Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-597/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmalqa) “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair (birinci iş) və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xətai rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, 1-ci iş üzrə iddiaçının və 2-ci iş üzrə cavabdehin nümayəndəsi X3, 2-ci iş üzrə iddiaçının və 1-ci iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-565/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli 2(011)-3032/2014 saylı qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nın cavabdehlər "xxxx" Müəssisəsinə və qeyrilərinə qarşı iddiası qismən təmin edilərək, 140.000 manat məbləğində əsas borcun, 13.468,30 manat məbləğində faiz borcunun, cəmi 153.468,30 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" Müəssisəsindən alınaraq QSC “Bank Standard” KB-yə ödənilməsi, tələbin ilkin olaraq İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinin ilkin satış qiymətinin 66.000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9.000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiymətinin isə 18.000 manat məbləğində olmaqla açıq hərracdan satılmaları və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən QSC “Bank Standard” KB-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu. Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50.7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindəı ibarət 2 otaqlı 28 nömrəli mənzilinə tutma yönəldildikdə və mənzil satıldıqda İddiaçı2 və onunla birlikdə yaşayan ailə üzvləri - X4, X8, X5 və X1 mənzili bir ay ərzində tərk etmədikdə, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir.
2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx/xx-28451/10 saylı 05 avqust 2016-ci il tarixli sifariş məktubuna əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli 2(011)-3032/2014 saylı icra vərəqəsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin 66000 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin 9000 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin 18000 manata açıq hərraca çıxarılması üçün "xxxx" MMC-yə göndərilmişdir.
3. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin ilkin satış qiyməti 66000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 9000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiyməti 18000 manat olmaqla açıq hərracın keçirilməsi 03 oktyabr 2016-ci il saat 11.00-a təyin edilmiş və bu barədə tərəflərə 02 sentyabr 2016-cı il tarixli 01 nömrəli və 16 sentyabr 2016-cı il tarixli 01/2 nömrəli bildirişlər göndərilmiş və “Birja yenilikləri” qəzetində elanlar verilmişdir.
4. Həmin hərracın keçirilməsi baş tutmamış və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin ilkin satış qiyməti 56100 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 7650 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiyməti 15300 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 07 noyabr 2016-ci il saat 11.00-a təyin edilmiş və bu barədə tərəflərə 07 oktyabr 2016-cı il tarixli 02 nömrəli və 21 oktyabr 2016-cı il tarixli 02/2 nömrəli bildirişlər göndərilmiş və “Birja yenilikləri” qəzetində elanlar verilmişdir.
5. Təkrar hərrac baş tutmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
Birinci iş
6. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev.40, 28 nömrəli mənzilinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin satılması ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2016cu il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair - ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC tərəfindən imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC tərəfindən LPO QSC “Bank Standard” KB-yə məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. xx.xx.2016-cı il tarixli məktubla ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən "xxxx" MMC-nin məktubuna cavab olaraq bildirilmişdir ki, ləğv prosesində olan QSC “Bank Standard” KB borclu İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin 42.075 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəs., yerləşən 129 saylı torpaq sahəsinin 5737.50 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 0.06 ha torpaq sahəsinin 11.475 manata alınmasına razıdır. Lakin sonradan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzili, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Bakışəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsi üzrə müvafiq alqısatqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin QSC “Bank Standard” KB-nin adına rəsmləşdirilməsi yönündə "xxxx" MMC tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə dəfələrlə "xxxx" MMC-yə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş etmələrinə baxmayaraq hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC “Bank Standard” KB-yə təqdim olunmamışdır. Qanunvericiliyin müddəaları pozularaq "xxxx" MMC tərəfindən protokol tərtib edilməmiş və bankın iradəsinə zidd olaraq ipoteka predmeti əldə edilə bilinməmişdir. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozularaq ipoteka predmetinin onlar tərəfindən əldə edilməsi məhdudlaşdırılmışdır.
8. Cavabdeh "xxxx" iddiaya etiraz edir və bildirir ki, hərrac təşkilatı sözügedən əmlakların ləğvedici tərəfindən əldə edilməsi istiqamətində bütün tədbirləri görmüş, lakin ləğvedici ötən müddət ərzində həmin əmlakların əldə edilməsində maraqlı olmamış, bu istiqamətdə heç bir real addım atmamışdır. İddia ərizəsinin təsviri hissəsində də etiraf olunduğu kimi hərrac təşkilatı ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc edildikdən sonra ayırca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. Halbuki, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 dekabr 2022-ci il tarixli Qərardadının 34-cü paraqrafında qeyd olumuşdur ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının istinad olunan Qərardadındakı hüquqi mövqedən və ipoteka haqqında qanunvericilikdən göründüyü kimi hərrac təşkilatının ipoteka predmetinin təkrar hərracdan satışı baş tutmadıqdan sonra ipoteka saxlayana bununla bağlı ayrıca sənəd şəklində təklif göndərmək öhdəliyi mövcud olmasa da hərrac təşkilatı ipoteka predmetlərinin ipoteka saxlayan bank tərəfindən əldə edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərlə yanaşı, hətta qanunvericilikdə nəzərdə tutulmamış tədbirləri də öz təşəbbüsü ilə həyata keçirmiş, bununla da sözügedən əmlakların ipoteka saxlayan tərəfindən əldə edilməsində maraqlı olduğunu, bu istiqamətdə iradə ifadəsini göstərmişdir. Beləliklə, hərrac təşkilatı sözügedən ipoteka predmetlərinin iddiaçı tərəfindən əldə edilməsi istiamətində nəinki qanunvericilikdə müəyyən edilmiş tədbirləri hətta qanunvericilikdə müəyyən edilməmiş tədbirləri də həyata keçirmiş, öz təşəbbüsü ilə bu barədə tələbkarı ayrıca məktubla məlumatlandırmışdır. Halbuki belə məktubun tərtibatı, göndərilməsi özlüyündə əlavə vaxt, işçi qüvvəsi, poçt xərcləri və s. resurslar tələb edir. İddiaçı iddia ərizəsində hərrac təşkilatının sözügedən əmlakların bank tərəfindən əldə edilməsində maraqlı olmamasını, buna mane olmasını və ya sair formada protokolun imzalanmasında yayındığını və ya imtina etdiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə iddiaçı iddia ərizəsinin təsviri hissəsində hərrac təşkilatının ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc edildikdən sonra ayırca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etdiyini etiraf etmişdir. Ötən 7 illik müddət ərzində isə bankın ləğvedicisi sözügedən əmlakların əldə edilməsi istiqamətində heç bir real addım atmamış, yalnız hərrac təşkilatına ünvanladığı cavab məktubu ilə həmin əmlakların əldə edilməsinə razı olduğunu ümumi şəkildə bildirməklə kifayətlənmişdir. Yalnız ipoteka qoyan mülkiyyətçi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə ipotekaya xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra bankın ləğvedicisi həmin əmlakları itirməmək üçün hazırki iddianı süni surətdə qaldırmışdır. Beləliklə ağlabatan mühakimə əsasında müəyyən etmək mümkündür ki, sözügedən əmlakların bank tərəfindən əldə edilməsinə mane olmaq, bununla bağlı protokolun imzalanmasından yayınmaq üçün hərrac təşkilatının heç bir motivi və məqsədi mövcud olmamış, əksinə hərrac təşkilatı əmlakların əldə edilməsi istiqamətində mümkün olan, hətta qanunvericilikdə nəzərdə tutulmamış tədbirləri də həyata keçirmiş, bankın ləğvedicisi isə əmlakların əldə edilməsi, bununla bağlı protokolların imzalanmasından yayınmış, bu istiqamətdə heç bir real addım atmamış, sadəcə olaraq hərrac təşkilatından daxil olmuş məktubu ümumi şəkildə əmlakları əldə etməyə razılığını bildirməklə kifayətlənmişdir. Ləğvedici ötən müddət ərzində sözügedən bankın ipoteka təminatlı tələbləri üzrə tutmanın yönəldildiyi sayı 100-lərlə əmlakın əldə edilməsinə dair protokollar əldə etmişdir. Bu müddət ərzində hərrac təşkilatı tərəfindən hər hansı bir əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsinə maneçilik və ya yayınma halları müşahidə olunmamış, bununla bağlı nə sifarişçi icra şöbələrinə, nə də birbaşa hərrac təşkilatına müraciət daxil olmamışdır. Bu baxımdan, bankın ləğvedicisi həmin bank üzrə etiraza əlavə edilmiş digər işlər üzrə protokolları əldə etdiyi kimi, əgər maraqlı olsa idi bu əmlaklar üzrə də protokolları əldə etmiş olardı. Beləliklə, iddiaçı hazırki iş üzrə daşınmaz əmlakların əldə edilməsi ilə bağlı iddia tələbini 7 ilə yaxın müddət keçdikdən sonra vermişdir. Həmin iddia tələbi məhz ipoteka müqavilələrindən irəli gələn iddia tələbidir. Odur ki, hazırki tələbə də iddia müddəti tətbiq edilməlidir.
İkinci iş
9. İddiaçı2 iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyəndə olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə dair LPO QSC “Bank Standard" KB-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin daşınmaz əmlaklara dair LPO QSC “Bank Standard" KB-nin ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, ipoteka predmetlərinə dair qanunvericiliyin tələbinə uyğun olaraq keçirilmiş hərraclarda alıcı olmamış, həmçinin ipoteka saxlayan öz hüququndan istifadə edərək hərraca çıxarılmış əmlaklara dair hərrac təşkilatçısı ilə hərracın yekunlarına dair protokol bağlamamışdır. Ona görə də, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas vardır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024 tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" KB-yə, Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-565/2024 saylı kommersiya mübahisəsinə dair işinə birləşdirilmişdir.
12. Birinci instansiya məhkəməsində İddiaçı2 nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, əmlaklarla bağlı 2016-cı ildə hərraclar keçirilmiş, lakin bankın bu məsələ ilə bağlı hərəkətsizliyi vardır. Qanunvericilikdə də qeyd olunmuşdur ki, elan verildikdən 30 gün müddət ərzində protokol bağlanmalı idi. Hər hansı bir əsasla protokolun bağlanmaması ilə bağlı həmin dövrdə iddia qaldırsaydılar və ya tərəflər arasında hər hansı yazışma olsaydı başa düşülən olardı ki, burda Hərrac Mərkəzinin hərəkətsizliyi olmuşdur. Qarşı tərəf özü də etiraf edir ki, onlar bu məsələni unutmuşlar, heç bir şəkildə bu məsələni mübahisələndirmiyiblər. Ən azından 30 gün tamamında bank öz əməkdaşları ilə Hərrac Mərkəzinə müraciət edərək hansı əsasla protokolun verilməməsi məsələsini aydınlaşdırmalı idilər. Bankın məktubun ora göndərilməsini artıq etiraf etmələri onu deməyə əsas verir ki, yəni 30 gün müddətinin başlanması və bitməsindən məlumatlı olmuşlar. Onlar iddianı verdikdən sonra digər iddia məhkəmədə qaldırılmışdır. Eyni zamanda Ali Məhkəmənin müvafiq qərardadı artıq 1 ildən çoxdur ki, çıxarılmışdır. Burada iddia müddətinin ötürülməsi məsələsi də tətbiq edilməlidir. Hərrac mərkəzinin hərəkətsizliyindən deyil, bankın özünün hərəkətsizliyindən həmin müddət keçmişdir, çünki burada Hərrac Mərkəzi maraqlı şəxsdir, Hərrac Mərkəzi hər bir bankdan xidmət haqqı alır. 2016-cı ildə bağlanılmış digər işlər üzrə protokollar da sübut edir ki, Hərrac Mərkəzinin bank ilə heç bir qərəzi olmamışdır. İddiaçı2 mübahisədə boclu olmadığı üçün məlumatsız olmuş, ona görə də 7 il sonra məhkəməyə müraciət etmişdir. O, xx.xx.2024-cü il tarixdə QSC “Bank Standard” Kommersiya Bankının xx.xx.2016-cı il tarixli, 26/15428 saylı məktubunun Hərrac təşkilatına daxil olub-olmaması barədə məlumat verilməsi barədə Hərrac Mərkəzinə sorğu ilə müraciət etmiş və sorğuya cavab olaraq bildirmişdilər ki, xx.xx.2016-ci il tarixli məktubla bağlı heç bir məlumat aşkar edilməmişdir. Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının iddiasının təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, 2016-cı ildə təklifə bir münasibət bildirməklə bu məsələni həll etmək olmazdı. Bank özü aralarında heç bir ədavət olmadan, münasibət pozulması olmadan həmin dövrdə protokolu qəbul etməmişdir. Elan verildikdən 30 gün müddətində protokol bağlanılması zəruridir. 30 gün ərzində qarşı tərəfin yeganə etdiyi əməl təklifə münasibət bildirməsi olmuşdur. Müqavilə qüvvəsinə malik olan protokol bağlanılır, lakin bu o demək deyil ki, müqavilə münasibətlərini tənzimləyən bütün normaları bura şamil etmək olar. Nə 2014-cü ilin Konstitusiya Məhkəməsinin şərhində, nə də Ali Məhkəmənin qərarında qeyd olunmayıb ki, məktub iradə ifadəsi sayıla bilər. Ali Məhkəmənin qərarında qeyd edilir ki, 30 gün ərzində razılığı ala bilmədiyi halda məhkəməyə müraciət edə bilər. Ali Məhkəmənin də çıxartdığı qərarda göstərilir ki, aksept offeorta deyilən bir məsələ yoxdur, yalnız 30 gün müddətində protokol imzalanmalıdır. Qarşı tərəf özü də etiraf etdi ki, onlar iddia qaldırdıqdan sonra sonunculara məlum olmuş və iddia qaldırmışlar.
13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-565/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (ləğv prosesindədir) iddiasının təmin edilməsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin hərracdan əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli protokol qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC tərəfindən imzalanmış hesab edilməsi və İddiaçı2 Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına, Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
14. İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, birinci iş üzrə iddia tələbinin rədd edilməsi və ikinci iş üzrə iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında ikinci iş üzə iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdi, birinci iş üzrə iddiaçının nümayəndəsi X6 isə apellyasiya şikayətinə eiraz etdi.
18. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19.Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 20.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. 22.Həmin Qanunun 43.1-ci madəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə (43.1.1); hərracın iştirakçısı olmadıqda (43.1.2); hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə (43.1.3); hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın (43.1.4). 23.Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 24.Həmin Qanunu 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 25.Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 26.Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
27. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
28. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
29. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5).
30. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
33. Belə ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin iddia tələbi ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində iddiaçı və cavabdeh tərəfindən imzalanmış hesab edilməsi ilə bağlıdır.
34. Tələbdən də göründüyü kimi onu irəli sürməkdə iddiaçının əsas məqsədi ipoteka predmetini əldə etməkdən ibarətdir.
35. Bununla bağlı tənzimləmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuşdur.
36. Həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
37. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.
38. Bununla yanaşı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 04/2022 saylı qərardadında məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə bu məsələlərə aydınlıq gətirilmişdir.
39. Belə ki, həmin Qərardadın 33-39, 43-45, 47-52, 57, 59, 61-62-ci bəndlərində aşağıdakılar qeyd edilmişdir:
40. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilmənin təkrar hərracın baş tutmamış elan edilməsindən 30 təqvim günü ərzində əldə edilməməsi şərti özü-özlüyündə 2 məsələyə aydınlıq gətirilməsini tələb edir: 30 günlük müddətin axımının başlanması anı və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası.
41. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
42. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
43. “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində deyilir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
44. Göründüyü kimi, qanunverici hərrac təşkilatları tərəfindən hərracın yekunlarına dair elanların həm hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində), həm də özünün rəsmi internet saytında dərc edilməsini tələb edir.
45. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır.
46. O da nəzərə alınmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.
47. Beləliklə, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsi üçün qanuni əsas yaradır. Bununla bağlı tərəflər arasında mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
48. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı isə ilk növbədə qeyd edilməlidir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur.
49. Belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
50. Xüsusi ilə vurğulanmalıdır ki, hərracdan ipoteka predmeti olan və yaxud olmayan əmlakın əldə edilməsi qaydası qanunvericilikdə aydın şəklildə tənzimlənsə də, “İpoteka haqqında” Qanunun ilkin redaksiyasında ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka predmetini əldə etməsi qaydası müəyyən edilməmişdi. Lakin sonradan həmin qanuna edilmiş dəyişikliklə belə əldə etmə də əmlakın hərracdan əldə edilməsinə dair müəyyən edilmiş ümumi qaydaya uyğun nizamlanmışdır.
51. Belə ki, “İpoteka haqqında” Qanuna 2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Qanunla əlavə edilmiş yeni 43.7-1-ci maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayır və bu protokol müqavilə qüvvəsinə malikdir.
52. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.
53. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.
54. Əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
55. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.
56. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər.
57. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
58. Bununla yanaşı, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir.
59. Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
60. Göründüyü kimi vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
61. Hazırki işdə də iddiaçı bildirir ki, yekun protokolun imzalanması ondan asılı olmayan səbəblərdən baş vemişdir.
62. Lakin kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallar təsdiq olunmur.
63. Belə ki, iddiaçının özünün istinad etdiyi hallara əsasən onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı cavabdeh təşkilata yalnız xx.xx.2016-cı il tarixində aksept məktubu təqdim edilmiş, bundan sonra isə şifahi müraciətlər etmişlər.
64. Kollegiya qeyd edir ki, iddiaçı tərəf üzərinə düşən zəruri hərəkətləri 7 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürmüşdür.
65. Eyni zamanda, işin hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə ipoteka qoyan tərəfindən ipotekaya xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılmış, yalnız bundan sonra iddiaçı tərəf xx.xx.2023-cü il tarixində (təkrar hərracın baş tutulmaması tarixindən 7 il keçdikdən sonra) Bakı Kommersiya Məhkəməsinə hazırki iddia ilə müraciət etmişdir.
66. Göründüyü kimi iddiaçı 2016-cı ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla kifayətlənmiş və hazırki iddianı irəli sürsə də, cavabdehin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
67. Bundan əlavə, hazırki iddianın təkrar hərracın baş tutulmaması tarixindən 7 il müddət keçdikdən sonra və ən əsası ipoteka predmetləri ilə bağlı ipoteka qoyan tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürülməsi Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərin də ziddir. 68.Belə ki, həmin maddəyə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
69. Bu baxımdan, kollegiya hesab edir ki, iddia rədd edilməlidir.
70. İkinci iş üzrə İddiaçı2 iddiası isə əsaslıdır.
71. Belə ki, 07 noyabr 2016-cı il tarixə təyin edilmiş təkrar hərrac baş tutmamış və ipoteka saxlayan QSC “Bank Standard” KB-na həmin əmlakların alması təklif edilsə də, o, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş və ipoteka predmetlərini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir.
72. Həmin Qanunun 43.8-ci maddəsində isə təsbit edilmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
73. Eyni zamanda, həmin Qanunun “İpotekaya xitam verilməsi” adlı 48-ci maddəsində nəzərdə tutulmuşdur ki, ipotekaya həmin Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir (48.1.5).
74. Bu baxımdan, kollegiya hesab edir ki, İddiaçı2 tərəfindən irəli sürülmüş ipotekaya xitam verilməsi barədə iddia təmin edilməlidir.
75. Eyni zamanda, ipotekaya xitam verildiyinə görə Mülki Məcəllənin 139.1-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən onların dövlət qeydiyyatı ləğv edilməlidir.
76. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının iddiası rədd edilməli, İddiaçı2 iddiası isə təmin edilməli və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri birinci iş üzrə iddiaçıya aid edilməlidir.
77. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-565/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı2 iddiası təmin edilsin. İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə dair QSC “Bank Standard” KB-nin xeyrinə olan ipotekaya xitam verilsin və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki ipotekaya dair qeydlər ləğv edilsin. Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilsin. İddiaçı2 tərəfindən ödənilmiş cəmi 150 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan QSC “Bank Standard” KB-dan tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Ziya Şirinov
Vüsalə Baxışova