Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-631/2020 26.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X1, cavabdehin iştirakı ilə, İddiaçı Cavabdehna (VÖEN:01774511) qarşı «borcun ödənilməsi tələbin dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-476/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 41.450,7 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Birliyin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehə məxsus istixanaya müxtəlif vaxtlarda iddiaçının nümayəndələri tərəfindən baxış keçirilmiş, bu zaman təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edilmiş və tərtib olunmuş aktlar əsasında iddiaçıya dəymiş ziyana görə hesabatlar aparılmışdır. Həmin hesabatlar üzrə iddiaçının 2018-ci ilin avqust ayına olan ümumilikdə borcu 42.218,40 manat təşkil etmiş, cavabdehin həmin məbləğdən qismən (767,70 manat) ödənişindən sonra onun 41450,7 manat borc ödənilməmiş qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-476/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən cavabdehə məxsus qeyri yaşayış sahəsində (istixana) təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. 2011-ci ildən 2018-ci ilin iyul ayınadək mütəmadi olaraq aşkar edilən qanunsuz istifadə faktları iddiaçının əməkdaşları tərəfindən müvafiq qaydada aktlarla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz kəmərinə qanunsuz müdaxilə edərək təbii qazı talamışdır. Bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 42.218,40 manat məbləğində itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Bu məbləğdən 767,70 manat hissəsi ödənilmişdir. Abonent saldosundan da görünür ki, cavabdeh təbii qazdan istifadə etdiyi halda, sayğac göstəriciləri dəyişməz olaraq qalmışdır. Cavabdehin hesablanmış məbləğin bir hissəsinin ödəməsi məntiqə söğmır. Qanunsuz istifadə olmasaydı bu məbləğin ödənilmənə nə zərurət vardır. Lakin məhkəmə buna əhəmiyyət verməmiş, cavabdeh tərəfindən qanunsuz istifadə faktı öz təsdiqini tapmağına baxmayaraq borcun tutulmasına deyil əksinə dövlət əmlakının talanmasına səbəb olan qanunsuz qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilənin 2.2.5-ci bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərəri paylayıcı istehlakçıdan tələb etməli; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Təbii qazdan qanunsuz istifadə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X4”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması v ə təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli 1688-04-17 saylı təbii qazın alqı-satqısı barədə” müqavilə bağlandığı işin mübahisələndirilməyən halıdır. Həmin müqavilənin 1-ci bəndində nəzərdə tutulur ki, qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarından isə görünür ki, iddiaçının cavabdehdən ödənilməsini tələb etdiyi borc məbləği cavabdehin təsərrüfat subyektində quraşdırılan sayğacın göstəricisinə əsasən deyil, onun əməkdaşları tərəfindən cavabdehə məxsus obyektdə “Qazdan istifadə Qaydaları”na riayət olunması vəziyyətinə baxış keçirilməsi ilə əlaqədar tərtib olunmuş aktlara əsasən hesablanmışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur: - xx xxxx 2016-cı il tarixli, 080490 saylı akta əsasən istixanaya xx.xx.2016-cı il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə 217 mm borcudan birbaşa istixanaya xətt qoşduğu aşkar edilmiş; - xx xxxxx 2016-cı il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2016-cı il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin orta təzyiqli qaz xəttindən 2 yerdən 25 mm-lik qeyri-qanuni xətlə istixanada sayğacdan kənar istifadə etdiyi aşkar edilmiş; - xx xxxxxxx 2016-cı il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2016-cı il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin sayğacsız təbii qzdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş; - xx xxxx 2017-ci il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı qaz sayğacı yerində aşkar olunmamış, rezin boru vasitəsi ilə qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş; - xx xxxxx 2017-ci il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar orta təzyiqdən istixanaya istifadə etdiyi aşkar edilmiş; - xx xxxxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı istixanada sayğacdan kənar 20 mm-lik rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmiş; - xx xxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı istixanada təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu aşkar edilmiş; - xx xxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qzdan sayğacdan kənar istixanada qeyriqanuni istifadə etdiyi aşkar edilmiş; - xx xxxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı istixanada təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu aşkar edilmiş; - xx xxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən istixanaya xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı 29/1640-01286-97 saylı rəyə əsasən 28258453 saylı sayğacım çıxış plastmas borusu istilik nəticəsində deşildiyi müəyyən edilmişdir. Ümumiyyətlə iş materiallarına əlavə olunmuş “Abonentin Saldosu”nun (kodu:**********10000) qalıq və aktlar bölməsindən görünür ki, 2013-cü ildən 2018-ci ilədək tərtib olunmuş aktlar əsasında cavabdehə ümumilikdə 42.218,40 manat məbləği hesablanmışdır. O cümlədən: 2013-cü ilin yanvar ayında 1008 manat, oktyabr ayında 1008 manat, dekabr ayında 360 manat, 2016-cı ilin mart ayında 4536 manat, 2016-cı ilin aprel ayında 1670,40 manat, 2016-cı ilin oktyabr ayında 1728 manat, 2017-ci ilin mart ayında 6720 manat, 2017-ci ilin aprel ayında 864 manat, 2018-ci ilin fevral ayında 6480 manat, 2018-ci ilin mart ayında 4056 manat, 2018-ci ilin aprel ayında 5148 manat və 2018-ci ilin iyul ayında 8640 manat, - cəmi, 42.218,40 manat borc məbləğionun şəxsi hesabına daxil edilmişdir. Abonent Saldosuna əsasən müəyyən olunur ki, cavabdeh istehlakçının qismən ödənişlərindən sonra aktlar üzrə hesablanmış qalıq borcu 2018-ci ilin avqust ayına 41.450,70 manat təşkil etmişdir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, ödənilməsi tələb olunan 41.450,70 manat məbləğində pul məbləği cavabdhin təsərrüfat subyektində aparılan yoxlama aktları əsasında hesablanmış ziyan məbləğlərini ehtiva edir. İddiaçının iddia ərizəsinə və onun apellyasiya şikayətinin dəliləllərinə əsasən də müəyyən olunur ki, həmin borc məbləğinin yoxlama aktları əsasında hesablandığı işin mübahisələndirilməyən halıdır. Lakin iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdeh məxsus təsərrüfat subyektində (istixanada) «Qazdan istifadə Qaydalarına» riayət olunma vəziyyətinin yoxlanılmasının qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun olduğu müəyyən edilmir. Belə ki, «Qazdan istifadə Qaydalarının» 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Azərbaycan Respublikasının Qanununda, o cümlədən, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar,müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, konkret halda, qaz təchizatı sahəsində təbii inhisarçı İddiaçı İB - sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehə məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlama və ya baxış məhz –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınması təmin edildikdən sonra həyata keçirə bilərdi. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh qanununvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş, yoxlama (baxış) əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Ən azından bununla bağlı iddiaçının müvafiq sübutetmə vasitələri nə iddia ərizəsinə, nə onun apellyasiya şikayətinə əlavə edilməmiş, eyni zamanda işə baxılarkən də bu qəbildən olan sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olmayan yoxlamaların (baxışın) cavabdehin mülki məsuliyyətinə səbəb olan hüquqi nəticələri ola bilməz, etibarsızdır. Bu baxımdan iddiaçı tərəfindən cavabdehdən həmin aktlar əsasında ziyan məbləğləri kimi hesablanmış 41.450,7 manat pulun ödənilməsinin tələb olunması qanunsuz və əsassızdır. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd olunmasını - işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-476/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-476/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-631/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-631/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver