Məhkəmə qərarları › İş №2-2(103)-594/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-594/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-594/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1127/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 saylı xidmət müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən, iddiaçı cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması”, eləcə də xx.xx.2019-cu il tarixdən cavabdehin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını öz üzərinə götürmüşdür.

2. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya hər ay üçün vergilər və digər ödənişlər daxil olmaqla 1834 AZN ödənilməsi razılaşdırılmışdır.

3. 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinə xx.xx.2019cu il tarixli 1 saylı və xx.xx.2019-cu il tarixli 2 saylı əlavələr imzalanmış, həmin əlavələrə əsasən cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq bir ay üçün 2179 və 2405 manat ödənilməsi razılaşdırılmışdır.

4. Hazırda iddiaçı müqavilə və ona əlavələrə əsasən 7550 manat pulun ödənilməsini tələb edir.

5. Cavabdeh isə iddia müddəti ötürüldüyündən iddia müddətinin rədd edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7550 manat pul məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 110 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, İddiaçı və "xxxx" ASC arasında 11 noyabr 2017-ci il tarixli, AS FX 17/087-1 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı icraçı kimi sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” lahiyəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını öz üzərimə götürür, sifarişçi isə bunun qarşılığında icraçıya 1.834 manat xidmət haqqı ödəyir. Sözügedən müqaviləyə xx.xx.2019-cu il tarixdə imzalanmış 01 nömrəli əlavənin 1-ci bəndinə əsasən, xx.xx.2017-ci il tarixli AS FX 17/087-1 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi dəyişdirilərək bu formada verilsin: sifarişçi icraçıya 1 ay üçün 2.179 manat xidmət haqqı ödəyir. Bundan başqa sözügedən müqaviləyə xx.xx.2019-cu il tarixdə imzalanmış 02 nömrəli əlavənin 1-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il tarixli, AS FX 17/087-1 nömrəli xidmət müqaviləsinin 1.1-ci və 2.1-ci bəndləri bu redaksiyada verilsin: 1.1. Bu müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı lahiyəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını öz üzərinə götürür. 2.1. Sifarişçi 1 ay üçün 2.405 manat xidmət haqqı ödəyir. Sözügedən müqavilə əsasında iddiaçı müxtəlif vaxtlarda müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələr üzrə öhdəliyi yerinə yetirmək üçün Özbəkistan və Qazaxıstan Respublikasında işgüzar səfərdə olmuş, həmin ölkələrdə olduğun müddət ərzində icraçı kimi öz öhdəliyini müqavilədə göstərilən standarlara uyğun olaraq yerinə yetirməyinə baxmayaraq "xxxx" ASC tərəfindən müvafiq aylar üzrə ümumilikdə 7.550 manat pul məbləği iddiaçıya ödənilməmişdir. 11 noyabr 2017-ci il tarixli, ASFX 17/087-1 nömrəli xidmət müqaviləsinin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 1.834 manat xidmət haqqı ödəyir. 8.3-cü bəndinə əsasən mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunur. Həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, tərəflərindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün mediasiya şurasına müraciət olunmuşdur. Bununla bağlı mediator tərəfindən MŞB/2-01973/2022 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.

8. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2017-ci il tarixli ASFX 17/087-1 saylı müqavilə üzrə xidmət haqqının tutulması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1127/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd edilmişdir ki, qeyd edilən təhvil-təslim aktlarının olmaması xidmətlərin göstərilməsi anlamına gəlmir. Əgər belə bir şey olmuş olsaydı ona xitam barədə bildiriş gələrdi və ya onun bileti alınmaqla geri qayıtmağı təmin edilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

26. İddiaçı (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 11 noyabr 2017-ci il tarixdə bağlanmış ASFX17/087-1 saylı xidmət müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür.

27. Həmin müqavilənin:

28. 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 1.834 manat xidmət haqqı ödəyir.

29. 2.2-ci maddəsinə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir.

30. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir.

31. 2.5-ci bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 11 noyabr 2017-ci il tarixdən başlayacaqdır.

32. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir.

33. Müqavilə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir.

34. 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavənin:

35. 1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: sifarişçi icraçıya 1 ay üçün 2.179 manat xidmət haqqı ödəyir.

36. 2-ci bəndinə əsasən müqavilənin digər bəndləri dəyişməz qalır.

37. Əlavə 1 hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir.

38. 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 2 saylı əlavənin:

39. 1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinin 1.1-ci və 2.1-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

40. 1.1. Bu müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını öz üzərinə götürür.

41. 2.1. Sifarişçi icraçıya 1 ay üçün 2.405 manat xidmət haqqı ödəyir.

42. 2. Müqavilənin digər bəndləri dəyişməz qalır.

43. Əlavə 2 hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir.

44. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı aid) hesabdan çıxarışdan müəyyən edilir ki, 11 noyabr 2017-ci il tarixli ASFX18/087-1 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı sonuncu dəfə xx.xx.2019-cu ildə olmaqla, xx.xx.2018-ci il tarixdən müxtəlif vaxtlarda ödənişlər edilmişdir.

45. İddiaçı məxsus ümumvətəndaş pasportun surətindən məlum olur ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci illər arası dövrdə Qazaxıstan Respublikasında olmuşdur.

46. İddiaçı barəsində olan sosial arayışdan məlum olur ki, İddiaçı 2010-2015-ci illərdə "xxxx" ASC ilə əmək və digər (xidməti) münasibətlərdə olmuş, o cümlədən xx.xx.2019-cu ildə "xxxx" MMC ilə əmək müqaviləsi bağlamışdır.

47. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmişdir.

48. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 saylı xidmət müqaviləsi, həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 1 saylı və xx.xx.2019-cu il tarixli 2 saylı əlavələr imzalanmış və həmin müqavilə və əlavələrə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd- Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin, eləcə də xx.xx.2019-cu il tarixdən sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində maşın və mexanizmlərin təmiri üzrə işlərin icrasını, sifarişçi isə bunun müqabilində xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür.

49. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 saylı xidmət müqaviləsi, eləcə də 11 noyabr 2017-ci il tarixli ASFX17/087-1 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı və xx.xx.2019-cu il tarixli 2 saylı əlavələr üzrə Qazaxıstan Respublikasında işlərin icrası ilə bağlı xidmət haqqının ona ödənilmədiyini əsas göstərərək cəmi 7550 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.

50. İddiaçı birinci instansiya məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında 2018-ci ildən fərdi sahibkar kimi çalışdığını, cavabdeh ilə aralarında başqa müqavilənin də olduğunu, Qazaxıstan Respublikası və Özbəkistan Respublikasında görülən işlər ilə bağlı fərqli müqavilələr bağlandığını, 2020-ci il üzrə ödəniş edildiyini, lakin hansı aylar üçün borc qaldığını dəqiq bilmədiyini, 2020-ci ilin fevral-avqust aylarında Qazaxıstan Respublikasında çalışdığını, 2020-ci ilin sentyabr ayı üçün 413 manat, oktyabr ayı üçün 1136 manat məbləğində məbləğind ödəniş edildiyini, 2020-ci ilin 3 ayı üçün olan borcu tələb etdiyini bildirmişdir.

51. Apellyasiya baxışı zamanı isə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında 14 fevral 2020-ci il tarixdə Qazaxıstan Respublikasına işləmək üçün göndərildiyini, bu zaman aralarında xidməti müqavilə bağlandığını, lakin cavabdeh tərəfin 2020-ci il Qazaxıstan Respublikasında işləməyinə dair xidməti müqaviləni verməkdən imtina etdiklərini, 2020-ci ilin 4 ayı üzrə ödənişlər edildiyini, lakin 2 ayı üzrə ödəniş edilmədiyini, Muğanbank vasitəsilə ödənişlər edildiyini, bank hesabından çıxarışı təqdim etdiyini bildirmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələb etdiyi pul məbləğinin 2020-ci ilin hansı aylarında göstərilmiş xidmətlərə görə ödənilməli vəsait olduğunu dəqiqləşdirmədiyi kimi, müqavilələrin 2.3-cü bəndinə əsasən həmin xidmətlərin göstərilməsini təsdiq edən müqavilədə nəzərdə tutulmuş təhvil-təslim aktlarını da təqdim etməmişdir.

53. Həmçinin birinci instansiya məhkəməsində 2020-ci ilin 3 ayı üzrə, apellyasiya baxışı zamanı isə 2020-ci ilin 2 ayı üzrə ödəniş edilmədiyini bildirmişdir.

54. İddiaçının məhkəməyə təqdim etdiyi bank hesabından çıxarışa münasibətdə qeyd edilməlidir ki, həmin çıxarış İddiaçı 11 noyabr 2017-ci il tarixli ASFX18/087-1 saylı xidmət müqaviləsi əsasında göstərdiyi xidmətlərə görə 2018-2019-cu illərdə cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq edir. Lakin həmin çıxarışın mübahisəli dövrdə (2020-ci il) İddiaçı tərəfindən xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

55. Həmin çıxarışdan müəyyən edilir ki, mübahisə predmeti olan müqavilə üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir.

56. İddiaçının mübahisəli dövrdə "xxxx" ASC ilə əmək və digər (xidməti) münasibətlərdə olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sosial arayışa gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, arayış iddiaçının yalnız mübahisəli dövrdən əvvəlki dövr ərzində (xx.xx.2015-ci tarixədək) "xxxx" ASC ilə əmək münasibətində olduğunu təsdiq edir (iddiaçı özü də birinci instansiya məhkəməsində 2018-ci ildən fərdi sahibkar kimi dövlət qeydiyyatdan keçdiyini bildirmişdir).

57. İddiaçının mübahisəli dövrdə Qazaxıstan Respublikasında olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi ümumvətəndaş pasportunun surətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli dövr ərzində xidmətin göstərilməli olduğu ölkədə olması iddiaçı tərəfindən xidmətlərin görülməsi faktının təsdiq etmədiyi kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə Qazaxıstan Respublikasına işləmək üçün göndərildiyi zaman cavabdehlə aralarında bağlanmış xidmət müqaviləsinin bağlandığını, lakin ona həmin müqavilənin verilmədiyini bildirmişdir.

58. Belə olan halda iddiaçının xx.xx.2020-xx.xx.2020 tarixləri arasında Qazaxıstan Respublikasında işləmək üçün olduğunu fərz etsək belə hansı müqaviləyə əsasən orada işləri yerinə yetirdiyi müəyyən edilmir.

59. Bununla yanaşı, kollegiya cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair ərizənin tətbiqinə zərurətin mövcud olmaması barədə düzgün nəticəyə gəlmişdir.

60. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

61. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 55 manat iddiaçıya aid edilməlidir.

62. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1127/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar