Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-613/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində imzalanmış müqaviləyə əsasən nəzərdə tutulmuş ödənilməmiş 129000 manat pul vəsaitinin və ödənilmiş 20 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, yəni toplamda 129420 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh MMC-dən 129.000 (bir yüz iyirmi doqquz min) manat pul vəsaiti, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 420 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
3. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 129.000 (bir yüz iyirmi doqquz min) manat pul vəsaiti, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 420 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
5. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 saylı qətnaməsini ləğv edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: məhkəmənin qətnaməsi əsassızdır və iddia rədd edilməlidir. İddiaçı tərəfindən işlər tam görülməmiş və müəssisəyə ziyan vurulmuşdur. Bununla bağlı iddiaçı müəssisəyə dəvət edilmiş və hesabatların tam verilməsi xahiş olunmuşdur. Lakin iddiaçı tərəfindən bu günədək heç bir sənədlər təmin edilməmişdir. Məhkəməyə təqdim etdiyi sənədlər adi sənədlərdir. Onlara görə aylıq 5- 10.000 manat aylıq xidmət haqqı yazılması mümkünsüzdür. Danışığa əsasən iddiaçı müəssisənin bütün muhasibat sənədlərini hazırlayıb sənəd şəklində bizə verməli, həmçinin MMC işləməyə başlayan dövrdən cari vaxtadək audit rəyi verməli idi. İddiaçı müəssisə başlayan dövrdən cari tarixədək müəssisənin balansını, (hər ay üçün), mənfəət və zərər, pulun hərəkəti hər ay üçün bağlanmış balans, təsdiqedici sənədlərlə birlikdə papkalar (memorial order, qəbz və digər müvafiq sənədlər) və yuxarıdakı digər sənədləri təqdim edilməyib. Təqdim etdiyi guya görülmüş işlərdə bunların heç biri yoxdur və yazdıqlarıda yoxdur. Həmçinin həmin sənədlərin verilməməsinə dair sübutlarda mövcuddur. Məhkəmə yalnız elektron qaiməyə və üzləşmə aktına istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, elektron qaimə o halda sübut kimi qiymətləndirilə bilərdi ki, onun alt sənədləri olsun. Bəli üzləşmə aktı vardır. Bunu da iddiaçı bizi aldadaraq imza etdirmişdir. Bunu dəfələrlə məhkəmə iclasında hakimin diqqətinə çatdırmışdım. Belə ki, üzləşmə aktını biz onun vəkil kollegiyasının xahişi ilə etmişik. İddiaçı da söz vermişdir ki, bizi saldığı problemlərdən çıxartsın. Məhkəmə yalnız iddiaçının verdiyi sənədləri sübut kimi qəbul edib qətnamə qəbul etmişdir. Məhkəməyə sübut kimi iddiaçının muhasibatlıq işlərimizi gördüyü dövrdə bizə 8.000.000. manatdan çox maliyyə sanksiyası qoyulduğuna və riskli vergi ödəyicisi kimi müəyyən olunmağımıza dair sübut təqdim etmişik. Məhkəmə isə bu sübutlara qiymət verməmişdir. Məhz bunlar hamısı iddiaçının xidmət göstərdiyi dövrdə olmuşdur. Digər sübut elektron qaimələrin niyə 1 ildən sonra yazılmasıdır. İddiaçı xidmət göstərirdisə niyə elektron qaimələri 2023-cü ilin iyul ayında vurmuşdur. Məhkəmə bu ziddiyyətli məqamları araşdırmayıb. Emil Dadaşovun iddiaçı ilə işləməsini təsdiq edən sənədi məhkəməyə iddiaçı təqdim edə bilərdi. Məhkəmə isə ondan bunu tələb etməmişdir. Bu yazışma məhkəmənin son iclasına təsadüf etdiyindən onu fiziki olaraq almaq qeyrimümkün idi. Apellyasiya icraatı dövründə onu da təqdim edəcək. Bundan əlavə əsas məqam ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlər natamamdır. Emil Dadaşovla olan yazışma buna əyani sübutdur. Bizi aldadıb guya işləri görüb deyib sənədlərə imza etdirib. Lakin indiyənədək heç bir sənəd təqdim etməyib. Bü gün də üzləşmə olunmuş və müəssisənin direktoru şəxsən Rahim Əlizadə ilə görüşülmüş və ondan görülmüş işlərin sənədlərinin təqdim edilməsi tələb edilmişdir. İddiaçıya təqdim olunası sənədlərin siyahısı elektron poçt vasitəsi ilə göndərilmişdir. X6 ilə ofisdə görüşülmüş və sənədlər tələb edilmişdir. Rahim Əlizadə sənədləri 1 günə təqdim edəcəyi vədini verəsə də onları indiyənədək təqdim etməyib. İddiaçı yalnız gördüyü işlərin pulun tələb edə bilər. Lakin iddiaçı görmədiyi yalandan bizə imza etdirdiyi sənədlərə görə pul tələb pulun tələb edə bilər. Lakin iddiaçı görmədiyi yalandan bizə imza etdirdiyi sənədlərə görə pul tələb edir. Əgər həmin gördüyü işlərin və görməli olduğu işlərin sənədləri mövcuddursa bizə vermirsə də belə gətirsin məhkəməyə təqdim etsin. razılaşmaya əsasən iddiaçı müəssisənin bütün muhasibat sənədlərini hazırlayıb sənəd şəklində bizə verməli, həmçinin işləməyə başlayan dövrdən cari vaxtadək audit rəyi verməli idi. İddiaçı müəssisə işə başlayan dövrdən cari tarixədək müəssisənin balansını, (hər ay üçün), mənfəət vəzərər, pulun hərəkəti həray üçün bağlanmış balans, təsdiqedici sənədlərlə birlikdə papkalar (memorial order, qəbz və digər müvafiq sənədlər) və yuxarıdakı digər sənədləri təqdim edilməyib. təqdim etdiyi guya görülmüş işlərdə bunların heç biri yoxdur və yazdıqlarıda yoxdur. Məhkəmədə sonra ekspertiza təyin etsin ki, görək müəssisə işə başlayan dövrdən cari tarixədək müəssisənin balansını, (hər ay üçün), mənfəət və zərər, pulun hərəkəti hər ay üçün bağlanmış balans, təsdiqedici sənədlərlə birlikdə papkalar (memorial order, qəbz və digər müvafiq sənədlər) və yuxarıdakı digər sənədlər hazırlanıb yoxsa yox. Emil Dadaşovla təqdim edilən yazışmadan da görünür ki, bizə sənədlər təqdim edilməyib. Rahim Əlizadənin işçisi şəxsən özü elekton mail vasitəsi ilə yazır ki, ödəniş edin sonra sənədləri sizə təqdim edək. Hansı əsasla iddiaçı görülməyən islərə görə bizdən pul tələb edir. Məhkəmə ən əsas bu halı yəni görülmüş işləri sənədlərini bizə təqdim etmədiyi halda iddianı təmin etməsi işin araşdırılmamış aparılmasına sübutdur. yəni bu işlər görülübsə hesabatdırsa və yuxarıda qeyd edilən “müəssisə işə başlayan dövrdən cari tarixədək müəssisənin balansını, (hər ay üçün), mənfəət vəzərər, pulun hərəkəti həray üçün bağlanmış balans, təsdiqedici sənədlərlə birlikdə papkalar (memorial order, qəbz və digər müvafiq sənədlər)“ bu sənədlər vardırsa onları təqdim etsin ödənişini edək. O ki qaldı xidmət məsələsinə məhkəm bizə tətbiq edilən sanksiyalar (vergi xidmətinin xx.xx.2023-cü il tarix qərarları) və bizə vurulan ziyana qiymət verməmiş xidmətin keyfiyyətli göstərilməsini müəyyən edə bilməzdi. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarili müqavilənin 3.1-ci bəndində 25.000 manat xidmət haqqı nəzərdə tutulub. Lakin iddiaçı hazırda onun 5 qatını bizdən tələb edir. Məhkəmə bu halları da araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçı tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edilmişdir.
8. Etiraz belə əsaslandırılmışdır: cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətində istinad edilən məqamlardan biri guya tərəfimizdən verilmiş mühasibatlıq xidməti dövrləri üzrə müəssisənin vergi borcunun yarandığı və buna bizim səbəb olduğumuz qeyd edilmişdir. Bu barədə isə nəzərinizə çatdırmaq istəyirik ki, tərəfimizdən cavabdehə xidmət göstərilən dövr ərzində bütün xidmətlər layiqincə görülmüş, bütün öhdəliklər tam şəkildə yerinə yetirilmiş, yekunda işlərin təhvil təslim aktı tərtib edilmiş, görülmüş işlər və xidmətlər üzrə Vəlioğlu 2018 MMC-nin "xxxx" MMC-yə xidmət haqqı borcunun ödənilməsi razılaşdırılmışdır. Vəlioğlu 2018 MMC-nin şəxsi hesab vərəqəsi üzrə borcunun yaranması müəssisənin vergi öhdəliklərini icra etməsi baxımından bizə aid olmamışdır. Yəni, vergi borcunun yaranması vergi qanunvericiliyinin icra edilərək öhdəliklərin yerinə yetirilməsi müəssisənin vəzifələrindən biri olaraq Vergi Məcəlləsində göstərilmişdir. Bir vergi ödəyicisinin borcunu digər şəxslərin ödəməsi vergi məcəlləsində nəzərdə tutulmamışdır. "xxxx" MMC müqavilə üzrə öz öhdəliklərini tamamlamış və yekunda üzləşmə aktı tərtib edilmiş, xidmət haqqı üzrə borc məbləği təsdiq edilmişdir. Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, tərəfimizdən ünvanlanmış elektron qaimələr cavabdeh tərəfindən AVİS alt sistemində asan imza ilə elektron olaraq təsdiq edilmişdir. Bundan əlavə işlərin təhvil təslim aktı da təsdiq edilmişdir. Həmçinin cavabdehin özü tərəfindən imzalanmış xx.xx.2023 tarixində tərtib edilmiş üzləşmə aktı da borclarının olmasını təsdiq edən bir digər hüquq və öhdəlik müəyyən edici sənəd hesab edilməlidir. Bundan əlavə nəzərinizə çatdırmaq istəyirik ki, tərəflər arasında işlərin təhvil təslim aktı imzalanmış və möhürlənmişdir. Cavabdeh MMC üzləşmə aktını və işlərin təhvil təslim aktını təsdiq edərək işlərin tamamilə Cavabdeh MMC-ə "xxxx" MMC tərəfindən təhvil verilməsini təsdiq etmişdir. Bu səbəbdən apellyasiya şikayətində qeyd edilənlər tamamilə əsassızdır. Cavabdeh tərəf apellyasiya şikayətində bildirmişdir ki, onlara tərəfimizdən görülmüş işlər üzrə sənədlər təqdim edilməmişdir. Lakin, sənədlərin onlara təqdim edilməsi ilə bağlı bütün təsdiqedici sübutlar elektron sistemə daxil edilmişdir. Müşahidə edilərsə, Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsində iş davam edən zaman məhkəmə baxışı iclasında cəmi 1 dəfə iştirak etmişdir. Qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsində də hər hansı bir əsaslandırılmış etiraz təqdim edə bilməmişdir. Cavabdeh həmin sübutlara dair etirazını formal mülahizələr əsasında bildirmiş. Məhkəmə tərəfindən dəfələrlə, sırf cavabdehin iştirakını təmin etmək və sübutların təqdim edilməsinə, proseslərdə fikrini bildirməsinə, iddiaçı tərəfə mübahisələndirdiyi hallarla bağlı suallarının verilməsinə şərait yaratmaq üçün prosesləri təxirə salmış, hətta birinci məhkəmə aktını (baxmayaraq ki, cavabdeh şirkətin məhkəmə iclasları barədə məlumatı olmuş və məhkəməyə yazılı etirazları belə daxil olmuşdur) qiyabi qətnamə formasında qəbul etmiş. Qiyabi qətnamə ləğv olunandan sonra "xxxx" MMC-nin nümayəndəsi məhkəmə baxış iclasında müzakirə edilən hallar üzrə apellyasiya şikayətində göstərilən xx.xx.2024-cü il tarixində Elektron ünvan 1 e-mail adresindən Elektron ünvan 2 ünvanına göndərilən yazışma ilə əlaqədar bildiririk ki, bu yazışmalar işin mahiyyətinə aidiyyatı olmayan haldır. Məhkəmə iclasında müzakirə edilmiş və hakim müşavirə otağında bütün sübutlara hüquqi qiymət verərək qətnamə çıxarmışdır. Bütün sənədlərin təqdim edilməsi, işlərin təhvil təslim aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, müəssisə nümayəndələri öz öhdəliklərini yerinə yetirməmək üçün belə bəhanələrə əl atır, sənəd təqdim etmə barədə etiraz qeyd edir. Lakin, bildirirəm ki, bütün sübutlar iş materiallarında mövcuddur. Lakin, Emil Dadaşovun kim olması nə üçün yazışması barədə məlumatımız yoxdu. Tərəflər arasında bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən tərəfimizdən görülmüş işlər aktda göstərilənsiyahıda olduğu kimi tam şəkildə Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyəti direktoru X4 təhvil verilmişdir. Sifarişçi Cavabdeh Məhdud Məsuliyytli Cəmiyyəti ilə bağlanılmış müqaviləyə əsasən göstərilmiş iş və xidmətlər üzrə ödənilməli olan borc miqdarı qarşılıqlı olaraq təsdiq edilmişdir. xx.xx.2023 tarixində tərtib edilmiş üzləşmə aktına əsasən Cavabdeh MMC-nin 129000 AZN borcun olması qarşılıqlı olaraq təsdiq edilmişdir. Həmin üzləşmə və təhvil-təslim aktlarının hər birini tərəflər öz iradələri ilə imza edilmiş və müəssisənin möhürü ilə təsdiq edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli, EBDJ 540044 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 20000 manat dəyərində, eyni tarixli, EBDJ 538850 saylı elektron qaiməyə əsasən 24000 manat dəyərində, EBDJ539820 saylı elektron qaiməyə əsasən 25000 manat dəyərində, EBDJ557509 saylı elektron qaiməyə əsasən 40000 manat dəyərində, EBDJ 572599 saylı elektron qaiməyə əsasən 20000 manat dəyərində və EBDJ 619061 saylı elektron qaiməyə əsasən isə 15000 manat dəyərində xidmət göstərildiyi qeyd olunmuşdur. Həmçinin tərəfimizdən məhkəməyə təqdim edilmiş disk materiallarında mövcud olan WHATSAPP yazışmaları və səs yazışmalarından müəyyən etmək mümkün olur ki, cavabdehin nümayəndəsi tərəfindən həmin borc məbləğləri təsdiq edilmiş və borcun tez bir zamanda ödəniləcəyi bildirilmişdir. Onların həmtəsisçiləri Fuad adlı şəxs də daxil olmaqla səs yazıları da disk materiallarında məhkəməyə təqdim olunmuşdur. Borc etiraf edilmişdir. Onlar borcu ödəmək üçün 1 həftə, 10 gün, 5 gün vaxt istəyərək müddəti uzatmışlar. Yəni, cavabdeh həm şifahi həmçinin də yazılı şəkildə öz öhdəliyini qəbul edərək borcu etiraf etmiş və borcun ödənilməsinin təmin ediləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən müddəalarını nəzərinizə çatdırmaq istəyirik: 390.1ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
14. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
18. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın tam təmin edilməsini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İş materiallarından da müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş maliyyə-mühasibatlıq sahəsində xidmətlərinə görə cavabdehin ona 129.000 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir. Cavabdeh isə xidmətlərin ümumiyyətlə göstərilmədiyini və digər tərəfdən iddiaçıya həmin müqavilə üzrə nağd şəkildə 40.000-60.000 manat ödəniş edildiyini bildirir.
26. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf müqavilə üzrə göstərilmiş xidmətlərə dair sübutları, o cümlədən göstərilmiş xidmətlərin təsdiq olunmasına dair təhvil-təslim aktını və mövcud borcun olmasını təsdiq edən üzləşmə aktını, elektron qaimələri sübut qismində məhkəməyə təqdim etmişdir. Cavabdeh həmin sübutlara dair etirazını formal mülahizələr əsasında bildirmişdir. Məhkəmə tərəfindən dəfələrcə, sırf cavabdehin iştirakını təmin etmək və sübutların təqdim edilməsinə, proseslərdə fikrini bildirməsinə, iddiaçı tərəfə mübahisələndirdiyi hallarla bağlı suallarının verilməsinə şərait yaratmaq üçün prosesləri təxirə salmış, hətta birinci məhkəmə aktını (baxmayaraq ki, cavabdeh şirkətin məhkəmə iclasları barədə məlumatı olmuş və məhkəməyə yazılı etirazları belə daxil olmuşdur) qiyabi qətnamə formasında qəbul etmiş, qiyabi qətnamə ləğv olunandan sonra cavabdehin məhkəməyə təqdim etdiyi yeganə sübut xx.xx.2024-cü il tarixində Elektron ünvan 1 e-mail adresindən Elektron ünvan 2 ünvanına göndərilən yazışmadır. Lakin, Emil Dadaşovun kim olmasına və iddiaçı şirkətə aidiyyəti olan şəxs olmasına dair hər-hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, əgər xidmətlər həqiqətən də göstərilməmişdirsə, bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya hər-hansı pretenziyanın irəli sürülməməsi, göndərilmiş elektron qaimələrin geri qaytarılmamısı, etiraz edilməməsi məhkəmə üçün anlaşılan deyil. Bundan əlavə digər bir ziddiyyətli məqam ondan ibarətdir ki, cavabdeh öz etirazında xidmətlərin göstərilməsini, lakin keyfiyyətsiz göstərilməsini və nəticədə cavabdeh şirkətinin vergi orqanı tərəfindən cərimələnməsini qeyd edir, xidmətlərə görə 40000-60000 manat nağd ödənişlərin edildiyini bildirir, sonuncu məhkəmə iclaslarında isə məhkəmə araşdırılmasının yalnız sonlarında Emil Dadaşov adlı şəxsə ünvanlanmış yeganə e-mail yazışmasına istinad edərək xidmətlərin ümumiyyətlə göstərilməməsini bildirirlər.
27. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə həm təhvil-təslim aktı tərtib etmiş, həm də hesablanmış məbləğlərə dair də e-qaimələr vermişdir.
28. Apellyasiya şikayətinin dəlilləri ona görə əsassızdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC müqavilə üzrə öz öhdəliklərini tamamlamış və yekunda üzləşmə aktı tərtib edilmiş, xidmət haqqı üzrə borc məbləği təsdiq edilmişdir. İddiaçı tərəfindən ünvanlanmış elektron qaimələr cavabdeh tərəfindən AVİS alt sistemində asan imza ilə elektron olaraq təsdiq edilmişdir. Bundan əlavə işlərin təhvi-təslim aktı da təsdiq edilmişdir. Həmçinin cavabdehin özü tərəfindən imzalanmış xx.xx.2023 tarixində tərtib edilmiş üzləşmə aktı da borclarının olmasını təsdiq edən hüquq və öhdəlik müəyyən edən sənəd hesab edilməlidir. Tərəflər arasında işlərin təhvil təslim aktı imzalanmış və möhürlənmişdir. Cavabdeh MMC üzləşmə aktını və işlərin təhvil təslim aktını təsdiq edərək işlərin tamamilə Cavabdeh MMC-ə "xxxx" MMC tərəfindən təhvil verilməsini təsdiq etmişdir.
29. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir. Məhkəmə şikayətdə qeyd edilənlərə qətnamədə ətraflı şəkildə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-297/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.