Məhkəmə qərarları › İş №2-2(103)-607/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-607/2025

13.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-607/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh “Delfin“ Mənzil-Tikinti Korporativinə qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-227/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli, “Qeyri-yaşayış sahələrinin tikintisinə və sənədləşdirilməsinə icazə verilməsi barədə” Sərəncamından çıxarışın məzmunundan müəyyən olunur ki, icra başçısı tərəfindən vətəndaş Əli Abduləli oölu X2, “AB” massivi, 37 nömrəli Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən əhaliyə texniki və məişət xidməti emalatxanasının tikintisinə icazə verilmiş, tikinti işlərinə başlamazdan əvvəl obyektin yerləşəcəyi torpaq sahəsinə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007ci il tarixli, 18/03-8/4688 saylı məktubuna əsasən Qaraçuxur Bələdiyyəsi ilə icarə müqaviləsinin bağlanılması vətəndaş İddiaçı həvalə edilmişdir.

2. Bakı şəhəri, Qaraçuxur Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri, Qaraçuxur Bələdiyyəsinin 10 fevral 2010-cu il tarixli iclasının qərarı ilə təsdiq edilmiş, xx.xx.2010-cu il tarixli, 28/10 nömrəli müqavilənin məzmunundan müəyyən olunur ki, icarəyəverən Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli iclasının qərarına əsasən “AB” massivi, 37№-li Notariat Kontorunun yanında tikilmiş obyektin arxa hissəsində yerləşən, ümumi sahəsi 450 m2 təşkil edən qeyri-yaşayış sahəsi mövcud vəziyyətdə olduğu kimi abadlıq məqsədilə icarəçiyə verilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə illik 216 manat məbləğində müəyyən edilmişdir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı tərəfindən iş materiallarına Yeni Günəşli, “AB” massivi, 37 saylı Dövlət Notariat Kontorunun sol tərəfindəki ərazidə təklif olunan sahənin situasiya planı əlavə edilmişdir.

4. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən 14/46 nömrəli istifadəyə verilən torpaq sahəsinin ayrıc aktının məzmunundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 683 saylı sərəncamı ilə Suraxanı rayonu, İlqar Müsayev küçəsi, 110 saylı binanın Şimal hissəsində cizgidə göstərilən sərhədlər daxilində 0,4033 hektar torpaq sahəsi idman sağlamlıq-istirahət mərkəzinin tikilməsi üçün Cavabdeh MMC-yə verilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı Çıxarışın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 117E ünvanında 0,40914 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh MTK-ya məxsusdur. Əmlakın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci ildir.

6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Tİ-91/22 nömrəli obyektin tikintisinə icazə verilməsi barədə Əlavənin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, 117E ünvanında yerləşən torpaq sahəsində yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparılması üçün Cavabdeh Mənzil-Tikinti Korporativinə icazə verilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/7236 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh MTK tərəfindən zəbt olunması iddia olunan sahə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontprunun sol tərəfində, yəni situasiya planında ayrılmış sahənin hüdudları daxilində yerləşmir. İddiaçının gediş-gəliş yolu kimi qeyd etdiyi və Cavabdeh MTK tərəfindən zəbt olunmasını iddia etdiyi sahənin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və digər sənədlər əsasında Cavabdeh MTK-ya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən əmlakın hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən Yeni Günəşli “AB” massivi 37№-li Dövlət Notariat kontorunun sol tərəfində, yəni situasiya planında göstərilən təklif olunan torpaq sahəsinin iddia olunan hissədən deyil, şərq istiqamətdən Mərkəzi yola çıxışı nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında İddiaçı tərəfindən iddia olunan sahənin yol olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-21-3-30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında situasiya planında “təklif olunan sahə” kimi qeyd edilmiş ərazinin cənubunda “Magistral yol” yazılmışdır, faktiki yerində yol görünür. Mübahisələndirilən yol isə situasiya planında öz əksini tapmamışdır. Ekspert rəyində faktiki vəziyyətdə yol kimi iddia olunan sahədə tikinti işi və digər işlər aparıldığından yol kimi iddia olunan sahədən yolun təmin edilməsinin texniki cəhətdən mümkün olmadığı qeyd edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı Cavabdeh Mənzil-Tikinti Korporativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəmcamına əsasən İddiaçı Yeni Günəşli, “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə ayrılmış torpaq sahəsinin Cavabdeh MTK tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq İddiaçı qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən İddiaçı Yeni Günəşli, “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən əhaliyə texniki və məişət xidməti emalatxanasının tikintisinə icazə verilmişdir. Həmin sərəncam əsasında inşa edilmiş tikili, “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi üzrə Qəbul Komissiyası”nın aktına əsasən istismara qəbul edilmişdir. Qeyd olunan obyektin qonşuluğunda yerləşən ərazidə tikinti işləri aparan Cavabdeh MTK tərəfindən İddiaçı məxsus yuxarıda göstərilən obyektin ərazisi zəbt olunaraq həmin ərazidə olan ağaclar kəsilmiş, mövcud olan yol bağlanmışdır. İddiaçı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2024-ci ildə iddia sənədlərinin hazırlanması üçün vəkil sorğusu göndərilərək, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən İddiaçı Yeni Günəşli “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən inşa edilmiş tikilinin qonşu ərazisində tikinti işlərinin aparılması üçün Cavabdeh MTK-ya torpaq sahəsinin ayrılmasına dair sərəncamın, tikinti layihə sənədlərinin, situasiya planının, sxem və çertyojların surətinin təsdiq olunmuş surətinin göndərilməsi xahiş edilmişdir. Lakin vəkil sorğusuna xx.xx.2024- cü il tarixli, 3-35- 2/2-489/2024 saylı məktub ilə “tövsiyə xarakterıi izahlar” verilərək, qeyd olunan sənədlərin verilməsindən imtina edilmişdir. Təkrarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə xx.xx.2024-cü il tarixli, 3-35- 489/2024 saylı vəkil sorğu göndərilmişdir . Vəkil sorğusuna xx.xx.2024-cü il tarixli, 3-35- 2/2-684/2024 №-li məktubla cavab verilərək bildirilmişdir ki, “Qeyd olunan məsələ ilə əlaqədar məhkəmələrdən müraciət daxil olduqdan sonra qaldırılan məsələyə baxıla bilər”. Cavabdeh MTK-nın məsul işçiləri ilə aparılmış söhbətlər zamanı həmin şəxslər zəbt olunmuş ərazini boşaldaraq yolun tezliklə açılmasını vəd etsələr də, vədlərinə əməl etməmiş, yolun açılmasını təmin etməmiş, bununla da iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair mülkiyyət və istifadə hüquqlarını kobud şəkildə pozmaqda davam edirlər. Cavabdehin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində ağır xəstə olan İddiaçı səhhəti daha da ağırlaşmış, ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, İddiaçı mülkiyyətində olan, sözügedən daşınmaz əmlakı təmənnasız olaraq azyaşlı psixoloji xəstələrlə məşğul olan X1 istifadəsinə vermişdir. Cavabdehin məsul işçilərinə edilmiş xəbərdarlıqların heç bir müsbət nəticəsi olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 172.1, 172.2, 172.3-cü maddələrinə istinad olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-227/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007- ci il tarixli, 308 nömrəli sərəmcamına əsasən İddiaçı Yeni Günəşli, “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə ayrılmış torpaq sahəsinin Cavabdeh MTK tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq İddiaçı qaytarılmasından ibarətdir. İşin faktiki hallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 683 saylı sərəncamı ilə Suraxanı rayonu, İlqar Müsayev küçəsi, 110 saylı binanın Şimal hissəsində cizgidə göstərilən sərhədlər daxilində 0,4033 hektar torpaq sahəsi idman sağlamlıq-istirahət mərkəzinin tikilməsi üçün Cavabdeh MMC-yə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı Çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 11E ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh MTK-ya məxsusdur. İşin mübahisəli hallarının müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi qərara alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/7236 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən zəbt olunması iddia olunan sahə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontprunun sol tərəfində, yəni situasiya planında ayrılmış sahənin hüdudları daxilində yerləşmir. Eyni zamanda iddiaçının gediş-gəliş yolu kimi qeyd etdiyi və Cavabdeh MTK tərəfindən zəbt olunmasını iddia etdiyi sahə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və digər sənədlər əsasında Cavabdeh MTK-ya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən əmlakın hüdudları daxilində yerləşmir, Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında İddiaçı tərəfindən iddia olunan sahənin yol olmaqla dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Beləliklə, iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, yəni iddiaçı subyektiv hüquqa malik deyildir. Eyni zamanda Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında situasiya planında “təklif olunan sahə” kimi qeyd edilmiş ərazinin cənubunda magistral yol yazılmışdır, faktiki yerində yol görünür. Mübahisələndirilən yol isə situasiya planında öz əksini tapmamışdır. Eyni zamanda iddiaçı tələb edilən yolun daha əlverişli olduğunu qeyd etmiş, cavabdeh isə alternativ yolun olduğunu, həmin yoldan istifadə edildiyini, tələb edilən yola iddiaçının hüququnun olmadığını qeyd etmişdir. Ekspert rəyində faktiki vəziyyətdə yol kimi iddia olunan sahədə tikinti işi və digər işlər aparıldığından yol kimi iddia olunan sahədən yolun təmin edilməsinin texniki cəhətdən mümkün olmadığı da qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5, 111.-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinad edilmişdir.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı tərəfindən iddia olunan sahənin yol olmaqla dövlət mülkiyyətində olması, iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi və bu səbəbdən iddiaçının subyektiv hüquqa malik olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə qəti razılaşmaq olmaz. Ona görə ki, iş materialları ilə təsdiq edilir ki, iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olmasa da, cavabdehin də mülkiyyətində deyildir, həmin torpaq sahəsi ümumi istifadədə olan dövlət mülkiyyətidir. İş üzrə verilmiş mütəxəssis rəyinə əsasən situasiya planında “təklif olunan sahə” kimi qeyd edilmiş ərazinin cənubunda magistral yol yazılmışdır, faktiki yerində yol görünür. Belə olduğu halda cavabdehin qanunsuz olaraq ümumi istifadədə olan yolu zəbt etməklə, həmin ərazidə kiçik ölçülü hasar çəkməklə və dekorativ kollar əkməklə iddiaçını ümumi istifadədə olan yoldan məhrum etməsi və bunu iddiaçının mülkiyyətində olan obyektə alternativ yolun olması, həmin yoldan istifadə etməsi, tələb edilən yola iddiaçının hüququnun olmaması ilə izah etməsi tam əsassız və qanunsuzdur. Qeyd olunanlardan əlavə, faktiki vəziyyətdə yol kimi iddia olunan sahədə tikinti işi və digər işlər (asfaltlama, kiçik ölçüdə hasar və ağacların əkilməsi) aparıldığından yol kimi iddia olunan sahədən yolun təmin edilməsinin texniki cəhətdən mümkün olmaması barədə ekspert rəyi ilə birinci instansiya məhkəməsinin razılaşması da qanunsuzdur. Belə ki, vahid elektron kadastr baza məlumatlarında situasiya planında "Təklif olunan sahə" kimi qeyd edilmiş ərazinin cənubunda "Magistral yol" yazılması, faktiki yerində yol görünür yol görünməsi, mübahisələndirilən yol isə situasiya planında öz əksini tapmaması və faktiki vəziyyətdə yol kimi iddia olunan sahədə tikinti işi və digər işlər (asfaltlama, kiçik ölçüdə hasar və ağacların əkilməsi) aparılması yol kimi iddia olunan sahədən yolun təmin edilməsinin texniki cəhətdən mümkün olmaması əsaslandırılmamışdır. Mübahisələndirilən yolun vahid elektron kadastr baza məlumatlarında və faktiki yerində mövcud olması səbəbindən iddia olunan sahədən yol təmin edilməlidir. Ekspertin rəyi əsassız olduğundan ekspertiza aparılmasını başqa ekspertə tapşırmaqla, təkrar ekspertiza təyin edilməsi barədə tərəfimizdən vəsatət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən vəsatətimiz təmin edilməmişdir. Qeyd olunmalıdır ki, İddiaçıla Bakı şəhəri Qaraçuxur bələdiyyəsi arasında bağlanmış 02 mart 2011-ci il tarixli 13 saylı və 12 oktyabr 2012-ci il tarixli 57 saylı müqavilələdən göründüyü kimi, hazırkı iş üzrə mübahisəli hesab edilən ərazidən 450 kv.m torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir.

15. Apellyasiya şikayətində pozulmuş maddi və prosessual hüquq normaları kimi AR Mülki Məcəlləsinin 170.2, 172.2, 172.1, 172.3-cü maddələri və Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 88, 14.2-ci maddələri göstərilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında verdiyi izahatda iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini və iddia tələbini müdafiə etdi, şikayətin eyni zamanda iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, darvazanın qarşısında balaca hasar çəkilib və dekorativ ağaclar əkilib, buna görə də yoldan istifadə edə bilmir. Digər qapıdan isə magistral yola çıxış mövcuddur.

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etdi və şikayətin təmin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: -157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. -170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən İddiaçı Yeni Günəşli, “AB” massivi, 37 nömrəli Dövlət Notariat kontorunun sol tərəfində yerləşən sahədə texniki və məişət xidməti emalatxanasının tikintisinə icazə verilmiş, iddiaçı ilə Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 28/10 nömrəli müqaviləyə əsasən isə həmin ərazidə tikilmiş, ümumi sahəsi 450 m2 təşkil edən qeyri-yaşayış sahəsi bələdiyyə tərəfindən abadlıq məqsədilə iddiaçıya icarəyə verilmişdir.

27. Digər tərəfdən o da müəyyən edildi ki, iddiaçının sahibliyində olan yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin qonşuluğunda Suraxanı rayonu, İlqar Musayev küçəsi, 110 saylı binanın Şimal hissəsində yerləşən 0,4033 hektar torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 683 saylı sərəncamına əsasən idman sağlamlıq-istirahət mərkəzinin tikilməsi üçün Cavabdeh MMC-yə ayrılmışdır. Hazırda həmin torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi Cavabdeh MTK-nın mülkiyyətindədir.

28. Hazırda iddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinin bir hissəsinin, eləcə də gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edildiyini iddia edir və zəbt edilmiş sahənin və yolun boşaldılaraq iddiaçıya qaytarılmasını tələb edir.

29. Tələbin birinci hissəsi ilə, yəni zəbt edilmiş torpaq sahəsinin iddiaçıya qaytarılması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin hissədə iddiaçı tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

30. İddiaçının cavabdeh tərəfindən zəbt edildiyini iddia etdiyi sahə üzərində qanunla qorunan hüquqlarının mövcud olub-olmaması işin mübahisəli halını təşkil etdiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh MTK tərəfindən zəbt olunması iddia olunan sahə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamı ilə Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində iddiaçıya ayrılmış sahənin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir.

31. Odur ki, iş materialları ilə iddiaçının cavabdeh tərəfindən zəbt etdiyini iddia etdiyi sahənin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olması öz təsdiqini tapmadığından iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən sözügedən iddianı irəli sürməyə dair subyektiv hüquqa malik deyil. Belə olan halda həmin hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Gediş-gəliş yolunun boşaldılaraq iddiaçıya qaytarılması tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə iddiaçının gediş-gəliş yolu kimi qeyd etdiyi və Cavabdeh MTK tərəfindən zəbt olunmasını iddia etdiyi sahənin vahid elektron kadastr baza məlumatlarında yol olmaqla dövlət mülkiyyəti torpağı olması müəyyən edilmişdir. Digər tərəfdən rəydə o da müəyyən edilmişdir ki, iddiaçının gediş-gəliş yolu kimi qeyd etdiyi sahə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər sənədlər əsasında Cavabdeh MTK-ya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən əmlakın hüdudları daxilində yerləşmir, həmin yol ümumi istifadədədir və açıqdır, lakin həmin sahədə tikinti işləri və digər işlər aparıldığından həmin sahədən yolun təmin edilməsi texniki cəhətdən mümkün deyildir. Bununla yanaşı Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planına əsasən həmin torpaq sahəsinin iddia olunan hissədən deyil, şərq istiqamətdən mərkəzi yola (maqistral yola) çıxışı nəzərdə tutulmuş və ərazinin cənubunda faktiki olaraq maqistral yol mövcuddur.

33. Göründüyü kimi ekspert rəyi ilə iddiaçının gediş-gəliş yolu olmasını iddia etdiyi sahənin kadastr məlumatlarına əsasən dövlət mülkiyyətində olan yol olması öz təsdiqini tapsa da, həmin sahənin cavabdehin sahibliyində və istifadəsində olması, yəni həmin yoldan istifadə edilməsinə cavabdeh tərəfindən maneələrin törədilməsi müəyyən edilməmişdir, əksinə həmin sahəsi açıq və ümumi istifadədə olması qeyd edilmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatdan da müəyyən edilmişdir ki, mübahisəli sahə cavabdehə məxsus sahənin hasarının xaricində yerləşir, həmin sahədə ağaclar mövcuddur və həmin ağaclar üçün dekorativ hasar çəkilib. Bundan əlavə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin maqistral yola çıxışı olduğundan həmin sahədən yolun təmin edilməsinin qeyri-mümkünlüyü iddiaçının qanuni sahibliyində olan qeyri-yaşayış sahəsindən istifadə etməsini məhdudlaşdırmır.

34. Odur ki, hazırkı halda iddiaçıya məxsus torpaq sahəsinə çıxan ümumi istifadədə olan yolun cavabdeh tərəfindən zəbt edilməsi, cavabdeh tərəfindən iddiaçının həmin yoldan istifadəsinə maneələrin törədilməsi, yəni cavabdeh tərəfindən iddiaçının qanuni sahibliyində olan əmlaka müdaxilə və ya hədsiz təsir edilməsi müəyyən edilmədiyindən tərəflər arasında faktiki münasibətlərdə Mülki Məcəllənin 157.4-cü maddəsinin, eləcə də 170.2-ci maddəsinin dispozisiya şərtləri mövcud deyildir. Belə olan halda həmin hissədə də iddia əsassız olmaqla rədd edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-227/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Elnur Həsənov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar