Məhkəmə qərarları › İş №2-2(103)-603/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-603/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-603/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Şirinovun sədrliyi və məruzəsi ilə, X20 və X5 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-474/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra– iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra– cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən göstərilmiş xidmətə görə ödənilməli olan 16600 manat əsas borcun , 4150 manat dəbbə pulunun və məhkəmə rusumuna ödənilmiş 153 manat, ümumilikdə 20903.00 manat məbləğində pulun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən 2023 cü ilin oktyabr və noyabr aylarında Cavabdeh sifarişi əsasında 16600 manat dəyərində ölkə daxili yük daşıma xidməti göstərilimişdir. Lakin Cavabdeh bü günə kimi göstərilmiş xidmətin dəyərini ödəməmiş və onun 16600 manat borcu qalmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” Cavabdeh) ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya (İddiaçı) razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş icraçı tərəfindən iş icra olunduqdan sonra 15 iş günü müddətində nağdsız qaydada həyata keçirilməlidir. Həmin müqavilənin 2.4- cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətə görə xidmət haqqını icraçıya vaxtinda ödəmədiyi halda hər gecikdirilən gün üçün borcun ümümiməbləğinin 0.1% qədər dəbbə pulu ödəməlidir. Qeyd edirəm ki,cavabdeh "xxxx" Məhdud MəsuliyyətlCəmiyyəti xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə ödənişlər yerinə yetirilməmiş və hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə ödənilməmiş 16600 manat əsas və gecikdirilmiş ödənişə görə 4150 manat dəbbə pulu borclu qalmışdır . Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki,əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür döv r ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Hesab edirəm ki,cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən göstərilmiş xidmətə görə ödənilməli 16600 manat əsas borc , 4150 manat dəbbə pulu və məhkəmə rusumuna ödənilmiş 153.00 manat məbləğində pulalınıb İddiaçınə ödənilməlidir.

3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdehndən göstərilmiş xidmətə görə ödənilməli olan 16600 manat əsas borcun, 830 manat dəbbə pulunun və məhkəmə rusumuna ödənilmiş 153 manat, ümumilikdə 17583 manat məbləğində pul alınıb İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-474/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan əsas borcu 16600 manat təşkil edir. Cavabdehin iddiaçıya 16600 mnat məbləğində borcunun olması iş materiallarına əlavə edilmiş, müqavilə, qaimələr, təhvil-təslim aktları, üzləşmə aktı və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla tam təsdiq olunur. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 16600 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 16600 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 19.Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 830 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. 20.Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. 21.Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli cavabdehdən 830 manat məbləğində dəbbə pulu tuutlaraq iddiaçıya ödənilməlidir.

6. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-474/25 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiasının rədd dilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC aramızda heç vaxt işgüzar münasibətlərimiz olmamışdır. Biz "xxxx" MMC-ni tanımırıq. Cavabdeh MMC ilə "xxxx" MMC arasında heç bir daşıma və sair müqavilə imzalamamışıq. Belə ki, bu yaxınlarda bizə məlum olmuşdur ki, xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam verdiyimiz əvvəllər MMC-nin mühasibi olmuş X14 şirkətin rəhbərinin razılığı və icazəsi olmadan bizim Cəmiyyətdən işdən çıxandan sonra bizim Cəmiyyətin adından şirkətin möhürünü skan edərək, şirkətin direktorunun imzasını saxtalaşdıraraq, İddiaçı MMC ilə saxta müqavilə bağlamışdır. Bundan sonra biz dərhal hüquq mühafizə orqanlarına müraciət edik. Hazırda müraciətimiz əsasında müvafiq araşdırma gedir. Bildiririəm ki, xx.xx.2025-ci il tarixində məhkəmədə iştirak edən (məhkəmə qətnaməsini oxuduqdan sonra bizə məlum olan) və bizim Cəmiyyətin nümayəndəsi olaraq çıxış edən və guya Cəmiyyətin müqavilə üzrə 16600 manat borcu olduğunu qəbul etmiş X7 əmək müqaviləsinə əslində xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Nə işlədiyi dövrdə nə də ki, sonrakı tarixlərdə X10 Cavabdeh MMC-nin məhkəmədə təmsil edilməsi üçün MMC-nin direktorunun imzası və möhürü ilə təsdiqlənmiş etibarnamə verilməmişdir. X14 məhkəmədə hansı səlahiyyətlə çıxış etməsi bizə məlum deyildir. Bildirirk ki, Cavabdeh MMC-nin direktoru tərəfindən X8 tərəfindən X10 şirkəti DSMF, VERGİ, ASAN xidmət və sair dövlət qurumlarında təmsilçiliklə bağlı xx.xx.2023-cü il tarixində etibarnamə verilmişdir. Həmin etibarnamədə də məhkəmədə iştirak, izahat və çıxış qeyd edilməmişdir. Bildiririk ki, həmin etibarnamə isə xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. X2 məhkəmədə bizim Cəmiyyətin adından çıxış etməsi üçün heç bir səlahiyyəti olmamışdır. X3 digər sənədlər kimi saxta etibarnamə və əmək müqaviləsi bildirişi düzəldərək məhkəməyə təqdim etmişdir. Hesab edirik ki, bizim şirkətin möhürünü və direktorun imzasını saxtalaşdıran şəxslər barəsində xüsusi qərardad çıxarılmalıdır. Bunlardan əlavə bildiririk ki, biz elektron məhkəmə sistemində qeydiyyatda olmadığımız üçün məhkəmə proseslərindən məlumatımız olmamışdır. Belə bir məhkəmə qətnaməsinin mövcudluğundan icra məmurunun xx.xx.2025 ci il tarixli qərarı bizə göndərildikdən sonra məlumatlı olmuşuq. Bundan sonra biz 2025-ci ilin aprel ayının əvvəllərində elektron məhkəmə sistemindən qeydiyyatdan keçdik. Məhkəmə proses keçirilən zaman cavabdeh MMC-nin elektron məhkəmə sistemidə qeydiyyatda olmamasını görməli idi. Göründüyü kimi, əvvəllər Cəmiyyətimizdə mühasib vəzifəsində çalışmış X14 Cəmiyyətin möhürünü və direktorun imzasını saxtalaşdıraraq bizim şirkətlə heç bir işgüzar münasibəti olmayan, bizim tanımadığımız "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə və digər sənədlər imzalamışdır. X7 əməllərində cinayət tərkibinin əlamətləri vardır. Onun barəsində xüsusi qərardad çıxarılmalıdır. bu hal bizə məlum olan kimi dərhal Bakı şəhər Baş Polis idarəsinə müvafiq şikayət ərizəsi ünvanladıq. Hazırda hüquq mühafizə orqanında araşdırma gedir. Hətta Bakı şəhər Baş Polis İdarəsində İddiaçı MMC-nin direktoru izahatında Cavabdeh MMC-nin direktorunu tanımadığını onunla heç vaxt görüşmədiyi onu ilk dəfə Polis İdarəsində gördüyü barədə də izahat vermişdir. Bildiririk ki, bizdə olan ilkin məlumatlara görə Cavabdeh MMC-nin əvvəlki təsisçisi (payçı) X15 və Cəmiyyətdə əvvəllər mühasib vəzifəsində çalışan X14 əlbir olaraq Cavabdeh MMC nin direktorunun imzasını və möhürünü saxtalaşdıraraq iddiaçı Qaya Nəqliyyat” MMC ilə yalan əqd bağlayaraq cinayət əməli törətmişlər. X15 Cavabdeh MMC-nin əvvəlki təsisçisi olmuşdur. Daha sonra hazırki direktor və təsisçi X8 tərəfindən təsis payları alqı-satqı yolu ilə alınmışdır. X1 həm Cəmiyyətə həm də Cəmiyyətin direktoru X6 xeyli miqdarda borcu vardır. Göründüyü kimi Cəmiyyətin keçmiş təsisçisi və mühasibi əlbir olaraq Cəmiyyətin adından saxta müqavilə bağlamağa nail olmuşlar. hesab edirik ki, bu saxtakarlıqda iddiaçı MMC də məlumatlıdır. Hesab edirik ki, İş materiallarına əlavə edilmiş Yük daşıma xidmətinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli Aktda formal tərtib edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bu günə qədər heç bir müqavilə bağlanmamışdır. Məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli müqavilə, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlarda olan imzalar və möhür Cavabdeh MMC-yə məxsus deyildir. Həmin sənədlərdə olan imzlar və möhür cəmiyyətin əvvəlki mübahisi və əvvəlki təsisçisi tərəfindən saxtalaşdırılaraq tərtib edilmişdir. Həmin sənədlərə diqqət yetirildikdə sənədlərdə olan imzaları və möhürün ölçüsündən də açıq-aydın görünür ki, sənədlər saxtalaşdırılıb. Onu da qeyd edirik ki, X14 cəmiyyətin mühasibi vəzifəsində çalışdığı üçün əvvəllər Cəmiyyətin asan imzası, möhürü, Cəmiyyətin mail və sair digər məlumatları onda mövcud olmuşdur. Bu hal müəyyən olunandan sonra Cəmiyyətə məxsus mail və sair digər şəxsi məlumatlar dəyişdirilmişdir. Bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, apelyasiya şikayətim əsaslıdır təmin edilməli Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 474/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli iddiaçı MMC-nin iddia tələbi rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh nümayəndəsi ərizə ünvanlayaraq iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

11. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

12. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

13. Maddə 329.1 Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

14. Maddə 331.1.Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

15. Maddə 331.2.Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

20. Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

21. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.

22. Maddə 361.1. Sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiya təmsilçisi sayılır.

23. Maddə 361.2. Əqddə müxtəlif tərəflərin eyni vaxtda kommersiya təmsilçiliyinə həmin tərəflərin razılığı ilə və bu Məcəllədə nəzərdə tutulan digər hallarda yol verilir. Kommersiya təmsilçisi şərtləşdirilmiş muzdu və tapşırığın icrası zamanı çəkdiyi xərclərin əvəzini müqavilə tərəflərinin bərabər paylarla ödəməsini tələb edə bilər, bu şərtlə ki, onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmasın.

24. Maddə 361.3. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir. Kommersiya təmsilçisi ticarət əqdləri barəsində ona bəlli olmuş məlumatların sirrini ona verilmiş tapşırığı icra etdikdən sonra da saxlamağa borcludur.

25. Maddə https://e-qanun.az/framework/46944https://eqanun.az/framework/********.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən , apelleyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı iddia rədd olunmalıdır.

36. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

37. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

38. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

39. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

40. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.

41. İş materillarına əsasən, birinci intansiya məhkəməsində icraat zamanı Cavabdeh MMC-nin ünvanına göndərilmiş məhkəmə bildirişləri bu ünvanda yaşamır qeyd ilə geri qayıtmış, yalnız sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi kimi X14 iştirak etmişdir.

42. Məhkəmə kollegiyası tərəfindən birinci intansiya məhkəməsində icraat zamanı təqdim edilmiş etibarnaməyə əsasən, Etibarnamə üzrə X15, X8 tərəfinden verilən səlahiyyətləri Təsisçisi olduğumuz "DRUİT” MMC-nin fəaliyyəti ilə əlaqədar olaraq bizi Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında. idarə, müəssisə və təşkilatlarında. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində. Vergilər Nazirliyinin Bakı səh. Vergilər Departamentinin Kommersiya X19 Qeydiyyatı İdarəsində. Vergilər Nazirliyi yanında Bakı şəhəri X25 Departamentində. Sosial Müdafiə Fondunda. Dövlət Miqrasiya Xidmətində. Notariat ofislərində. Dövlət Statistika komitəsində. İcra Hakimiyyəti orqanlarında. Ədliyyə Nazirliyində. Xarici İşlər Nazirliyində. Səfirliklərdə. Konsulluq Şöbələrində. Səhiyyə Nazirliyində. Əmək Müfəttişliyində, Gömrük orqanlarında, "xxxx" mərkəzlərində. Dövlət Sığorta Kommersiya Şirkətində, bütün fiziki və hüquqi şəxslər qarşısında nümayəndəmiz olmağı, adımızdan bütün sənədləşdirmə İşlərini aparmağı, istənilən orqan, təşkilat və idarədən bizə aid olan istənilən arayışı və sənədləri almağı, sənədləri toplamağı, istənilən orqana təhvil verməyi, həmçinin Azərbaycan Respublikası ərazisində yerləşən istənilən bank orqanlarında bizi təmsil etməyi, istənilən bank əməliyyatını həyata keçirməyi, adıma istənilən bankda hesablar açmağı, hesablar üzərində sərəncam verməyi, pulları hesablara qoymağı və istənilən məbləğləri almağı. notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı, MMC adından istənilən müqaviləni bağlamağı və imza etməyi, həmçinin "AZERCELL", "NAR". "BAKCELL" şirkətlərində, arxivlərdə, bələdiyyələrdə, qeydiyyat şöbələrində adımdan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə və ya "sertifakatın statusunun dəyişdirilməsi məqsədilə ilə" (sertifikatın ləğv edilməsi, sertifikatın qüvvəsinin dayandırılması və bərpa edilməsi) bağlı təmsil etməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-yə təqdim etməyi, MMC adından müqavilə bağlamağı və imzalamağı, əvəzimdən notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və ya digər istənilən sənədləşmə işləri ilə əlaqədar nümayəndəmiz olmağı, adımızdan ərizə verməyi və imza etməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikatı əldə etməyi, eleketron imza (ASAN imza) ilə bağlı bütün işləri həyata keçirməyi, o cümlədən "AZERCELL ', "NAR", "BAKCELL" nömrələrini almağı və ləğv etdirməyi, o cümlədən nömrələrin dublikatlarını almağı, adımıza VÖEN, kod, kassa aparatı, post terminal almağı, bağlamağı, hesabatları verməyi, istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri və sənədləri, o cümlədən sənədlərin dublikatlarını almağı, vergiləri və digər xərcləri ödəməyi, bununla bağlı digər hərəkətləri etməyi etibar edilmişdir.

43. Göründüyü kimi iş materiallarında olan və birinci intansiya məhkəməsində icraat zamanı təqdim edilmiş etibarnamənin məzmunundan görünür ki, "DRUİT” MMC-nin təsisçiləri X15, X8 tərəfindən xx.xx.2023-cü il tarixində verillmiş etibarnamə MMC-nin fəaliyyəti ilə əlaqədar olaraq X10 şirkəti məhkəmələrdə deyil, DSMF, VERGİ, ASAN xidmət və sair dövlət qurumlarında təmsilçiliklə bağlı olmuşdur.

44. "DRUİT” MMC-nin rəhbəri X4 xx.xx.2024-cü il tarixli, notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, xx.xx.2023-cü il tarixdə X12 verilmiş etibarnaməni ləğv etdiyini bildirmişdir.

45. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmək

46. müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X14 ilə "DRUİT” MMC arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.a bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir.

47. Cavabdeh MMC-nin direktoru X8 "xxxx" MMC və X7 qanunsuz hərəkətlərindən şikayət vermişdir.

48. Beləliklə qeyd edilənlərə əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəməyə verildiyi və məhkəmə icraatı zamanı X14 "DRUİT” MMC-nin əməkdaşı olmamış, həmçinin etibarnamə üzrə nümayəndə kimi səlahiyyətli olmamışdır.

49. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-603/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.

50. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2025-ci il tarixli məktubuna əsasən, məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının aparılmasından imtina olunmuşdur.

51. Bakı şəhəri Baş Polis İdarəsinə məhkəmə sorğusu ünvanlanaraq ”Druit” MMCnin drektrou X4 "xxxx" MMC və X7 qanunsuz hərəkətlərindən verdiyi şikayət əsasında aparılmış araşdırma ilə bağlı olan verilmiş ekspert rəylərininin təsdiq olunmuş surtlərinin göndərilməsi xahiş olunmuş, lakin məhkəmə sorğusuna cavab verilməmişdir.

52. Cavabdehin nümyəndəsi və vəkili tərəfindən təqdim edilmiş X13 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, tədqim olunmuş ölkədaxili xidmətlərin göstərilməsi haqqında 20 oktyabr 2023-cü il tarixli QAYA 080-2023/D nömrəli müqavilənin surətinin 5-ci vərəqindəki “sifarişçi” sütunundakı əks olunmuş imza, 20 oktyabr 2023-cü il tarixli müqavilədə və müqaviləyə 1 nömrəli əlavənin surətindəki “sifarişçi” sütunundakı əks olunmuş imza, xx.xx.2023-cü il tarixli yük daşıma xidmətinin göstərilməsinə dair aktdakı surətindəki “Təhvil aldı” sütununda əks olunmuş imza, xx.xx.2023-cü il tarixli aktın surətindəki “Təhvil aldı” sütununda əks olunmuş imza, xx.xx.2024-cü il üzləşdirmə aktının surətinin aşağı sağ tərəfindəki əks olunmuş imza tədqiqi hissədə göstərilən səbəblərə görə yararsız(bax: Sənədlərin texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 5/566 nömrəli rəyi) olduğundan həmin imzaların X8, X14 tərəfindən və ya başqa şəxs tərəfindən olunub-olunmamamsı haqqında rəy vermək mümkün olmadığı qeyd olunmuşdur. Həmin rəyin tədqiqi hissəsində tədqiq olunan imzaların elektrofotoqrafik çap qurğusunda (surətçıxaran, çoxaldıcı qurğu və.s) çap edildiyi və imzaların montaj yolu ilə sənədlərə yerləşdirilməsinin istisna edilmədiyi müəyyən edilir.

53. Cavabdehin nümyəndəsi vəkili tərəfindən təqdim edilmiş 3-3-44-2-1/2-181 nömrəli materil üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/566№ ekspert rəyinə əsasən, tədqiqat edilmiş ölkədaxili xidmətlərin göstərilməsi haqqında 20 oktyabr 2023-cü il tarixli müqavilədə və müqaviləyə 1 nömrəli əlavənin surətindəki “sifarişçi” sütunundakı əks olunmuş imza, xx.xx.2023-cü il tarixli yük daşıma xidmətinin göstərilməsinə dair aktdakı surətindəki “Təhvil aldı” sütununda əks olunmuş imza xx.xx.2023-cü il tarixli aktın surətindəki “Təhvil aldı” sütununda əks olunmuş imza,xx.xx.2024-cü il üzləşdirmə aktının surətinin aşağı sağ tərəfindəki möhür əksi və üzərindəki imza tədqiqat edilmiş ölkədaxili xidmətlərin göstərilməsi haqqında 20 oktyabr 2023-cü il tarixli müqavilədə və müqaviləyə 1 nömrəli əlavənin surətindəki “sifarişçi” sütunundakı əks olunmuş imza, xx.xx.2023-cü il tarixli yük daşıma xidmətinin göstərilməsinə dair aktdakı surətindəki “Təhvil aldı” sütununda əks olunmuş imza xx.xx.2023-cü il tarixli aktın surətindəki “Təhvil aldı” sütununda əks olunmuş imza,xx.xx.2024-cü il üzləşdirmə aktının surətinin aşağı sağ tərəfindəki möhür əksi və üzərindəki imza montaj yolu ilə sənədlərə yerləşdirilmsi istisna edilmir.

54. Müəyyən edilir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-arasında xidmət göstərilməsinə dair hər hansı əqd bağlanmamışdır, 20 oktyabr 2023-cü il tarixli müqavilə isə etibarsızdır.

55. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə337.1).

56. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında isə göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.

57. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

58. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

59. Göründüyü kimi, hər hansı əqdə əsaslanaraq verilmiş tələb üzrə ilk növbədə həmin əqdin etibarlılıq şərtləri yoxlanılmalıdır, çünki iddiaçının həmin tələb üzrə subyektiv hüquqa malik olub-olmaması birbaşa istinad etdiyi əqdin etibarlığından asılıdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı nümayəndə qismində iştirak etmiş və borcu etirafı etmiş X7 təmsilçilik hüququ olmamışdır.

61. Belə ki, təmsilçilik institutu mülki dövriyyə iştirakçıları arasında münasibətlərin operativ, çevik və səmərəli şəkildə qurulmasına şərait yaradan əsas hüquqi təsisatlardan biri olaraq mülki dövriyyənin təmin edilməsində, sahibkarlıq fəaliyyətinin, sərbəst bazar iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir.Təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, hüquqi təsisat olaraq təmsilçilikdən istifadə edilməsi mülki dövriyyənin ehtiyaclarına cavab verməklə müxtəlif səbəblərdən (müvafiq əqdin bağlanması üçün lazımi bilik və səriştənin olmaması, xaricdə olma, xəstəlik kimi şəxsi xarakterli hallar və s.) irəli gələ bilər ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya digər qayda nəzərdə tutulmamışdır. Təmsilçinin fəaliyyətinin əsasını məhz onun təmsil səlahiyyəti – təmsil olunanın adından və hesabına hərəkət etməklə sonuncunu haqq sahibi və öhdəlik daşıyıcısı edən bir səlahiyyət təşkil edir ki, bu təmsil edilən şəxsin etibarnamə verməsi ilə qanunun göstərişinə (qanuni nümayəndələr, məsələn, valideynlər, övladlığa götürənlər, qəyyumlar) əsasən və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktları ilə yaranır.Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Etibarnamə təmsil səlahiyyətini müəyyən etməklə etibarnaməni verən (təmsil olunan) adından əqd bağlayıb həmin əqddən irəli gələn haqq və öhdəliklərlə bağlı hüquqi nəticələrin məhz etibarnaməni verən (təmsil olunan) üçün əmələ gətirilməsinə yönəlik sərbəst iradə ifadəsidir. ( Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair xx.xx.2025-ci il tarixli qərarı)

62. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

63. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

64. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-474/2025 nömrəli qətnaməsi ləğv edilsin, iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 76,60 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar