Məhkəmə qərarları › İş №2-2(103)-663/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-663/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-663/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: xidmət müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2518/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı: İşin halları

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 18BA094 nömrə nişanlı yükləyici ekskavator Cavabdeh MMC-ni xüsusi mülkiyyətindədir.

2. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 16 avqust 2024cü il tarixli, GTG/053/24 saylı xidmət göstərilməsi haqqında müqaviləyə görə, sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür.

3. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.

4. Müqavilənin 4.3-cü bəndinə görə hesablaşmalar tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

5. Müqavilənin 4.4-cü bəndinə görə sifarişçi xidmət haqqını xidmət haqqını 30 (otuz) iş günündən artıq müddətdə hər gecikdirilən gün üçün məbləğin 0,01 % miqdarında cərimə ödəyir.

6. xx.xx.2024-cü il tarixli, 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə görüləcək işlərin dəyəri razılaşdırılmışdır.

7. xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına görə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri 2950,04 manat, xx.xx.2024-cü il tarixli 2 nömrəli təhviltəslim aktına görə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri 5446,22 manat təşkil edir, aktlar hər iki tərəfin imzası, cavabdehin möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8396,26 manat əsas borcun, 865,20 manat cərimə borcunun, 400 manat hüquqi yardım, habelə iddia qaldırmaq üçün ödənilmiş 112,61 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkar kimi ünvan 1 ünvanında yerləşən Cavabdeh (VÖEN: **********) ilə xx.xx.2024-cü il tarixdə GTG/053/24 saylı xidmət müqaviləsi bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən icracı olaraq özünə məxsus dövlət qeydiyyat nişanı 18BA 094 olan, “New Holland B90B” markalı ekskvator-yükləyici ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü ildən-xx.xx.2024-cü ilədək sifarişçiyə torpaq yükləmə xidməti göstərmişdir. Göstərilən xidmət üzrə görülən işin dəyəri xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli 1 və 2 №-li təhvil-təslim aktları ilə təsdiq edilmişdir. ƏDV ilə birlikdə 1№-li təhviltəslim aktına görə sifarişçi icraçıya 2950,04 manat, 2 №-li təhvil-təslim aktına görə isə 5446,22 manat ödəniş etməli idi. Lakin cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən Cavabdeh ilə bağlanmış xx.xx.2024-cü il tarixli, GTG/053/24 saylı xidmət müqaviləsinə əsasən iki təhvil-təslim aktı üzrə pretenziya göndərilən günə ƏDV ilə birlikdə 8396,26 (səkkiz min üç yüz doxsan altı manat iyirmi altı qəpik, ƏDV1280,79 manat) manat və müqavilənin 4.4-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün (104 gün) ümumi məbləğin 0,1%-i miqdarında- 865,20 manat cərimə olmaqla cəmi9261,46 manat borcu yaranmışdır.

10. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verib 8396,26 manat əsas borcun, 1210,40 manat cərimə borcunun, 400 manat hüquqi yardım, habelə iddia qaldırmaq üçün ödənilmiş 112,61 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2518/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 8396,26 manat (ƏDV daxil olmaqla) məbləğində əsas borc, 400 manat dəbbə pulu, 400 manat hüquqi yardıma görə xərc, 107,97 manat dövlət rüsumu, ümumilikdə 9304,23 (doqquz min üç yüz dörd manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 12,79 (on iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu iddiaçı X1 özünə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8396,26 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 8396,26 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 manat müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 400 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən göstərilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 445.2, 467, 752.1, 753.1 448.1-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 218.3, 121.1, 119.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2518/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qismən ləğv edilsin, iddia yalnızəsas borc olan hissədə təmin edilməklə yeni qətnamə qət edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin edilmədiyi üçün dəbbə pulu artıq hesablanmışdır. Cavabdeh tərəfindən öhdəliklər onun təqsiri olmadan gecikdirilmişdir. Cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə öhdəliklərin icrası gecikmişdir. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin2-2-2(113)-2518/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilməklə AR MPM-in 14, 88-ci maddələri pozulmuşdur. İddiaçı X3 Azərbaycan Respublikası MPM-nin tələblərini pozaraq mübahisənin məhkəmədən kənar həll edilməsi üçün səy göstərməmiş, iddiaçı tərəfindən cavabdehin ünvanına pretenziya göndərilməmiş, birbaşa iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə əsasən qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün mübahisəyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Sözügedən Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə cavabdehin etirazına hüquqi qiymət verməmişdir. Məhkəmə tərəflərə işin barışıq sazişi ilə bağlanmasını yaxud mübahisənin mediasiya vasitəsilə həll edilməsini təklif etməmiş, yalnız iddia tələbinin təmin edilməsində maraqlı olmuşdur. Məhkəmə tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərəfli aparılması prinsipləri pozulmuşdur. İşgüzar adətlərdən də məlum olduğu kimi, cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənişlərin gecikdirilməsi, bilavasitə öhdəliklərin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. Eyni zamanda, hüquqi yardım üçün xərc qismində göstrilən 400 manat məbləğində vəsait hazırki iş üzrə araşdırılmadan təmin edilmişdir. Belə ki, hazırki işin hüquqi yardım baxımından dəyərinin 400 manat olması nə iddiaçı tərəfindən əsaslandırılmış, nə də məhkəmə tərəfindən araşdırılmışdır.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

20. 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

24. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

27. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

32. 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

33. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

40. 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. 385-ci maddəsinə görə Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qətnamə ilə tutulmuş dəbbə pulu və vəkil xərci hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2518/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

48. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

49. Mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

50. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

51. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

52. Cavabdeh apellyasiya şikayətində xx.xx.2024-cü il tarixdə GTG/053/24 nömrəli xidmət müqaviləsi üzə öhdəliklərin onun təqsiri olmadan, üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə gecikdiyini qeyd etmişdir.

53. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin dəlilinə münasbətdə bildirir ki, bu cavabdehin qeyd etdiyi halın müqavilədə üzərinə götürdüyü öhdəliyi təqsirli icra etməməsini istisna etmir.

54. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlərdən asılı olaraq öhdəliyin icrasının məhdudlaşdıran hər hansı bir şərt mövcud deyildir.

55. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilənin təfsiri nəticəsində də belə şərtin mövcüd olması öz əsdiqini tapmır. Çünki cavabdeh bununla bağlı sübutları təqdim etməyib. Digər tərəfdən mülki qanunvericilik aydın şəkildə təsbit etmişdir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

56. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 19). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

57. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də odur ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin çəkişməsi, məhkəmə araşdırmasının tam, obyektiv və hərtərfli aparılması prinzipi pozulmuşdur.

58. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli bildirişlə hazırlıq iclasını xx.xx.2025-ci il tarixinə təyin edilməsi barədə tərəfləri məlumatlandırmış və bildirişdə tərəflərə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra yenidən xx.xx.2025-ci il tarixinə baxış iclası təyin edilmiş və bu barədə tərəflərə bildirişlə məlumat verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində icraat ümumilikdə 2 aydan çox müddəti əhatə etmişdir.

59. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, borcun mövcudluğu faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilməmişdir.

60. Belə olan halda dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

61. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə GTG/053/24 nömrəli xidmət müqaviləsisinin 4.4-cü bəndində müəyyən edilmişdir ki, sifarişçi xidmət haqqının ödənişini gecikdirdikdə xidmət haqqı ödənişinin gecikdirildiyi hər gün üçün borcun 0.1 (sıfır tam onda bir) faizi həcmində icraçıya dəbbə pulu ödəyir.

62. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR MM-nin 467-ci maddəsinin tələbinə əsasən məhkəmənin yüksək məbləğdə dəbbə pulunu azaltmaq səlahiyyəti borclunun əmlak mənafeyini, əsas borca mütənasibliyini nəzərə alaraq və ədalət, insaf, humanizm prinsiplərinə dayanaraq həyata keçirilir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

63. Tərəf apellyasiya şikayətində vəkil xərcinin ödənilməsi barədə hər hansı bir sübut olmadığını qeyd etsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə (iş materialları 7-9-cu vərəqə) və xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən (iş materialları 39-cu vərəqə) görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosuna 400 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

64. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması səbəbindən qətnamənin ləğv edilməli olduğu barədə apellyatorun dəlilini də kollegiya əsassız hesab edir; belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həmin əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilər.

65. Tərəflər arasında yaranan mübahisə üzrə artıq uzun müddətdir məhkəmə prosesinin davam etdiyini və cavabdeh tərəfindən əsas borcun mövcudluğunun təkzib edilməməsini nəzərə alan kollegiyanın qənaətinə görə, sözügedən qaydaya əməl olunmamasına görə, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, həddindən artıq formal yanaşma olardı.

66. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

67. İddianın qiyməti (mübahisələndirilən hissədə) on min manatdan az olduğu üçün, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2518/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar