Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-614/2023 04.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Quliyevanın katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1584/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı (icraçı) arasında xx.xx.2019-cu il tarixli KTTX 28/0419 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı istifadəsində olan Shacman yük markalı, betonqarışdıran (D.N.N:Az ** CN ***, Buraxılış ili: 2012) sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4500 manat təşkil edir.
2. Müqaviləyə 03 nömrəli xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən, KTTX 28/0419 saylı xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış xidməti müqavilələrə və ona edilmiş əlavələrə əsasən iddiaçı tərəfindən 2020-ci ilin avqust ayı üzrə göstərilmiş 4500 manat məbləğində xidmətə görə ödənilməmiş 1050,00 manat və 2020-ci ilin sentyabr-dekabr ayları üzrə görülmüş və dəyəri ödənilməmiş 25.350,00 manat xidmətə görə, ümumilikdə 26.400,00 manat xidmət haqqı, Mərkəzi bankın uçot dərəcəsinə uyğun faiz, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və mediasiya üçün ödənilmiş ödənilmiş 200 manat rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır. Cavabdeh iddiaçıya 2020-ci ilin avqust ayı üzrə göstərilmiş 4500 AZN məbləğində xidmətə görə ödənilməmiş 1050,00 və 2020-ci ilin sentyabr-dekabr ayları üzrə görülmüş və dəyəri ödənilməmiş 25.350,00 AZN xidmətə görə ümumilikdə cəmi 26.400,00 AZN xidmət haqqını bu günədək ödəmədiyi üçün 26.400,00 manat əsas borcu, Mərkəzi bankın uçot dərəcəsinə uyğun faizi, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat və ödənilmiş 200 manat dövlət rüsumunu (mediasiya üçün ödənilmiş) verməlidir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1584/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 26.400 manat əsas borc, 1000 manat məbləğində hüquqi yardıma çəkilmiş xərc, ödənilmiş 200 manat dövlət rüsumu, ümumilikdə 27600 (iyirmi yeddi min altı yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə tərəflər arasında bağlanılmış müqavilənin olmasını, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş təhvil-təslim aktlarını sadalamaqla kifayətlənmiş, sübutları əlaqəli şəkildə araşdırmadan və əsaslandırmadan borcun olması qənaətinə gəlmişdir. Hətta həmin aktlar qətnamədə sadalandıqda təkrarçılığa və yanlışlıqlara yol verilmişdir. Qətnamədə 2 dəfə eyni tarixli və eyni nömrəli 31 may 2019-cu il tarixli, 03 nömrəli xidmətlərin təhvil-təslim aktına istinad olunur və may ayı ərzində 600 manat və 11400 manat xidmət haqqı hesablandığı qeyd olunur və bu hallara hüquqi qiymət vermir. Eləcə də, məhkəmə qətnamədə iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərildiyini qeyd edərək, eyni tarixdə xx.xx.2019-cu il tarixdə EAAU 493388 və EAAU 493169 nömrəli, eyni tarixdə xx.xx.2019-cu il tarixdə EBAA 202543 və EBAA 202736 nömrəli, eyni tarixdə xx.xx.2020-ci il tarixdə EBAJ 966057 və EBAJ 966057 nömrəli elektron qaimələrin göndərildiyini qeyd etməklə sadalayır və bu təkrarçılıq və yanlışlıqlara hüquqi qiymət vermir. Xidmət müqaviləsində (bənd 1.1) icraçı (iddiaçı) istifadəsində olan “SHAQMAN” yük markalı, betonqarışdıran (DNN: Az 99CN 474, Buraxılış ili 2012) texnikası ilə nəqliyyat xidmətini icra edir və bu xidmət müqabilində sifarişçi (cavabdeh) icraçıya xidmət haqqı ödəyir. Xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4500 manat təşkil edir. Xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktlarında bu müqavilədə qeyd olunan texnikadan başqa digər texnikalarla görülmüş islərə görə xidmət haqqının hesablandığı da qeyd olunur. Lakin məhkəmə həmin aktları sadalamaqla kifayətlənmiş, borcun haradan yarandığını sübutlarla əlaqəli şəkildə əsaslandırmadan iddianın təmin olunması qənaətinə gəlmiş və əsassız qətnamə çıxarmışdır. Beləliklə hesab edir ki, məhkəmə işə cavabdehin iştirakı olmadan birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən baxaraq, işi tam, ətraflı, obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən tez-tələsik əsassız qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
13. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
14. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
15. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
17. Həmin Məcəllənin 753.4-cü maddəsinə görə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
20. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli KTTX 28/0419 nömrəli xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
21. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
22. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
23. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
24. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.
25. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
26. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 avqust 2020-ci il tarixli 18 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə-Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin avqust ayı ərzində 4500 manat xidmət haqqı hesablanmışdır.
27. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 sentyabr 2020-ci il tarixli 19 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə- Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin sentyabr ayı ərzində 5100 manat xidmət haqqı hesablanmışdır.
28. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 31 oktyabr 2020-ci il tarixli 20 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə- Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin oktyabr ayı ərzində 9000 manat xidmət haqqı hesablanmışdır.
29. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 30 noyabr 2020-ci il tarixli 21 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə- Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin noyabr ayı ərzində 8850 manat xidmət haqqı hesablanmışdır.
30. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 10 dekabr 2020-ci il tarixli 22 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən “Gəncə- Qazax-Gürcüstan” sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ilin dekabr ayı ərzində 2400 manat xidmət haqqı hesablanmışdır.
31. İddiaçı tərəfindən cavabdehə 4500 manat dəyərində xidmətlərin göstərilməsinə dair EBAP 908474 nömrəli xx.xx.2020-ci il tarixli, 2100 manat dəyərində xidmətlərin göstərilməsinə dair EBAR 126152 nömrəli xx.xx.2020-ci il tarixli, 9000 manat dəyərində xidmətlərin göstərilməsinə dair EBAS 696449 nömrəli xx.xx.2020-ci il tarixli, 2400 manat dəyərində xidmətlərin göstərilməsinə dair EBAV 097195 nömrəli xx.xx.2020-ci il tarixli, 8850 manat dəyərində xidmətlərin göstərilməsinə dair EBAV 097238 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir.
32. İş materiallarında olan hesabdan çıxarışlardan isə görünür ki, Cavabdeh MMC tərəfindən hazırki mübahisə predmetinə aidiyyatı olmayan ödənişlər edilsə də, yuxarıda sadalanan təhvil-təslim aktları və elektron qaimələr həmin hesabdan çıxarışlarda əks olunmamış və onlar üzrə heç bir ödəniş həyata keçirilməmişdir.
33. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı göstərilən xidmətlərinin dəyərini təşkil edən 26.400 manat manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. 28 Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə icraçının istifadəsində olan Shacman yük markalı, betonqarışdıranın (D.N.N:Az ** CN ***, Buraxılış ili: 2012) sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməsi barədə razılıq əldə olunsa da, işin faktiki hallarından görünür ki, icraçı sifarişi təkcə həmin markalı nəqliyyat vasitəsi ilə deyil, digər nəqliyyat vasitələri ilə də həyata keçirmişdir. Kollegiya hesab edir ki, bu hal müqavilə şərtlərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, tərəflər hər biri xidmət göstərən hər texnika üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir və həmin cədvəl texnikanın faktiki işlədiyi günləri, saatları, göstərilən xidmətləri və digər göstəriciləri təsdiq edən və icraçı ilə sifarişçi arasında bu müqavilənin tələblərinə əsasən hesablaşmaların aparılması üçün əsas sənəd sayılır. Göründüyü kimi müqavilənin özündən xidmət göstərən texnikanın yalnız Shacman yük markalı, betonqarışdıranın (D.N.N:Az ** CN ***, Buraxılış ili: 2012) olmadığı, nəqliyyat vasitələrinin sayının sifarişçinin sifarişindən asılı olaraq dəyişə biləcəyi aydındır. Bundan əlavə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Hazırki işdə də sifarişçi olan Cavabdeh MMC-nin sifarişi əsasında əlavə texnikalar ona xidmət göstərmişdir. Əlavə texnikaların məhz sifarişçinin (cavabdehin) tələbi ilə görülməsi isə onunla təsdiq olunur ki, o, həmin işlərin görülməsinə etiraz etməmiş və Mülki Məcəllənin 753.4-cü maddəsinə əsasən həmin işlərin nəticələrinin aradan qaldırılmasını tələb etməmiş, əksinə görülmüş işlərə dair təhvil-təslim aktlarını imzalamışdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, tərəflər arasında əlavə texnikaların işləməsi barədə razılıq əldə olunmuşdur. Cavabdehin məlumatlandırılması ilə bağlı qeyd olunur ki, məhkəmə bildirişləri həm cavabdehin elektron kabinetinə, həm də hüquqi ünvanına göndərilmiş, həmçinin SMS bildirişlər də göndərilmişdir. Digər dəlillər isə formal mülahizələrə əsaslanır. 29 Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 30 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1584/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Fuad Abdıyev
Aida Hüseyn