Məhkəmə qərarları › İş №2-2(103)-632/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-632/2021

09.06.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-632/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 668/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadından (hakim Zeynəb Axundova) Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 27 sentyabr 2018-ci il tarixli borc müqaviləsi əsasında hüquqi şəxsə borc verilmiş 273.973,68 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 sentyabr 2018-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı cəmiyyətə borclu olduğu 244994 manat pul vəsaitinin tutularaq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MTK –da öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, “borc müqaviləsinin etibarsızlığı və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. X1 və İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 08.08.2019-cu il tarixli, 12.11.2019-cu il tarixli və 25.11.2019-cu il tarixli Cavabdeh MMC-nin ümumi yığıncağın qərarları, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş 11 oktyabr 2019-cu il tarixli nizamnaməsi və 4-cü redaksiyada verilmiş nizamnamənin qanunsuz olduğundan ləğv edilməsi və Cavabdeh MMC-nin və onun reyestr məlumatlarının 07.08.2019- cu il tarixdəki vəziyyətə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(006)-2602/21 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh MTK (MMC)-nin ümumi yığıncaq qərarları, iclas protokolları və eləcə də nizamnamələri ləğv edilmiş, Cavabdeh MTK-nın və onun reyestr məlumatları 07.08.2019-cu il tarixdəki vəziyyətə bərpa edilmişdir. Yəni Cavabdeh MTKnın təşkilatı forması qətnamə ilə ləğv edilmiş və MMC-yə qaytarılmışdır. Həmin qətnamə hələ hüquqi qüvvəsini almamışdır. Belə olan halda iddiaçının Cavabdeh MTK, yoxsa Cavabdeh MMC olması qeyri-dəqiqdir. Mülki-Prosessual Məcəllənin 254.1.1-ci maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verilsə mülki iş üzrə icraatını dayandırılmaldır. Həmin Məcəllənin 254.1.4-cü maddəsinə əsasən konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, icraat dayandırılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-668/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh MMC, X5, X3, X7, X6, X2, X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi tələbinə dair 2(006)-2602/2021 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan ilkin iddia üzrə Cavabdeh MMC şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və bu halda əsassız olduğundan ləğv edilməklə, işə baxılması davam etdirilməli, yekun məhkəmə qərarı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. MPMin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 25.03.2004-cü il tarixli Qərarında göstərmişdir ki, «MPM-in 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir» MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iş həll edilməyincə hazırkı işə baxmanın mümkün olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru deyil. Belə ki, hazırkı iş üzrə mübahisənin predmeti ödənilmiş pul vəsaitinin geri qaytarılması, istinad olunan iş üzrə iddia tələbi isə ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi ilə bağlıdır. Bu da o deməkdir ki, hazırkı işin həlli digər işin həllindən asılı deyil. Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəyə mindiyi təqdirdə belə, MMC-nin cavabdehə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə müraciət etmək hüququnu istisna etmir. Yəni hazırkı işin Nəsimi Rayon Məhkəməsində baxılan mülki işlə qarşılıqlı əlaqəsi mövcud deyildir. Bundan əlavə digər işdə müəyyən edilən halların da hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etməsi halı da mümkün deyildir. Yəni, Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi heç bir şəkildə hazırkı işin baxılmasına mane olmur. Məhkəmə qərardadda digər iş həll edilməyincə işə baxmaq mümkün deyil qənaətinə gəlsə də, nə üçün mümkün olmaması, digər işin hazırki mülki işin baxılmasına nə kimi mane olması və s. bu kimi hər hansı bir əsaslandırma aparmamışdır. Bu isə özlüyündə hazırkı mülki işin dayandırılması üçün hər hansı bir əsas mövcud deyil. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-668/2021 saylı, 06.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması 09.06.2021-ci il tarixə təyin edilmiş, ilk iddia üzrə İddiaçı işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-668/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.03.2021ci il tarixli, 2(006)-2602/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh MMC, X5, X3, X7, X6, X2, X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı ümumi yığıncağın qərarının və iclas protokolunun ləğv edilməsi tələbinə dair iddiaları təmin edilmiş, 08.08.2019-cu il tarixli, 12.11.2019-cu il tarixli və 25.11.2019-cu il tarixli Cavabdeh MMC-nin ümumi yığıncağın qərarları, iclas protokolu və eləcə də 3-cü redaksiyada verilmiş 11 oktyabr 2019-cu il tarixli nizamnamə və 4-cü redaksiyada verilmiş nizamnamə ləğv edilmiş və Cavabdeh MMC və onun reyestr məlumatları 07.08.2019-cu il tarixdəki vəziyyətə bərpa edilmişdir. Birinci instansiya məhkəməsi həmin işə baxılanadək hazırkı iş üzrə icraatı dayandırmış və gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraatın dayandırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyil. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın. Hazırkı işlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(006)- 2602/2021 nömrəli qətnaməsi ilə mahiyyəti üzrə həll edilmiş iş arasında müəyyən əlaqə olsa da, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli qeyd edilən işin həllindən asılı deyildir. Yəni Cavabdeh MMC-nin ümumi yığıncağının mübahisələndirilən qərarlarının, iclas protokolunun ləğv edilməsi və Cavabdeh MMC və onun reyestr məlumatları 07.08.2019-cu il tarixdəki vəziyyətə bərpa edilməsi barədə iddia tələbinin təmin və ya rədd edilməsi nə ilkin, nə də qarşılıqlı iddia tələblərinə məhkəmə tərəfindən mahiyyəti hüquqi qiymət verilməsinə mane olmur. O cümlədən Cavabdeh MMC-nin təşkilati hüquqi forması sonradan işdə iştirak edən hüquqi şəxsin təşkilati hüquqi forması məhkəmə qərarı əsasında dəyişəcəyi halda onun məhkəmə icraatının gedişində və ya iş üzrə qəbul ediləcək qətnamənin icrası mərhələsində prosessual hüquq varisi ilə əvəz edilməsi mümkün olduğu üçün, işin davam etdirilməsinə digər maneələr olmadığı halda icraatın dayandırılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-668/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263-264, 398, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-668/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar