Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-601/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1231/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişlərinə əsasən, sifarişçi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 3, 14-cü km ünvanında yerləşən dəniz Əməliyyatları Bazasının tikinti sahəsində müqavilələrin əlavələrində göstərilən nəqliyyat vasitələri və texnika ilə xidmət göstərməyi, sifarişçi isə xidməti qəbul edib, xidmətin dəyərini bu müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə icaraçıya ödəməyi öhdəsinə götürmüşlər. 1.2-ci bəndinə əsasən icraçı xidməti öz sərəncamında olan texnika, sürücü/operator ilə birlikdə həyata keçirir.
2. xx.xx.2024-cü il tarixli müqavilənin 1 saylı əlavəsindən görünür ki, katokun günlük xidmət haqqı 250 manat təşkil edir.
3. xx.xx.2024-cü il tarixli müqavilənin 1 saylı əlavəsinin “a” bəndindən görünür ki, xidmət haqqı texnikanın iş fəaliyyətinə başlama günündən hesablanır. Texnikanın nasazlığı və hər hansı digər səbəbdən texnikanın işləmədiyi günlərə xidmət haqqı hesablanmır.
4. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə xx.xx.2024-cü il tarixdə MT2407 seriyalı 11926951 nömrəli ƏDV daxil 6490 manat məbləğində elektron qaimə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə ƏDV daxil 6.490 manat borcun, 166,1 manat əldən çıxmış faydanın, 150 manat hüquqi yardım xərcinin, 119,2 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2024-cü il tarixli, M-35/XM/24 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-ə müqavilə üzrə razılaşdırılmış texnika vasitəsilə günü 250 manata olmaqla xidmətlər göstərməli idi. İddiaçı MMC indiyədək cavabdehə özünə məxsus texnika ilə ümumi dəyəri ƏDV daxil 9.735 (doqquz min yeddi yüz otuz beş) manat dəyərində xidmətlər həyata keçirtmişdir. Həmin xidmət müqaviləsi üzrə Cavabdeh QSC tərəfindən xx.xx.2024-cü il tarixdə yalnız bir dəfə xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11444798 nömrəli elektron qaimə üzrə ƏDV daxil 3245 manat ödəniş edilmişdir. Lakin borclunun ərizəçiyə indiyədək göstərilmiş xidmətlərə görə MT2407 seriyalı, 11926951 nömrəli xx.xx.2024-cü il tarixli borclunun məhz özü tərəfindən təsdiq edilmiş elektron qaimə üzrə 5500 manat əsas, 990 manat ƏDV olmaqla, cəmi 6490 manat borcu qalmaqda davam edir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1231/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 9.735 manat dəyərində xidmətlər həyata keçirdiyini, 3.245 manat ödənildiyini, 6.490 manat ödənilmədiyini bildirir. Cavabdeh tərəf isə, iddiaya etiraz edərək, aprel-may ayları ərzində iddiaçı tərəfindən cəmi 11 gün xidmət göstərildiyini, qeyd edilmiş pulun ödənildiyini, digər günlərdə xidmət göstərilmədiyini, işçinin səhvən 6.490 manat dəyərində elektron qaiməni təsdiqlədiyini və ona görə də, onun intizam məsuliyyətinə cəlb edildiyini bildirir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmeti iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müvafiq texnika ilə xidmət göstərilməsindən ibarət olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir. Ona görə də, Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir. Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli elektron qaimədə qeyd edilmiş 11 gün xidmətin göstərilməsi və göstərilmiş olan 11 gün xidmətə görə pulun ödənilməsi işin mübahisələndirilməyən halıdır. Bu barədə həmçinin, tərəflər arasında 2024-cü ilin aprel ayında katokun qəbul aktı imza edilmişdir. Hazırda işin mübahisələndirilən halı xx.xx.2024-cü il tarixli elektron qaimədə qeyd edilmiş 22 gün üzrə xidmətlərin göstərilməsi ilə bağlıdır. İddiaçı tərəf qeyd edilən elektron qaiməyə istinad edərək, xidmətlərin göstərildiyini bildirir. Cavabdeh tərəf də, yuxarıda qeyd edilmiş etirazın dəlillərini qeyd edərək, xidmətlərin göstərilmədiyini bildirir. Məhkəmə həmçinin qeyd edir ki, işin məhkəmə iclasında müəyyən olunmuş və hər iki tərəfin qəbul etmiş olduğu hal ondan ibarətdir ki, texnika sahədən xx.xx.2024-cü ildə çıxmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh QSC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı MMC-yə aid olan texnika sahəyə xx.xx.2024-cü il tarixdə gətirilmiş, xx.xx.2024-cü il tarixdə isə aparılmışdır. Texnika ilə xidmət göstərilmiş günlərin ümumi sayı 11 gün, texnikaya verilmiş yanacağın həcmi isə 655 litr olmuşdur. İş materiallarına əlavə edilmiş Ə.Hüseynov adlı şəxs tərəfindən imzalanmış “X7 LLC” başlıqlı cədvəldən görünür ki, texnika 9 gün tam işləmiş, xx.xx.2024-cü il tarixdə saat 11:00-da təmirə dayanmış, xx.xx.2024-cü ildə 15:15-də təmirə dayanmış, xx.xx.2024-cü ildə 10:15-11:15-də təmirə dayanmış, xx.xx.2024-cü il tarixdə isə ümumiyyətlə təmirlə bağlı dayanmışdır. Cədvəldən göründüyü kimi, texnika 9 gün tam işləmiş, 3 gün qismən, 1 gün isə ümumiyyətlə işləməmişdir. Qeyd edilmiş cədvəldə Ə.Hüseynovun kim olması soruşulmuş, tərəflər texnikanın operatoru olduğunu bildirmişlər. Məhkəmə baxış iclasında şahid kimi dindirilmiş X4 2024-cü ilin aprel ayının əvvəlindən may ayının yarısınadək İddiaçı MMC-yə aid olan texnikanın operatoru olduğunu, təxmini neçə gün işlədiyini dəqiq deyə bilmədiyini, yanacağın Cavabdeh QSC tərəfindən verildiyini, təmir üçün bildirmişdir. Həmçinin Məhkəmə iclasında iddiaçı tərəf texnikanı Xəzər İnşaatdan götürüldüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş yanacaq paylanma cədvəlindən görünür ki, texnikaya 9 gün yanacaq götürülmüş və bunun 7 günü operator X4 götürmüş və imza etmişdir. Qeyd edilmiş yanacaq paylanma cədvəlindən görünür ki, cəmi 655 (580+75) litr yanacaq verilmişdir. İş materiallarına əlavə edilmiş mübahisəli elektron qaiməni qəbul etmiş Cavabdeh QSC-nin əməkdaşı Daşdəmirov Raminin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o elektron qaiməni yanlışlıqla qəbul etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdeh QSC-nin direktorunun əmrindən görünür ki, X2 töhmət elan edilmişdir. Məhkəmə baxış iclasında şahid kimi dindirilmiş X3 qeyd edilmiş iş üçün İddiaçı MMC ilə Cavabdeh QSC-ni əlaqələndirən şəxs olduğunu, İddiaçı MMC-nin məsul şəxsi ilə dost olduğunu, təxmini neçə gün işlədiyini dəqiq deyə bilmədiyini qeyd etdi. Məhkəmə baxış iclasında şahid kimi dindirilmiş X6 Cavabdeh QSC-də mexanik işlədiyini, texnikanı lazım olanda təmir etdiyini, bəzən təmirin öz servisinin əməkdaşları etdiyini, aprel-may ayında cəmi 13-14 gün işlədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf texnikanın ödənilmiş olan 11 gündən əlavə, tələb edilən 22 gün üzrə xidmət göstərilməsinə elektron qaimə xaric hər hansı bir sübut təqdim etməmişdir. Bu xüsusda Məhkəmə qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında sərgiləmiş olduğu mövqe ondan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Əksinə cavabdeh tərəfin təqdim etmiş cədvəllərdən və şahid ifadələrindən o nəticəyə gəlinmişdir ki, texnika aprel ayının əvvəlindən may ayının 14-dək sahədə olsa da, bütün günləri işləməmişdir. Belə ki, əgər işləmiş olsa idi, ağır texnika üçün ən azından ya hər gün, ya da, gün aşırı yanacaq götürülmüş olardı. Tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsindən də, göründüyü kimi, pul ödəmək öhdəliyi ancaq texnikanın işlədiyi günlərə görə ödənilməlidir. Yəni texnikanın sahədə olması onun işlədiyi və qarşı tərəfin də, pul ödəmək öhdəliyi yaranması anlamına gəlməməlidir. Belə olan halda, Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf əlavə 22 gün texnika ilə xidmət göstərildiyini sübuta yetirə bilməmiş, ona görə də, iddia rədd edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəsi AR Mülki Məcəlləsinin 390.1, 390.4, 442, 449.1, 777.1, 783.2-ci maddələrin istinad etmişdir.
10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, M-35/XM/24 saylı Xidmət Müqaviləsinin 3-cü bəndinə əsasən, Sifarişçi, yəni cavabdeh İcraçı tərəfindən təqdim ediləcək hesab-faktura və e-qaiməyə əsasən 10 bank günü müddətində ödənilməsi razılaşdırılmışdır. Buna uyğun olaraq, iddiaçı tərəfindən 29 iyul 2024-cü il tarixdə elektron qaimə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən qaimə təsdiq olunmuş, lakin ödəniş həyata keçirilməmişdir. Borc uzun müddət ödənilmədiyi üçün və bu barədə nə üzürlü səbəb, nə də imtinaya dair əsaslandırılmış cavab verilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və iş icraata götürülmüşdür. İş üzrə yalnız iki dəfə iclas keçirildikdən sonra iddia tələbinə etirazı əsaslandırmaq məqsədilə cavabdeh tərəfindən keçmiş tarixlərə uyğun sübut görüntüsü yaratmaq məqsədilə sənədlər (əsasən akt və ya guya işçiyə tənbeh verilməsi barədə əmr, hansı ki, bu tip sənədlərin elektron qeydiyyatı aprılmadığından həqiqiliyini və tərtib edilmə tarixlərini nə iddiaçı, nə də məhkəmə müəyyən edə bilmir) tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş 15 may 2024-cü il tarixli akt tək tərəfli iradə ifadəsini göstərir və yalnız cavabdeh şirkətə məxsus nümayəndələr tərəfindən imzalanmışdır. Yəni bu aktla nəzərdə tutulan hallar iddiaçının iradə ifadəsi ilə təsdiq olunmamışdır. Hansı ki, belə bir akt tərtib olunan zaman iddiaçının nümayəndəsi öncədən məlumatlandırıla bilərdi və qarşılıqlı üzləşmə keçirilə bilərdi. Cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, belə bir vəziyyət onun maraqlarına cavab vermədiyindən və obyektiv həqiqət üzə çıxacağından ona görə həmin sənədlər iddiaçının iştirakı və məlumatı olmadan yalnız məhkəməyə müraciət edildikdən sonra tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış elektron qaimə cavabdeh tərəfindən bu sənədlər xeyli müddət əvvəl qəbul edilmişdir. Lakin sonradan qaimə üzrə yaranmış borc ödənişindən yayınmaq üçün cavabdeh guya qaimənin səhvən təsdiq olunduğunu, və bu həmin işçinin səhvi ucbatından baş verdiyini və buna görə də işçiyə inzibati tənbeh tətbiq olunduğu bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, işçi barəsində şirkət tərəfindən töhmət barəsində tərtib olunmuş əmr bu faktın həqiqətən baş veriyinə sübuta yetirmək üçün yetərli sübut deyil. Belə ki, cavabdeh şirkət tərəfindən bu əmrin sonradan tərtib olunması digər sübutların qiymətləndirilməsi zamanı müəyyən olunur. Həmçinin, cavabdehin məhz bir neçə iclasdan sonra sübutları məhkəməyə təqdim edə bilməsi halı da göstərir ki, qeyd edilən halların təsdiqi üçün sonradan köhnə tarixlə akt və əmr tərtib olunmuşdur. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Plenum Qərarına istinad edir. X9 da görünür ki, hazırki işin faktiki halları və təqdim olunmuş sübutlar “müqavilələr icra olunmalıdır (pactasunt servanda)” prinsipini təsdiq edir. Tərəflər müqavilə üzrə Sifarişçi İcraçının təqdim etdiyi qaimə üzrə göstərilən xidmətlər üçün ödənişləri etmək öhdəliyini üzərinə götürmüşdür. Buna görə də müqavilənin müvafiq olaraq 3-cü bəndi cavabdeh tərəfindən icra olunmalıdır. Hesab edir ki, qəbul edilən qətnamə ilə AR MPM-in 14, 88-ci maddələri pozulmuşdur. Məhkəmə təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ə.Hüseynov adlı şəxs tərəfindən imzalanmış “X7 LLC” başlıqlı cədvəldə, İddiaçının (icraçının) texnikanı X7 LLC-dən alındığı tarixlər 27 iyun 2024-cü il tarixli elektron qaimə üzrə görülmüş xidmətlərin müddətlərini əks etdirir, həmçinin, xx.xx.2024-cü il tarixli Cavabdeh QSC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda da yalnız ilk qaimə üzrə göstərilmiş xidmətlərin müddəti əks olunmuşdur. Növbəti məhkəmə tərəfindən obyektiv və tam araşdırılmayan məsələ isə şahid ifadələri ilə bağlıdır. Şahid ifadələrindən aydın olur ki, ifadələri verən şəxslər xidmət günlərinin dəqiq sayını xatırlaya bilmədiyi üçün məhkəməyə bildirə bilməmişdir. Məhkəmə qərəzli olaraq iclas zamanı şahidlərin dəqiq müddət bildirməsində israr etmişdir. Halbuki, oxşar işlər üzrə aydın olur ki, xidmət müddətlərinin işçilər və digər şəxslər tərəfindən dəqiqliklə yadda saxlanılması mümkün deyil. Məhkəmə bir-biri ilə ziddiyyət təşkil edən ifadələri və sübutları biri digərinə uyğun gəlmədiyi halda cavabdehin xeyrinə həll etmişdir. Məhkəmə işi səthi və formal olaraq araşdırmış və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadələrini əleyhimizə təfsir etməklə sübutların təsir gücünü azaltmışdır. Qətnamədə məhkəməyə təqdim olunmuş üzləşmə aktına sübut kimi qiymət verilməmişdir və bununla bağlı hər hansı qeyd yoxdur. Halbuki, ilkin olaraq iddiaçının təqdim etdiyi 25 oktyabr 2024-cü il tarixli üzləşmə aktı məhkəmə tərəfindən tədqiq edilməsə də, iddiaçının iştirakının təmin olunmadığı məhkəmə iclası zamanı cavabdeh tərəfindən keçmiş tarixə tərtib edilmiş üzləşmə aktı tədqiq olunmuşdur. Məhkəmə qısa müddətli təmir saatları olan günləri xidmətin göstərilməməsi kimi qiymətləndirərək həmin günlərin xidmət günlərinə əlavə edilməsini təmin etməmişdir. Halbuki, gün ərzində 2-3 saat texnikanın təmir olunması texnikanın həmin gün ümumiyyətlə istifadə edilmədiyi mənasına gəlmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə etirazda iddiaya qarşı etirazın məzmununda əlavə göstərilmişdir ki, iddiaçı apellyasiya şikayətində əsassız və bilə-bilə məhkəməyə yanlış məlumat verərək qeyd edir ki, “iş üzrə yalnız iki dəfə iclas keçirildikdən sonra iddia tələbinə etirazı əsaslandırmaq məqsədilə cavabdeh tərəfindən keçmiş tarixlərə uyğun sübut görüntüsü yaratmaq məqsədilə sənədlər (əsasən akt və ya guya işçiyə tənbeh verilməsi barədə əmr, hansı ki, bu tip sənədlərin elektron qeydiyyatı aprılmadığından həqiqiliyini və tərtib edilmə tarixlərini nə iddiaçı, nə də məhkəmə müəyyən edə bilmir) tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. ” və İddiaçı buna bənzər bir neçə bəyanlar bildirir. Halbuki məhkəmənin hazırlıq iclası 2 dəfə iddiaçının məhkəmə iclasına gəlməməsi səbəbindən və təxirə salınması barədə ərizələrinə əsasən təxirə salınmış, yalnız təyin olunmuş 3-cü prosesdə hazırlıq iclası keçirilmişdir. İddiaçının iştirakı olmadan heç bir iclas keçirilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş bütün sübutlar isə, MPM-in tələblərinə uyğun olaraq, məhkəmənin ilk təyin olunmuş hazırlıq iclasına dək tam şəkildə e-məhkəmə portalına daxil edilmiş və məhkəməyə və tərəfə təqdim edilmişdir. Bu məlumatı məhkəmə də asanlıqla e- məhkəmə portalına nəzər yetirərək təsdiq edə bilər. İddiaçı həmin portaldan istifadə edə bilmirsə və ya digər səbəblərdən sənədlərin təqdim edilmə tarixlərini görə bilmirsə və ya görərək bilərəkdən apellyasiya məhkəməsini yanlış yönləndirmək istəyirsə, bu artıq bizim məsuliyyətimizdə deyil və obyektiv həqiqəti qəti şəkildə dəyişmir. İddiaçı tamamilə absurd şəkildə sənədlərin sonradan tərtib edilməsinə dair fərziyyə irəli sürsə də, bu tamamilə onun (onu təmsil edən şəxsin və ya şəxslərin) təxəyyül gücü ilə əlaqəlidir və sənədlərin prosessual qanunvericiliyə uyğun olaraq vaxtında məhkəməyə təqdim edilməsi onun bu təxəyyülünün də qəbul edilməz olduğunu ortaya qoyur. Apellyasiya şikayətində qeyd olunmuş “cavabdeh tərəfindən tərtib olunmuş 15 may 2024cii il tarixi akt tək tərəfli iradə ifadəsini göstərir və yalnız cavabdeh şirkətə məxsus nümayəndələr tərəfindən imzalanmışdır. Yəni bu aktla nəzərdə tutulan hallar iddiaçının iradə ifadəsi ilə təsdiq olunmamışdır. Hansı ki, belə bir akt tərtib olunan zaman iddiaçının nümayəndəsi öncədən məlumatlandırıla bilərdi və qarşılıqlı üzləşmə keçirilə bilərdi. ” ifadəsi ilə bağlı qeyd emək istərdi ki, cavabdehin təqdim etdiyi sübutlar təkcə sözügedən aktdan ibarət deyil və hər iki tərəfin nümayəndələri tərəfindən imzalarla təsdiq edilmiş və məhkəmə baxışı zamanı da imzanı atmış şahidin də təsdiq etdiyi tabel sənədləri məhkəməyə təqdim edilmiş və hər iki tərəfin iradə ifadələri ilə texnikanın neçə gün işləməsi aşıq şəkildə sübut olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməsədə nümayəndəsi ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir
15. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
17. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
19. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam olaraq yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) ilə Cavabdeh QSC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı xüsusi texnika vasitəsilə cavabdehə xidmət göstərməyi, cavabdeh xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə cavabdeh tərəfindən 11 gün xidmət göstərilmiş və həmin xidmətlərə görə iddiaçı tərəfindən ƏDV daxil 3245 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı mübahisəli müqavilə üzrə cavabdehin qəbul etdiyi 11 gündən əlavə 22 günlük müddət ərzində də xidmətlər göstərdiyini iddia edir və həmin xidmətlərə görə cavabdehin ƏDV daxil 6490 manat məbləğində borcun və onun ödənilməsinin gecikdirilməsinə görə faizlərin ödənilməsini xahiş edir. Cavabdeh isə həmin xidmətlərin göstərilməsini inkar edərək iddianın rədd edilməsini xahiş edir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar nəzərdə tutulmadığından mübahisəyə analogiya üzrə xidmət müqaviləsinə yaxın olan podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.
24. Odur ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.
25. Mübahisənin mahiyyətinə gəldikdə kollegiya qeyd edir ki, iddiaçı ƏDV daxil 6490 manat dəyərində olan mübahisəli xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün yalnız elektron qaiməyə istinad etmişdir.
26. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, hazırkı halda elektron qaimə xidmətlərindən göstərilməsini təsdiq edən yetərli sübut kimi hesab edilə bilməz.
27. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi cədvəllərdən və şahid ifadələrindən müəyyən edilir ki, texnika aprel ayının əvvəlindən may ayının 14-dək sahədə olsa da, həmin müddət ərzində cəmi 11 gün sahədə işləmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1 saylı əlavəsindən də, göründüyü kimi, xidmət haqqı ancaq texnikanın işlədiyi günlərə görə ödənilməlidir. Yəni texnikanın sahədə olması onun işlədiyi və qarşı tərəfin pul ödəmək öhdəliyinin yaranması anlamına gəlməməlidir.
28. Odur ki, xidmət haqqının tutulması hissəsində iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Xidmət haqqı borcunun tutulması hissəsində tələb əsassız hesab edildiyindən həmin borcun ödənilməsinin gecikdirilməsinə dair faizlərin tutulması hissəsində də iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Birinci instansiya qətnaməsi məhkəməsinin iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanıldığından məhkəmə xərclərinə dair hissədə də həmin qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
31. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsində işə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərclərinə isə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1231/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov