Məhkəmə qərarları › İş №2-2(103)-65/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-65/2021

17.02.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-65/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, Cavabdeh firmasının nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə iştirakı ilə, ilkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı “göstərilən texniki servis xidmətlərinə görə yaranan borcun ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-695/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh firması tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh firmasına qarşı göstərilən texniki servis xidmətlərinə görə yaranan borcun ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh firmasından “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən bu günədək 576,67 manat əsas borc və gecikdirilmiş dəbbə puluna görə 45,24 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 651,91 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh firması qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı MMC-dən 650 manat, əlavə olaraq servisə gedib-gəlmək üçün yanacaq və amortizasiya haqqı, həmin məsələnin müzakirəsi ilə bağlı telefon danışıqları üzrə 100 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq Cavabdeh firmasına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrinin texniki servis xidmətinin göstərilməsini İddiaçı MMC öz öhdəliyinə, cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşlər. Bunu nəzərə alaraq cavabdeh sifarişi əsasında nəqliyyat vasitələrini müxtəlif vaxtlarda idiaçıya məxsus servisdə təmir etdirmiş, lakin təmirə görə yaranan 576,67 borc ödənilməmişdir. Bununla bağlı qarşı tərəflə İddiaçı MMC tərəfindən dəfələrlə telefon danışıqları aparılsa da, heç bir nəticəsi olmamışdır. Eyni zamanda qeyd olunan öhdəliyin yerinə yetirilməsi üçün Cavabdeh firmasının elektron ünvanına xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli iki dəfə olmaqla məktub göndərilsə də məsələ öz həllini tapmamışdır. Tərəflər arasında bağlanan müqaviləyə əsasən ödənişdə gecikmə hallar olarsa, gecikdirilən hər həftəyə görə 1 (bir) % dəbbə pulu hesablanır və gecikmiş ödəniş həyata keçirilməyənədək avtonəqliyyat vasitəsinə servis texniki xidmət göstərilməsinə qadağa qoyulur. Bununla da təqdim olunan xx.xx.2019-cu il tarixli, 697594 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 177 manat məbləğinin dəbbə pulu 12% faiz olaraq 21.24 manat, xx.xx.2019-cu il tarixli, 159621 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 150,10 manat məbləğinin dəbbə pulu 11% faiz olaraq 16,51 manat, xx.xx.2019-cu il tarixli, 190911 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 129,21 manat məbləğinin dəbbə pulu 3% faiz olaraq 3,88 manat və xx.xx.2019-cu il tarixli, 083302 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 120,36 manat məbləğinin dəbbə pulu 3% faiz olaraq 3.61 AZN manat, cəmi 45,24 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən avqust ayının əvvəlində Cavabdeh firmasının direktoru Nümayəndə özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşını sonuncunun işçisi tərəfindən quru kimyəvi təmizlənmə işlərinin yerinə yetirilməsi üçün servisə təhvil verilmişdir. Nümayəndə məzuniyyətdə ölkə hüdudlarından kənarda olduğundan, quru kimyəvi təmizlənmə işi görülən zaman özü iştirak edə bilməmişdir. Avtomaşın həmin dövrdə sürülməmiş və Nümayəndə məzuniyyətdən qayıtdıqdan sonra avtomaşını idarə edərkən bir neçə gün mühərrikin qeyri sabit işləməsinə görə xx.xx.2019-cu il tarixdə Audi servisində texniki müayindən keçirimişdir. Müayinə zamanı elektrik problemlər üzə çıxmış və su buxarı təziqi ilə yuyulma əlamətləri aşkar olunmuşdur. Bununla əlaqədar, həmin nasazlıqları Nümayəndə telefonundakı kamera vasitəsi ilə qeydə alıb dərhal İddiaçı MMC-nin servisin məsul işçisi ilə danışmış və “Whatsapp” proqramı vasitəsi ilə müxtəlif rakurslarda çəkilən 4 ədəd fotoşəkili ona göndərmişdir. Həmin işçinin diqqətinə avtomobilin zavod tərəfindən yapışdırılan bir yapışqan tam qopub, digər iki ədət yapışqan hissələrin bir qismi yuyulub və qopub, səsə qarşı salon və mühərrik arasında yapışdırılan izolyasiya hissəsi tökülüb, mühərrik səsinə qarşı mühərrik hissəsini örtən üst qapıya yapışdırılan izolyasiya buxar işlədiyi üçün ovulub tökülüb, babin su içində qaldığından sıradan çıxıb və dəyişdirilib. Elçin adlı şəxs Nümayəndə servisdə quraşdırılan təhlükəsizlik kameralarına sonuncunun iştirakı ilə baxılıb, müvafiq tədbirlər görüləcəyini bildirmişdir. Bir müddətdən sonra Elçin Nümayəndə bildirmişdir ki, kamera görüntüləri 15 gün müddətində saxlanığıldığından və hadisədən həmin müddətdən çox vaxt keçdiyinə görə, silinib və həmin məsələ ilə bağlı servis müdürü Nicat adlı şəxsə müraciət etməli və sonuncunun əlaqə nömrəsini bildirmişdir. Nümayəndə Nicat ilə əlaqə saxladı və o bildirdi ki, həmin məsələlər ilə bağlı müvafiq tədbirlər görüləcək. Bu səbəbdən digər avtomaşınların mühərrikinin təmizlənməsinin video qeydiyyatına baxılaraq Nümayəndə şikayətinin əsaslı olub-olmadığına dair münasibət bildirilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh firmasının direktoru Nümayəndə özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşının mühərrikinin yenə də qeyri-sabit işləməsi səbəbi ilə xx.xx.2019-cu il tarixdə yenidən Audi servisdə texniki müayinə edəndə növbəti babin problemi aşkar olundu və babin dəyişdirən zaman üstündən çıxan babin past korroziya ləkələrin içində olduğunun fotoşəkilini sonuncu Whatsapp vasitəsi ilə servisin məsul işçisi Elçinə göndərmiş və onunla danışanda Nümayəndə bildirilmişdir ki, Nicat məzuniyyətdə olduğundan, məzuniyyətdən qayıdandan sonra həmin məsələlərə münasibətini bildirəcək. Bu məsələnin üstündən bir neçə gün keçdikdən sonra Nümayəndə Nicat ilə telefon əlaqə saxlayarkən, belə aydın oldu ki, o, Audi servisin əvəzinə İddiaçı MMC-nin servisinə gəlib problemi həll etməli idi. Buna cavab olaraq Nümayəndə bildirdi ki, onların servisi yapon istehsalı avtomaşınlarına xidmət göstərir və audi avtomaşınların texniki müayinə proqramı və alətləri olmadığından, o, Audi servisinə müraciət etməli olub. Nümayəndə öz məsələsinin həllinin tapılmamasına görə, o, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin elektron poçt ünvana şikayət məktubu göndərmişdir. Bundan sonra Nümayəndə İddiaçı MMC-nin Bəxtiyar adlı işçilsi zəng edib, onu servisinə dəvət etdi. O, servisə gedib həmin məsələni üç nəfər məsul işçilər ilə müzakirə etmişlər və müzakirədən sonra dəyişilən iki ədət babin, dəyişilən iki ədət babina xərclədiyi qəbzləri və su buxarı təziqi ilə yuyulma nəticəsində sıradan çıxmış ehtiyat hissələrinin sifariş listəsinin onlara təqdim etmişdir. Bundan sonra Nümayəndə servis işçilərinin təklifi ilə özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşını yenidən servisə təhvil vermişdir. Servisdə səsə qarşı salon və mühərrik arasında su buxarı təziqi ilə yuyulma nəticəsində qopub açılan izolyasiya hissəsi yenidən yapışdırıldı və avtomaşınının təmizlənməmiş yerləri yenidən təmizlənərək iki saatdan sonra avtomaşın ona qaytarıldı. Nəticədə avtomobil mühərriki yerləşən yerin alt hissəsi xüsusi quru kimyəvi dərman ləvazimatlar vasitəsi ilə təmizləmək əvəzinə, su buxarı təzyiqi ilə yuyulmaya görə də, həmin hissə və ora olan elektrik hissələr sıradan çıxmışdır. Bununla da, Cavabdeh firmasının direktoru Nümayəndə 650 manat zərər dəymişdir. Bundan başqa o, hər dəfə servisə gedibgəlmək üçün yanacaq və amartizasiya haqqı, həmin məsələnin müzakirəsi ilə bağlı telefon danışıqları nəticəsində ona 100 manat məbləğində maddi ziyan dəymişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-695/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh firmasından “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən 576,67 manat əsas borc və gecikdirilmiş dəbbə puluna görə 45,24 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat , cəmi 651,91 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh firmasının direktoru qətnamədən apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-695/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tələm-tələsik qərar qəbul etmiş, onun iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməmiş, həmin qərardan şikayət vermək imkanı yaratmamış və iş hakimin icraatında bir neçə ay olmasına baxmayaraq, verdiyi sənədləri sübut kimi qəbul etməmiş, tərəflərin iştirakı ilə keçirilən cəmi 1 məhkəmə iclasında yekun qərar qəbul etmişdir. Bu fakt özlüyündə hakimin nə qədər qərəzli olmasının bariz nümunəsidir. Bundan başqa aralarında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətləri peşəkar səviyyədə və keyfiyyətlə yerinə yetirmək tərəflərin öhdəliyi kimi təsbit edilmişdir. Lakin gördüyü kimi iddiaçının gördüyü xidmətlər keyfiyyətlə yerinə yetirilməmişdir. Bundan əlavə müqavilənin 2.1.5-ci bəndə uyğun olaraq iddiaçı göstərilən xidmətlərə və ehtiyat hissələrinə 1 il zəmanət verməlidir, lakin göründüyü kimi bu hadisədən heç bir il keçmədiyinə baxmayaraq iddiaçı heç bir zəmanət vermir. Habelə müqavilənin 2.1.6-cı bəndinə əsasən göstərilən texniki xidmətlərlə bağlı sifarişçi tərəfindən edilmiş nasazlığı vaxtında aradan qaldırmaq kimi iddiaçının öhdəliyi olsa da, tərəfindən vaxtilə edilmiş çoxsaylı şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq iddiaçı nəqliyyat vasitəsində olan nasazlığı aradan qaldırmamışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təxirə salınmış, iddiaçının həmin tarixdə məhkəmə iclasına gəlmiş nümayəndəsinə verilən etibarnamənin qüvvədə olma müddəti bitdiyi üçün məhkəmə tərəfindən nümayəndə kimi qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-695/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Mİ- 082/2019 saylı texniki servis xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən icraçı İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh firmasına məxsus 10DB070 dövlət qeydiyyat nişanlı, 10SX022 dövlət qeydiyyat nişanlı, 99LF779 dövlət qeydiyyat nişanlı, 90OH737 dövlət qeydiyyat nişanlı avtomobillərə dərindən təmizləmə xidməti göstərilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Mİ-082/2019 saylı texniki servis xidmətlərin göstərilməsinə dair müqavilənin 3.5 bəndinə əsasən, ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1% dəbbə pullu hesablanır və gecikmiş ödəniş həyata keçirilməyənədək avtonəqliyyat vasitəsinə servisdə texniki xidmət göstərilməsinə qadağa qoyulur. İşdəki elektron qaimə fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh firmasının sifarişi əsasında 10DB070 dövlət qeydiyyat nişanlı avtomobilinə ƏDV daxil 177 manat dəyərində, 10SX022 dövlət qeydiyyat nişanlı avtomobilinə 150,10 manat dəyərində, 99LF779 dövlət qeydiyyat nişanlı avtomobilinə 120,36 manat dəyərində, 90OH737 dövlət qeydiyyat nişanlı avtomobilinə 129,21 manat dəyərində, cəmi 576,67 manat OttoWax dərindən təmizləmə xidməti göstərilmişdir. Cavabdeh firmasının qarşılıqlı iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunundan görünür ki, nəqliyyat vasitələrinə göstərilən xidmətin dəyəri ona görə ödənilməmişdir ki, 10SX022 dövlət qeydiyyat nişanlı AUDİ Q7 markalı avtomaşına xx.xx.2019-cu il tarixdə quru kimyəvi təmizləmə xidməti göstərildikdən sonra problemlər yaranmışdır. Ehtimal olunur ki, bu problemlərin yaranmasına səbəb mühərrik hissəsinin təmizlənməsinin su buxarı təzyiqi ilə həyata keçirilməsidir. Həmin problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. “babin” adlanan ehtiyat hissəsinin sıradan çıxması;

2. zavod tərəfindən yapışdırılan bir yapışqanın tam qopması, digər iki ədəd yapışqan hissəsinin bir qisminin yuyulması;

3. səsə qarşı salın və mühərrik hissəsi arasına yapışdırılan izolyasiya hissəsinin tökülməsi. 10SX022 dövlət qeydiyyat nişanlı avtomobil istisna olmaqla digər avtomobillərə göstərilmiş təmizləmə xidmətinin keyfiyyəti və dəyəri mübahisələndirilmir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı o əsasla rədd etmişdir ki, Cavabdeh firmasına məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşının elektrik hissələrinin sıradan çıxmasının məhz İddiaçı tərəfindən göstərilmiş servis xidmətin nəticəsində yaranmasına dair işdə mötəbər sübutlar mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 443.1, 448.1-ci maddələrinə istinad etməklə ilk iddianı xidmət müqaviləsi üzrə borcun tutulması hissəsində təmin, qarşılıqlı iddianı isə rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, nəqliyyat vasitələrinin xüsusi quru kimyəvi dərman ləvazimatları vasitəsi ilə təmizlənməsi nəzərdə tutulsa da 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 markalı avtomobildə mühərrik kapot alt hissəsi su buxarı təzyiqi ilə yuyulmuşdur. Məhkəmə apelyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə dərindən təmizlənmənin hansı üsul və vasitələrlə həyata keçiriləcəyi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən nəqliyyat vasitələrinin mühərrik hissəsinin su buxarı təzyiqi ilə təmizlənməsi barədə işdə sübutlar yoxdur. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 markalı avtomobildə yaranmış nasazlıq kimyəvi təmizləmədən 15 gün sonra aşkar edilmiş və bundan sonra sifarişçi nəqliyyat vasitəsini təmir etdirmək üçün İddiaçınə deyil, digər servis xidmətinə müraciət etmişdir. Cavabdeh firması tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmaların işin hər hansı halını müəyyən edən sübut kimi qəbul edilməsi prosessual qanunvericiliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 10.10-cu maddəsinə əsasən şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Cavabdeh firması tərəfindən məhkəməyə təqdim edilmiş qarşı tərəfin əməkdaşları ilə e-mail yazışmalarında isə qarşılıqlı iddia ərizəsinin dəlillərini təsdiq edən hər hansı məlumat öz əksini tapmamışdır. Apelyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı göstərilmiş servis xidmətinin keyfiyyətinə görə müqavilə şərtlərinə uyğun olaraq 1 il zəmanət verməli olduğu halda verməmişdir. Məhkəmə göstərilən mülahizə ilə bağlı qeyd edir ki, müqavilənin 2.1.5-ci bəndində nəzərdə tutulmuş 1 illik zəmanət şərti yalnız nəqliyyat vasitəsinə göstərilən texniki xidmət və ehtiyat hissələri ilə bağlıdır. Hazırkı halda isə nəqliyyat vasitələrinin yalnız kimyəvi təmizlənməsi həyata keçirildiyindən qeyd edilən xidmət zəmanət müddəti ilə əhatə olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh firmasının işdəki fotoşəkillər əsasında məhkəmə texniki ekspertizası keçirilməsi barədə vəsatəti fotoşəkillər əsasında həyata keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş rəy digər sübutlarla təsdiq edilmədiyi halda mötəbər hesab edilmədiyindən məhkəmə tərəfindən təmin olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-695/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh firmasının apelyasiya şikayəti təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-695/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar