Məhkəmə qərarları › İş №2-2(103)-616/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-616/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-616/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: bank hesabı müqaviləsi, iflas proseduru, iddia icraatı) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli müqaviləyə əsasən birincinin adına müxtəlif valyulatlarda bank hesabları açılmışdır.

2. İddiaçı MMC-yə məxsus olan və 01 may 2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixə kimi olan dövrləri əhatə edən hesabdan çıxarışa əsasən MMC-nin hesabına 08 may 2023-cü il tarixində 47 767,50 ABŞ dolları məbləğində, 16 may 2023-cü il tarixində 6 526 120,3 RUB məbləğində və eyni tarixdə 16 may 2023-cü il tarixində həmin şirkətə 3 599 240 RUB məbləğində pul vəsaitləri köçürülmüşdür.

3. Cavabdeh2 ASC-nin fəaliyyətinə 17 may 2023-cü il tarixində xitam verilmiş, Bakı Apellyasiya məhkəməsinin 18 may 2023-cü il tarixli nömrəli qərarı ilə müflis elan edilmiş və Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

a) İddia tələbi və iddia tələbinə etiraz

4. İddiaçı MMC (iddiaçı) Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, iddiaçı ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini, yəni iddiaçının ləğv prosesində olan Cavabdeh2 ASC-də olan müvafiq olaraq AZ25GUNA******************** və AZ43GUNA**********70 00999000 nömrəli bank hesablarında qalmış 47 767,5 USD və 10 125 360,3 RUB məbləğində pul vəsaitlərinin, o cümlədən ödənilmiş 566 manat məbləğində dövlət rüsumunun iddiaçıya verilməsini Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı müştəri qismində bank xidmətlərinin göstərilməsi üçün müəyyən olunmuş məbləğdə haqq ödəməyi, Cavabdeh2 ASC isə müştəriyə bank hesabları açmağı və həmin hesablar üzrə əməliyyatların həyata keçirilməsini öhdəsinə götürmüşdür. Cavabdeh2 ASC-nin fəaliyyətinə 17 may 2023-cü il tarixində xitam verilmiş, Bakı Apellyasiya məhkəməsinin 18 may 2023-cü il tarixli ilə müflis elan edilmiş və Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Hazırkı iddia tələbi cavabdeh qismində çıxış etməli olan Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürməyi məqsədəmüvafiq hesab edir. Qeyd olunan halla bağlı cavabdeh orqana 07 sentyabr 2023-cü il tarixində məktubla müraciət olunmuş, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən 21 sentyabr 2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Cavabdeh2 ASC-də olan bank hesabları üzərindən xarici kontragentlərlə bir sıra köçürmə əməliyyatları həyata keçirmişdir. Belə ki, yuxarıda adıçəkilən bank hesabı müqaviləsinə əsasən açılmış AZ25GUNA******************** nömrəli hesab üzərindən iddiaçıilə “NEWTECH Film ve X4 Gida İnş. İth. Ve İhr. Ltd Şti” şirkəti (Türkiyə Respublikası) arasında bağlanmış 02 ay 2023-cü il tarixli T-075/23 nömrəli müqaviləsinə əsasən 08 may 2023-cü il tarixində həmin şirkətə 47 767,5 USD köçürülmüş, lakin köçürmə baş tutmadığından qarşı bank tərəfdən geri qaytarılmışdır. SWİFT sənədinə əsasən isə 17 may 2023-cü il tarixində iddiaçının qeyd olunan bank hesabına qaytarılmışdır. Bundan əlavə, 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsinə əsasən bank tərəfindən açılmış AZ43GUNA******************** nömrəli hesab üzərindən aşağıdakı əməliyyatlar həyata keçirilmiş, lakin bank tərəfindən icra olunmadığından müxbir bankdan geri qaytarılmışdır: 1) İddiaçı ilə “OAO MAQNİTOQORSKİY METALLURQİÇESKİY KOMBİNAT” şirkəti (Rusiya Federasiyası) arasında bağlanmış B237517 nömrəli 24 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən 16 may 2023-cü il tarixində həmin şirkətə 6 526 120,3 RUB məbləğində pul vəsaiti köçürülmüş, bank hesabından çıxarışa müvafiq olaraq sözügedən məbləğ 19 may 2023-cü il tarixində, SWİFT sənədinə müvafiq olaraq isə 16 may 2023-cü il tarixində iddiaçının qeyd olunan bank hesabına qaytarılmışdır; 2) “OOO ABİNSKİY ELEKTROMETALLURQİÇESKİY ZAVOD” şirkəti ilə bağlanmış 2023-3.1-625 nömrəli 19 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 16 may 2023-cü il tarixində həmin şirkətə 3 599 240 RUB məbləğində pul vəsaiti köçürülmüş, bank hesabından çıxarışa müvafiq olaraq 19 may 2023-cü il tarixində, SWİFT sənədinə müvafiq olaraq isə 16 may 2023cü il tarixində iddiaçının qeyd olunan bank hesabına qaytarılmışdır. Qeyd olunan məbləğlər iddiaçının mülkiyyətində olsa da, hazırda iddiaçı öz mülkiyyəti üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. İddiaçı cavabdeh quruma 04 iyul 2023-cü il tarixində nömrəli məktub ünvanlayaraq, iddiaçının mülkiyyətində olan pul vəsaitlərini Cavabdeh2 ASC-də olan bank hesabından çıxarılaraq qaytarılmasını xahiş etmiş, lakin cavabdeh qurum tərəfindən həmin məktub cavablandırılmamışdır. 18 dekabr 2023-cü il tarixində iddiaçı tərəfindən ona məxsus pul vəsaitlərinin qaytarılması tələbi ilə pretenziya məktubu ünvanlanmış, həmin məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki məktuba bir cavab alınmışdır. Cavabdeh2 ASC ilə iddiaçı arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsinin 3.1.2-ci maddəsinə müvafiq olaraq, bank öhdəliyi əməliyyatları müştərinin tapşırıqlarına əsasən qüvvədə olan qanunvericiliyə uyğun aparmaqdır. Həmin müqavilənin 3.1.3-cü maddəsinə əsasən, bank əməliyyatları vaxtında və düzgün aparılmasını təmin edir.

6. Bakı Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçının Əmanətlərin Sığortalanması Fonduna qarşı bank hesablarında qalmış pul vəsaitlərin verilməsi tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli 2 qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Kommersiya sözügedən qərardadı ləğv edilmişdir.

7. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək, onun ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış 26 avqust 2022-ci il tarixli bank hesabı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini, yəni iddiaçının ləğv prosesində olan Cavabdeh2 ASC-də olan müvafiq olaraq AZ25GUNA******************** və AZ43GUNA******************** nömrəli bank hesablarında qalmış 47 767,5 USD və 10 125 360,3 RUB məbləğində pul vəsaitlərinin, o cümlədən ödənilmiş 566 (beş yüz altmış altı) AZN məbləğində dövlət rüsumunun iddiaçıya verilməsini müştərək qaydada Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASC-nə həvalə edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Baki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan "xxxx" ASCyə qarşı “bank hesablarında qalmış pul vəsaitlərin verilməsi” tələbinə dair iş üzrə cavabdeh ləğv prosessində olan "xxxx" ASC-yə qarşı hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir. b) Tərəflərin birinci instansiya məhkəməsindəki izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir.

10. Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, “Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunur və bütün vəzifə və öhdəliklər Fonda keçir. Belə olan halda "xxxx" ASC artıq heç bir əməliyyat həyata keçirə bilmir. Bütün hesablar və vəsaitlər Mərkəzi Bank tərəfindən bloklaşdırılır. Buna görə də ödənişlər növbəlilik qaydasında həyata keçirilməlidir. İddiaçının kreditor tələbi “Banklar haqqında” Qanuna əsasən qeydə alınıb və həmin qanunun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödəniləcəkdir.”.

11. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, “…bankların ləğvetmə prosesi spesifik bir sahədir. Banklar müflis olunduğu təqdirdə fond tərəfindən kompensasiya olunmayan məbləğlər kreditor tələbi kimi qeydə alınır və “Banklar haqqında” Qanunun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında ödənilir. Bankın fəaliyyətinə aid olan məsələlərlə bağlı nəzarəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleqiyası həyata keçirir. "xxxx" ASC hazırda Fondun reqres tələbini ödəyir. İddiaçının tələbi təminatsız kreditor tələbi kimi 7-ci növbədə ödəniləcəkdir. Bu tələb, ümumiyyətlə, Fonda qarşı irəli sürülə bilməz, çünki Fond fiziki şəxslərə məxsus əmanətləri kompensasiya edir. İddiaçının kreditor tələbi Fond tərəfindən qeydə alınıb.”.

c) Qəbul olunmuş məhkəmə aktı və əsaslandırılması

12. Birinci instansiya məhkəməsinin 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələb məhz “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində müəyyən olunmuş qaydada irəli sürülmədiyindən hazırkı vəziyyətdə iddia Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin oluna bilməz.

14. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmadığından rədd edilməlidir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu sadəcə ləğv prosesində olan Bankın ləğvedicisi qismində çıxış edir, Bank ilə iddiaçı arasında vaxtı ilə yaranan müqavilə münasibətlərinə görə cavabdehlik daşıya bilməz.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.9-cu maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikasının X fəslinin 76-cı, 77.1-ci, 77.2-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını və iddia tələbinin mahiyyətini araşdırmamış, bununla da iddia tələbinin “Banklar haqqında” Qanunun X fəslinə uyğun həll edilməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir. Həmçinin o qeyd etmişdir ki, məhkəmə iddia tələbini "xxxx" ASC-yə münasibətdə xitam verməklə, sonradan isə qətnamədə hüquq münasibətlərinin iddiaçı ilə "xxxx" ASC arasında olması qənaətinə gəlməklə qeyrimüəyyən qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

18. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

21. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

22. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

“Banklar haqqında” Qanun

25. 1.0.1. Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir;

26. Maddə 71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir.

27. Maddə 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.

28. Maddə 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək geri götürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə geri götürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.

29. Maddə 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir.

30. Maddə 77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə almır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.

31. Maddə 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

41. Hazırkı mübahisənin həll edilməsi baxımından müəyyən edilməli məsələ ondan ibarətdir ki, bank hesabı müqavilə üzrə iddiaçıya məxsus pul vəsaitinin saxlanılması ləğv etmədə olan bankın hansı fəaliyyətindən irəli gəlir.

42. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmüşdür: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar (Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli Qərarı).

43. İlk kateqoriya iddialarla bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir.”

44. İkinci kateqoriya işlərdə “Müraciətdə qeyd edildiyi kimi, təcrübədə ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülür. Bu tələblərin “Banklar haqqında” Qanunla tənzimlənən və irəli sürülməsinin xüsusi qaydası müəyyən olunan tələblərə aid olub-olmamasına dair məsələyə gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir. ...bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil”.

45. Məhz qeyd edilən Qərardan, eləcə də “Banklar haqqında” Qanunun 72.1-ci maddəsinə istinad edərək Ali Məhkəmə hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır.1

46. Hazırkı mübahisə üzrə iddianın predmeti müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialarından irəli gəlir. Belə ki, yuxarıda istinad edilən normalardan aydın olur ki, bank hesabı müqaviləsi vasitəsi ilə bank hesab açaraq, həmin xidmətdən yararlanan şəxsin pul vəsaitini qəbul edir. Bu halda isə həmin pul vəsaitinin geri tələb edilməsi məhz iflas proseduru çərçivəsində həll edilməli və iddiaçı bununla bağlı növbəlilik qaydalarına riayət etməlidir (§ 31).

47. Bu halda kollegiya onu da nəzərə alır ki, Konstitusiya Məhkəməsinin Plenumu ikinci kateqoriya iddialara (müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar) əsasən qiymətləndirilməyən iddiaları aid etmişdir (mutandis mutandis, § 44). Hazırkı iddia tələbində isə iddiaçı pulun ödənilməsi tələbi ilə çıxış edir.

48. Odur ki, hazırkı iddia tələbinin predmeti müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olduğundan birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

49. Həmçinin kollegiya onu da qeyd edir ki, "xxxx" ASC-yə aid hissədə icraata xitam verilib-verilməməsi məsələsinə artıq Bakı Apellyasiya Məhkəməsinin qüvvədə olan qərardadı ilə münasibət bildirildiyindən, həmin məsələyə “res judicata” prinsipinə uyğun olaraq qiymət verilməsində lüzum görmür.

1 Ali Məhkəmə, İş № 2-2(102)-532/2023, § 36 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_532+05.10.2023.pdf)

50. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-394/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar