Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-598/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil1 iştirakı ilə İddiaçı «İddiaçı» İctimai Birliyinin cavabdeh «xxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı «mühafizə zolağından qanunsuz istifadənin qadağan olunması, açılmış qapının bağlanması və əkilmiş ağacların çıxarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı xx.xx.2020-ci il tarixli «iddianın təmin etmə tədbiri barədə» qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı» İctimai Birliyinin cavabdeh «xxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mühafizə zolağına açıdığı qapının bağlanması, zəbt etdiyi mühafizə zolağından çıxarılması, iddiaçıya ayrılmış torpaq sahəsində əkilmiş ağacların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı təmin etmə tədbiri qismində - ona məxsus olan, Bakı şəhəri Nərimanov RİH tərəfindən təsdiq olunmuş memarlıq–planlaşdırma bölməsi ilə təsdiq olunmuş- Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 5x136 kv.m torpaq sahəsinin istifadəsinə maneçiliyin yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini, sonradan isə həmin şikayət ərizəsinə əlavə verərək, iddiaçının özünə də həmin sahədən istifadə olunmasının qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 158-ci maddəsində nəzərdə tutulumuş hansı tədbirlə iddiaçının irəli sürdüyü tələbin mütənasib olması göstərilmir. Həmin maddənin mənasından isə görünür ki, iddianı təmin etmə tədbiri iddia tələbinə mütənasib olmalıdır. Hazırkı iddianı təmin etmə tədbiri iddiaçının tələbi ilə tam bağlılıq təşkil edir. Digər tərəfdən həmin torpaq sahəsi dövlətə məxsusdır və Bakı şəhəri İH X1 tərəfindən yaşıllaşdırma ərazisi və kimi aktlaşdırılmış və qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 135.8-ci, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili cavabdehin şikayətinin əsassız olduğunu və iddiaçının qeyd olunan torpaq sahəsində qanuni əsaslarla fəaliyyət göstərdiyini, lakin cavabdeh tərəfindən onun bu fəaliyyətinə əsassız maneələr yaradıldığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlaılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Cavabdehin şikayətinin dəlillərindən göründüyü kimi, ilk öncə mübahisələndirir ki, iddiaçının iddianı təmin etmə tədbiri qismində irəli sürdüyü, memarlıq–planlaşdırma bölməsi Bakı şəhəri Nərimanov RİH tərəfindən təsdiq olunmuş ona məxsus - Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən 5x136 kv.m torpaq sahəsindən istifadəsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi tədbiri iddia tələblərinə mütənasib deyil və MPM-in 158-ci maddəsinə uyğun gəlmir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, ona görə ki, iddiaçıya məxsus, üzrində tikinti aparılması üçün memarlıq-planlaşdırma bölməsi müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş torpaq sahəsindən istfadə olunması və orada aparılacaq tikinti-quraşdırma işlərinin görülməsi, bilavasitə, mübahisələndirilən mühafizə zolağından istifadə etmədən mümkünsüzdür. Bu baxımdan, iddiaçının görülməsini istədiyi iddianı təmin etmə tədbiri, gələcəkdə işin onun xeyrinə qəbul ediləcəyi təqdirdə, dolayısı ilə qətnamənin icrasında yarana biləcək çətinliyi aradan qaldırmış olur. Ona görə də iddiaçının görülməsini tələb etdiyi iddianı təmini etmə tədbiri iddia ərizəsində irəli sürdüyü tələblərinə mütənisib hesab edilməlidir. Eyni zamanda, cavabdehin mübahisələndirilən iddianı təmini tədbirinin MPM-in 158.1.2-ci maddəsində nəzərdə tutulan tədbirə uyğun gəlmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmaq mümkün deyil. Çünki, Məcəllənin qeyd olunan 158.1.2-ci maddəsinə əsasən işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, hazırkı iddianı təmin etmə tədbiri ilə iddiaçıya, ona məxsus torpaq sahəsindən istifadə etməyə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi, prosessual qanunvericiliyin qeyd olunan normasına, onun mənası baxımından, tamamilə uyğunluq təşkil edir. Cavabdehin şikayətinə əlavə etdiyi ərizəsində mübahisəli mühafizə zolağından iddiaçıya münasibətdə də istifadə olunmanın olunması tələbinə gəldikdə isə, ictimai birliyə qarşı iddia tələbi mövcud olmadığı halda, belə bir iddianı təmin etmə tədbirinin iddiaçıya münasibətdə tətbiq edilməsi prosessual qanunvericiliyə uyğun hesab edilə bilməz. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən görülən iddianı təmin etmə tədbiri işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Qeyd edilməlidir ki, iddianı təmin etmək barədə məhkəmənin qəbul etdiyi həmin qərardad MPM-in 157.2-ci maddəsinin tələbi baxımından qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədini və müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin qərardadın əsassız və prosessual qanunvericiliyə zidd qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə məhkəmə qərardaından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh «xxxxxxxxxxxxxxxxx» ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2476/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-598/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-598/2020
05.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver