Məhkəmə qərarları › İş №2-2(103)-605/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-605/2025

30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-605/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “videogörüntülərinin qeydə alınmasının qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. Fatimə-M MMC direktorunun səs yazısı və foto, video görüntülər CD-diskdə təqdim edilmişdir. CD-yə əlavə edilmiş video görüntüdə dayanacaqda saxlanılmış nəqliyyat vasitələrinin görüntüsü yer alıb.

2. Səs yazısının 2.50 dəqiqəsində bəzi şəxslərin adı çəkilmiş və yaranmış münasibətlərdən bəhs edilmişdir, qonşuluq münasibətlərin pozulduğu halda mehmanxanaya gəlib-gedən şəxslərin video görüntülərin gələcəkdə yayıla biləcəyi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Nizami rayonu, R.Rüstəmov küçəsi 20 ünvanıda yerləşən qeyriyaşayış sahəsinin sərhəd divarına, tavanına və digər hissələrinə Cavabdeh MMC tərəfindən edilən qanunsuz müdaxilələr qadağan edilməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 14 ünvanında yerləşən şərti sərhədə açılan 2 ədəd giriş-çıxış qapılarının bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsiylə həmsərhədd istiqamətdə Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin qanuni ölçüsü olan 40 metrə uyğunlaşdırılması və artıq istifadə edilən 4 m 30 sm-lik hissənin boşaldılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 1 ünvanında yerləşən şərti sərhəddə yerləşən yolda avtomobil dayancaq haqqının yığılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mehmanxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahələri ona məxsusdur. Həmin qeyriyaşayış sahələri ilə qonşuluqda Fatimə-M MMC-nin istifadəsində olan, təxminən 0.6 ha torpaq sahəsi vardır. Belə ki, Nizami rayon İH başçısının 159 nömrəli, 05 aprel 2004-cü il tarixli sərəncamı ilə Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ticarət xidməti obyekti Fatimə-M Kiçik müəssisəsiyə (hazırki Fatimə-M MMC-nin) ayrılmışdır. Lakin bu günə qədər həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi cənub və şərq istiqamətində ona məxsus qeyri-yaşayış sahələri ilə həmsərhəddir. Ona məxsus qeyriyaşayış sahələrinin işlədilməsinə Cavabdeh MMC tərəfindən mütəmadi maneələr yaradılır. Belə ki, R.Rüstəmov küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sərhəd divarına müdaxilə edilir. Yəni, divarın yerə bitişən hissəsində kanalizasiya xətti çəkilir, divara müxtəlif isitmə cihazları quraşdılır, divara ağırlıq edən tullantı materiallarını qeyriyaşayış sahəsinin divarına söykəniliir, eləcə də, məlumat vermədən mülkiyyətində olan qeyriyaşayış sahəsinin tavanında özbaşına söküntü işləri aparılır. (bununla bağlı zəruri fotoşəkillər qoşmaya əlavə edilir.) İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin şərti sərhədi daxilində yerləşən yolda avtomobil saxlanılmasına cavabdeh tərəfindən mütəmadi maneə yaradılır. Həmçinin müəssisənin işçiləri tərəfindən həmin ərazidə avtomobilini saxlayan müştərilərdən Fatimə-M MMC-nin təyin etdiyi şəxslər tərəfindən qanunsuz olaraq (dayanacaq üçün) pulalınır. Cavabdeh əsassız olaraq bildirir ki, həmin sahə ona məxsus ərazinin daxilində yerləşir. 11 fevral 2019-cü il tarixli texniki pasportun 2-ci səhifəsindən görünür ki, ünvan 3 ünvanında Fatimə-M MMC ilə onun qeyri-yaşayış yerləşən obyektləri arasında olan yol şərti sərhəd hesabedilir və iddiaçının mülkiyyətində olan R. Rüstəmov küçəsi 20 ünvanında yerləşən qeyriyaşayış sahəsinə doğru istiqamətlənir. Həmin yol yalnız onun mülkiyyətində olan obyektlərə gediş-gəliş üçün nəzərdə tutulur. Nizami rayon İH-nin 05 aprel 2004-cü il tarixli 159 sayılı sərəncamına əlavə edilmiş Nizami rayonu Layihə Smeta bürosu tərəfindən tərtib edilən yerləşmə cizgisindən görünür ki, Fatimə-M MMC-nin istifadəsində olan torpaq sahəsinin ona məxsus mehmanxana ilə qonşuluqda olan cənub hissəsinə heç bir giriş-çıxış nəzərdə tutulmadığı halda Fatimə-M MMC tərəfindən həmin yola 2 ədəd giriş qapısı qanunsuz olaraq açılmışdır. Nəticədə isə həmin yoldan istifadəyə mütəmadi maneələr yaradılır, istifadə olunmayan avtomobillər orada saxlanılır ki, bu da müştərilərin rahatlığına mənfi təsir edir. Həmçinin Nizami rayon İH-nin 05 aprel 2004-cü il tarixli 159 sayılı sərəncamına əlavə edilmiş Nizami rayonu Layihə Smeta bürosu tərəfindən tərtib edilən yerləşmə cizgisindən görünür ki, Fatimə-M MMC-nin istifadəsində olan torpaq sahəsinin ona məxsus mehmanxana ilə qonşuluqda olan cənub hissəsinin eni 40 m olmalı olduğu halda faktiki olaraq 44.3 metr təşkiledir. Əlavə olaraq cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərmiş və daha sonra isə elektron qaydada xəbərdarlıq, iddia ərizəsi və ona qoşma olan bütün sənədlər cavabdehə təqdim edilmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (girişçıxışlarının) videogörüntülərinin (eləcə də, fotoşəkillərinin) qeydə alınması cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, sonucu məhkəmə hazırlıq iclasında məhkəmə iddianın əsasını təşkil edən maddi normaların qeyd edilməsini zəruri olduğunu bildirmişdir. İş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi cavabdeh əraziyə kameralar yerləşdirməklə iddiaçıya məxsus mehmanxananın giriş və çıxışını birbaşa müşahidə altına alır. Fotoşəkillərdən də görünür ki, həmin kameralar birbaşa olaraq mehmanxananın girişini qeydə alır. Fatimə-M MMC-nin direktoru Qanuni nümayəndə da öz səs yazısında açıq-aşkar bildirir ki, həmin mehmanaxanaya gələn şəxsləri qeyd alaraq yayacaq və həmin mehmanxanaya heç kim gəlməyəcəkdir. Həmin səs yazısını məhkəmə dinləmişdir. Nəticə etibarilə iddiaçının sahibkarlıq fəaliyyətinə ziyan dəyəcək və işgüzar nüfuzu zədələnəcəkdir.

7. İddia tələbi Azərbaycan Respublikası MM-in 13-cü, 23.1, 23.6-cı, 1089.3-cü, 1097.1-ci və 1098.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırılma aparılan zamanı iddiaçı tərəfindən sübut qismində təqdim edilən CD-disk yazıya baxış keçirilmiş və həmin CD-yə əlavə edilmiş video görüntüdə sadəcə dayanacaqda saxlanılmış nəqliyyat vasitələrinin görüntüsü təqdim edilmişdir. Həmçinin 2.50 dəqiqədə olan səs yazısında da bəzi şəxslərin adı çəkilmiş və yaranmış münasibətlərdən bəhs edilmişdir, qonşuluq münasibətlərin pozulduğu halda mehmanxanaya gəlib-gedən şəxslərin video görüntülərin gələcəkdə yayıla biləcəyi qeyd edilmişdir. Lakin, hazırkı iş üzrə iddiaçının adına və ya işgüzar nüfuzuna xələl gətirəcək hər hansı ifadəyə, hərəkətlərə yol verilməsi, hər-hansı məlumatın yayılması video görüntüdə müəyyən edilmir. Bundan başqa iddiaçı tərəfindən də sübuta yetirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, cavabdeh şirkətinin direktoru iddiaçını təhdid edərək bildirir ki, iddaçıya məxsus iki ünvanda yerləşən mehmanxaların giriş-çıxışlarını videogörüntüyə alaraq, həmin videoları yayaraq iddiaçının müştərilərinin həmin mehmanxanalara gəlişlərinin qarşısını alacaq və bu da iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaradacaqdır, sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qəbul edilməlidir. Lakin, məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillərdən və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı və cavabdehə məxsus qeyri-yaşayış sahələri aralarında ümumi istifadədə olan yol keçməklə qonşu ərazilərdə yerləşməsi müəyyən edilir. Və iddiaçının mübahisələndirdiyi video-görüntüləri əks etdirən kameralar da cavabdeh hüquqi şəxsin istifadəsində olan qeyri-yaşayış sahəsinin (hasarının, qeyri-yaşayış sahəsi daxilində mövcüd ağacın və sair obyektlərin) üzərində quraşdırmaqla cavabdehə məxsus əraziləri və ümumi istifadədə olan iki qeyri-yaşayış (mehmanxanaları) sahələri arasında mövcud olan yolun videogörüntülərini çəkir. Həmin video-foto görüntülərin cavabdeh şirkət tərəfindən artıq istifadə etməklə iddiaçıya hər-hansı zərərin vurulması, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində hər-hansı maneələrin yaradılması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh hüquqi şəxsin direktorunun, fiziki şəxs olaraq, səs-yazısında onun tərəfindən gələcəkdə hər-hansı çəkilişin yayılma ehtimalının bildirilməsi, hüquqi şəxs üçün hər-hansı məsuliyyətin yaranması anlamına gəlməməlidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna zərərin vurulması və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə olan mülki hüquq pozuntusunun törədilməsi iş materialları ilə müəyyən edilmir. Qeyd olunanlardan göründüyü kimi hazırkı iş üzrə iddiaçı fiziki şəxsin hər hansı hüquqlarının cavabdeh hüquqi şəxs tərəfindən pozulması sübuta yetirilmədiyindən, iddia tələbi əsassız hesab edilərək təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2, 23.3, 23.6, 1097.1-ci maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li Qərarının 3-cü bəndinə istinadla əsaslandırmışdır.

11. İddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi cavabdeh əraziyə kameralar yerləşdirməklə iddiaçıya məxsus mehmanxananın giriş va çıxışını birbaşa müşahidə altına alır. Fotoşəkillərdən (eləcə də, videogörüntülərdən) də görünür ki, həmin kameralar birbaşa olaraq mehmanxananın girişini qeydə alır. Cavabdeh öz səs yazısında açıq-aşkar iddiaçını həmin mehmanaxanaya gələn şəxsləri qeyd alaraq yayacağı ilə hədələyir. Bu isə iddiaçının işgüzar nüfuzuna xələl gətirən, sahibkarlıq fəaliyyətinə maneə olan hərəkət kimi qiymətləndirilməlidir, lakin məhkəmə bu halları diqqətə almamışdır. Məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi video-görüntüləri əks etdirən kameralar da cavabdeh hüquqi şəxsin istifadəsində olan qeyri-yaşayış sahəsinin (hasarının, qeyri-yaşayış sahəsi daxilində mövcüd ağacın və sair obyektlərin) üzərində quraşdırmaqla cavabdehə məxsus əraziləri və ümumi istifadədə olan iki qeyri-yaşayış (mehmanxanaları) sahələri arasında mövcud olan yolun videogörüntülərini çəkir. Həmin video-foto görüntülərin cavabdeh şirkət tərəfindən artıq istifadə etməklə iddiaçıya hər-hansı zərərin vurulması, iddiaçının adına və ya işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verilməsi, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində hər-hansı maneələrin yaradılması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cavabdeh hüquqi şəxsin direktorunun, fiziki şəxs olaraq, səs yazısında onun tərəfindən gələcəkdə hər-hansı çəkilişin yayılma ehtimalının bildirilməsi, hüquqi şəxs üçün hər-hansı məsuliyyətin yaranması anlamına gəlməməlidir. Məhkəmə bu əsaslandırma ilə mülki məcəllənin 1098.1-ci maddəsinin tələblərini aşkar surətdə pozmuşdur. Belə ki, maddədə gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə biləcəyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən mehmanxananın videogörüntülərinin qeydə alınması gələcəkdə həmin görüntülərin yayılaraq iddiaçının işgüzar nüfuzuna xələl gətirə, sahibkarlıq fəaliyyətinə maneə olacaqdır. İş materiallarına əlavə olunmuş CD-dən də görünür ki, cavabdeh həmin videoları yayaraq, iddiaçını rüsvay edəcəyi ilə hədələyir. Onun bu fəaliyyətinin qarşısını almaq, iddiaçının qanuni maraqlarını müdafiə etmək üçün məhkəmə “videogörüntülərinin qeydə alınmasının qadağan edilməsi” tələbini təmin etməli idi. Lakin məhkəmə işə formal yanaşmış, qanunun tələblərinə riayət etməmişdir Lakin hazırkı işdə məhkəmə mülki məcəllənin maddələrini düzgün tətbiq etməmiş, işin faktiki hallarına yetərincə düzgün qiymət verməmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində isə iddiaçının xeyrinə olan heç bir sübut və fakt nəzərə alınmamışdır. Cavabdehin direktorunun səs yazısına əsaslı hüquqi qiymət verilməmişdir Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutları hərtərəfli araşdırmamış, video-görüntüləri, cavabdehin iddiaçını hədələdiyi səs yazısı diqqətdən kənar qalmışdır. Məhkəmə qətnaməsinin 21-ci paraqrafında qeyd edilir ki, kameralar ümumi istifadədə olan iki qeyri-yaşayış (mehmanxanaları) sahələri arasında mövcud olan yolun videogörüntülərini çəkir. Halbuki həmin kameralar ümumi istifadədə olan yolu deyil, yalnız mehmanxanaya gedən yolu, xüsusilə isə mehmanxanın hər iki girişçıxışını çəkir. Əgər cavabdehin məqsədi təhlükəsizlik olsaydı (məhkəmə bunu qeyd etməyiblər) həmin kameraları İddiaçı məxsus mehmanxanalarn giriş-çıxış istiqamətində deyil, hasar boyu yerləşdirərdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçınını nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi.

15. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasınn xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

17. Mülki Məcəllənin: - 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

19. “İnformasiya əldə etmək haqqında” AQ Qanununun 3.0.2-ci maddəsinə əsasən şəxsi və ailə həyatına dair məlumat (bundan sonra - fərdi məlumat) dedikdə şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər başa düşülür.

20. “Bir şəxsin evindən və ya şəxsi ərazilərindən kənarda həyata keçirilən tədbirlərin onun şəxsi həyatı ilə bağlı olub-olmadığının müəyyənləşdirmək üçün bir sıra mühüm amillər mövcuddur. Bəzi hallarda insanlar şüurlu surətdə publik şəxkildə yazıla və ya müzakirə oluna bilən fəaliyyətdə iştirak edə bilərlər, bu zaman şəxsin konfensiallıq barədə gözləntiləri əhəmiyyətli faktorlardır, lakin həlledici faktor deyildir” (P.G. və J.H. X2) Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və iddiaçı tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC-nin sahibliyində olan qeyri-yaşayış sahələri Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşməklə aralarında ümumi istifadədə olan yol keçir. Cavabdeh tərəfindən özünə məxsus hasarda quraşdırılmış müşahidə kamerası ona məxsus hasarı, darvazanı, ümumi istifadədə olan küçəni, o cümlədən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxış görüntülərini də qeydə alır.

26. Hazırda iddiaçı cavabdeh tərəfindən kamera vasitəsilə qeydə alınan görüntülərin şəxsi xarakterli məlumatlar olmaqla gələcəkdə onların yayılmasının onun işgüzar nüfuzuna və sahibkarlıq fəaliyyətinə zərər vurulması ilə bağlı real təhlükə təşkil etdiyini iddia edir. Bu səbəbdən də iddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (giriş-çıxışlarının) videogörüntülərinin (eləcə də, fotoşəkillərinin) qeydə alınmasının cavabdehə qadağan edilməsini tələb edir.

27. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın mülkiyyətçi (qanuni sahibi) tərəfindən ona məxsus əmlakın üzərində, həmin əmlakın, eləcə də əmlakın ətrafındakı ərazinin müşahidə edilməsi məqsədilə videokameranın quraşdırılması və həmin kamera vasitəsilə görüntülərin qeydə alınması üçün dövlət orqanlarından, eləcə də qonşularından icazənin alınması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, hazırkı halda cavabdeh tərəfindən videokamera vasitəsilə videogörüntülərin qeydə alınmasının qanuniliyi Mülki Məcəllənin 23-cü maddəsi kontekstində, yəni şəxsi həyata və sahibkar kimi iddiaçının işgüzar nüfuza malik olmaq hüququna müdaxilənin mövcudluğu baxımından qiymətləndirilməlidir.

28. Odur ki, məhkəmə tərəfindən hazırkı halda müəyyən edilməli olan birinci hal videokamera vasitəsilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (hotelin) qeydə aldığı videogörüntülərin şəxsi xarakterlı məlumatları əks etdirib-etdirməməsidir.

29. Bununla bağlı qeyd edilir ki, bir şəxsin evindən və ya şəxsi ərazilərindən kənarda (xüsusən ictimai yerlərdə) həyata keçirilən tədbirlərin şəxsi həyat ilə bağlılığını müəyyənləşdirmək üçün bir sıra meyarlardan (əldə edilən məlumatların həcmi, həmin məlumatların adi müşahidəçi üçün əlçatan olub-olmaması, məlumatların əldə edilməsinin məqsədləri və s.) istifadə olunur. Hazırki halda isə, birincisi, videomüşahidənin aparılması iddiaçıya məxsus əmlakın mühafizəsini təmin etmək məqsədilə həyata keçirilir. İkincisi, iddiaçının qeydə alınmamasını tələb etdiyi və işgüzar nüfuzuna xələl gətirəcəyini iddia etdiyi görüntülər ictimai məkanda - küçədə qeydə alınır. Bu görüntüləri yalnız videomüşahidə vasitəsilə deyil, küçədən keçən hər bir şəxs də müşahidə edə bilər. Belə olan halda, məlumat artıq ümumi müşahidəyə açıq, ictimaiyyətə əlçatan xarakter daşıyır. Bununla yanaşı o da qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş kamera videogörüntülərdən də göründüyü kimi həmin görüntülər iddiaçıya məxsus otelə daxil olan və çıxan şəxsləri identifikasiya etməyə imkan vermir. Göstərilən səbəblərdən də həmin görüntülərin toplanması, saxlanması, istifadəsi və yayılmasının şəxsi həyata müdaxiləni təşkil edə biləcək şəxsi məlumat hesab edilməsi üçün əsas yoxdur.

30. Müştərilərin şəxsi məlumatlarını əks etdirən görüntülərin gələcəkdə cavabdeh tərəfindən yayılması nəticəsində işgüzar nüfuzuna zərər vurulması ilə bağlı real təhlükənin mövcudluğu barədə iddiaçının arqumentlərə münasibətdə isə kollegiya qeyd edir ki, işgüzar nüfuz- bir şəxsin (fiziki və ya hüquqi) peşəkar fəaliyyətdəki etibarı reputasiyasını və ictimai rəydə formalaşmış müsbət qiymətini ifadə edən hüquqi anlayışdır. İşgüzar nüfuz şəxsin əmək fəaliyyəti, elmi və ya yaradıcı sahədə qazandığı hörmət, etibar və məsuliyyətlə bağlı təsəvvürləri əhatə edir.

31. Hazırkı halda yuxarıda göstərildiyi kimi mübahisəli videogörüntülər iddiaçıların müştəriləri barədə əldə edilmiş şəxsi xarakterli məlumatlar hesab edilmir, belə olan halda həmin görüntülərin gələcəkdə yayılması iddiaçının işgüzar nüfuzuna və sahibkarlıq fəaliyyətinə real və ciddi zərər vuracaq informasiya kimi qiymətləndirilməsi mümkün deyil.

32. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

33. Məhkəmə kollegiyası MPM-in 372.7-ci maddəsini rəhbər tutaraq diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair qərarındakı mövqeyinə çəkir və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin predmetini və əsasının dəyişdirilməsi barədə ərizəni icraata qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, həmin qərarda göstərilmişdir ki, eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddia olmasını göstərir. Hazırkı halda məhkəmə tərəfindən sözügedən pozuntuya yol verilsə də, bu düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmadığından qətnamənin ləğvi üçün əsas ola bilməz.

34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar