Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-586/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1383/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. İcraçı (bundan sonra iddiaçı adlandırılacaq) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN: **********) ilə sifarişçi (bundan sonra Cavabdeh adlandırılacaq) Cavabdeh (VÖEN: **********) arasında 03 iyun 2024-cü il tarixli GTG/029/24 saylı xidmət müqaviləsi imzalanmışdır.
2. İddiaçı xx.xx.2024-cü il tarixli 1 nömrəli akt üzrə 6333,22 manat, xx.xx.2024cü il tarixli 2 nömrəli akt üzrə isə 3155,52 manat dəyərində xidmət göstərmişdir.
3. İddiaçı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərərfindən iddiaçıya 2000 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9488,74 manat əsas borcun, 95 manat faiz borcunun və 115 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1383/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMCdən 7488,74 manat əsas borc, 90 manat dəbbə pulu, 95,79 manat dövlət rüsumu, ümumilikdə 7674,53 (yeddi min altı yüz yetmiş dörd manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödəniməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi,iddia ərizəsi verilərkən ödənilmiş 19,21 (on doqquz manat iyirmi bir qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslanırdışdır ki, işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7488,74 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 7488,74 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 90 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 7488,74 manat əsas borc və 90 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
7. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, , e-2-2(113)-1383/2025 nömrəli qətnaməsinin dəbbə puluna və cavabdehə aid edilən dövlət rüsumuna aid hissədə qismın ləğv edillməsi, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şirkətə qarşı dəbbə pulu ödənilməsinə də qərar verməklə onların sahibkarlıq fəaliyyətinə lüzumsuz müdaxilə etmişdir. Bu barədə nümayəndənin təqdim etdiyi etirazın dəlilləri nəzərə alınmamışdır. Məhkəmə əsas iddia tələbinə münasibətdə mütənasib sayılmayacaq həddə dəbbə təyin etmişdir. Ümumiyyətlə borcun ödənilməsinin ləngiməsi onların təqsirli hərəkəti üzündən baş vermədiyindən hesab edirik ki, tələb ümumiyyətlə dəbbə pulu hissəsində rədd edilməli idi. iddiaçının təqdim etdiyi eqaimə və akt üzərindən işə yanaşsa da şirkətin haqlı mənafeyini nəzərə almamış, dəbbə pulu və dövlət rüsumu iddia tələbi ilə müqayisədə şirkətə qarşı hədsiz dərəcədə yüksək təyin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
11. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.
16. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
18. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən,məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Həmin məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
23. Həmin məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.
24. Həmin məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İş materiallarına əsasən, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTG/029/24 saylı xidmət göstərilməsi haqqında müqaviləyə görə, sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür.
29. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
30. Müqavilənin 4.3-cü bəndinə görə hesablamalar tərəflər arasında imzanlanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
31. Müqavilənin 4.4-cü bəndinə görə sifarişçi göstərilmiş xidmətinə dair xidmət haqqını 30 iş günündən artıq müddətdə icraçıya ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında cərimə ödəyir.
32. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına görə 6333,22 manat, xx.xx.2024-cü il tarixli, 2 nömrəli təhvil-təslim aktına görə 3155,52 manat məbləğində iş cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, OD16 nömrəli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 2000 manat məbləğində ödəniş edilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tənasübsüz tutulması barədə apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.
34. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin faiz borcu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 95 manat faiz borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, faizin əsas borc məbləğinə nisbətini, cavabdehin maddi durumunu nəzərə alaraq faiz pulunun məbləğini azaltmışdır.
37. Hazırkı halda faiz borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən, həmçinin dövlət rüsumun bölüşdürülməsi ilə bağlı dəlilləri əsassız olduğundan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1383/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.