Məhkəmə qərarları › İş №2-2(103)-61/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-61/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-61/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X16 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı “Masallı İsti-Su X9” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “X12” ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “Masallı İsti-Su X9” MMC-nin cavabdeh “X12” ASC-yə qarşı “ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(113)-3004/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Masallı İsti-Su X9” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Unibank KB" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, Umis-30/14 saylı ipoteka müqaviləsinə əsasən “Masallı İsti-su Fatmeyi X14” MMC-nin Masallı rayonu Qəriblər kəndində yerləşən əmlak kompleksi üzrə (külək, daşqın və sel nəticəsində məhv olmuş) ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X8 arasında xx.xx.2014-cü il tarixli UM30/14 saylı əsas kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, xx.xx.2018ci il tarixədək illik 17% ödəmək şərti ilə ******* ABŞ dolları, xx.xx.2015-ci il tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 24% ödəmək şərti ilə 200000 AZN məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli Umis-30/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən “Masallı İstiSu X9” MMC-nin mülkiyyətində olan Masallı rayonu Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda X4 zamin durmuşdur. İpoteka predmetinin ilkin qiyməti isə ******* manat məbləğində qiymətləndirilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak kompleksi Masallı rayonunun dağlıq ərazisində yerləşir. 2017-2018-ci illərdə Masallı rayonu ərazisində baş vermiş güclü külək, daşqın və sel nəticəsində ipotekaya qoyulmuş əmlak kompleksinin 80%-dən çox hissəsi məhv olmuş, qalan hissəsi isə yararsız hala düşmüşdür. Bu barədə "xxxx" ASC-yə dəfələrlə şifahi və yazılı məlumatlar verilmiş, ərazinin foto şəkilləri banka göndərilmişdir. Bank tərəfindən isə MMC-yə heç bir güzəştlər olunmamışdır. Dəfələrlə banka müraciət olunaraq kreditin aylıq ödənişində güzəştlər olunmasını, faiz və cərimənin azaldılmasını xahiş etsək də heç bir nəticəsi olmamışdır. Hal-hazırda “Masallı İsti-Su X9” MMC-nin əmlaklarına daxil olan tikililəri son illərdə yəni 2021-ci il tarixdən sonra tikilmiş və təmir olunmuşdur. Lakin ipotekaya qoyulmuş əmlaklar isə 2003-2013-cü illərdə tikilmiş əmlaklardır. İpotekaya qoyulmuş əmlaklar faktiki olaraq məhv olduğundan ipotekaya xitam verilməlidir.

3. Bakı Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(113)- 3004/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

4. İddiaçı “Masallı İsti-Su X9” MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3004/2023 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətimin təmin olunaraq ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X8 arasında xx.xx.2014-cü il tarixli UM-30/14 saylı əsas kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 17% ödəmək şərti ilə ******* ABŞ dolları, xx.xx.2015-ci il tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək illik 24% ödəmək şərti ilə 200000 AZN məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli Umis-30/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən “Masallı İsti-Su X9” MMC-nin mülkiyyətində olan Masallı rayonu Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. 2017-2018-ci illərdə Masallı rayonu ərazisində baş vermiş güclü külək, daşqın və sel nəticəsində ipotekaya qoyulmuş əmlak kompleksinin 80 %-dən çox hissəsi məhv olmuş, qalan hissəsi isə yararsız hala düşmüşdür. MMC torpaq sahəsini ipotekaya qoymamışdır. Torpaq sahəsi dövlətə məxsusdur və MMC torpaq sahəsini dövlətdən icarəyə götürmüşdür. Torpaq sahəsi üzərində tikilmiş tikililər ipoteka ilə yüklü edilmişdir. Həmin tikililərin 80%-də çoxu külək, sel və daşqınlar nəticəsində məhv olmuş, 20%-dən azı isə yararsız haldadır. Kredit borcunun ödənilməsi və işçilərin işdən çıxarılmamasından ötrü MMC tikilməmiş torpaq sahəsində təzə tikililər tikmiş, fəaliyyətini azda olsa bərpa etmişdir. Dəfələrlə bankla əlaqə yaradılaraq MMC-yə güzəştlərin olunması barədə xahişlər olunmuş, lakin bank tərəfindən heç bir güzəştlər olunmamışdır. Bank ipoteka ilə yüklü edilməmiş tikililəri də MMC-dən almaq istəyir. Məhkəmə işə tələmtələsik baxaraq əsassız bir qətnamə çıxarmışdır. Mülki işi hər tərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmişdir. MMC tərəfindən verilmiş vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Vəsatətlərdən biri əmlak kompleksinə məhkəmə tərəfindən yerində gəlib baxılması idi. Vəsatəti onunla əsaslandırmışdıq ki, məhkəmə əmlak kompleksinin məhv olmasının canlı şahidi olsun və məhkəmədə iddianın əsaslı olması üçün daxili inam yaransın. Digər vəsatət isə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi ilə əlaqədardır. MMC olaraq məhkəməyə izah etməyə çalışdılar ki, 6 hektarlıq torpaq sahəsi bankın xeyrinə yüklü edilməmişdir. Torpaq dövlətin mülkiyyətindədir. MMC torpaq sahəsini dövlətdən icarəyə götürmüşdür. Torpaq sahəsinin üzərində tikilmiş tikililər bankın xeyrinə yüklü edilmişdir. Məlum fəlakətdən sonra ipoteka ilə yüklü edilmiş tikililər məhv olunmuşdur. Həmin tikililərin məhv olmasından sonra MMC tərəfindən dövlətdən icarəyə götürülmüş torpaq sahəsində tikililər tikilmişdir. Ekspert qarşısında da mövcud tikililərin hansı dövürdə tikilməsi sualı qoyulmuşdur. Lakin məhkəmə heç bir araşdırma aparmadan vəsatəti rədd etmişdir. Qətnamədə vəsatətlərə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, əmlak kompleksinin 1 faizi də işlək vəziyyətdə olsa ipotekaya xitam verilə bilməz. Məhkəmənin bu cümləsindən görünür ki, məhkəmə işi obyektiv araşdırmamışdır. MMC tərəfindən 6 hektar torpaq sahəsində 2014-cü ilə kimi tikilmiş tikililər Nikoil bankda ipoteka ilə yüklü edilmişdir. Yüklü edilmiş bütün tikililərin 2017-2018-ci illərdə 80% məhv olmuş, yerdə qalmış 20% isə yararsız hal adüşmüşdür. Məhv olmuş və yararsız hala düşmüş tikililərin çox hissəsinin qalıqları da halhazırda əmlak kompleksinin ərazisində mövcuddur. Məhkəmə yerində baxış vəsatəti təmin etmədiyindən işin faktiki hallarına qətnaməsində düzgün qiymət verə bilməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı tərəf əmlak kompleksinin məhv olunmasını və bunun nəticəsində kompleksin fəaliyyətsiz olması barədə sübut məhkəməyə təqdim etməmişlər. MMC tərəfindən məhkəməyə tikililərin saz vəziyyətdə olması və məlum hadisədən sonra tikililərin məhv olması barədə foto şəkillər məhkəməyə təqdim edilmişdir. Əmlak kompleksinin ərazisindən qaynar isti su çıxdığından həmin suyu borularla məhv olmuş ərazidən başqa əraziyə çəkərək xəstə insanların müalicə almasına şərait yaradılmışdır. Məhkəmə qeyd edir ki, həmin su ərazidən çıxırsa deməli kompleks fəaliyyət göstərir. Əgər məhkəmə yerli baxışa dair vəsatəti təmin etsəydi qətnaməsində səhvlərə yol verməyəcəkdi və nəticədə MMC-nin hüquqları pozulmamış olacağdı. Məhkəmə heç bir sübuta istinad etmədən əmlak kompleksinin fəaliyyət göstərdiyini və bu səbəbdən iddianın rədd edildiyini qətnaməsində qeyd etmişdir. Yenədə qeyd etməyi vacib bilir ki, MMC tərəfindən ipotekaya qoyulmuş tikililər məhv olmuşdur. 6 hektarlıq torpaq sahəsi ipotekaya qoyulmamışdır. Həmin torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. İcarə əsasında MMC tərəfindən istifadə olunur. Tikililər məhv olduğundan torpaq sahəsinin tikili olmayan ərazilərində MMC tərəfindən tikililər tikilmişdir. Bank ipotekaya qoyulmamış tikililəri MMCdən almaq istəyir. Banka ipotekaya qoyulmuş tikililərdən MMC istifadə edə bilmir. Çünki tikililər məhv olmuşdur. Yeni tikililər isə 2021-ci ildən sonra tikilmişdir. Məhkəmə tikinti texniki ekspertizası təyin etmədiyinə görə böyük səhvə yol vermişdir. Məhkəmə mütəxəssis olmadığına görə tikililərin hansı dövürdə tikildiyini bilə bilməzdi. Məhkəmə sübutlara düzgün qiymət verə bilmədiyinə görə səhv qətnamə çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında qeyd etdi ki, mübahisəli ərazi 6 ha torpaq sahəsidir, dövlətə məxsusdur, icarə hüququ əsasında iddiaçının istifadəsinə verilmişdir. İddiaçı tərəf banka torpağı yox, üzərinədki əmlakı ipoteka qoymuşdur. Əmlak kompleksinə daxil olan və ekspert tərəfindən qiymətləndirilən tikililər iddiaçı tərəfindən sonradan tikilmişdir. Lakin, iddiaçının təcrübəsizliyi və aldığı hüquqi yardımın peşəkar olmaması səbəbindən ekspertə vaxtında düzgün informasiya verilməmiş və nəticədə təzə tikililər qiymətləndirilmişdir. Odur ki, borcun olması faktını qəbul edirlər, lakin hazırkı iş üzrə məhkəmə ekspertizası təyin ediləcəyi halda əmlakın real vəziyyəti aydın olacaqdır.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında qeyd etdi ki, tərəflər arasında 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Masallı rayonu, Qəriblər kəndində 6 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi üzrə 4 il araşdırma getmiş, iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert tərəfindən əmlak qiymətləndirilmişdir. Qarşı tərəf əmlakın 2017-2018-ci illərdə məhv olduğunu bildirir, lakin 2020-ci ildə qeyd olunan əmlak ekspert tərəfindən qiymətləndirilmişdir. Bundan əlavə iddiaçı tərəf yeni tikililərin 2021-ci ildə tikildiyini iddia ərizəsində qeyd etmişdir. Odur ki, ekspertizanın keçirilməsi barədə vəsatət əsassızdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir

13. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

16. xx.xx.2014-cü il tarixli Umis-30/14 saylı İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan “Masallı İsti-Su X9” MMC arasında bağlanmış sonrakı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə İpoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixində 1 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində reyestr nömrədi **********27- 12301, qeydiyyat nömrəsi ********** qeydiyyatı aparılmış, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə “Masallı İsti-Su X9” MMC-nə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Masallı rayonu Qəriblər kəndində yerləşən Əmlak kompleksi kimi müəssisəni (bundan sonra sonrakı ipoteka predmeti) ipoteka saxlayana yenidən ipoteka qoyur (sonrakı ipoteka).

17. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-24/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5, X2 və Masallı “İsti-Su Fatimeyi-X14” MMC-yə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddiası qismən təmin olunaraq, cavabdehlər X3 və X1 müştərək qaydada xx.xx.2014-cü il tarixli UM-30/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08,10.2014-cü il tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 631375,37 ABŞ dolları əsas, 343106,10 ABŞ dolları faiz, 3000 ABŞ dolları cərimə olmaqla, cəmi 977481,47 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə), xx.xx.2015-ci il tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 168396,98 manat əsas, 71509,81 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 240906,79 manat məbləğində borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan cavabdeh Masallı “İsti-Su Fatimeyi-X14” MMC-nin mülkiyyətində olan Masallı rayonu, Qəriblər kəndində yerləşən Əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılması və əmlakın hərracda satışından əldə olunan vəsait hesabına cavabdehlərin "xxxx" ASC-yə olan borc ödənilməsi, ipoteka predmeti olan Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan ən gec 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılması, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X3 və X1 müştərək qaydada tutulması, cavabdehlər X3 və X1 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri qismində cəmi 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X6 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) hesabına tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı “X15- X14” MMC-nin cavabdehlər "xxxx" ASC-yə, X5 və Masallı rayon 1 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsızlığı” tələbi barədə iddiasının təmin edilməməsi, iddiaçı “X15-X14” MMC tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cəmiyyətin özünə aid edilməsiqət edilmişdir.

18. 26.05.2021-ci il tarixli 2(106)-1279/2021 saylı Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsindən görünür ki, cavabdeh X8 və iddiaçı və cavabdeh “Masallı İsti-Su X9” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(050)-24/2020 saylı qətnaməsi cavabdeh X8 və iddiaçı və cavabdeh “Masallı İsti-Su X9” MMC tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

19. xx.xx.2022-ci il tarixli 2(102)-109/2022 saylı Azərbaycan Respubliaksı Ali Məhkəməsi Mülki kollegiyasının qərarından görünür ki, həm ilk, həm qarşılıqlı iddialar üzrə cavabdeh X8 və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “Masallı İsti-Su X9” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli 2(106)-1279/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Reyestr nömrəsi **********27-12301, inventar nömrəsi 690 olan Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, balans saxlayıcı “Masallı İsti-Su X9” MMC Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən İsti-Su Sanatoriyasında 64 ədəd müxtəlif təyinatlı tikillər vardır.

21. Göründüyü kimi “Masallı İsti-Su X9” MMC mülkiyyətində olan “İsti-Su Sanatoriyası” əmlak kompleksi 6 ha səhədə yerləşməklə 64 ədəd müxtəlif təyinatlı (onlardan 42-si istirahət evləri) tikillərdən ibarətdir və ipotekaya tikillər ayri-ayrılıqda deyil, “İsti-Su Sanatoriyası” əmlak kompleksi bütövlüklə qoyulmuş, əmlak kompleksinin ərazisində yerləşən 64 ədəd tikillərin təxminən 80% məhv edilsə də, iddiaçının istinad etdiyi kimi onlar təzələri ilə əvəz edilmiş və kompleksin hazırda fəaliyyətinin davam etdirilməsi ilə tikillərin mövcudluğu təsdiq edilir.

22. İddiaçı kompleksin ayrı-ayrı tikillərin məhv edildiyini bildirsə də, “İsti-Su Sanatoriyası” əmlak kompleksinin bütövlüklə məhv edilməsi və bunun nəticəsində fəaliyyətsiz olması ilə bağlı sübut məhkəməyə təqdim etməmişdir.

23. Həmçinin, əmlak kompleksi bütövlüklə ipoteka ilə yüklü edildiyindən həmin kompleksdə yerləşən müxtəlif təyinatlı tikillərin məhv edilməsi ipoteka müqaviləsinə xitam verilməsinə əsas ola bilməz.

24. Bununla yanaşı, kollegiya qeyd edir ki, Azərbaycan Respubliaksı Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-109/2022 saylı qərarı ilə qüvvəsini almış Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-24/2020 saylı qətnaməsində iddiaçıya məxsus ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi məhkəmə tərəfindən təmin olmuş, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat müəyyən edilmişdir.

25. Göründüyü kimi ipotekaya xitam verilməsi üçün iş materiallarında heç bir əsas olmadığından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsaslıdır.

26. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

27. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı “Masallı İsti-Su X9” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, e-2-2(113)-3004/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar