Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-668/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1452/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, foto və video kirayəsi haqqında BNTK-01/23 saylı müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 01 dekabr 2023-cü il tarixli, BNTK-01\23 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsini, yəni 1923.40 AZN görülmüş işlərə görə, 400 AZN nümayəndəyə xidmət haqqına görə və 39.24 AZN ödənilmiş dövlət rüsumuna görə, cəmi 2362.64 AZN vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir/
3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 01 dekabr 2023-cü il tarixli, BNTK-01\23 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsini, yəni 1923.40 AZN görülmüş işlərə görə, 400 AZN nümayəndəyə xidmət haqqına görə və 39.24 AZN ödənilmiş dövlət rüsumuna görə, cəmi 2362,64 AZN vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1452/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1452/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin olunması, apellyasiya şikayətinə görə vəkilə ödənilmiş xidmət haqqının və dövlət rüsumun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış 09 dekabr 2024- cü il tarixli cavab məktubundan görünür ki, cavabdeh müqavilə və onun şərtlərini inkar etməmişdir. Beləliklə də, sifarişin verilməsini qəbul etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları, iddia ərizəsində adları qeyd olunan şəxslərin cavabdehin əməkdaşları olmasına dair nümayəndənin etirafını qəbul etməmiş, öz mülahizəsinə görə qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən imzalanmış müqavilə MMC-ninəməkdaşı olan Kamran Salehin vasitəsilə imzalanmış, MMC-nin rəhbərliyi tərəfindənKamran cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi kimi təqdim edilmişdir. Tərəfimizdən icra edilmiş müqavilə üzrə öhdəliklər həmin şəxsin göstərişinə əsasən onun dediyi şəxslərə Google Drive vasitəsilə göndərilmişdir. Belə ki, şəkillər və videoların keyfiyyə>ni qorumaq məqsədilə, həm də həmin şəkil və videoların həcmini nəzərə alaraq xammal e-mail vasitəsilə yox, məhz Google drive vasitəsilə göndərilmişdirvə həmin google driveda email ünvanlar da qeyd edilmişdir ki, məhkəmə tərəfindən həmin e-maillərə baxış keçirilməmişdir. Bundan əlavə, cavabdehin əməkdaşı olan Elvira xanımla olan sms yazışmalarından açıq –aydın görünür ki, müqavilə üzrə sifariş olunmuş foroşəkillər və video çarxların hazırlanması üçün cavabdehə məxsus malların İddiaçı MMC –nin ofisinə gə>rilməsinə, çəkilişlərin aparılmasına və təhvil verilməsinə, ödənişin tələb edilməsinə dair danışıqların whats app üzərindən aparılmasına dair smslərdə də öz təsdiqini tapır. Bu barədə video görüntü də məhkəmədə nümayiş etdirilmişdir. Eyni zamanda, Kamran Salehin və Elvira xanımıncavabdeh MMC-nin əməkdaşları olmasına dair nümayəndənin e>raQnı da nəzərə almamışdır. Necə olur ki, Kamran Salehin vasitəsilə ilə imzalanmış müqaviləni cavabdeh qəbul edir, lakin Kamranın dediyi Elvira xanıma işlərin təhvil verilməsini qəbul etmir? Görünən odur ki, cavabdeh qərəzli olaraq qəbul etmiş olduğu işə görə edəcəyi ödənişdən yayınır. Məhkəmə iclasında təqdim edilmiş sms danışıqlarla, Google drive üzərindən göndərilmiş video və foto şəkillərlə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi iddia ərizəsində göstərdiyi həcmdə icra etməsi öz təsdiqini tapır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı 0.07.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə cavabdeh tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edilmişdir.
8. Etiraz belə əsaslandırılmışdır: kimi tərəfin e-qaimələri, üzləşmə aktları tərəfimizdən təsdiqlənməmiş və heç bir öhdəliyi yerinə yetirməmişlər. Hansı foto və videolardan söhbət gedir iddiadan anlaşılan deyil. Müxtəlif adlar çəkilir, ancaq görülən işləri ortada yoxdur. Hesab edirik ki, iddia və apellyasiya şikayəti iddiaçı tərəfin sübutsuz, dəlilsiz sözlər və mülahizələr üzərində qurulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
22. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, foto və video kirayəsi haqqında BNTK-01/23 saylı müqavilə bağlanmışdır.
23. Müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçinin istəyinə görə fotostudiyanın məkanından və avadanlığından, habelə digər xidmətlərdən istifadə etməyini təşkil edir, Sifarişçi isə göstərilmiş xidmətlərə görə bu Müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ödəyir.
24. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı xidmətləri keyfiyyətli və sifarişçinin müəyyən etdiyi vaxtlarda göstərir.
25. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətə görə vaxtında ödəniş edilməsini təmin etməlidir.
26. Müqavilənin 3.1-ci bəndinə əsasən Ümumi qiymət hazırkı müqaviləyə əlavədə qeyd olunur və qiymətlər ƏDV xaric qeyd olunur.
27. Müqavilənin 3.2-ci bəndinə əsasən hər bir məhsulun foto çəkilişi 5 AZN təşkil edir və Sifarişçiyə xam şəklində (Camera Raw fortmatında) təhvil verilir.
28. Müqavilənin 3.3-cü bəndinə əsasən hər bir qısamüddətli (bir dəqiqəyə qədər olan) videoçarxların montajı 30 AZN təşkil edir və müştəriyə istədiyi formatda (9:16 - İnstagram Stories, Tiktok) hazırlanıb təhvil verilir.
29. Müqavilənin 3.4-cü bəndinə əsasən studiya və Sifarişçinin məkanında (məkanlarında) video çəkilişin hər bir saatın qiyməti 100 AZN təşkil edir. Bu qiymətə nəqliyyat xərcləri, avadanlığın quraşdırılması və digər xərclər daxildir. Əlavə xərclər yarandığı halda Sifarişçi ilə müzakirə olunaraq əlavə ödənilir.
30. Tərəflər arasında bağlanmış müqavilənin adı “Foto və video kirayəsi haqqında” olsa da, Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqaviləyə əsasən və tərəflərin də veridiyi izahatlarına əsasən iddiaçı video və foto şəkilişlər edib cavabdehə təhvil verməli idi, hər foto, video və çəkilişin saatına görə ayrı-ayrılıqda xidmət qiymətləri müəyyən edilmişdir.
31. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
32. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 19. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
33. Məhkəmədə qeyd etmişdir ki, iddiaçının müqavilə üzrə xidmətlərin cavabdehə göstərilməsini təsdiq edən hər-hansı mötəbər və yetərli sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilən təhvil-təslim aktının yalnız iddiaçı tərəfindən təsdiq edilmiş; iddiaçı tərəfindən cavabdehə göndərilən işlərin görülməsinə dair eqaimələr cavabdeh tərəfindən təsdiq edilmədən geri qaytarılması; whatsappyazışmalarının məhz cavabdehin əməkdaşları ilə aparılması həmin yazışmalardan müəyyən edilmir; Google-drive linklərində məhz cavabdehin sifarişi əsasında çəkilmiş foto və videoların olması və onların həcminin (nə qədər foto, nə qədər video) müəyyən edilməsi mümkün olmamışdır .
34. Məhkəmə kollegiyası qeyd edir kİ, iş materillarına əlavə olunmuş watsapp yazışmalarından görünür ki, şirkətin əməmkdaşı Elvira xanımla cavabdehə məxsus məhsulların iddiaçıya məxsus foto-studiyaya gətirilməsi, foto çəkilişlərin aparılması, məhsulun gətirilməsi, hansı formada çəkiliş aparılması, çəkilişlərin vaxtı barədə razılaşılmışdır.
35. Həmçinin məhsulların şəkillərinin mail vasitəsilə göndərilməsinə dair video çəkilişdən görünür ki,çəkilmiş foto şəkillərin marketinq direktoru mailto:bayramzadeh.shamsi@gamil.comElektron ünvan 1, mailto:kamran.saleh@gmail.comElektron ünvan 2, mailto:77elvirasamedova@gmail.comElektron ünvan 3, Elektron ünvan 4 mail adreslərinə cavabdehə məxsus çox sayda məhsulların foto şəkilləri göndərilmişdir.
36. Kollegiya vurğulamaq istəyir ki, birinci instansiya məhəkəsində icraat zamanı cavabdehin nümayəndəsi vəkili Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Elvira və Kamranın vaxtı ilə şirkətdə işlədiklərini, lakin əmək müqavilələrini tapa bilmədiklərini etiraf etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirmiş, lakin məhkəmə əsassız olaraq onun təqdim etdiyi sübutları mötəbər hesab etməmişdir. Nəticə olaraq işin faktiki halları düzgün müəyyən edilməmiş və yanlış nəticəyə gəlinmişdir.
38. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, hər bir məhsulun foto çəkilişi 5 AZN təşkil etdiyi, sifarişçiyə xam şəklində (Camera Raw fortmatında) təhvil verilir. videoçarxların montajı 30 AZN təşkil etdiyi,müştəriyə istədiyi formatda hazırlanıb təhvil verilməsinin tənzimləndiyi öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı müqavilə üzrə öhdəlilərini yerini yetirmişdir.
39. Cavabdeh fotoşəkillərin təhvil verilməsinə dair təhvil təslim aktı, qaimə olmadığını bildirsədə, müqavilənin bəndlərini təhlil etdikdə aydın olur ki, tərəflər malların təhvil-təslim edilməsi qaydasını (qaimə və ya akt) müəyyən etməmişlər.
40. Belə ki, iddiaçı tərəfindən fotoşəkillərin təhvil verilməsi işdə olan fotoşəkilər,yazışamalar, google drivel vasitəsilə göndərilməsinə dair cavabdeh şirkətin əməkdaşı Elvira xanıma linkin göndərilməsi, digər əməkdaşların mail adreslərinə fotoşəkillərin göndərilməsi ilə təsdiq edilmişdir. Məhkəmə təqdim edilən sübutların nəyə görə mötəbər olmamasını əsaslandırmamışdır. Təqdim edilən sübutlar mötəbərlik, mümkünlük və aidlik meyarlarına cavab verir. Belə vəziyyətdə sübutetmə vəzifəsi inkar edən cavabdeh tərəfin üzərinə düşür.
41. Beləliklə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və sübutlara uyğun olmamışdır. Qeyd edilən əsaslar məhkəmənin qətnaməsinin əsassız və qanunsuz olmasını göstərir. Ona görə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
42. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdеh Cavabdeh MMC-dən daxil olmaqla 1923,40 manat məbləğində pul, 400 manat xidmət haqqı və 39.24 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC -yə ödənilməlidir.
44. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində 400 manat vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə əlavə etdiyi qəbzlə vəkil və nümayəndəyə qeyd edilən məbləği ödəməsini təsdiq etmişdir. Kollegiya hesab edir ki, həmin məbləğ ağlabatan həddə olduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin apellyasiya şikayətinə görə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
46. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-2(113)-1452/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən daxil olmaqla 1923,40 manat məbləğində pul, 400 manat xidmət haqqı və 39.24 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC -yə ödənilsin. Apellyasiya şikayətinə görə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.