Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-612/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3317/2025 saylı qərardadından Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak inzibatçısı təyin edilməklə, ərizəçi İddiaçı müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(113)-3317/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin müəssisəsinin müflis elan edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan İddiaçı MMC-nin nümayəndəsi və vəkili şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR MPM-nin 149-cu maddəsində qərardadda qeyd edilən məlumatın göstərilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin məlumatı, yəni hüquqi şəxsin ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsini əks etdirən təsisçi qərarı iddia ərizəsinə əlavə edilmişdir. Nədənsə hakim qeyd edilən qərarı görmək istəməmişdir. Belə bir qərar olduğu halda, həmin qərar barədə məlumatın iddia ərizəsində qeyd edilməməsi əsası ilə hakimin iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul etməsi, bununla da konstitusyon hüquq olan məhkəməyə müraciət hüququnun bilərəkdən məhdudlaşdırması kobud pozuntu kimi qiymətləndirilməlidir. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edən hakim nəzərə almamışdır ki, həmin norma MPM-nin 152-ci maddəsindən fərqli olaraq dispozitiv xarakter daşıyır. MPM-nin 152-ci maddəsi imperativ xarakter daşısa da, “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində ".....prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər." ifadəsi qeyd edilmişdir. Eyni zamanda, hakim MPM-nin 1.4-cü maddəsinin tələbini də nəzərə almamışdır, həmin maddədə göstərilmişdir ki, "Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır." Hakim qeyd edilənlərə, xüsusən əsaslandığı məlumatların MPM-nin 149-cu maddəsində nəzərdə tutulmamasına baxmayaraq, yalnız “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən dispozitiv xarakterli normanı rəhbər tutaraq səhv nəticəyə gəlmiş, bununla da MPM-nin 149 və 152.1.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3317/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 63-cü maddəsinə əsasən hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. MPM-in 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: 5.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. 8-ci maddəsinə əsasən iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Beləliklə yuxarıda sadalanan normalardan da görünür ki, qanunverici hüquqi şəxslərin barəsində müflis elan olunaraq iflas proseduruna başlanılmasının xüsusi qaydalarını, o cümlədən məhkəmə qaydasında müflis elan edilmə barədə ərizələrə baxılarkən əməl edilməli olan prosessual normaları müəyyən edib. Bu qaydalar “Müflisləşmə və İflas haqqında” Qanununda nəzərdə tutulub. İş materiallarından isə görünür ki, hazırkı halda borclu tərəfindən verilmiş müflis elan edilməsi barədə ərizəyə “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 4 5-ci maddəsində nəzərdə tutulan sənədlər əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə “Müflisləşmə və iflas haqqında” AR qanununun 8-ci maddəsinə istinad etməklə ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Kollegiya digər qanunvericilik aktlarında nəzərdə tutulan prosessual normaların MPM-in müddəalarına uyğunlaşdırılmalı olması barədə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, MPM-in yuxarıda istinad edilən 1.1-ci maddəsində mülki prosessual normaların digər qanunlarda nəzərdə tutulması imkanı təsbit edilmişdir. Digər qanunlarda əks olunmuş prosessual hüquq normalarının MPM-in müddəalarına uyğunlaşdırılmalı olması nəzərdə tutan 1.4-cü maddə isə digər qanunvericilik aktlarında nəzərdə tutulan prosessual normaların mütləq qaydada MPM-ə daxil edilməli olmasını deyil, MPM-in müvafiq normaları ilə ziddiyyət təşkil etməməsini nəzərdə tutur. Hazırkı halda məhkəmənin istinad etdiyi “Müflisləşmə və iflas haqqında” AR qanununun 8-ci maddəsində müəyyən edilmiş prosessual norma ilə MPM-in 152.1-ci maddəsi arasında hər hansı ziddiyyət və uyğunsuzluğun mövcud olması isə müəyyən edilmir. “Müflisləşmə və iflas haqqında” AR qanununun 8-ci maddəsində nəzərdə tutulmuş prosessual normaların dispozitiv xarakter daşıması barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, “Müflisləşmə və iflas haqqında” AR Qanununun 8-ci maddəsi məhkəməyə həmin qanunun 4 və 5-ci maddəsinin tələblərinə riayət verilmədən verilmiş ərizələri qaytarmaq hüququ verir. Odur ki, birinci instansiya məhkəməsinin həmin hüquqdan istifadə etməklə qanunun 5-ci maddəsində göstərilmiş sənədlər əlavə edilmədən verilmiş ərizəni geri qaytarması prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(113)-3317/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Leyla Əliyeva
Təranə Mahmudova
Ziya Şirinov