Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-640/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, istilik haqqının əhali tarifi ilə ödənilməsi və qeyri-əhali tarifi ilə ödənilən pulun qaytarılması”na dair iddia tələbləri üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-831/2022 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, sonradan xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, 2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanan müqavilələrin etibarsız hesab edilməsi, onunla cavabdeh arasında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulması, onun tərəfindən 2014-2017ci il tarixinə qədər kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılması və 2017-2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il tarixindən Azərbaycan Respublikası Rəssamlar ittifaqının üzvüdür. Ona məxsus olan emalatxananın içərisinin və çölünün bütün istilik borularını öz hesabına çəkdikdən sonra iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. Ona bildirmişdirlər ki, onun emalatxanası qeyri-yaşayış sahəsi olduğu üçün istilik haqqının ödənişi əhali istehlakçı qrupu üzrə deyil, komersiya qrupu üzrə ödəniləcəkdir. Sonradan ona məlum oldu ki, qanunvericilikdə yaradıcı şəxslər üçün dövlət tərəfindən müəyyən güzəştlər nəzərdə tutulmuşdur və o, istilik haqqının əhali istehlakçı qrupu ilə hesablanmasını cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh cavabında bundan imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1762/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşı pul tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-391/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 2014-2019-cu illər tarixində İddiaçı şəxsində “İstehlakçı” yaradıcılıq emalatxanası ilə Cavabdeh ASC arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, İddiaçı ilə istilik enerjisi və isti suyun verilməsi haqqında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması, 2014-2017-ci il tarixinə qədər qeyri-əhali istehlakçı qrupu kimi ödənilən 303 manat pul vəsaitinin İddiaçı geri qaytarılması, 2017-2020-ci illər ərzində İddiaçı qeyri-əhali qrupu üzrə borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcunun silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli 2(103)- 4336/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5043/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)- 4336/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-831/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi işin əsas hallarını tam araşdırmamışdır. İlk növbədə məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə guya fərdi sahibkar və rəssam kimi emalatxanamda fəaliyyət göstərir. Halbuki, iddiaçı məhkəməyə verdiyi izahatında da bildirmişdir ki, ona məxsus VÖEN uzun müddətdir ki, dayandırılmışdır. X2 Xidmətinə sorğu edilərək də öyrənilə bilər. Yəni iddiaçı yalnız yaradıcı şəxs kimi rəssam olaraq fəaliyyət göstərir. İddiaçının emalatxanada istilik enerjisinin verilməsinə dair müqavilənin əhali qrupu üçün müəyyən edilmiş qiymətlə bağlanmalı olub-olmadığı halı müəyyən edərkən məhkəmə normativ hüquqi aktları düzgün təfsir etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2012-ci ilədək qüvvədə olmuş “Mədəniyyət haqqında” xx.xx.1998ci il tarixli qanunun 47-ci maddəsində rəssamlar üçün kommunal xidmətlərlə bağlı müvafiq güzəşt nəzərdə tutulmuşdur. Yeni xx.xx.2012-ci il tarixli “Mədəniyyət haqqında” qanunun birbaşa olaraq bu məsələni tənzim etməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz Çünki bu halın əksini ehtiva edən norma da belə demək olar ki, yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rəssam və heykəltaraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarını isə məhkəmə iş üzrə tətbiq edilməmişdir. Halbuki həmin qərarda peşəkar yaradıcı işçilərin yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi fərdi emalatxanaların kirayə, kommunal və telefondan istifadə xərclərinin vətəndaşlar üçün nəzərdə tutulmuş tariflərlə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltaraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndini məhkəmə iş üzrə düzgün tətbiq etməmişdir. Məhkəmə adı çəkilən qaydaların müddəalarının xüsusi mülkiyyətdə olan və emalatxana qismində istifadə edilən qeyri-yaşayış sahələrinə şamil edilmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə birincisi emalatxananın özəlləşdirilməsi tarixini diqqətdən qaçırmışdır. Belə ki, bu Qaydalar qəbul ediləndə emalatxana onun istifadəsində olduğundan həmin emalatxanaya da şamil edilmişdir. Qaydaların 5-ci bəndində emalatxana sahələrinin dövlət və ya özəlləşdirilmiş xüsusi mülkiyyət növləri arasında fərq qoyulmamışdır. Həmin bənddə birbaşa olaraq qeyd edilmişdir ki, “emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltaraşlar tərəfindən əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilir.” Bu hal qanunvericilikdə nəzərdə tutulduğu üçün, yəni hüquqi əsas olduğu üçün iddia tələbi təmin olunmalı idi. Cavabdehlə aralarında bağlanmış müqavilələr qanunvericiliyin şərtlərini pozmaqla bağlandığından, emalatxana sahəmə istilik enerjisinin verilməsinə dair müqavilələrin əhali qrupu tarifi ilə bağlanması üçün hüquqi əsas mövcud olduğundan qeyd olunan müqavilələr etibarsız hesab edilməli idi. Həmin müqavilələrin müəyyən illər üzrə bəzi nüsxələrinin məhkəməyə təqdim edilməməsi cavabdehdən asılı olmuşdur. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddaçı məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-831/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilərək İddiaçı ilə əhali tarifi ilə istilik enerjisi və isti suyun verilməsi barədə müqavilə bağlanması cavabdeh "xxxx" ASC-yə həvalə edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı xx.xx.2009-cu il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.m. olan qeyri-yaşayış sahəsindən yaradıcılıq emalatxanası kimi istifadə edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin 24.06..2020-ci il tarixli məlumatı ilə müəyyən edilir ki, uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2014-cü il tarixdən vergi orqanında uçota alınmış, vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. Cavabdeh ASC (enerjitəchizatçı) ilə İddiaçı (istehlakçı) arasında xx.xx.2016-cı il tarixli 02/85 saylı, xx.xx.2017-ci il tarixli 02/85 saylı müqavilələrdən görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaradıcılıq emalatxanasının istiliklə təchizaı üçün ödəniş 1 m2 tikinti həcmi üçün 0,25 manat müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli 04 saylı qərarına əsasən Azəristiliktəchizat ASC tərəfindən göstərilən xidmətlərin tarifləri mərkəzi isitmə xidmət növünə görə qeyri-əhali istehlakçı qrupları üçün 1 m3 isidilən həcmə görə aylıq xidmət haqqı 0,25 manat, əhali üzrə 1 m2 üçün 0,15 manat müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən təqdim edilən 18 yanvar 2017-ci il tarixli 014260 nömrəli mədaxil qəbzi ilə təsdiq edilir ki, ünvan 2 ünvanında yerləşən “Emalatxana” tərəfindən istilik enerjisinə görə 123,12 m3 üçün (m3 0,25 manat) 153,90 manat ödəniş edilmişdir. İddiaçı iddia edir ki, xx.xx.2012-ci ilədək qüvvədə olmuş “Mədəniyyət haqqında” xx.xx.1998-ci il tarixli qanunun 47-ci maddəsində rəssamlar üçün kommunal xidmətlərlə bağlı müvafiq güzəşt nəzərdə tutulduğundan və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltaraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltəraşlar tərəfindən əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilməli olduğundan cavabdeh tərəfindən onunla istilik təchizatı ilə bağlı müqavilələrin qeyri-əhali qrupu tarifi ilə bağlanması əsassız olmuşdur. İddiaçı qeyd edilən əsasla cavabdehə qarşı 4 iddia tələbi irəli sürmüşdür: 1. 2014-2019-cu illər tarixində onunla cavabdeh arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi; 2. Onunla cavabdeh arasında əhali istehlakçı qrupu üzrə müqavilə bağlanması haqqında cavabdehin üzərinə öhdəlik qoyulması; 3. Onun tərəfindən 2014-2017-ci il tarixinə qədər kommersiya qrupu kimi ödənilən 303 manat pulun ona qaytarılması və 4. 2017-2020-ci illər ərzində qeyri-əhali qrupu üzrə ona borc kimi hesablanmış 542,57 manat məbləğində istilik enerjisi borcunun silinməsi. Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarında qeyd edilir ki, qüvvədə olan “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda fərdi yaradıcılıq emalatxanalarının istilik haqlarının əhali istehlakçı qrupu üzrə tariflərlə hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli İN- X/O6963/2020 nömrəli məktubundan görünür ki, məktubda peşəkar yaradıcı işçilərin yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və telefondan istifadə xərclərinin vətəndaşlar üçün nəzərdə tutulmuş tariflərlə ödənilməsi barədə müddəanın “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 506-İVQ nömrəli Qanununda nəzərdə tutulmadığı, bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 84 nömrəli qərar ilə təsdiq edilmiş “Rəssam və heykəltaraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndində həmin Qaydalarda nəzərdə tutulan emalatxana sahələrinin kommunal xərclərinin rəssam və heykəltaraşlar tərəfindən əhali istehlakçı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilməsinin ehtiva olunduğu bildirilmişdir. Cavabdeh ASC və “İstehlakçı” Yaradıcılıq Emalatxanası (Nizami küçəsi 12) arasında aparılmış üzləşmə (ƏDV ilə) aktından görünür ki, “İstehlakçı” Yaradıcılıq Emalatxanasının (Nizami küçəsi 12) xx.xx.2019-cu il tarixə borcu 434,84 manat, 5 ay ərzində 107,73 manat hesablanıb, 5 ay ərzində 0 manat ödəniş olub, xx.xx.2019-cu il tarixə borc 542,57 manat təşkil edir. Akt Cavabdeh ASC-nin (abonent və müştəri xidmətləri) ştampı və nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən yaradıcılıq emalatxanasına verilmiş istilik enerjisinə görə borc barəsində məlumata əsasən 2017-ci ilin yanvar ayına borc qalığı 288,24 manat olmaqla, 2017-ci ildən 2022-ci ilin yanvar ayına qədər 773,60 manat (288,24 manat daxil deyil) hesablanmış, qeyd edilən dövr ərzində 153,90 manat ödəniş edilməklə 288,24 manat borc qalığı da daxil olmaqla cəmi qalıq məbləğ 907,94 manat təşkil edir. Məlumat Cavabdeh ASC-nin möhürü və nümayəndəsinin imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltaraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın 5-ci bəndində qeyd edilir ki, emalatxana sahələrinin kommunal xərcləri rəssam və heykəltəraşlar tərəfindən əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən qaydaların müddəaları (o cümlədən beşinci bəndi) Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin yaradıcılıq fəaliyyəti üçün şəraitini yaxşılaşdırmaq məqsədilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində yaradılacaq və dövlət mülkiyyətində olacaq emalatxana komplekslərindəki emalatxanalardan istifadə edilməsi mexanizmini müəyyən etdiyi və xüsusi mülkiyyətdə olan və emalatxana qismində istifadə edilən qeyri-yaşayış sahələrinə aid olmadığı üçün iddiaçıya şamil edilməli olmadığından və hazırda qüvvədə olan 21 dekabr 2012-ci il tarixli “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslərinin kommunal xərlərinin əhali qrupu tarif ilə ödənilməsi nəzərdə tutulmadığından iddiaçının tələbləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət, irqindən,etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin 4-cü heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Rəssam və heykəltaraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları”nın Azərbaycan Respublikası Rəsamlar İttifaqı üzvlərinin (istisnasız olaraq bütün üzvlər nəzərdə tutulur) yaradıcılıq fəaliyyəti üçün şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edildiyini və həmin Qaydaların mətnində bu Qaydaların xüsusi mülkiyyətdə olan və yaxud özəlləşdirilmiş yaradıcılıq emalatxanalarında fəaliyyət göstərən rəssamlara şamil edilmədiyinə dair qeyd olmadığını nəzərə alaraq hesab edir ki, həmin Qaydaların 5-ci bəndində nəzərdə tutulmuş güzəştlərin iddiaçıya şamil edilməməsi əmlak vəziyyətindən asılı olaraq rəssamlar arasında dövlət tərəfindən güzəştlərin tətbiq edilməsində ayrı-seçkiliyə səbəb olur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndinə əsasən yolverilməzdir. Məhkəmə eyni zamanda qeyd edir ki, istinad edilən Qaydaların Azərbaycan Respublikası Rəsamlar İttifaqının üzvü olan şəxslərə həmin rəssamların sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasından asılı olmayaraq yaradıcılıqla məşğul olduqları dövr ərzində tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilərək İddiaçı ilə əhali tarifi ilə istilik enerjisi və isti suyun verilməsi barədə müqavilə bağlanması cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir. Məhkəmə kollegiyası cavabdehlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında ödənilmiş məbləğlərin geri qaytarılması və qalıq borcun silinməsi hissələrində iddiaçının tələblərinin təmin edilməli olmadığına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İddiaçı 2014-2019-cu illərdə tərəflər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə 2022-ci ilin fevral ayında iddia irəli sürmüş, məhkəməyə yalnız 2016 və 2017-ci illərdə bağlanmış müqavilələr təqdim edildiyindən, 2014, 2015, 2018, 2019-cu illərdə tərəflər arasında müqavilə bağlandığı müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı apellyasiya şikayətində onun təqdim etmədiyi müqavilələin cavabdeh tərəfindən təqdim edilməli olduğunu qeyd etsə də, prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Müqavilələin etibarsız hesab edilməsi barədə tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında bağlanmış müqavilədə Mülki Məcəllənin normalarına zidd olan müddəalar nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil. Müqavilələrin etibarsız hesab edilməsinə dair tələb məhkəmə tərəfindən əsassız hesab edildiyindən həmin müqavilələr üzrə iddiaçının ödədiyi vəsaitin geri qaytarılması və borclarının silinməsi barədə iddia tələblərinin rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)- 1116/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-831/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilərək İddiaçı ilə əhali tarifi ilə istilik enerjisi və isti suyun verilməsi barədə müqavilə bağlanması cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-640/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-640/2022
21.07.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver