tələb etmək hüququnun olduğunu, tələb edilən kompensasiya məbləğinin kontrafakt malların həcminə nisbətdə ağlabatan olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 26, 32, 33, 34 (a, b), “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.11, 3, 7-ci maddələrinə, 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6- da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) 9cu maddəsinin 1-ci bəndinə, 10-cu, 10 bıs, 10 ter maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, iş e-2-2(113)-846/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 7000 manat məbləğində kompensasiyanı tələb edərkən pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə məhkəməyə sübut təqdim etməlidir. Lakin iddianın kompensasiya tələbinə dair hissəsi yuxarıda göstərilən xüsusatlar baxımından əsaslandırılmamış və məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Digər tərəfdən, işin araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının məhv edilməsini xahiş etdiyi mallar dövriyyəyə buraxılmadan üzərinə öncə Gömrük orqanı tərəfindən, daha sonra məhkəmə qərardadları əsasında həbs qoyulmuş, məhkəmə araşdırması zamanı iddiaçıya zərər dəyməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması əqli mülkiyyət hüququnun pozulmasını sübut etməmişdir. Malların kontrafakt olduğunu təsdiqləyən müstəqil və neytral ekspertiza təşkil etməmiş və “İddiaçı” şirkətinin öz ekspertlərinin verdiyi daxili rəyi obyektiv sübut hesab etmişdir. Sadəcə “İddiaçı” şirkətinin öz ekspertlərinin verdiyi daxili rəy obyektiv sübut hesab edilə bilməz. Bundan əlavə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 3-cü maddəsinə əsasən, müdafiə prosedurları ədalətli və səmərəli olmalı, hüquqların pozulmasını müstəqil sübutlarla təsdiqləməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Qətnamə qəbul edilərkən maddi və prosessual normalar pozulmuşdur. Əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin, məhkəmə müstəsna hal olmadığı halda iddia tələblərindən kənara çıxmış, cavabdehdən təqdim edilən sübutları araşdırmamış, tələbin təmin olunmasına çalışmışdır. Kommersiya işinin gedişatından da görünür ki, məhkəmə qeyd edilən tərəflərin maraqlarını hətta onlar tələb etməsə belə təmin etmək üçün çalışmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəl keçirilən məhkəmə iclaslarında analoji iş ilə bağlı Bakı Kommersiya Məhkəməsinin qətnaməsini təqdim etdiyini bildirdi, qeyd etdi ki, çəkilmiş xərclər ilə bağlı sübutlar məhkəməyə təqdim edilməlidir, malların iddiaçıya məxsus olması barədə isə məlumatsız idilər.
20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəl keçirilən məhkəmə iclaslarında vəkil mübahisənin şirkətin işgüzar nüfuzuna xələl getirdiyini, istinad olunan qətnamənin fərqli olduğunu bildirdi.
Tətbiq edilən hüquq:
21. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun: 3-cü maddəsinə görə Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. 25-ci maddəsinə əsasən Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). 26-cı maddəsinə görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. 34-cü maddəsinə görə mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
22. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla AR Dövlət Gömrük Komitəsi tərəfindən 17” may 2003-cü il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları”na əsasən kontrafakt mallar dedikdə- hüquq sahibinin mövcud qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulması ilə yaradılan (istehsal edilən) və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri (müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri, sənaye mülkiyyəti obyektləri) olan mallar başa düşülür.
23. Azərbaycan Respublikasının və Fransa Respublikasının iştirakçısı olduğu (xx.xx.1989-cu il tarixdən) “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 1-ci maddəsinə əsasən (1) əgər nişanın qeydiyyatı üçün onun barəsində iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilibsə və ya əgər nişan Razılığa gələn Tərəfin İdarəsinin reyestrində qeydiyyata alınıbsa, bu iddia sənədinin iddiaçısı olan şəxs (bundan sonra “baza qeydiyyatı” adlandırılacaq), bu Protokolun müddəalarını nəzərə almaqla, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosunun reyestrində həmin nişanın qeydiyyatını aparmaq yolu ilə nişanın mühafizəsini Razılığa gələn Tərəflərin ərazisində təmin edə bilər , bu şərtlə ki: (i) baza iddia sənədi Razılığa gələn Tərəfin İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi Razılığa gələn həmin dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn dövlətdə həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (ii) baza iddia sənədi Razılığa gələn Təşkilatın İdarəsinə verilib və ya bu cür İdarə tərəfindən baza qeydiyyatı həyata keçirilib, həmin iddia sənədinin iddiaçısı olan şəxs və ya bu qeydiyyatın sahibi, Razılığa gələn bu təşkilata üzv dövlətin vətəndaşıdır, yaxud onun ərazisində yaşayır, yaxud da göstərilən Razılığa gələn təşkilatın ərazisində həqiqətən və saxta olmayan sənaye və ya ticarət müəssisəsinə malikdir; (2) beynəlxalq qeydiyyat üçün iddia sənədi (bundan sonra “beynəlxalq iddia sənədi”), baza iddia sənədi verilən və ya baza qeydiyyatı aparılan (bundan sonra “mənşə İdarəsi”) İdarə vasitəsilə Beynəlxalq büroya verilməlidir. 4-cü maddəsinə əsasən (1)(a) Qeydiyyat tarixindən və ya 3 və 3ter maddələrinin müddəalarına müvafiq qeydlərin daxil edildiyi tarixdən, Razılığa gələn hər maraqlı Tərəfdə nişanın mühafizəsi, həmin nişanın Razılığa gələn bu Tərəfin bilavasitə İdarəsində saxlanıldığı kimi olacaqdır. Əgər Beynəlxalq büroya 5 (1) və (2) maddələrinə müvafiq hər hansı imtina ilə bağlı bildiriş verilməyibsə və ya əgər bu maddəyə uyğun imtina barədə bildiriş verilib və sonradan geri götürülübsə, onda göstərilən tarixdən Razılığa gələn maraqlı Tərəfdə nişanın mühafizəsi Razılığa gələn bu Tərəfin İdarəsində həmin nişanın qeydiyyatı ilə yaranan mühafizə ilə eyni olacaqdır.
24. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5-ci apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.4-cü maddəsinə görə müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə qismən dəyişdirilməlidir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı Fransa Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət göstərən xarici hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir.
30. Odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ AR Məhkəmələrinin hazırkı mübahisələrə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir. Bununla bağlı kollegiya qeyd edir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşı olan fiziki şəxsdir. Belə olan halda isə AR məhkəmələri MPM-in 440.1-ci maddəsinin tələblərinə əsasən hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər.
31. İkinci həll edilməli məsələ mübahisəyə tətbiq edilən hüquqla bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə iddiaçı tərəfindən beynəlxalq qeydiyyata alınmış əmtəə nişanına olan müstəsna hüququnun Azərbaycan Respublikasının ərazisində qorunması ilə bağlıdır. Azərbaycan Respublikası və Fransa Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə, eləcə də AR-in beynəlxalq xüsusi hüquq qanunvericiliyində müvafiq münasibətə tətbiq edilməli olan hüququ müəyyən edən kollizion norma əks edilməsə də, “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 4-cü, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 3-cü maddələrində beynəlxalq qeydiyyata alınmış əmtəə nişanları üçün AR-də milli rejim, yəni həmin nişanların AR-də qeydiyyata alınmış nişanlarla eyni qaydada, AR qanunvericiliyinə uyğun mühafizə edilməsi müəyyən edilmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, beynəlxalq praktikada əmtəə nişanlarının transmilli (xarici elementli) müdafiəsi ilə bağlı mübahisələrə “müdafiə istənilən ölkənin hüququ” tətbiq edilir.
32. Odur ki, kollegiya hesab edir ki, hazırkı halda iddiaçı ona məxsus əmtəə nişanının AR ərazisində qorunmasını tələb etdiyindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 3-cü və Madrid Sazişinin 27 iyun 1989-cu il tarixli Protokolunun 4-cü maddələrinin tələblərinə əsasən mübahisəyə AR Qanunvericiliyi tətbiq edilməlidir.
33. Mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, iddiaçı “İddiaçı” şirkətinin nişan sahibi olaraq “Lacoste” əmtəə nişanının barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Cavabdeh əmtəə nişanının sahibi, iddiaçı “İddiaçı” şirkətinin razılığı olmadan 2095 kq-lıq “Lacoste” əmtəə nişanlı kişi sviterlərini Azərbaycan Respublikasına idxal etməklə “Lacoste” əmtəə nişanından istifadə etmişdir. Bu isə qeydə alınmış əmtəə nişanına dair iddiaçının hüquqlarının pozulması hesab edilir.
34. Belə olan halda məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün cavabdeh tərəfindən AR-ə gətirilmiş, hüquq pozuntusunun obyekti olan 2095 kqlıq “Lacoste” əmtəə nişanlı məhsulların müsadirə edilərək məhv edilməsini, eləcə də vurulmuş ziyan və çəkilmiş xərc əvəzində kompensasiya tələb etməkdə haqlıdır.
35. Mübahisəli mallar əmtəə nişanına olan müstəsna hüququn pozuntusu ilə istehsal edilmədiyindən kontafakt mallar olmaması və belə olan halda həmin məhsulların müsadirə edilərək məhv edilməsi üçün əsas olmaması barədə cavabdehin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, birincisi, mübahisəli malların müsadirə edilərək məhv edilməsinin qanuni əsasını təşkil edən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsində yalnız kontrafakt malların deyil, əmtəə nişanlarına dair hüquq pozuntusunun obyekti olan istənilən malların məhkəmə qərarına əsasən ticarət dövriyyəsindən çıxarılması və/və ya sonradan məhv edilməsi imkanı nəzərdə tutulmuşdur.
36. İkincisi, kollegiya onu da vurğulayır ki, “Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları”na əsasən kontrafakt dedikdə hüquq sahibinin mövcud qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulması ilə yaradılan (istehsal edilən) və/və ya gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri başa düşülür. Hazırkı halda cavabdeh Çin Xalq Respublikasından AR-ə idxal etdiyi malların Lacoste əmtəə nişanı vurulmuş geyim malları olmasını inkar etmir, lakin həmin malların Lacoste markasına aid oriqinal mallar olmasını iddia edir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin idxal etdiyi malların oriqinal Lacoste malları (yəni həmin əmtəə nişanları ilə qanuni şəkildə təchiz edilmiş mallar) olması ehtimal edilsə belə, həmin mallar hüquq sahibinin razılığı olmadan AR-ə idxal edildiyindən adıçəkilən qaydaların tələblərinə əsasən kontrafakt mallar hesab edilməlidir.
37. İddianın kontrafakt mallardan istifadə nəticəsində vurulmuş ziyanın və çəkilmiş xərclərin əvəzinə kompensasiya ödənilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 34-cü maddəsinin 4-cü bəndi təşkil edir.
38. Yuxarıda göstərilən normada nəzərdə tutulan kompensasiyanın hüquqi təbiəti ilə bağlı kollegiya vurğulayır ki, həmin kompensasiya mahiyyət etibarilə hüquq pozuntusunun törədilməsinə görə tətbiq edilən müqavilədənkənar sanksiya olmaqla pozuntu nəticəsində hüquq sahibinin ehtimal olunan itkilərini kompensasiya etmək, yəni pozuntudan əvvəlki vəziyyəti bərpa etmək məqsədilə tətbiq edilir. Odur ki, həmin kompensasiyanın tətbiq edilməsi üçün maddi zərərin vurulması faktını və həmin zərərin məbləğini sübuta yetirmək tələb edilməsə belə, o da nəzərə alınmalıdır ki, həmin kompensasiya törədilmiş hüquq pozuntusu nəticəsində hüquq sahibinin mümkün itkilərinə mütənasib olmalı, yəni iddiaçının əsassız varlanmasına səbəb olmamalıdır.
39. Hazırkı halda kollegiya əmtəə nişanından qanunsuz istifadənin əmtəə nişanı ilə təchiz edilmiş malların hüquq sahibinin razılığı olmadan ölkəyə idxal edilməsi ilə məhdudlaşdığını, həmin malların gömrük orqanları tərəfindən döriyyəyə buraxılmadığını, yəni cavabdehin həmin malları bazarda realizə etmək imkanının olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehdən əmtəə nişanına hüququn pozuntusuna görə cavabdehdən iddiaçının xeyrinə tutulacaq kompensasiyanın minimal məbləğdə, yəni 1000 manat məbləğində müəyyən edilməsi ağlabatandır və ədalətlidir.
40. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əmtəə nişanlarına kompensasiyanın tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq kompensasiya 1000 manat məbləğində müəyyən edilməlidir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyasında məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, iddiaçı hazırkı iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən həmin şikayətin verilməsi zamanı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-846/2025 saylı qətnaməsi kompensasiyanın məbləği hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı “İddiaçı” şirkətinin xeyrinə tutulacaq kompensasiya məbləği 1000 (bir min) manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Təranə Mahmudova