Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-606/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1196/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 02 dekabr 2021-ci il tarixli, 21-71 №-li müqaviləyə əsasən, xarici ölkələrdən idxal edilən mallara dair qısa və yük gömrük bəyənnaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur.
2. xx.xx.2021-ci il tarixli, 21-71 saylı müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən qısa və gömrük bəyannaməsinin tərtibi 1 ədədinin məbləği 35 manat və gömrük bəyannaməsinin rəsmiləşdirilməsinin 1 ədədi 150 manat müəyyən edilmiş və tərəflər arasında razılaşdırılmışdır.
3. 22.04.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən cavabdeh MMC tərəfindən iddiaçı şirkətin hesabına 613 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 1181,2 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 598 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 1232.4 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 1848,6 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit haqqında bildirişə əsasən 2014,3 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 2897,4 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 597 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 651 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 729,4 manat məbləğində, xx.xx.2023-cü il tarixli kredit haqqında bildirişə əsasən 2423,2 manat məbləğində ödənişlər edilmişdir.
4. Gömrük xidmətlərinin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli 72/30 saylı hesab fakturaya əsasən ödəniləcək məbləğ 730,70 manat, eyni tarixli 72/31 saylı hesab fakturaya əsasən ödəniləcək məbləğ 730,70 manat, xx.xx.2024-cü il tarixli 72/32 saylı hesab-fakturaya əsasən ödəniləcək məbləğ 2603,20 manat, eyni tarixli 72/33 saylı hesabfakturaya əsasən ödəniləcək məbləğ 316 manat, eyni tarixli 72/334 saylı hesabfakturaya əsasən ödəniləcək məbləğ 347 manat müəyyən edilmişdir.
5. İddiaçı tərəfindən 1461,4 manatlıq xidmətə fair xx.xx.2024-cü il tarixli MT**********15 saylı, 2603 manatlıq xidmətə dair xx.xx.2024-cü il tarixli, MT**********3 saylı, 316 manatlıq xidmətə dair MT**********77 saylı, 347 manatlıq xidmətə dair MT**********03 saylı e-qaimələr göndərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443, 445, 448-ci maddələrini rəhbər tutmaqla öhdəliklərini icra etməkdən boyun qaçıran cavabdeh "xxxx" MMC-dən ( VÖEN: **********) ona iddiaçı tərəfindən göstərilən gömrük təmsilçiyinə dair xidmətlər üzrə, yəni, xx.xx.2024cü il tarixli, 00212415 saylı elektron qaimə üzrə (Seriya: MT 2401) tərəfimizdən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 1461 AZN 40 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 2603 AZN 20 qəpik, xx.xx.2024-cü il tarixli, ******* saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 316 AZN, xx.xx.2024-cü il tarixli, 00039403 saylı elektron qaimə üzrə (Seriya: MT 2404) görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 347 AZN, ümumilikdə - 4727 AZN 60 qəpik ( dörd min yeddi yüz iyirmi yeddi manat altmış qəpik) pul tutularaq İddiaçı MMC-yə ödənilməsini, dövlət rüsumu olaraq 67 AZN 50 qəpik (altmış yeddi manat əlli qəpik), hüquqa yardıma görə vəkil bürosuna ödənilmiş 500 AZN (beş yüz manat) pulun əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1196/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 02 dekabr 2021-ci il tarixli 21-71-23 saylı gömrük təmsilçiliyinə dair xidməti müqaviləsi üzrə 4727,60 (dörd min yeddi yüz iyirmi yeddi manat altmış qəpik) manat əsas borc, vəkil xərcinin əvəzi olaraq 500 (beş yüz) manat və dövlət rüsumunun əvəzi olaraq 67,50 (altmış yeddi manat əlli qəpik) manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslanırdırmışdır ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Hətda e-qaimə sistem tərəfindən təsdiq ediləndən sonra cavabdeh tərəfindən hazırda mübahisələndirdiyi əlavə xərclərə dair pretenziya/yazılı etiraz ilə iddiaçıya müraciət edilməsi iş materialları ilə müəyyən edilmir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir və cavabdeh tərəfindən edilmiş qismən ödənişlərin təyinatı da məhz e-qaimələr göstərilmişdir. Yəni, tərəflər arasında yaranmış işgüzar münasibətlər eqaimələrin təqdim edilməsi və qaimələr üzrə ödənişlərin həyata keçirilməsi qaydasında formalaşmışdır.
9. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1196/2025 nömrəli qətnaməsinin ləğv edillməsi, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pul tələbinin əsasını təşkil edən qaimələr və xərclər əsassız xarakter daşıyır. İlk növbədə qeyd olunmalıdır ki, qaimədə əks olunan xərclər şişirdilərək göstərildiyindən və həmin xərclərlə bağlı cavabdehin iradə ifadəsi mövcud olmadığından sözügedən qaimələr etibarsız hesab olunmalıdır. Göründüyü kimi iddia tələbinin əsassız olması əhəmiyyətli 2 halla sübut olunur: 1. Qaimədə əks olunan digər xərclərin mahiyyətinin nədən ibarət olması, iddiaçı tərəfindən hansı xidmətlərin göstərilməsi öz təsdiqini tapmamışdır. 2. Qaimələr cavabdeh ilə razılaşdırılmadığından və ümumiyyətlə qaimədə əks olunan xərclər cavabdeh tərəfindən sifariş edilmədiyindən sözügedən qaimələr etibarsız xarakter daşıyır. İlk növbədə xərclərlə bağlı qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 21-71 saylı müqavilədə (bundan sonra müqavilə) qarşı tərəfə həvalə olunan xidmətlərin əhatə dairəsi, eyni zamanda xərclərin qiymətləri qarşılıqlı razılıq əsasında konkret olaraq müəyyən edilmişdir. Belə ki, müqavilənin müddəalarına əsasən iddiaçıya gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazımi olan öhdəliklər verilmiş, qiymətlərin razılaşdırılması ilə bağlı №01 nömrəli protokolda göstəriləcək xidmətlərin adları və qiymətləri qeyd olunaraq yalnız qısa və yük gömrük bəyannaməsinin tərtibi üçün 35 (otuz beş) manat və gömrük bəyannaməsinin rəsmiləşdirilməsi üçün isə 150 (yüz əlii) manat müəyyən edilmişdir. Beləliklə, iddiaçının əlavə xərcləri tələb etməsi üçün hər bir halda sözügedən xərclər üçün əsas olan xidmətlərin cavabdeh tərəfindən sifariş olunmuş olması və xərclər üçün müəyyən edilən məbləğlərin real bazar qiymətlərinə uyğun olmaqla cavabdehlə razılaşdırılması tələb olunur. Lakin iddiaçı tərəfindən invoyslarda göstərilmiş qiymətlər bazar qiymətlərindən qat-qat yüksək olaraq hesablanmış, həmçinin, sifarişçinin tapşırığı adı altında müxtəlif xərclər (Anbar xərci, digər xərclər, giriş-çıxış, avtocar kimi) qaimələrə daxil edilmişdir. Qeyd olunmalıdır ki, invoyslarda göstərilmiş qiymətlərin şişirdilməsi özlüyündə qarşı tərəfin cavabdehin iradəsini nəzərə almadığını, qərəzli mövqe nümayiş etdirdiyini təsdiq edir. Bundan başqa, müqavilənin 2.1.5-ci bəndində qeyd olunub ki, icraçı sifarişçidən qəbul aktı əsasında xidməti almalıdır. Bu, o deməkdir ki, icraçı sifarişçinin razılığını almadan öz mülahizələri əsasında əlavə xidmətlər göstərə və bu xidmətlər əsasında əsassız olaraq ödəniş tələb edə bilməz. Müvafiq xidmətlərin göstərilməsi və qəbul edilməsi prosesi rəsmi şəkildə sənədləşdirilməli və qeyd edilməlidir. Hər hansı bir xidmətin təqdim olunduğunu iddia etmək üçün bu cür sənədlərin mövcudluğu mütləqdir. Yəni hal-hazırda iddiaçının “sifarişçinin tapşırığı” adı altında göstərdiyi xidmətlərin tərəfimizdən sifariş verilməsini təsdiq edəcək qəbul aktı belə yoxdur. Həmçinin, bu xərclərin real olduğu iddiaçı tərəfindən sübut edilməmişdir. Nümunə olaraq 32 saylı invoysla bağlı qeyd etmək lazımdır ki, həmin invoysda 1110 manat anbar xərci, 798,2 manat digər xərclər göstərilməsinə baxmayaraq, bu xərcləri təsdiq edəcək hər hansı bir sənəd təqdim oluna, cavabdeh tərəfindən iddiaçıya belə bir öhdəliyin icrası tapşırılması əsaslandırıla bilməmişdir. Müqavilənin 3.2-ci maddəsində əlavə xidmətlərlə bağlı qeyd olunur ki, təmsilçinin göstərəcəyi əlavə xidmətlər sifarişçi tərəfindən əlavə tarif üzrə ödəniləcəkdir. Lakin bu bəndin mahiyyəti o demək deyildir ki, iddiaçı cavabdehin iradəsini nəzərə almadan hərəkət edə, birtərəfli qaydada qiymətlər müəyyən edə bilər. İddiaçı təmsilçilik hüquqlarından sui-istifadə edərək əsassız ödəniş almaq məqsədilə əlavə xidmətlər və xərclər yaratmış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qaimələr iddiaçının iradəsindən kənar şəkildə təsdiq olunmuş olsa da, qaimədə əks olunan xərclərdə iddiaçının razılığının olmadığını və sifariş edilmədiyini, iddiaçı tərəfindən daha çox gəlir əldə olunması üçün faktiki olaraq onun üçün müsbət nəticələr yaradılmasına xidmət etdiyini nəzərə alsaq, qaimələr etibarsız hesab olunmalıdır. İddiaçı tərəfindən tərtib olunan qaimələr yuxarıda qeyd olunan əqdlər sırasına daxil olmaqla, etibarsız xarakter daşıyır. Belə ki, həmin qaimələrdə qeyd olunan xidmətlərin göstərilməsi, eləcə də qiymətlərin müəyyənləşdirilməsi üçün cavabdehə müraciət olunmadığını, həmin halların birtərəfli qaydada müəyyən edildiyini nəzərə alsaq, həmin qaimələr yalnız cavabdehin bəyənməsi ilə etibarlı ola bilər. Lakin qaimədə göstərilən xidmətlərin real dəyəri olduqca yüksək əks etdirilməklə cavabdeh tərəfindən sifariş olunmaması səbəbilə sözügedən qaimələr etibarsızdır. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan heç bir halı nəzərə almamış, əsassız qətnamə qəbul etmişdir. Diqqətinizə çatdırmaq istəyərdik ki, iddiaçının öz ərizəsində də göstərdiyi kimi həmin qaimələr sistem tərəfindən təsdiqlənmişdir. Qaimələrin sistem tərəfindən təsdiq olunması tamamilə texniki bir məsələyə əsaslanır və praktikada bu cür vəziyyətlərə tez-tez rast gəlinir. Belə ki, Cavabdeh MMC-də mühasib vəzifəsində çalışan xanımın işdən ayrılması nəticəsində müəyyən bir müddət ərzində sistemin nəzarətsiz qalması səbəbindən bu problem ortaya çıxmışdır. Bu müddət ərzində məsələnin digər əməkdaşlar tərəfindən bilinmədiyindən hər hansı bir tədbir görmək mümkün olmamışdır. Bu vəziyyətin təhlili nəticəsində, mühasibin sistemə nəzarət etmədiyi və onun işdən ayrılmasından sonra bu məsələ ilə əlaqədar məlumatların digər əməkdaşlara çatdırılmadığı bəlli olmuşdur. Bu da müəyyən qaimələrin təsdiqi ilə bağlı texniki problemlərin yaranmasına səbəb olmuşdur. Eyni zamanda mövcud problemlər səbəbilə qaimələrdən imtina edilmiş olmaması həmin qaimələrlə iddiaçının razılaşdığı mənasına gəlmir. Ümumiyyətlə, qaimələrlə bağlı iddiaçının iradə ifadəsinin mövcud olmadığını nəzərə alsaq, məhkəmə tərəfindən qeyd olunan hal qaimələrin etibarlı olmasına səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Bundan başqa, məhkəmə qətnaməsinin 24-cü bəndində işgüzar adətlərə istinad edərək tərəflər arasında əlavə xərclərin razılaşdırılmadığı və bu səbəblə cavabdehin etirazının əsassız olduğu qeyd olunmuşdur. Lakin əvvəlki qaimələrin dəyərinin ödənilmiş olması özlüyündə xərclərin məbləğlərinin iddiaçı tərəfindən absurd şəkildə qaldırılmağa davam ediləcəyi və cavabdehin sırf işgüzar adətlərə görə bununla razılaşacağı qənaətinə gəlməyə əsas ola bilməz. Əgər iddiaçı təqdim etdiyi xərcləri cavabdehlə əvvəlcədən razılaşdırmadan və onların zəruriliyini və məntiqini əsaslandırmadan təqdim edirsə, bu zaman həmin xərclərin “işgüzar adət” olaraq qəbul edilməsi hüquqi baxımdan əsassızdır. Bundan başqa tərəflər arasında indiyədək aparılmış bütün whatsapp yazışmalarına ümumi nəzər yetirildikdə görünür ki, əvvəllər tərəflər qiymətləri razışlaşdırmış və qiymətlərlə bağlı uyğunsuzluq olduqda cavabdehin nümayəndəsi öz iradlarını bildirmiş, iddiaçının nümayəndəsi isə digər xərclərin yaranma səbəbini izah etmişdir. Buna müvafiq olaraq da Cavabdeh MMC tərəfindən ödənişlər edilmişdir. Belə ki, tərəfimizdən iş materiallarına əlavə edilmiş whatsapp yazışmalarından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilə "xxxx" MMCnin nümayəndəsi arasında aparılmış yazışmalar zamanı cavabdeh nümayəndəsi öz etirazını bildirmiş, iddiaçının nümayəndəsi isə cavabında xərclərin hansı səbəbdən yarandığını izah etmiş, nəticədə tərəflər razılaşmış və Cavabdeh MMC tərəfindən qeyd edilən xidmət üzrə ödəniş edilmişdir. Lakin mübahisə predmeti olan hazırki xidmətlərə (anbar xərcləri, əlavə xərclər, avtokar xərci, giriş-çıxış və s başlıqlar ilə) münasibətdə nəzərinizə çatdırırıq ki, hazırda iddiaçının tələb etdiyi uydurma xərcləri təsdiq edən nə hər hansı bir sənəd, nə də razılaşma yoxdur. Lakin təqdim olunan whatsapp yazışmaları məhkəmə tərəfindən qərəzli olaraq nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qərəzli xarakter daşımaqla bərabər, cavabdehin hüquqlarının pozulmasına səbəb olur. Belə ki, məhkəmə qətnaməsinin 24-cü bəndində qeyd olunmuşdur ki, cavabdeh tərəf bildirsə də ki, əvvəllər iddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair əlavə xərclər razılaşdırılırdı və iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra ödənilirdi, lakin məhkəməyə nümunə olaraq (tərəflər arasında formalaşmış işgüzar münasibətə dair) həmin sənədlərdən hər hansını məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar reallığı əks etdirmir. Əlavə olaraq iddiaçı tərəflər arasında təhvil-təslim aktlarının heç vaxt hazırlanmadığını, bu cür aktları heç vaxt göndərmədiklərini və ümumilikdə bu xidmətlər üçün təhvil-təslim aktlarının mövcud olmadığını bildirmişdir. Lakin buna münasibətdə iş materiallarına əlavə etdiyimiz xx.xx.2022- ci il tarixli 05 nömrəli müvafiq olaraq 900,40 azn və 729,40 azn məbləğində olan “Xidmətlərin təhviltəslim aktı” adlı təhvil-təslim aktlarını diqqətinizə çatdırmağı zəruri hesab edirik. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən, whatsapp danışıq və yazışmaları əqdin tərəfləri üçün sirr deyilsə və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılımətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmirsə bu sübutlar şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Nəticə etibarilə, yuxarıda qeyd olunanlar onun deməyə əsas verir ki, iddiaçı mütəmadi olaraq cavabdehə məlumat vermiş, göstərdiyi xidmətlərin qiymətlərini razılaşdırmış, təhvil-təslim aktları göndərmişdir. Sadalanan halları təsdiq edən sübutlar tərəfimizdən elektron məhkəmə vasitəsilə iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi məhkəmə çəkişmə, məhkəmədə tərəflərin bərabərliyi prinsiplərinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən təqdim olunan whatsapp danışıqları ilə bağlı sübutlar işin real hallarının iddia tələbində göstərildiyi kimi olmadığını sübut edən hal olmasına baxmayaraq, məhkəmə işi hərtərəfli araşdırmamış, qərəzli qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçı tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
12. Etiraz belə əsaslandırılmışdır: apellyasiya şikayəti tamamilə qanunsuz və əsassız olmaqla vaxt uzatmaq üçün məqsədli şəkildə verilmişdir. Bundan əlavə hazırki işin kommersiya mübahisəsi olduğunu nəzərə alaraq bildirmək istərdik ki, apellyasiya şikayətində iddianın qismən qəbul edilməsi belə ümumilikdə iddianın mahiyyətini qəbul etməyə bərabərdir. Çünki tərəfimizdən göstərilən xidmət heç bir halda qismən ola bilməz və olmamışdır. Çünki gömrük rəsmiləşdirilməsi kompleks xidmətləri əhatə edir ki, bunun da birini edib digər xidməti göstərməsən yüklər, mallar gömrük nəzarətindən, anbardan buraxıla bilməz. Habelə iş materiallarına baxdıqda müəyyən olunur ki, cavabdeh iddiaçıya 17.600 AZN-nə yaxın pul ödəmiş, onun cəmi 4727 AZN 60 qəpik borcu qalmışdır. Məbləğin şişirilməsi ilə razılaşmayan cavabdeh 17.600 AZN-nə yaxın pulu necə ödəmişdir? Yəni ümumilikdə bu günədək cavabdeh iddiaçıya hal hazırda ödəməkdən imtina etdiyi məbləğdən 3 dəfə çox ödəniş etmişdir. Ona görə də məbləğin şişirdilməsi barədə cavabdehin mövqeyi ağlabatan, real deyil, özünümüdafiə xarakteri daşıyır. Ödəmələrin həyata keçirilməsi məqsədilə tərəfimizdən elektron qaimələr cavabdehə təqdim edilmiş, iddiaçıya olan borc sistem tərəfindən təsdiq olunmuş olsa da, indiyədək yaranmış borc məbləği "xxxx" MMC tərəfindən ödənilməmiş olaraq qalır. Borcun mövcudluğu elektron qaimələr, elektron bəyənnamələr, habelə gömrük sənədləri ilə təsdiq olunur. Bu günədək 17575 AZN 30 qəpik ödəniş etsələr də, qalan borclarını ödəməkdən qəti şəkildə yayınırlar. Belə ki, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaxtında və lazımi qaydada gömrük təmsilçiliyinə dair xidmətlərini cavabdehə göstərmişdir. Lakin cavabdeh "xxxx" MMC öhdəliklərini icra etməkdən imtina edir. Cavabdeh qeyd edir ki, guya qaimələrdə əks olunan məbləğlərdə onun iradə ifadəsi olmamışdır. Bu tamamilə yalandır. Ona görə ki, qaimələr sistem tərəfindən təsdiq edilmiş, təsdiq edildikdən sonra isə ümumiyyətlə heç bir zaman cavabdeh tərəfin nə yazılı, nə şifahi pretenziyası olmamışdır. Bundan başqa cavabdeh qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən e-qaimələri etibarsız hesab etməlidir. Sual yaranır. Hansı əsasla? Məgər eqaimələrin qanunsuz yollarla tərtib olunmasına dair hər hansı bir sübut var? Qaimələr saxtalaşdırılıbmı? Qaimələrdə hər hansı məlumatlar təhrif olunubmu? "Tourch MMC"-nin əməkdaşı Abdul Kazımov 05 yanvar 2024-cü il saat 14:01-də WhatsApp vasitəsilə Fortis Broker MMC-nin rəhbəri Fikrət Xanəliyevə ------ "Fikrət qardaş bu şeyi ödemeni köçurme ilə həll eliyəkdə. Anar (Tourch-un rəhbəri) dedi sen necəsə həll eləyirsən. Ödəyirsən sonra biz sənə ödəyirik onu 561 duşen hissəsisindən gedir söhbət" ------ səsini atmışdır. Buradan da görünür ki, cavabdeh son qaimələrə dair borcunu etiraf etmişdir. Cavabdehin özünümüdafiə xarakterli verdiyi ifadələrin heç bir əsası yoxdur. Nəhayət Cavabdeh MMC ilə whatsapp yazişmalarimizi birinci instansiya məhkəməsində məhkəmənin sonuna doğru tapdıq. Whatsapp yazışmalarından görünür ki, 4 e-qaiməyə dair hesab fakturaları Cavabdeh MMC-nin Abdul Kazimov (+994 51 230 19 91) və Həcər (+994 51 240 49 88) adli əməkdaşlarına atmışıq. İnvoysun içində bütün xərclərin açıqlaması var. daşıma nə qədərdir ??? fəhlə pulu, kargosu nə qədərdir ??? ipək yolu ödənişi nə qədərdir ??? və sair. Həcər adli əməkdaş hətta hesab fakturaları atdıqdan sonra mesajında "çox sağolun" demişdir. Bundan əlavə qeyd etmək istərdik ki, hazırki müqavilə GÖMRÜK TƏMSİLÇİLİYİNƏ dair müqavilədir. Bizim vəzifəmiz bəyənnamə yazmaq, gömrük rəsmiləşdirməsini həyata keçirmək, malın göndərilməsi prosesini təşkil etməkdir. Biz malı şəxsən müştərilərə təhvil vermirik. Bundan başqa əgər cavabdeh tərəfimizdən hər hansı xidmətin göstərilmədiyini iddia edirdisə e-qaiməni dərhal və ya ağlabatan müddətdə geri qaytarmalı idi. Bu günə qədər cavabdeh tərəfindən bizə hər hansı xidmətin göstərilməməsinə dair pretenziya daxil olmamışdır. Əgər varsa buyurub məhkəməyə təqdim etsinlər. Bundan əlavə gömrük xidmətlərinin göstərilməsinə dair xx/xx/2023 tarixli, 72/30 saylı, 72/31 saylı, xx.xx.2024-cü il tarixli, 72/32 saylı, 72/33 saylı, 72/34 saylı hesabfakturalardan (İNVOYS) da görünür ki, tərəfimizdən gömrük təmsilçiliyinə dair xidmətlər yerinə yetirilmişdir. Hesab-fakturaların yanlışlığına dair bir dəfə də olsun cavabdeh tərəf bu günədək bizə etiraz məktubu göndərməmişdir. Bundan əlavə əgər qaimə yazılıbsa cavabdeh vergi hesabatında da çox güman ki, mənfəətinə görə bu məbləği göstərmişdir. Məhkəmə bu faktı da araşdırıb iddia ərizəmizin nə qədər haqlı bir ərizə olduğunu müəyyənləşdirə bilər. Eqaimənin system və ya şəxsin özü tərəfindən təsdiq edilməsinin də bir əhəmiyyəti yoxdur. Cavabdehin e-qaimələrə etirazı var idisə dərhal e-qaimələri geri qaytarmalı idi. Qeyd edirik ki, birinci instansiya məhkəməsində Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödədiyi 17575 manat 30 qəpik ödənişin e-qaimələrini, həm də ödəmədikləri 4717 azn 60 qəpik pulun e-qaimə fakturalarini təqdim etmişik. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 21-71 saylı müqavilənin 3.2-ci maddəsinə əsasən, təmsilçinin göstərəcəyi əlavə xidmətlər əlavə tarif üzrə ödəniləcəkdir. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, guya. Əslində isə cavabdehin son 4 e-qaimə üzrə ödəniş etməkdən yayınmasının səbəbi başqadır. Məhz bu qərardan sonra cavabdeh iddiaçı ilə prinsip aparmışdır. Halbuki iddiaçının bunda bir təqsiri yoxdur. Belə ki, cavabdeh şirkətin əməkdaşları gömrük malları barədə məlumatı düzgün verməmişlər. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mühasibin sistemə nəzarət etməməsi səbəbindən dolayı e-qaimələr sistem tərəfindən təsdiqlənmişdir. Bildiririk ki, bu da iddiaçı şirkətin problemi deyil. Qarşı tərəf bu dəlilini də əsaslandıra bilmir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehin etirazını əsassız hesab edir. Belə ki, cavabdeh tərəf bildirsə də ki, əvvəllər iddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair əlavə xərclər razılaşdırılırdı və iddiaçı tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra ödənilirdi, lakin məhkəməyə nümunə olaraq (tərəflər arasında formalaşmış işgüzar münasibətə dair) həmin sənədlərdən hər- hansını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim edilən bütün sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ətraflı (hər bir xərcin məbləği ayrı-ayrılıqda göstərilməklə) invoys və e-qaimə göndərilirdi və həmin sənədlər əsasında cavabdeh tərəfindən ödənişlər edilirdi. Və əvvəllər ödənilmiş invoys və e- qaimələri hazırda mübahisələndirilən invoys və e-qaimələr ilə müqayisələndirəndə əlavə xərclərdə (anbar və sair) kəskin fərqin mövcudluğu belə müəyyən edilmir. Həmçinin məhkəmə qeyd etmişdir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Hətda e-qaimə sistem tərəfindən təsdiq ediləndən sonra cavabdeh tərəfindən hazırda mübahisələndirdiyi əlavə xərclərə dair pretenziya/yazılı etiraz ilə iddiaçıya müraciət edilməsi iş materialları ilə müəyyən edilmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Həmin Məcəllənin 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.
20. Həmin Məcəllənin 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.
21. Həmin Məcəllənin 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.
22. Həmin Məcəllənin 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir.
23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
25. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
26. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
27. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
28. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
29. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. . İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21-71 saylı müqavilə mahiyət etibar ilə borker müqaviləsidir. Müqavilə şərtləri qarşılıqlı razılaşdırılmış və imzalanmışdır.
36. Belə ki, Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib Təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, Təmsilçi isə Sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Sifarişçi Təmsilçi tərəfindən göstərilən xidmətlərin haqqını bu Müqaviləyə əlavə edilmiş 01№-li protokolda (“Protokol №01“) göstərilən məbləği razılaşdırılmış müddətdə (gecikdirilmədən) köçürmə yolu və ya nağd şəkildə ödəməlidir. 1.3-cü bəndinə əsasən Göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı Müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması Protokol №01-də (əlavə olunur). 2.2-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri: 2.2.1-ci bəndinə əsasən Təmsilçinin göstərdiyi bütün xidmətlərin haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdə bank köçürməsi yolu və ya nağd şəkildə ödəmək; 2.2.2-ci bəndinə əsasən Bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri, malı müşayiət edən və digər sənədləri (qaimə, xarici ticarət müqaviləsi, spesifikasiyalar, hesab-faktura və s.)( həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda icazələr, lisenziyalar, sertifikatlar və gömrük məqsədləri üçün lazım olan digər sənədləri Təmsilçiyə təqdim etmək; 3.1-ci bəndinə əsasən X2 əlavə Protokol № 01də göstərdiyi xidmət növünə əsasən hesab faktura təqdim edir, ödəniş növü bank köçürmə əməliyyatı zamanı hesab fakturada göstərilən məbləğ 7 (yeddi) iş günü ərzində köçürmə yolu ilə Təmsilçinin hesabına ödənilməlidir. 3.2-ci bəndinə əsasən Təmsilçinin göstərəcəyi əlavə xidmətlər Sifarişçi tərəfindən əlavə tarif üzrə ödəniləcəkdir. 3.3-cü bəndinə əsasən Təmsilçi kontragent tariflər dəyişdirildiyi halda Müqaviləyə edilmiş əlavədə göstərilən qiymətləri ikitərəfli razılıq əsasında dəyişdirmək hüququnu özündə saxlayır. 3.4-cü bəndinə əsasən göstərilən xidmət və onların haqqı Müqaviləyə əlavə Protokol № 01-də öz əksini tapır (əlavə olunur)
37. İş materillarına asasən, iddiaçı tərəfindən 1461,4 manatlıq xidmətə fair xx.xx.2024-cü il tarixli MT**********15 saylı, 2603 manatlıq xidmətə dair xx.xx.2024-cü il tarixli, MT**********3 saylı, 316 manatlıq xidmətə dair MT**********77 saylı, 347 manatlıq xidmətə dair MT**********03 saylı e-qaimələr göndərilmişdir.
38. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir və cavabdeh tərəfindən edilmiş qismən ödənişlərin təyinatı da məhz e-qaimələr göstərilmişdir. Yəni, tərəflər arasında yaranmış işgüzar münasibətlər e-qaimələrin təqdim edilməsi və qaimələr üzrə ödənişlərin həyata keçirilməsi qaydasında formalaşmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şirkət tərəfindən mövcüd müqavilə şərtlərinə uyğun olaraq broker xidmətləri göstərmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirmədiyindən 4727,60 manat məbləğində borcu yaranmışdır.
40. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın qismən qəbul etdiyini, əlavə xərclər (anbar və s.) hissəsində cavabdeh tərəfindən hər-hansı sifariş və həmin xərclərin razılaşdırılması olmadığı üçün həmin hissədə iddianı qəbul etmədiyini bildirərək, 1065 manat çıxıldıqdan sonra qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
41. Apellyator şikayətin dəlillərində məsul şəxs işdən çıxdığından e-qaimələrin onlar tərəfindən deyil sistem tərəfindən təsdiq oldunduğunu qeyd etmişdir, bununla bağlı kollegiya bildirir ki, bu halların mövcudluğu cavabdeh şirkətin məsuliyyətindədir. Cavabdeh e-qaimələrdəki məbləğlə razılaşmırdısa keçən müddət ərzində iddiaçıya bununla bağlı etirazını bildirməli, bunun mübahisələndirməli idi. Bu halı təsdiq edəcək heç bir sübut iş materilarına əlavə olunmamışdır. İddiaçı müqavilə üzrə vəzifələrini yerinə yetirmişdir.
42. Əlavə xərclərin ödənilməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, müqavlənin 3.2-ci bəndinə əsasən cavabdeh təmsilçinin göstərəcəyi əlavə xidmətlərə görə əlavə tarif üzrə ödəyəcəyini öz öhdəsinə götürmüşdür.
43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1196/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.